İki kitab - bir neçə söz
Təbii ki, tanınmış şair Firuzə Məmmədlinin "Çarəsizliyin dodağının ucunda həmişə təbəssüm olur" müşahidəsinin həqiqətinə varana qədər hər hansı istedadlı qələm adamı son dərəcə davamlı, ardıcıl yaradıcılıq yolu keçməlidi. Bu cür məntiqin ortaya qoyulması məqamınacan sənətkar poetik sözlə baş-başa çox simsar bir yol yolçuluğu etməlidi. Ondan sonra yazılan nə varsa birmənalı olaraq Firuzə xanımın "Adiloğlu" nəşriyyatında yaxın günlərdə işıq üzü görən "İki damla dəniz" və "Dərd üzünü gizləyir" kitablarına daxil edilən şeir yarpaqları kimi oxunaqlı, yaddaqalan olacaq. Lap elə
Yaxşı nə gözləmək olar
Bir halda ki, -
Hamı yaxşını
Səndən gözəlyir -
misraları kimi… Və yaxud olsun aşağıdakı şeir:
Uzaqdan gələn
Top səsləri
Yaxınlıqdakı hap-gopa
İstehzadır -
Söhbət Qarabağdan gedirsə.
Dünya cəmiyyət, insan taleyi sarıdan olan bütün nigaranlıqlar Firuzə xanımın yeni kitablarına daxil edilən şeirlərin ruhundan küll halında keçir. Bütün bu narahatlıqlar onun yaradıcılığında son dərəcə yığcam, oxunaqlı və yaddaqalan bir dillə ifadə olunur. Tutaq ki, "Sevgilər" şerində olduğu kimi:
İndiki sevgilər sevgiyə acıq,
Sevənin gözünü bağlaya bilmir.
İndiki sevginin qapısı açıq,
Gedəni yolundan saxlaya bilmir.
Təbii ki, bu sevgi söhbəti özünün alt yapısında qloballaşan dünyamızın cəmiyyətə tətbiq etdiyi bir çox qəbuledilməz yaşam qanunlarını daha çox qabardır, diqqəti ən həssas problemlərə yönəldə bilir.
Firuzə xanımın özünəməxsus poetik üslubu mütəhərrikliyi və dinamikliyilə oxucunu özünə çəkir, tutumlu mətləbləri müxtəlif şeir ölçülərinin qəlibində rahatlıqla yoğrulub-yapılır. Götürək ki, onun "İki damla dəniz" kitabına daxil edilən sərbəst şeirləri nə qədər lakonik, yaddaqalan və təravətlidisə, eyni dərəcədə də "Dərd üzünü gizləyir" toplusunda yer alan heca şeirləri də bir o qədər içdən gələn, poetik tutumu və obrazlığı ilə seçilən qələm nümunələridir. Firuzə xanımın peşəkar sənətçi ovqatı imkan verir ki, qələmə aldığı hər bir mövzunu fikrin, lirik vüsətin, poetik məntiqin harmoniyasında təqdim edə bilsin. Lap elə "Gülə-gülə" adlı şerində olduğu kimi:
Nədir taleyində bu ağ, bu qara?!
Paran bütövləşməz, bütövün - para.
Səni əzablara, iztirablara
Əkəni ömründən biç gülə-gülə.
Canından artıqmı can qoyduğun
kəs?
Heç kəs arşınını
sən qədər ölçməz.
Ya qopar qəlbindən, ya qoparma, döz.
Axır ki, birini seç
gülə-gülə.
Firuzə xanım "Zamandan zamana damsa - söz damır" düşüncəsiylə yazıb-yaradan,
ardıcıl və sistemli şəkildə yaradıcılığının inkişafı, kamilləşməsi
qayğısına qalan
qələm adamıdı
və bütün yaradıcılığı boyu
öz poetik məninə sədaqətilə
seçilir. Onun şeirləri oxucunu
mənəvi kamilləşməyə,
saflaşmağa, başlıca
olaraq insaniləşməyə
səfərbər edir.
Bu şeirlərdə şükranlıqla təəssüfün
arası qaşla-göz
arası qədərdi.
Bu məsafə çərçivəsində
dəyişən dəyərlərin
nədənliyi poetik dillə çox gözəl çatdırılır:
Dünyada adam az deyil,
Adama möhtacdı adam.
Bir zamanlar əşrəfiydi,
Dünyada bir tacdı adam.
Dağını, daşını yeyir,
Min illik yaşını yeyir,
Dünyanın başını yeyir
-
İndi
gözüacdı adam.
Nə qədər
danılsa da, zamanın, ötən tarixlərin aydın siması daha çox poeziya ovqatında özünü
hifz edir daha çox diqqətçəkən olur. Firuzə xanımın
poeziyası da zamanı, vaxtı xüsusi bir özəlliklə özündə
əksləndirir və
daha çox ötüb-keçənlərə vəfalı yol yoldaşlığı, etibarlı
olması ilə seçilir.
Sərvaz
Ədəbiyyat qəzeti.- 2011.- 2
dekabr.- S.5.