Sevirəmmiş

 

Üç gündü səndən ayrıyam -

Sevirəmmiş mən səni;

Özüm boyda bir ağrıyam -

Sevirəmmiş mən səni.

 

Üç gündür ki, ürəyimdə

Barışıram, küsürəm;

Sənə görə mən özümlə

Dalaşıram, küsürəm.

 

Neçə ildir sevdiyimi

Bilməmişəm hələ mən;

Yəqin səni sevdiyimə

Ölməmişəm hələ mən.

 

Üç gündü səndən ayrıyam,

Dünya düşüb gözümdən;

Üç gündü səndən ayrıyam,

İncimişəm özümdən.

 

Qaçdım

 

Qaçdım dost-tanışlar az olan yerdən,

Qaçdım qohum-qardaş çox olan yerdən.

Qaçdım insanları ac olan yerdən,

Qaçdım harınları tox olan yerdən.

 

Saxta bal dadıyan yalandan qaçdım,

Könlümü yalandan alandan qaçdım.

Qaçdım bir sehrli baxışdan, qaçdım,

Qəlbimə yağacaq yağışdan qaçdım.

 

Qaç könlüm! Qaç görək əgər bacarsan,

Qaç görüm, özündən hara qaçarsan.

 

Arzular divarı

 

Yerusəlim şəhərində -

Peyğəmbərlər sırasında,

O dünyayla

Bu dünyanın arasında

bir qala var:

"Ağlar divar".

Divar deyil, bu bir pirdi,

Burda dinlər hamsı birdi.

Burda hər kəs

bir Allahın bəndəsidi,

Allahın bir bəndəsidi.

Burda dillər ayrılığı səslənməyir,

Burda yalnız

ürəklərin bir səsidi.

Min illərdi

bu divarın ətəyinə insan gəlir,

Arzusunu, diləyini deyənlərin

ürəyində daşa dönmüş yaş kövrəlir.

Arzulardan, göz yaşından

bu qalada daş kövrəlir.

Bəlkə heç daş deyil bu,

Min illərin,

istəklərin, könüllərin

daşa dönmüş arzusudu.

Bu daşlarda hərarət var,

Vallah, bu daş-divar deyil,

Allahın daş yazısıdır.

Bir yanında senaqoqdur,

Bir yanında ilkin kilsə;

Bir yanında böyük Sultan məsçididir. -

Bu dinlərdən - dinlərə yox,

Min illərdən min illərə

bir keçiddir.

Ay Allah,

Bu dinlərin hamısını qardaş elə.

Habil, Qabil kimi yox ey...

Qardaş - bağrı-badaş eylə.

Bu arzular divarında

hərəmizi güvəndiyin bir daş eylə.

 

Bax

 

Dedim; yanağın almadı, -

Məni vecinə almadı.

Belə olmaz, bu olmadı -

Barı bir dön mənə bax!

 

Getdin ədan yıxdı məni,

Daş-divara sıxdı məni.

Gözlər oda yaxdı məni,

Barı bir dön yenə bax.

 

Su ol - mənə sarı axma,

Yağış ol - üstümə yağma;

Mənə baxmırsan, heç baxma,

Barı dön kölgənə bax.

 

Vallah, səndən Allah alıb,

Qəlbinə kim şübhə salıb?!

Gedən gedib, qalan qalıb,

Barı öz könlünə bax.

 

Fikrət Qoca

Ədəbiyyat qəzeti.- 2011.- 2 dekabr.- S.4.