Xəzərin o tərəfinə səfərlərim

      

1909-cu ildə on beş yaşıma təzəcə qədəm qoymuşdum. Böyük qardaşım, mərhum doktor Müəddəb Nəfisi Avropaya etdiyi səfərdə məni də təhsilimi davam etdirmək üçün özü ilə apardı. O zaman Tehranda ən sürətli minik vasitəsi sayılan dördatlı bir fayton kirayə edib, mən və qardaşım, doktor Müşrif Nəfisi yola düşdük.

Tehrandan Ənzəliyə olan məsafəni düz bir həftəyə başa vurduq. Yol üstündə hər mənzildə bir çaparxana var idi. Müsafirlər hər çaparxanada gözləyir, iki mənzil arasında çapıb yorulmuş atları dəyişir və onların yerinə təzə atlar qoşurdular.

O ilin yazının sonunda mən orta məktəbin doqquzuncu sinfini "Elmiyyə" məktəbində bitirmişdim. Bu məktəb Tehranda doqquzuncu sinfi olan yeganə məktəb idi. İranda o vaxt doqquzuncu sinifdən yuxarı oxumaq mümkün deyildi, bizim məktəbin də doqquz sinfi var idi. İbtidai təhsilimi atamın təsis etdiyi ilk yeni məktəblərdən olan "Şərəf" məktəbində başa vurmuşdum. Orta təhsilin ikinci dövrünü davam etdirmək, habelə ali təhsil almaq istəyənləri Avropaya göndərirdilər. Əvvəllər iranlı cavanlar əsasən  Fransaya gedirdilər. İsveçrəyə getmək bu vaxt təzə başlanırdı. Fransada təhsilini bitirib, ondan sonra da neçə dəfə Avropaya səfər etmiş qardaşım bu sahədə hamıdan çox təcrübəli idi. O, istəyirdi ki, bizi İsveçrədə Noşatel şəhərinə aparıb orada bir orta məktəbə tapşırsın. Bu məktəb indi də durur və o vaxt olduğu kimi - "Latın məktəbi" adlanır. Ona görə ki, İsveçrədə tibb institutuna daxil olmaq istəyən hər kəs latın və qədim yunan dilini bilməli idi. Bu iki dil orta məktəbin ikinci dövründə proqram cüzvündə idi. O vaxt hələ orta məktəbi elmi, ədəbi, riyazi və sairəyə bölməmişdilər.

Ənzəli limanında Bakıya gedən bir gəmiyə mindik. Bu gəmi Bakı müsəlman milyonçularından biri olan Tağıyev adlı şəxsin idi. Xəzər dənizindəki sərnişin gəmilərinin çoxu həmin şəxsə məxsus idi. Bakı ətrafındakı neft mədənlərinin əksəriyyəti yenə də onun idi. Burada birinci dəfə buxar gəmisinə minmək və müəyyən qədər Avropa şəhəri simasına düşmüş Bakını görməklə məndə yaranan hisslərdən yaza bilməyəcəyəm. Siz özünüz təsəvvür edə bilərsiniz ki, Tehranda doğulub o günə qədər Şimran, Şahəbdüləzim və Şəhrnovdan başqa bir yerə getməmiş, Tehrandan Ənzəliyə olan məsafəni yuxarıda göstərdiyim şəkildə bir həftəyə keçmiş on beş yaşlı bir uşaq üçün buxar gəmisi və yarım firəngi bir şəhər necə təsirli və həyəcanlı olar. Xüsusilə o vaxt Fransaya getmək çox mühüm hadisə hesab olunurdu, həm də yalnız tək-tük iranlılara mümkün olurdu.

Burada gördüyüm ilk mənzərə mənim gözümdə axşamçağı həmin araba ilə Ənzəliyə çatdığımız vaxt canlandı. Fransalı bir ər-arvadın orada ortabab bir mehmanxanası var idi. Biz gecə-gündüz orada qalıb gəminin Bakıya yola düşməsini gözlədik. Mehmanxana sahibinin cavan arvadı biz on dörd və on beş yaşlı iranlı uşaqların təhsil üçün Avropaya aparılmasını biləndə bizi təqdir etməklə bərabər, təəccübləndi. "Elmiyyə" məktəbində üç il fransız dili oxumuşduq, sizdən nə gizlin, bu dildə "kəkələyirdik". Fransalı qadın bu dildə iki-üç kəlmə danışdığımızı gördükdə daha artıq təəccübləndi və o gecəni mehriban bir ana kimi bizi qarşıladı. Bu, avropalıdan və ya o zamanın istilahı ilə demiş olsam, "firəngi"dən mənim zehnimdə nəqş bağlamış ilk təsəvvürdür.

