Elçin Hüseynbəylinin bir hekayəsi
Elçin ilk qələm nümunəsindən özünü təqdim etdi. O da R.Rövşən, V.Önər, M.Süleymanlı kimi ilk yazılardan "bu mənəm, gəlirəm" - dedi. İlk əsərini oxuyan onun imzasını axtarmağa başladı.
Əlbəttə, yazıçının, şairin bütün əsərləri bir səviyyədə olmur - heç Füzulinin də, Sabirin də, Haqverdiyevin də. Və təbii ki, Elçin Hüseynbəylinin də. Hekayələri, povestləri, romanları - bir-birindən gözəl əsərləri. Ancaq təkcə "Gözünə işıq düşür" hekayəsi ilə Elçin dünyaya, bəşəri ədəbiyyata çıxa bilərdi. Bəzən orda-burda gileylənənlər var ki, guya Qarabağ mövzusu işlənmir. Havayı gileydir. Qarabağ mövzusunda, Qarabağ nisgilindən gözəl, həm də qeyri-adi gözəl poeziya və nəsr nümunələri yaranıb. Biri də Elçinin "Gözünə gün düşür" hekayəsi. Bu hekayə Qarabağ müharibəsinin "Can nənə, bir nağıl de" şeri kimi bir hadisəsidir.
Elçinin hansı bir əsərininsə dilində şivəçilik baş alıb gedir, hansındasa kitab cümlələri ilə danışır. Bu hekayədə dil də psixoloji dərinlik qədər nəhayətsiz gözəldir. Elə bil yazanda Allah onun qulağına deyib ki, diqqətli ol, bu ayrı əsər olacaq. O da Allahına qulaq asıb; doğrudan, bu nəsr təsviri deyil, şeir emosiyası, həm də hər cür şeir yox, məhz bayatı nisgili ilə dolu bir dildir: "Birtəhər (bu "birtəhər" sözünün faciə məzmunlu dramını bu təsvirə qədər oxucu yaşayıb - ona görə bu sözü adi "birtəhər" kimi qəbul etmir; bu "birtəhər"in lüğətdəki nominativ "birtəhərliyi" sonrakı təsvirin acısı içində istiotlaşır - T.H.) özünə yol aça-aça qarağacın yanına çatdı. Onun gövdəsini qucaqladı. Əvvəlcə kövrəldi, özünü sındırmamaq üçün ağlamadı, için-için göynədi. Sanki axşamın onu eşidəcəyindən, ağlamağına şahid olacağından qorxdu, axırda içindəki hisslər bu qorxuya üstün gəldi və hönkürdü… O, indi heç kimdən və heç nədən qorxmurdu. Eləcə qarağacın dibinə söykənib, hönkür-hönkür ağlayırdı".
Ümumiyyətlə, bu hekayənin içi bayatı nisgilidir, bayatı mövzusudur. Elçin vətən haqqında deyilmiş bayatıların hamısını bir yerə yığıb, ciyər yandıran həsrət odlarından tonqal qalayıb bir nəhəng bayatını da - bu hekayəni də o özü deyib. Lap çoxdan kimsə bir nəfər, elindən uzaq düşmüş bu həkimin vəziyyətində olan bir torpaq aşiqi, bir torpaq didərgini Allah bəndəsi həsrət odunda yana-yana deyib: “Ölməyə Vətən yaxşı”.
Elçin Vətən ideyasının, torpaq yanğısının, Vətən məhəbbətinin nüvəsində öz kəndinə, yüyrük-beşiyinin asıldığı ağacın kölgəsindəki sərinliyə sevgisini görən bir Məcnun obrazı yaratmışdır. Bu Məcnun əlli üç yaşlı onkoloq-həkimdir. Bu didərgin Məcnun sağalmaz dərdə tutulub, qorxur ki, doğma kəndi erməni tapdağından qurtarınca ölümü onu haqlasın. Qərarlaşır ki, ölüm ayağında kəndinə getsin, orada atasının uyuduğu doğma məzarlıqda özü qəbrini qazıb canını tapşırsın. Bir gün otuz bir il bir yastığa baş qoyduğu qadını yatağından qalxıb həyat yoldaşını yerində görmür, onun dünyaya bir neçə dildə yazdığı bəyanat-məktubunu tapır.
