…Ölməyə Vətən yaxşı

         

  "Ürəyim evə can atır…"

 

Dağ yəhudilərinin etnoqrafiyasına həsr olunmuş tədqiqat oçerklərindən biri belə başlayır: "Yəhudi xalqının qəribə və anlaşılmaz tarixi vardır. Ancaq Qafqaz yəhudilərinin tarixi isə daha anlaşılmazdır". Doğrudan da, əsasən Azərbaycanın, Dağıstanın ərazilərində və Şimali Qafqazın bəzi bölgələrində yaşayan dağ yəhudiləri uydey dininə itaət edən etnik qrupların ən az öyrənilənidir.

Dağ yəhudiləri özlərini hələ bizim eradan əvvəl 6-cı əsrdə assuriyalılar, sonra isə farslar tərəfindən əsarətə alınandan sonra indiki Azərbaycanın bəzi hissələri olan AssuriyadaMidiyada yerləşdirildiklərini hesab edirlər. Bir sıra tədqiqatçılar isə onların yerli əhali olduğu fikrindədirlər.

Bu məqalədə söhbət bunlardan getmir. Ən mühümü odur ki, bu xalq min illərlə (!) Azərbaycandakı xalqlarla birgə sülhdostluq şəraitində yaşamış və onların adət və ənənələrinin yaxşı cəhətlərini əxz etmişdir. Dağ yəhudilərinin mənəvi mədəniyyəti yanaşı yaşadıqları xalqların mədəniyyəti ilə yaxınlaşmaq hesabına inkişaf etmişdir. Ona görə də onlar Azərbaycan dilini özlərinin ikinci ana dili hesab edirlər. Dağ yəhudilərinin dilindəki, leksika və qrammatikasındakı Azərbaycan söz və ifadələrinin çoxluğu bunu bir daha göstərir. Azərbaycan dastanlarını danışan adamların dağ yəhudilərinin yanında həmişə böyük hörməti olmuşdur.

Bir neçə il bundan qabaq İsraildə olanda məni dağ yəhudiləri arasında məşhur olan müğənni Xanuko qonaq çağırmışdı. O, məşhur qarmonçalan, qubalı Məlkəy Qəyişin oğludur. Məlkəy Qəyiş 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənət ustalarının ongünlüyündə iştirak etmişdir. Xanuko bizi evinin girəcəyində öz qarmonu ilə qarşıladı və hər birimizin şərəfinə ayrıca bəndlərlə salamladı. Aramızda azərbaycanlılar da var idisalam bəndləri onlar üçün Azərbaycan dilində səsləndi. Xanuko onları həmin anda hazırlıqsız, bədahətən quraşdırırdı. Lakin bütün bunlar sərbəst alınırdı və bizi gözlərimizi yaşardıncayadək təsirləndirirdi. Dağ yəhudiləri ulularının uyuduqları Azərbaycan torpağında dərin kök atmışlar. Mən yəhudi mədəniyyətinə həsr edilən konqreslərdə və elmi seminarlarda tez-tez oluram. Hər yerdə də çıxışlarımda qeyd edirəm ki, Azərbaycanda heç vaxt antisemitizm təzahürləri olmamış və yoxdur. O ki, qaldı dağ yəhudilərinin bəzilərinin İsrailə köçmələrinə, bu, özlərinin tarixi yerlərində yaşamaq istəyi, yaxud da öz ailələrinə yaxınlaşmaq arzusu ilə əlaqədardır.

Lakin onlar orada, xaricdə də Azərbaycan xalqı ilə olan dostluğa sadiqdilər. Məsələn, İsraildə "Bakılı" cəmiyyəti fəaliyyət göstərir, "Azİz" (Azərbaycan-İsrail) Assosiasiyası təşkil olunub.

Xayfada keçmiş bakılı olan bir taksi sürücüsü mənə belə dedi: "Ürəyim evə - dostlarımın yanına can atır". İsraildə hər hansı bir dağ yəhudisinin sürdüyü taksiyə minsən, sənin üçün o dəqiqə maqnitafona Azərbaycan muğamlarından ibarət kaset qoyacaqdır. Quba şəhərində keçmiş Sovet İttifaqı ərazisində dağ yəhudilərinin indi yeganə (yığcam) yaşadıqları yer olan "Qırmızı qəsəbə" adlandırılan kiçik yaşayış məskəni azərbaycanlıların və dağ yəhudilərinin yaxın, dost münasibətlərinin parlaq təzahürüdür.

Uzun illlərdir ki, dağ yəhudilərinin mədəniyyəti tarixindən bəhs edən arxiv materiallarının öyrənilməsi və dərc edilməsi ilə məşğulam. Tarixçilərin geniş dairəsinə, bəlkə də indiyədək məlum olmayan nadir sənədlər Azərbaycanda yaşayan dağ yəhudilərinin keçmiş yüzilliyin birinci yarısındakı həyatından, yazı mədəniyyəti və ədəbiyyatının (dağ yəhudi ziyalılarının) təşəkkül tapmasından bəhs edən "Kiçik xalqın böyük taleyi" kitabını nəşr etdirmək imkanı verdi. Bu yaxınlarda isə 34 min sözlük "Dağ yəhudi - rus lüğəti" işıq üzü görmüşdür.

Mən Yerusəlimdə keçirilən ümumdünya yəhudi konqresinin tribunasından da, Paris, LondonHamburqda yəhudi genealogiyasına (nəsil tarixinə) həsr edilmiş seminarda da öz tədqiqatlarımdan danışmışam. Xalqımızın qonaqpərəst Azərbaycan torpağındakı yaşayış şəraiti barədə danışanda xaricdə çox böyük diqqətlə və mən deyərdim ki, təəccüblə qulaq asırdılar. Parisdə isə çıxışımdan və çoxsaylı suallara cavab verdikdən sonra salonda bir alqış qopdu ki, bu, elmi forumlarda çox nadir hadisədir.

Bizi birləşdirən tellər qırılmazdır. Harada oluruqsa-olaq, buraya - evə can atırıq. Bu yaxınlarda Qubada qohumlarımdan maraqlı bir ifadə eşitdim: "Son vaxtlar havalar bizdə çox soyuq keçir. Buna görə də bir çox ailə "Qırmızı qəsəbə"dən qışı keçirmək üçün İsrailə gedir". Mən çox heyrətləndim!

Bu yaxınlarda arxivimi nəzərdən keçirərkən gözümə Azərbaycan dilində yazılmış bir şeir dəydi. Onlar Solomon adlı uzaq qohumumun qələmindən çıxmışdır. Solomon 70-ci illərin ortasında İsrailə köçmüşdü. O vaxtlar qayıtmağa icazə yox idi. Çox təəssüf ki, o, dünyasını dəyişib. Onun şeirləri məni o qədər heyrətləndirdi ki, onlardan birini dərc etdirməyi qərara aldım.

 

Mixail Aqarunov

professor

 

Ədəbiyyat qəzeti.- 2011.- 2 dekabr.- S.6.