Günortaya yaxın Bakıya çatdıq. Liman yaxınlığında "Avropa mehmanxanası" adlı bir qonaq evi var idi. Bu qısa məsafədə mənim iki gözüm var idi, ikisini də borc alıb qəribə bir maraqla yol üstündəki mağazalara və evlərə baxırdım.

Sabahısı gün birinci dərəcəli qatarla Avropaya tərəf yola düşdük. Bizim vaqonda çarpayı var idi, qatarımıza vaqon-restoran da qoşmuşdular. Məlumdur ki, ömründə Tehran-Şahəbdüləzim dəmiryolundan başqa bir şey görməyən uşaq üçün Bakı ilə Avstriya sərhədi arasında dörd günlük səfər nə kimi təəssüratlar oyada bilər.

O vaxt Avstriya imperiyası rus imperiyası ilə qonşu idi. Rusiya sərhədi olan Volçiskdə qatarı dəyişdik və "Ekspres Oryan" (müstəqim Şərq qatarı) ilə yolumuzu davam etdirdik. Bu, mənim Zaqafqaziyaya etdiyim ilk səfər idi. Avropada təhsilimi başa çatdırdıqdan sonra da həmin yolla İrana qayıtdım.

Bolşeviklərin sosialist inqilabı Rusiyanın vəziyyətini dəyişdi. Dünyanın ən böyük imperiyalarından biri alt-üst oldu. İran dövləti sovet dövlətini rəsmi tanıdıqdan sonra sovet hökumətinin birinci səfiri Rotşteyn Tehrana gəldi. Onun gəlməsindən bir neçə vaxt keçdikdən sonra mən sovet səfirliyinin mütərcimi Konstantin Çaykin ilə tanış oldum. O, fars dilini yaxşı bilirdi, həm də fars şerini hədsiz sevirdi. Bizim tanışlığımız tezliklə dostluğa çevrildi, belə ki, hər həftə bir dəfə görüşüb saatlarla müxtəlif mövzularda söhbət edərdik. Mən o vaxt atamın Bərq və Okbatan xiyabanları arasında olan Nazimüləttiba küçəsindəki evində olardım.Çaykin səfirliyin binasında şərq tərəfdə olan ayrıca mənzillərdən birində olurdu, küçəyə ayrıca qapısı var idi. O, arıq və ucaboylu bir kişi idi, evlənməmişdi, tək yaşayırdı. Evdə yeganə həmsöhbəti iranlı bir xidmətçi idi ki, o da səfirliyin Zərgəndəki yaylaq binasının bağbanının qardaşı idi.

Çaykin fars dili və ədəbiyyatı sahəsində Rusiyanın bilikli şərqşünaslarından biriydi. Çarizmin son illərində olan və İran ədəbiyyatı və dili haqqında çoxlu əsərlər yazmış Valentin Jukovski və Karl Zaleman kimi şərqşünaslar onu çox gözəl hazırlamışdılar. Fars dilində tam sərbəst danışır və yazırdı, hətta bir qədər xoşnevis idi. Şeir bilməkdə mənim gördüyüm bütün şərqşünaslardan üstün idi. Onun işlərinin nümunələrindən biri Əbülfərəc Runinin divanıdır ki, o, təshih və müqayisə edib, mərhum Vəhid Dəstgerdi "Ərməğan" jurnalının əlavəsi kimi çap etmişdir. Onun fars dilini mükəmməl bilməsinə bir də Sədinin "Bustan"ından rus dilinə etdiyi poetik tərcüməsi dəlil ola bilər.

Yavaş-yavaş mən Çaykinin ən yaxın dostu oldum, onu o zamankı Tehran ədiblərinin hamısı ilə tanış etdim. Tehranda sovet səfirliyi təsis olduqdan az sonra sovet ticarəti nümayəndəliyi də yaradıldı. Bu nümayəndəliyin mütərcimi başqa bir şərqşünas Roman Qalonov idi ki, o da fars dilini yaxşı bilirdi, İran haqqında çoxlu məqalələrin müəllifidir. Onun fərasətli, zərif və istedadlı arvadı məndən fars dili öyrənirdi.

