Şairlə görüş
Oktyabrın 23-də Nyu-Yorkdakı Qafqaz Yəhudiləri Cəmiyyəti, Azərbaycan Yəhudiləri Mədəniyyət Mərkəzi və "Yeni üfüqlər" qəzetinin dəvəti ilə Almaniyada yaşayan tanınmış şair Simax Şeyda Amerikada olmuş və onun anadan olmasının 75 illiyi münasibətilə yığıncaq keçirilmişdi. Yığıncağı Qafqaz Yəhudiləri Cəmiyyətinin sədri şair Raşbil ben Şamayev açaraq şairin yaradıcılığı haqqında məlumat vermişdir. O, qeyd etmişdir ki, S.Şeyda uzun yaradıcılıq yolu keçmiş 50 ildən artıqdır ki, uşaqlar və böyüklər üçün şeirlər, nağıllar, poemalar, dram əsərləri yazaraq oxucuların rəğbətini qazanmışdır. Şairi burada yaşayan azərbaycanlılar və yəhudilər də yaxşı tanıyırlar. "Yeni üfüqlər" qəzetində onun yaradıcılığı haqqında materiallar çıxır və şeirləri də hər iki dildə çap olunur. 50 ildən artıqdır ki, mən onun şeirlərini qəzet və jurnallarda oxuyuram. İndiyə qədər 20-yə yaxın şeir kitabları işıq üzü görmüşdü. Bu yay Quba və Bakı şəhərlərində S.Şeydanın 75 illik yubileyi qeyd olunmuşdur. Gəlin şairə uzun ömür, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayaq.
Məclisdə İsrail Yazarlar Birliyinin üzvləri Nobert Evdayev və Şirin İlya çıxış edərək S.Şeydanı 75 illik yubileyi münasibətilə təbrik etmiş və yaradıcılığının bəzi məziyyətləri haqqında danışmışlar.
Nyu-Yorkda nəşr olunan "Tovuş" ("İşıq") jurnalının redaktoru tarix elmləri namizədi Svetlana Davıdova şairi təbrik edərək onun Azərbaycan dilində çap olunan şeirlərindən danışmış, burada yaşayan azərbaycanlılar ilə yəhudilərin dostluğundan söz açmışdı.
Tədbirdə Yuri Mərdəxayev, Səxmun Mişiyev, Yesəmi Aqarunov və başqaları S.Şeydanın Azərbaycan və yəhudi dillərində yazmış olduğu qəzəllərdən misallar çəkərək bəzi nümunələr oxumuşlar.
Eyni zamanda, gecədə Simax Şeyda haqqında olan bəzi lent görüntüləri göstərilmiş və Azərbaycanın əməkdar artisti Ağalar Bayramovun buraxdığı "Qarabağ harayı" diskindən şeirlər səsləndirilmişdi. Tədbirdə S.Şeydanın kitabları və haqqında yazılmış qəzet, jurnal məqalələrinin sərgisi də nümayiş olunmuşdu.
Ən sonda şair
hər iki dildə
yazıb-yaratdığı ilə fəxr etdiyini
deyərək onun yubileyini
təşkil edən təşkilatlara öz
minnətdarlığını bildirmişdi.
Raşbil Şamayev
Ədəbiyyat qəzeti.- 2011.- 2
dekabr.- S.5.