Bəyanatında yazır ki, kəndinə getmək, bütün münaqişələrə etiraz əlaməti olaraq, həyətlərində ağac əkmək istəyir. Bu Məcnun-həkimin bəyanatı demokratiyadan, sülhdən dəm vuran böyük dünya dövlətlərinin içi diplomatiya hiyləsi ilə dolu bəyanatlarından güclüdür. Çünki bu bəyanat gerçəkdir: bu Məcnun sözünü deyib və "sülh ağacı" adlandırdığı fidanı çantasına qoyub gizli yollarla kəndinə üz tutur. Bu Məcnun sevgili kəndinin, uşaqlıq xatirələrinin uyuduğu yerlərin vüsalına can atır. O, eynən Füzulinin Məcnunu kimi edir. Atası oğlunu Kəbəyə gətirir ki, dua eləsin, yalvarsın ki, Allah onun dərdinə çarə qılsın. Məcnunun dərdi Leylinin eşqidir. Allah onu bu dərddən qurtarırsa, demək, Leyliyə olan eşqi fənaya gedir. Ona görə də Məcnun üzünü Kəbəyə tutub deyir: “Ya rəb, balayi-eşq ilə qıl aşina məni. Az eyləmə inayətini əhli-dərddən, Yəni ki, çox bəlalərə qıl mübtəla məni!” Elçinin Məcnunu da öz eşqinin vüsal şirinliyinə qovuşmaq üçün "Ağrıkəsici "Stadol" iynələri az götürmüşdü. Özü belə istəmişdi. Ağrılar çox olanda ölümü də qarşılamaq asanıydı". Burada Allahın inayəti (yardımı) Məcnun-həkimin ağrısını artırmaqdır. Ağrının artması onun ölümünü yaxınlaşdırır; o, kəndinə tez çatmaq üçün bütün gücünü səfərbər edir. Bu Məcnunun eşq vüsalı kəndində ölməkdir. O, topladığı dollarla Almaniyada, ya İsraildə müalicəyə gedə bilərdi. Ancaq Məcnunluq duyğusu onu yolundan çıxarmışdı: dollarını erməni zabitinə rüşvət verir ki, atasının məzarı yanında ölməsinə imkan versin.
Bu Məcnun öz prezidentinin "erməninin ağlı özünə getməsin ki, günü harda xoş keçsə, ora vətən desin" - sözünün gerçəkliyini əyani göstərmək üçün ölməyə gedir; uşaqlıq xatirələrinin işığında, dünyaya gələrkən udduğu havanı son nəfəsində də udmaq üçün gedişindəki acı aqibətin şirinliyinə (bəlayi-eşqin inayətinə) doğru yola düşür. O, sözünü tutmayan dünya böyüklərinin acığına ölümə gedir - işğal olunmuş ana torpağının haqqında özlərinin çıxardıqları ədalətli qərarlara böyük dövlətlərin özlərinin laqeydliyi ilə bağlı İctimai televiziyanın gündə neçə kərə hayqırdığı nidanı eşitməyən qulağıkarların gözləri qabağında ölümə gedir. Dünya ədalətsizliyinə bundan güclü etiraz yoxdur. Yazıçı bədii düşüncəsinə, emosional süjetinə nümayişkaranə, güclü siyasi məzmun yükləmişdir.
İndi bu Məcnun Leylasının gerçək vüsalı ilə üz-üzədir - vüsal sevincinin, bəlayi-eşq inayətinin, yəni ölümünün bir addımlığındadır. Ancaq bu Məcnun sadəcə ölmək istəmir, "ölümü ayıq başla qarşılamaq istəyir". O, ruhsuz, hissiz, düşüncəsiz ölmək istəmir. Düşünə-düşünə, ölümünü yaşaya-yaşaya, kəndini, uşaqlıq xatirələrini, ailəsini gözlərinin önündə canlandıra-canlandıra ölmək istəyir; cismən və ruhən əzilmiş, yadelli tərəfindən təhqir edilmiş olaraq yox, bu dünya ilə vidalaşıb ölmək, bir vətəndaş kimi, vətənin havasını rahat uda-uda, Nazim Hikmət demişkən, dadını çıxara-çıxara, günəşini görə-görə birdən gözlərini qapayıb, Orxon-Yenisey dastanlarında deyilən kimi, Allahın dərgahına uçmaq istəyir. O, məhz səhər dan yeri söküləndə, günəşin işığı gözlərinə düşəndə, bu işığı gözlərinə doldurub kirpiklərini bağlamaq istəyir. Səhər doğan günəş onun yurdunun sabahıdır. Yazıçı bu ideyanı bir şair kimi, bir şeir kimi rəmzləşdirir. Elçinin Məcnunu vətəninin diriliyinə inanaraq, bu diriliyi xəyalında yerləşdirərək bu dünyasından arxayın ayrılmaq, Tanrının ucalığından yurdunun işığına baxmaq istəyir. Yazıçı bu kədərin, ağının melodiyası ilə, torpaq niskili ilə yaşayan oxucusuna ümid aşılayır. Bəli, mərmi ilə atasının oyulmuş məzarında uzanan Məcnunun gözünə yeni doğan günəş işıq salır, hətta gözünü qamaşdırır. Və kamına çatmış bu Məcnun gözünü ovuşdura-ovuşdura dünyasını dəyişir - Attila kimi, Alp Ər Tonqa kimi, Kül tiqin kimi açıq alınla, başıucalıqla Tanrısının hüzuruna uçur.