Bunlarla mənim aramda olan əlaqə məhz ədəbi əlaqə idi, siyasi söhbətlər əsla aramızda olmadı. Həmin sovet şərqşünasları ilə mənim vasitəmlə tanış olan iranlı alimlərdən biri də mərhum Seyid Əhməd Kəsrəvi idi. Bu arada məşhur rus şərqşünaslarından üç nəfəri elmi tədqiqat üçün İrana gəlib, hər birisi neçə müddət burada qaldı. Onlardan biri Moskva Universitetinin şərqşünaslıq fakültəsində fars dili professoru Jirkov idi ki, fars dili qrammatikasını rus dilində yazıbdır. O birisi Leninqrad şərqşünaslarından olan Romaskeviç idi, çoxlu məqalələrin və müasir fars ədəbiyyatı müntəxəbatının müəllifidir. Üçüncüsü Rusiyanın ən böyük dilçilərindən olan məşhur Marın oğlu Yuri Mar idi ki, o birilərdən daha çox İranda qaldı və ölkənin müxtəlif yerlərini gəzdi.

O vaxt İran ədəbi cəmiyyəti xüsusi rövnəqdə idi. Mərhum Bahar, Teymurtaş, Ədibüssəltənə Səmii, Əfsər onda fəal iştirak edirdilər. Cəmiyyətin həftədə bir dəfə iclası maarif nazirliyinin aynalı salonunda təşkil olunurdu, nazirlik bu cəmiyyəti rəsmən tanımışdı. Cəmiyyətin sədri Səmii idi, Vəhid Dəstgerdi onun müavini, mən və Rəşid Yasəmi onun katibləri idik. İdarə heyəti də seçilmişdi. Adlarını çəkdiyim sovet şərqşünaslarının cəmiyyətə gəlməsi və onların İrandan olması bizim ədəbi cəmiyyətimizi sovet şərqşünaslığına çox yaxınlaşdırmışdı. Onların hər birisi İranda olduqda və ya İrana gəldikdə cəmiyyətin fəxri üzvlüyünə seçilirdilər.

1313 (1934)-cü ilin bahar günlərindən birində Tehranda, Firdovsinin min illiyinə bir ay qalmış, sovet səfirliyinin iranlı mütərcimi məni görüb xəbər verdi ki, Zaslavski mənlə görüşmək istəyir. Məlum oldu ki, sovet hökuməti Moskvada və bir sıra sovet respublikalarında Firdovsinin min illiyini keçirmək qərarına gəlmiş və məni bu yubiley mərasimində İran nümayəndəsi kimi iştirak etməyə dəvət edibdir. Mən dəvəti qəbul etdim; çünki mənim üçün iki böyük mənfəəti var idi. Birincisi, bu dəvət İran ədəbiyyatının ən böyük nümayəndəsi olan Firdovsinin əzəmətini qeyd etmək üçün idi, ikincisi, rəsmi qonaq sifətilə sovet ölkəsinə səfər etmək olduqca maraqlı idi.

Sovet hökumətinin mənə etdiyi rəsmi dəvət Xarici İşlər Nazirliyi vasitəsilə Rza şaha çatdırıldı. Xarici işlər nazirinin söylədiyinə görə, şah bu dəvəti eşidən kimi razılıq vermişdir. İki günün ərzində bu maraqlı səfər üçün hazırlaşdım. Pəhləviyə (Ənzəliyə) maşınla, oradan Bakıya gəmi ilə getdim. Bakıda qonaqçılarım məni portda qarşıladılar. İyirmi beş il bundan əvvəl uşaqlıqda Avropaya getdiyim vaxt qaldığım "Avropa" mehmanxanasında mənə otaq verdilər. Qərar belə idi ki, Firdovsinin min illiyi əvvəl Moskvada qeyd edilsin. Ona görə də o günün səhəri mən Moskvaya yola düşdüm və qatarımız üç sutkadan sonra mənzilə çatdı.

O zaman Məhəmməd Səid bizim Moskvada müvəkkilimiz idi. Qərara görə Firdovsinin min illik yubileylərində biz ikimiz İran nümayəndəliyini təmsil etməliyik. İki gündən sonra Moskvanın "Bolşoy Teatr"ında (“Böyük Teatr”) yubiley mərasiminin birinci iclası təşkil olundu.

Sədrin və o günkü məsul işçilərin çıxışlarından sonra mənə söz verdilər. Səhnənin sağ tərəfində hündür bir tribuna qoyulmuşdu. Mən mütərcimlə birlikdə onun arxasına keçdim. O günədək hələ mən öz səsimi mikrafondan eşitməmişdim. İlk sözümün ağzımdan çıxıb, qadın və kişi ilə dolu o böyük fəzada cingildəyərək əks-sədası qulağıma çatan kimi məndə elə bir hal yarandı ki, onu ifadə etməkdə acizəm. Mütərcim mənim nitqimi cümlə-cümlə rus dilinə tərcümə edirdi. Məlumdur ki, mənim sözlərim Firdovsinin cahanşümul əzəməti, onun milli eposunun dünya ədəbiyyatında tutduğu mövqeyi ətrafında hərlənirdi. Bəzən hissiyyatı coşduran cümlələrim alqışlandıqda məndə dərin həyəcanlar doğururdu. Rəsmi hissə qurtardıqdan sonra komitə üzvləri teatr direktorunun otağına gedib təşkil olunmuş ziyafətdə iştirak etdilər. Bundan sonra o gecənin proqramında olan məşhur rus operası "Kinyaz İqor"a tamaşa etmək üçün Komitə üzvləri xüsusi lojada əyləşdilər. Mən birinci dəfə idi ki, bu məşhur teatrın geniş səhnəsində son dərəcə maraqlı olan böyük operalardan birini görürdüm.

