Yadıma düşdü

 

Salam göndərirəm əziz dostlara

Qocaman torpaqdan, yaşıl çəməndən.

Gəzdiyim yerlərə salamlar deyə

Ağbirçəkli Şahdağ yadıma düşdü.

 

Sübh ikən oyanıb xəyala daldım,

Uşaqlıq illəri keçdi qarşımdan.

Göz dikib uzağa hey baxdım-baxdım,

Sizdən ayrılığım yadıma düşdü.

 

Karmel təpəsindən gözəl Xayfanın

Bir diqqətlə baxdım mavi dənizə.

Titrədi ayağım, tutuldu dilim,

Xəzər ləpələri yadıma düşdü.

 

Təl-Əviv şəhərin gəzdim, dolandım,

Bir baxmaqla ona doya bilmədim.

Aya, ulduzlara diqqət yetirdim,

Bakı gecələri yadıma düşdü.

 

Mən Yordan çayına atdım tilovu,

Könüldən bəyəndim sərin suyunu.

Tutduğum balıqdan mən kabab çəkdim,

Bənövşə-bulağı yadıma düşdü.

 

Ətirli bağlardan portağal dərdım,

Səfalı torpaqda tərəvəz əkdim.

könlüm istədi, hər şeyi tapdım,

Qubanın alması yadıma düşdü.

 

Könül hər zaman arzulayır sizi,

Həsrət şadlığıma duman çökdürür.

Sizə xəbər çatsa Solomon bikefdir,

Bilin, dost-aşnası yadına düşdü.

 

Solomon

Ədəbiyyat qəzeti.- 2011.- 2 dekabr.- S.6.