Dediyim, eşitdiyim

  

Məni bu barədə yazmağa sövq edən bir neçə vaxt bundan öncə Şəki şəhərinin muzeylərinin birində xaricdən gələn qonağa "Dayan-doldurum" silahı haqqında izahat verərkən qonağın ürəkdən bərk gülməsi oldu.

Adətən insan özündə olan yaxşı və çatışmayan cəhətləri lazımınca görmür. Yaxud qohumunun, dostunun ixtisası ilə qədərincə tanış deyilsənsə, ancaq yubiley məclislərində onun barəsində deyilənlərə görə cəmiyyətdəki mövqeyini təsəvvür edə bilirsən. Belə hallarda yubilyar barədə məruzə edəni təbrik edirsən. Çünki qohumunun, dostunun kim olduğunu sənin özünə daha yaxşı tanıdan xoş məlumatlar eşidirsən.

Qafqaz dünya miqyasında nəzər-diqqəti cəlb edən ölkələrdəndir. Bu səbəbdən bir çox səyyahlar bu diyara gəlmiş, sonra öz zəngin təəssüratlarını qələmə almışlar.

Bu səyyahlardan Strabon, A.Düma və digərləri yurdumuzda olmuşlar. Zaqafqaziyaya gəlib Ermənistanı, Gürcüstanı və Azərbaycanı gəzərkən bu ölkələrin xalqları haqqında müxtəlif fikirlər söyləmişlər.

Səyyahlardan biri Ermənistanda olarkən yerli əhali haqqında belə deyir:

- Bu xalqözünün xeyrinə istiqanlıdır, lakin əmması var: onlarla ticarət etmək istəsən, müqavilə bağlasan da-bağlamasan da, sazişi dana bilər.

Azərbaycana gəldikdə, onlarla müqavilə bağlamasan da, sözləri müqavilədir. Bu xalqın mədəniyyətinə söz ola bilməz. Axırıncı tikəsini əsirgəməz, süfrələrində bəyənmədiyim təam yoxdur. O ki, qaldı musiqisinə, sözlərini başa düşməsəm də, ürəyə yatan, həzindir.

Bir müddət əvvəl bir hüzr mərasimində vaxtilə Amerikada ölkəmizin səlahiyyətli səfiri olmuş Hafiz Paşayevlə və Amerikanın Azərbaycandakı səfiri ilə görüşdüm.

Məclisin axırında fürsət tapıb onlarla söhbət etmək istədiyimi dedim. İnsafən hər ikisi razı oldu.

Amerika səfirinin mütərcimindən xahiş etdim:

- Mən də uzun illər Əfqanıstanda, İranda tərcüməçi işləmişəm. Tərcüməçi gərək eyni zamanda diplomat olsun; çünki elə məqamlar olur onu gərək mümkün şəkildə fərqli tərcümə edəsən. Amma sizdən xahiş edirəm, mənim söhbətimi olduğu kimi tərcümə edin.

Sonra Amerika səfirinə müraciətlə dedim:

- Məlumdur ki, bir neçə ildir bizim ölkədəsiz. Məqsədim ölkəmiz haqqında təəssüratınızı soruşmaq deyil. Cənab səfir, keçmişlərdə bizim "Dayan-doldurum" deyilən bir silahımız varmış. Təsəvvür edin mən erməni əsgəri ilə səngərdə dava edirəm. Erməni əsgəri mənə deyir: "Dayan, doldurum". O, silahını sahmana salana qədər mən atmıram. Mənim barıtım qurtaranda erməni döyüşçüsünə deyirəm: "Dayan, doldurum". O mənim sözümə baxmayıb atəş açır

Yatdığınız yer yumşaq olsun, erməni xislətini bəyan edən xarici səyyahlar! Hazırda erməni-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək üçün atəşkəs haqqında qərar qəbul olunmasına baxmayaraq, onlar bu qərarı pozurlar.

İndi Sizə məlum oldu ki, azərbaycanlı ilə erməninin fərqi nədədir?

Hər üçümüz gülərüzlə ayrıldıq

Söhbətimiz zamanı ətrafımıza toplaşan şəxslərdən birinin arxamızca "Bu kişi Amerika səfiri ilə yaman kəsərli danışdı, kimləri müdafiə etdiklərini başa saldı" - dediyini eşitdim.

 

Cümşüd Muradov

 

Ədəbiyyat qəzeti.- 2011.- 2 dekabr.- S.6.