Bu səfərimdə iki yüz cildə yaxın köhnə və təzə kitabı özümlə İrana gətirdim. Yadımdadır ki, bu kitabları görən Pəhləvi limanı gömrükxanası işçilərinin hamısı təəccübləndi.

Moskva muzeyləri dünya şöhrəti qazanmışdır. Onları görməyən bu muzeylərdə nə kimi nəfis və qiymətli şeylərin saxlandığını təsəvvür edə bilməz.

Kreml sarayında çox zəngin və əzəmətli bir muzey vardır. Orada İranın məxmər, zəri, atlas və sairə parçalarının ən mükəmməl məcmusunu görmək olar. Çox bahalı İran parçaları vardır ki, onları Səfəvilərdən başlayaraq İran şahları Rusiya hökmdarlarına hədiyyə göndərmiş, bir parası isə dini mərasimdə keşişlər tərəfindən geyilib, xüsusi günlərdə mərasim icrasında işlənən və dindarların gözlərini qamaşdıran parçalardır ki, kilsələrin xəzinəsindən muzeylərə aparılıb. Mən bu nəfis parçaları görməyincə babalarımızın toxuculuqda nə kimi gözəl səliqə və məharətə malik olduqlarını təsəvvür edə bilmirdim. Kaşan, Yəzd, İsfahan zəri və ipək parçalarının hər birində bir dünya gözəllik toplanmışdı. Onların hər birisi mahir bir rəssamın tablosu qədər tamaşaçının diqqətini özünə cəlb edirdi.

Moskvanın dünya şöhrəti qazanmış muzeylərindən biri də Tretyakov qalereyasıdır. Çünki onu rəssamlıq sənəti aşiqi olan Tretyakov adlı Moskva zadəganlarından biri təsis etmişdir. Qədim rus memarlığı səpkisində yaranmış bu binada indiyə qədər rus rəssamlarının şah əsərlərinin dünyada misli olmayan mükəmməl kompleksi toplanılmışdır.

Sovet hökumətinin Firdovsinin min illiyi üçün tərtib etdiyi proqram Moskva, Tbilisi, İrəvan və sonra Bakıda təşkil olunmalı yubiley mərasimindən ibarət idi. Qatarla Gürcüstana tərəf yola düşdüm. Son dərəcə münbit və yamyaşıl olan Qərbi Rusiyanın bir hissəsini gördüm. Tbilisidə mənim qonaqçım Sovet İttifaqının xarici ölkələrlə mədəni əlaqə cəmiyyətinin nümayəndəsi Skoblev adlı bir şəxs idi. Onunla rastlaşıb adını eşidən kimi soruşdum. Mərkəzi Asiyanın bir qismini fəth edən və ən yüksək şöhrət qazandığı bir vaxtda Nəsirəddin şah dövründə İrana gəlmiş məşhur sərdar, general Skoblev nəslindən deyilmisiniz? Bu mehriban və qonaqpərvər şəxs Rusiya tarixini bu dərəcədə bilməyimə təəccübləndi, bəlkə elə bu səbəbə görə mənə qarşı daha da mehriban oldu.

Gürcülər Tiflisi "Tbilisi" yazırlar. Gürcüstanın paytaxtı Tiflisin ən gözəl bir yerində Müctehid bağı adlı bir səfalı seyrangah vardır. Bu bağ vaxtilə Tiflis şiə ruhani başçılarından birinin olmuşdur. Tiflisə çatdığım günün səhəri həmin bağın çox geniş və səfalı çəmənində Firdovsinin min illik yubileyi təşkil olundu. O vaxt İranın Tiflisdə general konsulu var idi ki, o da bu təntənədə mənlə birlikdə iştirak edirdi. Burada mənlə ilk tanış olanlardan biri Gürcüstan respublikasının prezidenti Mxaradze idi. Onun saç-saqqalı ağarmış, uca, mərdanə qaməti, cəzbedici gözləri var idi. Mən ömrümdə onun kimi gözəl kişi az görmüşəm. Uzun illərdən bəri gürcülərin gözəlliyi haqqında çox şeylər oxumuş və qəribə dastanlar eşitmişdim. İndi onları gördükcə yəqin etdim ki, gürcü qadınları öz gözəllikləri ilə dünyada məşhurdularsa, gürcü kişiləri daha gözəldilər.

