Bu axşamın qəribliyi
Yapışıb yenə yaxamdan,
Bu axşamın qəribliyi.
Gəlib keçmir göz yaşımdan
Bu axşamın qəribliyi.
Gəlişində zülmət, işıq,
Yavaş-yavaş şər qarışır.
Dərdi ömrümə sarmaşıq -
Bu axşamın qəribliyi.
Baxıram, yaşarır gözüm,
Həsrətlər bitirir izim.
Məni gəzir gəzim-gəzim,
Bu axşamın qəribliyi.
Keçən gündən köçüb gəlib,
Ayrılıqdan keçib gəlib.
Könlümü yurd seçib gəlib
Bu axşamın qəribliyi.
Uzaqdan gələn adam
Ay uzaqdan gələn adam,
Oyat mənim yaddaşımı.
Yatıb yuxuya dalmışam,
Yad aparıb yurd daşımı.
Dizlərim ta sözə baxmır,
Hələ də dözüm çəkirəm.
Sözlərim əlimə əsa
Ta sözümə söykənirəm.
Yolumu başa vurmadım,
Dərd yarıda dəstələdi.
Ömrün vüsal nəğməsini
Qəm üstündə bəstələdi.
Ağrılarım sıxır məni,
Ürək olub kövrək, incə.
Yəqin elə bu nəğməni
Oxuyacam mən ölüncə.
Yağış
səsi
Yenə yağış yağır, hər yan duman, çən,
Göylər ürəyini boşaldıb tökür.
Sanki payız özü dolub gözümə
Göyün dərd selini gözümdən çəkir?
Açıq pəncərəmdən dolur evimə
Selə, suya dönən göylərin qəmi.
Soyuq nəfəsilə üşüdür məni
Üstümə şığıyan qəriblik kimi.
Bu yağış səsində bir doğmalıq var,
Bundan qeyrisini tanımıram mən.
Əl atıb çıxarar yağış nəğməsi
Məni bu axşamın qəribliyindən.
Şövkət Zərin Horovlu
Ədəbiyyat qəzeti.- 2011.- 2
dekabr.- S.5.