Yazıçı inandırır ki, Füzuli düz deyib: “Sürdü Məcnun növbətin, indi mənəm rüsvayi-eşq, Yaxşı derlər: Hər zaman bir aşiqin dövranıdır.” Yəni bu günün Məcnunu bizim gördüyümüz həkim-onkoloqdur. Cəmiyyətin həmişə Məcnuna ehtiyacı var. Yazıçı oxucusunun düşüncəsində Nazim Hikmətin misralarını özünəməxsus şəkildə improvizə elətdirir: Sən də belə olsan, mən də belə olsam - biz belə olsaq, dünya bizi eşidər. Bu hadisə mexaniki baş vermir, bir hövsələsizlik, qeyri-ixtiyari bir addım deyil. Bu insan xeyli hazırlıq keçib, özünü Məcnunluğa hazırlayıb; hətta onun qadını da bilirdi ki, bu, nə vaxtsa, baş verəcək. Hazırlıq belə gedib ki, indi bu Məcnunun beynəlxalq qoruyucuları var; o, internetdə özünü elan edib və hətta indi erməni zabiti özlərini dünyada rüsvay etməmək üçün onu öldürə bilməz. Elçinin Məcnunu dünyanın qarşısında şərt qoyur: qəbrini özü qazmalıdır, dan üzü, günəş üfüqdən çırtlayanda və ayıq başla ölməlidir. Əslində bu, Məcnunluğa siyasi məzmun yükləyir - bu, Mənsurluqdur, Nəsimilikdir. Bu Məcnunluq yeni qəhrəmanlıq tipidir: onun ən qədim adı Atillaçılıqdır, sonrakı adı sovet ittifaqı qəhrəmanıdır və əlbəttə, bugünkü ismi şəhidlikdir.
Bu Məcnun-şəhidin qadını da ədəbiyyatımız üçün yeni obrazdır. Ərinin məktubu əlindədir. Məktubdan ərinin nəfəsi, hənirtisi gəlir. Məktubu öpür - axı ərini son dəfə bu məktub görmüşdü. Bu qadın haray salar, həşir qoparardı, hələ yasaq zonasına çox yol var, şər qarışmamış, hava qaralmamış ərini ona qaytarardılar. Ancaq o, ərinin ideyasına xəyanət etmir, ərinin məsləkinə hörmət edir - əri öz "ölümünü işğal altında olan kəndlərində qarşılamaq istəyirdi". Vahidin misrası yada düşür: "Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir". Bu xanım sovet ədəbiyyatındakı müsbət kommunist qadın obrazı deyil. Bu xanım, bu Leyla bir tərəfdən, nağıllarımızdakı ərinin məsləkdaşı qadındır; o biri tərəfdən, bu günün siyasiləşmiş Leylasıdır. O, evində şivən qoparıb, ərini qaytartmaq əvəzinə, ərinin məktub-bəyanatını internetə verir, neçə illərdən bəri evində, gözünün qabağında, onunla məsləhətlənə-məsləhətlənə hazırlanmış "planın" gerçəkləşməsinə şərait yaradır; Makedoniyalı İsgəndərin anası kimi, çiyinlərində dərd yükünün ağırlığı, ələm içində, həm də qürurla ürəyində "Vətən sağ olsun" deyə-deyə ölümün soyuq nəfəsi alnına dəyən, "bəlayi-eşqin inayətinin" - müqəddəs sevincinin əlindən bərk-bərk yapışan, ancaq hələ ölməmiş ərinin təziyəsini təşkil edir. Və hələ ölməmiş əri ruha dönüb öz yas mərasiminə tamaşa edir. Bu, Füzulininkindən fərqli dastandır: burada Məcnun Leylasından əvvəl axirətə - Haqqa qovuşur (inşallah, o gün gələr ki, Leylası da ərinin yanında dəfn olunar. Amin!). Ona görə də bu dastanın adı "Leyli və Məcnun" deyil, "Məcnun və Leyli"dir - bu, Elçinin dastanıdır.
Bu dastan-hekayə bu günümüzün gerçəkliyidir. Burada "çayxana əhli"də var, Məcnunla yanaşı keçəl həmzələr də var. Bu təzadın qabartısında yazıçının Məcnunluğa çağırışı daha effektli görünür.