…Bakıya səfərimdə görkəmli musiqişünas və kompozitor, məşhur "Arşın mal alan" və "Məşədi İbad" əsərlərinin müsənnifi olan mərhum Üzeyir bəy Hacıbəyovla çox üns tutdum. Dəfələrlə evinə getdim. Üzeyir Hacıbəyov öz tarı ilə mənim üçün o qədər "Segah", "Çargah", "Bayatı-İsfahan", "Bayaı-türk", "Mahur", "Hümayun", "Ovşar", "Dəşti" çalıbdır ki, onların sayı-hesabı yadımdan çıxıbdır. Çox cazibəli bir səslə mənim üçün fars şeirlərindən zümzümə edirdi və uşaqlıqdan götürüb tərbiyə etdiyi cavan bir qız dəf çalırdı. Bu böyük insanın xatirəsi mənim həyat boyu zehnimdə topladığım ən şirin və ürəyəyatan yadigarlardandır. Elə bir gün və gecə olmaz ki, mən onu xatırlamayım. Onun mərdanə rəna boyu, cəzbedici siması, aydın və nafiz gözləri, ürəkoxşayan saçları, sakit və mövzun rəftarı var idi.

Bu səfərimdə Bakının məşhur şəxsiyyətlərindən görüb tanış olduqlarımdan biri də o günün məşhur ədiblərindən olan mərhum Salman Mümtaz idi. Salman Mümtaz fars dilini çox gözəl bilirdi, neçə min beyt fars şerini əzbər bilirdi. Keçmiş əsrin böyük şairi Bahar Şirvanini gözəl tanıyırdı, həmin şairdən bir sıra şeirlər oxudu ki, mən başqasından eşitməmişəm. Bahar yetmiş-səksən il bundan əvvəlin ən gözəl şairlərdən biri olub. Bir müddət Azərbaycanda, sonra Xorasan və Tehranda olmuş və neçə vaxt mənim atamdan tibb elmi dərsi almışdır. Bu şair guya, cavan yaşlarında vəfat etmiş və şeirlərini heç kəs toplamamışdır. Mən mərhum Salman Mümtazdan eşitdiyim şeirləri yazmışam və o dəftər indi də durur.

Bu səfərimdə Bakı ədiblərindən bir neçəsi ilə tanış oldum. Əfsus ki, onların hamısı həyata göz yumublar. Onların da məşhurları mərhum Xuluflu, məşhur romannəvis və şair Məmməd Səid Ordubadi, görkəmli ictimai xadim Ruhulla Axundov idilər.

Bakıda mənim qonaqçım mədəni əlaqə cəmiyyətinin nümayəndəsi Kartaşov idi. O, neçə vaxtdan sonra Sovet İttifaqının İran səfirliyi müşaviri vəzifəsi ilə Tehrana gəldi, bir müddət də həmin səfirliyin müvəkkili idi. O vaxt Bakı bugünkü tərəqqi səviyyəsinə çatmamışdı. Onun çatışmayan cəhətlərindən biri də yerinin şoranlıq və neftli olduğuna görə ağac və yaşıllığının az olması idi. Yeganə gəzmək yeri dənizkənarı parkdan ibarət idi ki, onun da xırda ağacları var idi. O günlər yayın əvvəlləri idi, gecələr hava sərinləyirdi, insanlar bu parkda axşam sərinindən həzz alırdılar. Bir gecə məni buraya konsertə dəvət etdilər. Tar, kamança və dəfdən ibarət olan böyük orkestr bizlərdə Sovet İttifaqı müsəlmanları arasında müştərək olan musiqi havalarını çalırdı. Mənim ruhuma bu qədər tar və kamançanın səsi yayın ilk gecələrində, Ay işığında, dəniz kənarında çox gözəl təsir etdi. Sovet Azərbaycanı xalqının musiqidə xüsusi istedadı və gözəl zövqü vardır. Mən bu həqiqəti sonrakı səfərlərimdə də dərk etmişəm. Üzeyir bəy Hacıbəyov bir gün məni müdiri olduğu konservatoriyaya apardı, onunla bir neçə dəfə Bakı radio studiyasına getdim və orada radio verilişləri üçün hazırlanan konsertlərə qulaq asdım. Azərbaycan musiqisinin xüsusiyyətlərindən biri də budur ki, orada qadınlar da tar çalırlar. Mən konservatoriyada və eləcə də radio studiyasında tar çalmaqda həqiqətən məharəti olan bir neçə gənc qadın gördüm. Orada bir çox havaları zərbi ediblər, buna görə də böyük orkestrlərdə onların xüsusi inikası olur. O günlərdə İranda hələ qadınların avaz oxuması rəvac tapmamışdı, yeganə qadın avazxanalarımız Qəmər və Mülük idi. Lakin Bakıda bir çox gənc qadın xanəndələr hazırlanmışdı. Kişilərdən ən məşhur və bacarıqlı xanəndə Bülbül idi... Bülbül Rusiya və İtaliyanın məşhur məktəblərinin yetişdirməsidir, ifaçılıqda onun heyrətamiz bir qüdrəti vardır. O, həqiqətən mənim dünyanın şərqinə və qərbinə etdiyim səfərlərimdə gördüyüm böyük xanəndələrin ən yaxşılarından biridir. İndi təbiətən qocalmış olar. Üst-ustə mənim Bakı şəhərindən unudulmaz müsiqi xatirələrim vardır.

Bakıda olduğum bir həftənin içində hər gecə teatra gedirdim. Oranın sənətkarları teatrda, xüsusilə dramda müstəsna istedad və bacarığa malikdirlər. Böyük dramaturq və yazıçı Mirzə Fətəli Axundov adına Teatr binasında Bakı bəstəkarlarının təzə yazdıqları bir neçə opera və baletə baxdım. "Şahsənəm" və "Koroğlu" onların cüzvündə idi. Sonrakı səfərlərimdə də bu teatrda olmuşam, dəfələrlə tamaşalarını görmüşəm, fəqət yenə də görmək istəyirəm.

   Mənim ikinci səfərim 1315 (1936)-ci ilin yayında idi. O ilin yazında mənə ağır bir yorğunluq üz verdi. Yayı mənim məzacıma müvafiq olan ab-havası xoş və məni bu ağır yorğunluqdan xilas edə bilən bir yerdə istirahət etmək qərarına gəldim. Mənim üçün ən münasib yer, bu kimi xəstəlikləri bərtərəf etməkdə dünya şöhrəti qazanmış Qara dənizin Krım sahilləri idi. Xarici işlər naziri mərhum Müdəbbirüddövlə Səmii vasitəsilə Rza şahdan icazə istədim. O, tezliklə icazə verməkdən əlavə, mənim səfər xərcimin dövlət tərəfindən ödənilməsi haqda da göstəriş verdi və qərar oldu mənə lazım olan məbləği Bakıda olan İran konsulluğu və Moskvada olan səfirlikdən ödəsinlər. Beləliklə, Bəndər Pəhləvi (Ənzəli) yolu ilə gəmi vasitəsilə Bakıya getdim. Bir daha Bakıda yeddi gün qaldım. Bu, mənim o şəhərə etdiyim dördüncü səfərim idi. Bu dəfə orada İranın böyük alimi professor Möhsün İbrahimi ilə yaxından tanış oldum. Professor İbrahimi çar dövründə iranlıların Bakıda olan məktəbində müəllimlik etmək üçün İrandan Bakıya getmiş, onun sonuncu vəzifəsi Bakı Universitetində fars ədəbiyyatı professorluğu olmuşdur. O günlərdə təzəcə təqaüdə çıxmışdı, az sonra İrana qayıtdı, indi Tehrandadır. Bu böyük insan o qədər təvazökar, qane və nəcibdir ki, hamı onun haqqında qüsura yol veribdir. Bir dünya elmə malik olan bu şəxs indi bizim şəhərimizin bir guşəsində çox sadə bir yaşayışa malikdir.

Bakıdan qatarla Tiflisə getdim və orada da bir həftə qaldım. Sonra Batuma doğru yola düşdüm. Batumda gəmiyə oturub Krımda yerləşən və Qara dəniz sahillərinin ən yaxşı istirahət evləri olan Yalta şəhərinə tərəf yollandım. Yolda sahildən keçərkən öz gözəl iqlimi ilə məşhur olan Soçi və Suxumi şəhərlərini də gördüm.

Bir ay Yaltada qaldım. Qara dənizin Yaltada xüsusi bir əzəməti və cilvəsi vardı. Hava o qədər mülayim və gözəldir ki, hər vaxt dəniz kənarında olan restoranda nahar, şam və ya səhər yeməyində iki qıçı dənizin içində olan mizin arxasında otururdum, duz qabını götürüb əyən kimi duz dənələri sürətlə tökülürdü. Məlum olurdu ki, havada heç bir rütubət yoxdur. Mən dünyanın şərq və qərbində dənizlərin heç birinin sahilində belə bir şeyə rast gəlməmişəm.