Hekayə-dastan mükəmməl kompozisyon sənətkarlığı ilə diqqəti çəkir. Psixoloji şirəyə çəkilmiş, canına psixoloji hava hopdurulmuş təsvirlər, ifadələr var. Həkim gecənin sükutunu dinlərkən bir xışıltı gəlir. Nə ola bilər? Ağlına bu da gəlir ki, bu boş, kimsəsiz yerlərdə quduzlaşmış itlər dolaşırlar: "Sahibini itirmiş itlər qəzəblərindən vəhşiləşirlər. Sahiblərinin onları atıb getmələrini bağışlamırlar və öz sədaqətlərini belə ucuz tutanlarla barışmırlar". Yazıçı təbiətin psixoloji təhlilini verir. Təbiəti vəhşiləşdirən cəmiyyətdir. Dünyanın uluslararası ədalətsizliyi, buyurun, itləri də halından çıxarır, quduzlaşdırır. Bu kədərli təsvirdəki acılıq hər köçkünün damarında dolanır: "Kimsəsizlik hər tərəfə hakim kəsilmişdi. O düşündü ki, bir azdan buralar tamam itəcək. İllər keçəndən, bu kəndin yaşıdları dünyasını dəyişəndən sonra hər şey yaddan çıxacaq. Kəndlilərindən heç kim, hətta nəvə-nəticələri də öz yurd-yuvasını, qonşusunu tanımayacaq". Və ən dəhşətlisi də budur ki, "xatirələr də qalmayacaq. Deməli, keçmiş olmayacaq". Allah, sən saxla, keçmiş olmayacaq - bu, tarix deməkdir. Hər cümlənin arxasında bir tablo var, bu tablonun da içində bir bayatı məzmunu, ağı iniltisi var. Biri bu: "Günəş qoca və əldən düşmüş ilan kimi qüruba tərəf sürünürdü". Sual edən tapılar: işıqlı günəş niyə ilana bənzədilir? Axı bu həkim özü işıqlı məsləki ilə qürubdakı niyyətinə sözün müstəqim mə'nasında taqətdən düşmüş bədəni ilə sürünür - deməli, təşbeh yerindədir. İndi onun kövrəlməyə, için-için göynəməyə halı yoxdur; o, indi enerjisini dağıda bilməz - kövrətməyə, için-için göynəməyə sərf etdiyi enerjisini toplayıb sürünməyə sərf etməlidir. O, bütün mənəvi yaşanışını fiziki gücə çevirib sürünməlidir. Elçin dili şerin qafiyələri kimi sistemləşdirir, sözün də, səsin də dəqiq təyinatı var. Bu için-için göynəmək Məcnun - Füzulinin ürək odunun qığılcım şəklində gözündən tökülməsinə bənzəyir: "Ləhzə-ləhzə könlüm odundan şərərlərdir çıxan, Qətrə-qətrə göz tökən, sanmın, sirişkim qanıdır". Həkim ürəyinin odunu qığılcım-qığılcım gözündən tökmür, o odu güc kimi içində saxlayıb atası yatan məzarlığa sürünür.
Hekayənin ilk və son cümləsi eynidir: "Gözünə gün düşür". Başlanğıcda bu cümlədən sonra həkimin qoyduğu məktubun ilk cəmləsi gəlir: "Bu nə zamansa baş verməliydi…". Sonda isə bu cümlədən sonra üç nöqtə qoyulur. Deməli, üç nöqtənin yeri həmin məktubun məzmunudur, deməli, ölərkən onun ağlı başında idi və beləcə arzusuna çatır: günəşin işığında, ağlı başında, huşu özündə, düşünə-düşünə, xəyal içində romantik bir ölümlə ölür. Mətlə ilə məqtənin, başlanğıcla finalın, bu uzun təhkiyə arasının belə əlaqələndirilməsi böyük ustalıqdır, uca sənətkarlıqdır. Və bu da odur ki, yazıçı öz süjetini oxucusunun gözündə bir bütöv kimi canlandırır, bir bayatı kimi səsləndirir və göstərir: bayatının birinci və dördüncü misralarının arası necə görünürsə, bu hekayə - dastanın da ilk və son cümlələrinin arası elə görünür.
Bu süjetdə Azərbaycan
xalqının etnik psixologiyası çox tipik şəkildə
ifadə olunmuşdur. Bu
əsər müxtəlif dillərə çevrilməli, saytlara köçürülməli, bütün dünyaya
çatdırılmalıdır. Dövlətimizin beynəlxalq
siyasəti burada obrazlarla
çox dolğun verilir.
Tofiq HACIYEV
Ədəbiyyat qəzeti.- 2011.- 2
dekabr.- S.4.