Böyük rus yazıçısı Çexov bəzən istirahət üçün həmin Yalta şəhərinə gələrmiş. Burada onun ortabab bir evi vardır. Evi Çexovun vaxtında olan vəziyyətdə saxlayıblar. Oranı görmək mənə xüsusi ləzzət verdi.

Krım yarımadası dünyanın ən böyük və ən səfalı bağı sayıla bilər. Bir tərəfdən subtropik, o biri tərəfdən mülayim iqlimə məxsus meyvələr əmələ gəlir, üzüm, narınc-portağal və sair meyvələrlə bir yerdə palma və sidr ağaclarını görmək olur. Oranın üzümü növdə İran üzümündən geri qalmaz. Orada səhər nəştab üzüm yemək orqanizmdəki qüvvələri bərpa etmək üçün müəssir amil hesab olunur. Krımın dadlı meyvələri, müəttər tərəvəzi vardır. Orada gördüyüm alma və qarpızı başqa yerdə görməmişəm.

Bu səfərimdə gördüyüm maraqlı şeylərdən biri Yaltanın yaxınlığında vaqe olmuş Alyonkada məşhur Voronsovlar ailəsinə məxsus böyük bir qəsrdir. Voronsovlar çar Rusiyasının birinci dərəcəli zadəganlarından olub, onlardan bir neçəsi Qafqaz canişini vəzifəsinə çatmışdır. Onların bu yaylaq qəsri dəfələrlə şahları özünə cəlb edib, onların qonaqlıqlarının şahidi olmuşdur. Bu qəsrin qəribə memarlıq səpki vardır, dənizə tərəf baxan üzü Şərq müsəlman ölkələri memarlıq üslubunda tikilmiş uca tağlı bir eyvandan ibarətdir, o biri üzü isə İngiltərənin köhnə binalarından təqlid olunmuş stildə tünd qırmızı kərpiclə düzəldilibdir. Təəccüb edirəm ki, bu binanın memarı bir-biri ilə uyuşmayan iki səbkini necə birləşdiribdir.

Yaltada bir aylıq istirahətim mənim üçün o qədər xeyirli oldu ki, orada topladığım enerji neçə ilədək davam etdi. Krımın paytaxtı Sevastopoldan qatarla Xarkova və oradan da Moskvaya getdim. Bundan bir il əvvəl Firdovsinin min illik mərasimində məşhur sovet alimlərindən bir neçəsi: Freyman, Bertels, Yuri Mar, Romaskeviç Tehrana gəlib, mən isə onların ölkəsindən təzəcə qayıtdığıma görə Firdovsi konqresinin başqa üzvlərindən daha çox onlarla tanış olmuşdum. O vaxt SSRİ Elmlər Akademiyası hələ də Leninqradda idi, onun şərqşünaslıq şöbəsi istər-istəməz məni özünə cəlb edirdi. İstəyirdim Moskvada neçə gün qaldıqdan sonra Leninqrada gedim.

Moskvadan Leninqrada qatarla bir gecəlik yoldur. Leninqrad dünyanın ən gözəl şəhərlərindən biridir. Böyük Pyotr vaxtından başlayaraq Neva sahilində çarların əsas etibarı ilə Avropanın məşhur memarlarının layihəsi ilə tikdirdikləri əzəmətli binaların başqa yerdə misli-bərabəri yoxdur.

Ermitaj muzeyi dünyanın ən böyük, ən geniş muzeyidir. Orada dünyanın ən məşhur rəssamlarının tabloları, Avropanın müxtəlif dövrlərinə aid sənət əsərləri kompleksindən əlavə, Şərq incəsənətinə həsr olunmuş şöbəsində dünyada ən mükəmməl məcmuələr vardır.

Mənim üçüncü səfərim 1323 (1943)-cü ilin qışında olmuşdur. O il Özbəkistanda sovet hökuməti təşkilinin iyirmi illiyini qeyd edirdilər. Özbəkistan hökuməti Tehrandan bir neçə nəfəri bu mərasimdə iştirak etmək üçün dəvət etmişdi. Tehrandan təyyarə ilə Məşhədə getdim. Orada xorasanlı həmsəfərlərimiz bizimlə birləşdilər və minik maşını ilə yola düşdük. Gecəni çox şiddətli şaxtada Qoçanda keçirdik. Sabahı gün Aşqabada çatdıq. Mən heç xəyalıma da gətirməzdim ki, Aşqabadın qışı bu dərəcədə soyuq olsun. Bir gün orada qaldıqdan sonra təyyarə ilə Daşkəndə uçduq. Daşkənddə də hava soyuq idi. Orada şəhərin kənarında qonaqlara məxsus olan səfalı bir bağda bizə mənzil verdilər. Məlumdur ki, bu kimi bayramları necə böyük təntənə ilə qeyd edirlər.

Mənim bu səfərdə gördüklərimdən biri Daşkəndin zooparkı idi. Park ağır qar altında idi. Heyvanların bu soyuqda kiriyib hərəsinin bir hala düşməsi tamaşalı idi. O vaxt Daşkənd şəhəri çox böyümüşdü; çünki müharibə illərində cəbhəyə yaxın olan bir sıra qərbi Rusiya rayonlarının zavodlarını, eləcə də o yerlərdə təhlükədə olan alim və sənətkarlardan böyük bir qrupu Daşkəndə köçürmüşdülər. Daşkəndin məziyyətlərindən biri onun yaşıllığıdır. Orada qocaman ağacların kölgə salmadığı küçəyə nadir halda rast gəlmək olar.

Başqa bir sədd də Fərqanədə düzəldiblər, ona "Fərhad və Şirin" dastanının qəhrəmanı ilə əlaqədar olaraq "Fərhad səddi" adı qoyublar. Teymurun mənsub olduğu bugünkü özbəklərin dili həmin qədim cığatay dilidir. Cığatay dilinin məşhur şairi Əlişir Nəvainin İran ədəbiyyatı ilə yaxından əlaqəsi olmuş, o, böyük Azərbaycan şairi Nizaminin "Xəmsə"sini cığatay dilində nəzmə çəkib, "Fərhad və Şirin" dastanını da şeirlə yazmışdır. Buna görə də bugünkü özbəklər içində Fərhad adı çox məşhurdur. Bu səfərimdə Daşkənd Universitetinin rektoru Sultan Ömərov, məşhur özbək yazıçısı Aybək və türkmən yazıçısı Kerbabayevlə tanış oldum.

Dördüncü səfərim 1324 (1945)-cü ilin yazının sonlarında idi. O vaxt Azərbaycanda sovet hökumətinin təşkil edilməsinin iyirmi beş illiyi bayramını keçirirdilər. Tehran, Qəzvin, Rəşt və Təbrizdən bir neçə nəfəri bu bayramda iştirak etmək üçün dəvət etmişdilər. Təyyarə ilə Tehrandan Bakıya uçdum. Bakıda böyük təntənəli bayram büsatı qurmuşdular. O vaxt SSRİ prezidenti məqamında olan Kalinin Moskvadan bayram münasibətilə Bakıya gəlmişdi. Bakının böyük meydanında idmançıların keçidi bu bayramın ikinci mərasimi cüzvündə idi. O gün mən tribunda ölkənin məsul şəxsiyyətləri ilə birlikdə Kalininin yanında oturmuşdum. Həmin gün sovet qoşunları Berlinə daxil oldular. Bu xəbəri hamıdan əvvəl mənə Kalinin söylədi.

Bu səfərimdə sovet Azərbaycanının böyük şairi mərhum Səməd Vurğunla, habelə indi də şəhərin böyüklərindən hesab olunan iki məşhur yazıçı - Mirzə İbrahimov və Süleyman Rüstəmlə tanış oldum. Süleyman Rüstəmlə tanış olduğum vaxt onunla hamının xoşuna gələn bir zarafat elədim. Onun adı Süleyman Rüstəm olduğuna görə dedim: “Sizin yarınız peyğəmbər, yarınız isə pəhləvandır”.

Bu səfər yenə də Bakının gəzməli və görməli yerlərində oldum. Habelə maşınla məşhur Gəncə şəhərinə getdim. Bu şəhərin adı neçə dəfə dəyişdirilibdir.

Şəhər başdan-başa meyvə ağacları ilə dolu olan bağlardan ibarətdir. Təsadüfi deyil ki, XII əsrdə bu şəhərdən Əbülüla Gəncəvi, Nizami və hətta o dövrün ən yaxşı qadın şairi Məhsəti Gəncəvi kimi böyük şairlər çıxmışdır.

Gəncə şəhərinin kənarında, Nizaminin dəfn olunduğu yerdə əzəmətli bir abidə tikiblər, habelə Bakıda Nizami adına meydanda şairin heykəlini qoyublar. Tarix və incəsənət muzeyini də Nizami adına ediblər. Bu səfərimdə iki həftə sovet Azərbaycanı paytaxtında qaldım və sonra təyyarə ilə Tehrana qayıtdım.

 

Səid Nəfisi

professor

Ədəbiyyat qəzeti.- 2011.- 2 dekabr.- S.1-6.