Qürbətdə Vətən təəssübü

 

"Gülüstan" tamaşası haqqında qeydlər

         

  Ötən sayımızda məlumat verdiyimiz kimi, Moskvanın "Jar-ptitsa" teatrının nəzdində fəaliyyət göstərən "Dərviş" ("Derviş-teatr") xalq yazıçısı Elçinin "Şekspir" tamaşasından sonra xalq şairi Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasından ruhlanaraq hazırladıqları eyni adlı tamaşanı göstərdilər. Bu tamaşa əvvəlkindən fərqli olaraq Azərbaycan dilində hazırlanmışdı. İki sözsüz rolu nəzərə almasaq, tamaşadakı yeganə rolu - Şair obrazını teatrın aktyoru Şirzad Əsəd Pirallahı ifa edirdi. Əslində isə bu tamaşa Moskvada yaşayan həmyerlilərimizin, "xüsusən də "Dərviş" teatrına gələn, onun qayğısına qalan azərbaycanlıların Vətən təəssübünün nümunəsi idi.

İki hissəli poetik epopeya adlandırılan "Gülüstan" tamaşasında B.Vahabzadənin "Gülüstan" poeması ilə yanaşı onun "Şəhidlər" və digər əsərlərindən istifadə edilmişdi. Vətən taleyi, xalq taleyi üçün narahatlıq, qəlblərini ağrıdan dərdlər yaradıcı heyyəti başqa yazıçıların və şairlərin də əsərlərinə müraciət etməyə sövq etmişdi. Biz bu tamaşada Cəlil Məmmədquluzadənin Azərbaycanın sərhədləri üçün narahatçılıq keçirən məqaləsi ilə də rastlaşırıq, Əlağa Vahid, Şəhriyar, Xəlil Rza və digər şairlərin vətən eşqi, xalq dərdini əks etdirən sətirləri ilə də. Bu sənətkarların şerindən istifadə tamaşanın bitkinliyinə kömək etməklə yanaşı, başqa bir mətləbdən Rusiyada yaşayan həmyerlilərimizin poeziyamıza sədaqətindən və ehtiramından da xəbər verir. Lakin "Gülüstan" tamaşasının yaradıcı heyəti, xüsusən də teatrın bədii rəhbəri və tamaşanın rejissoru Mərdan Feyzullayev təkcə bununla kifayətlənməyib. Əslində bu şair və yazıçıların əsərləri bir növ tamaşanın mətləbini aydınlaşdırmaq üçün vasitə idi. Mətləb isə Rusiya ilə İran arasında bağlanan Gülüstan müqaviləsindən sonra Azərbaycanın başına gətirilən oyunlardır. Özündə Cavad xan qeyrətini, ölüb yaşamaqdansa yaşayıb ölməyi üstün tutan xanların, şahların, İran siyasətçilərinin, dövlət xadimlərinin, sonrakı illərdə isə satqınların əli ilə vətəni tikə-tikə doğramağa başladılar.

Tamaşada həmin dövrlər tarixi faktlarla diqqətə çatdırılır, xatırlanırdı. Tamaşa bu gün işğal altında qalan, Qarabağ torpaqlarının da işğal kökünün "Gülüstan" müqaviləsindən sonra başladığını diqqətə çatdırır. Bəs bu satqınlıqların, qorxaqlıqların vurduğu ziyanı kim çəkdi? Təslimçi müqavilələrə imza atan, yaxud atdıran xanlarmı, şahlarmı, siyasətçilərmi, dövlət başçılarımı?! Yox! Ziyan çəkən bir məmləkətdir, birorada yaşayan xalq. Dərviş teatrı diktor mətni ilə, fotolarla, video materiallarla həmin tarixi anları, həqiqətləri yada salır. Budur Sovet İttifaqının son illəri. Araz çayının hər iki sahilinə yığılmış azərbaycanlılar. Bir xalqın övladları olsalar da, bu tərəfdəki sovet, o tərəfdəki İran vətəndaşlarıdır. Şükür edirlər ki, heç olmasa sahilə qədər gəlməyə onlara icazə verilib. Uzun illər boyu ayrılan qohum-əqrəbalar, bir-birindən xəbər tutmaq, kimin öldüyünü yaxud qaldığını bir-birindən xəbər tutmaq üçün bu sahildən o sahilə, o sahildən bu sahilə əl edir, qışqırır, binoklla baxırlar. Üzbəüz görüşmək isə mümkün deyil. Arada tikanlı məftillər, bu məftillərin arası ilə əllərində sərhəd itləri tutmuş sovet zabitləri görünür. Dünyanın ən böyük ölkələrindən birinin hərbiçiləri iki xalqı - qohumu qohumdan, qardaşı qardaşdan ayırmağı vətən qarşısında xidmət sanırlar. Bu nadir videogörüntülər tamaşanın həm emosionallığını, həm də inandırıcılığını artırır.

Lazım gəldikdə tamaşada rəqəmlər də dilə gəlir, şahidlik edirlər. İtirə-itirə gəldiyimiz torpaqların sahəsi, zülm əlindən tarix boyu qürbətə köç edən soydaşlarımızın sayı bildirilir. Qarabağ müharibəsində ölən və itən, əsir düşən soydaşlarımızın sayı, XX əsrin ən böyük vəhşiliklərindən biri olan Xocalı soyqırımı da rəqəmlər, video və fotogörüntülərlə tamaşaçıya çatdırılır. Bütün bunlar isə baş rolun ifaçısı Şirzad Əsədin ifa etdiyi poetik parçaların fonunda baş verir. Şair obrazında aktyor cüssəli, səsi bəlağətlidir. O vəziyyətdən asılı olaraq gah kədərlənir, gah da üsyankar bir qəhrəmana çevrilir. Tamaşaçıların timsalında xalqı yadellilərlə mübarizəyə, tarixin dərslərindən ibrət almağa çağırır. Onu səhnənin yanlarından asılmış buxovlar da qorxutmur. Elə Cəlil Məmmədquluzadə, Məhəmmədhüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə, Xəlil Rza kimi yazıçı və şairlərimiz təqibdən qorxmadığı kimi. Dərviş teatrının bu tamaşada dadına folklor nümunələri, bayatılar da çatır. Yaradıcı heyət sanki - o sitəmlər, zülmlər, ayrılıqlar olmasaydı bu bayatılar da yaranmazdı - deyir. Bir bayatı min bir dərdin, hicranın, fəryadın təzahürüdür. Tamaşada ifa olunan həmin bayatılardan biri:

 

Arazı ayırdılar,

Su ilə doyurdular.

Mən səndən ayrılmazdım,

Zor ilə ayırdılar.

 

Xalqın ümumiləşdirilmiş obrazı olan Şairin çıxışından və rejissor işindən məlum olur ki, bu xalq kölə olan deyil. Tamaşada iki şər qüvvəni təmsil edən Birinci və İkinci maskalıların (bu obrazları teatrın artistləri Yuliya Vorobyeva və Taşa Romanova ifa edirlər) əhatəsində qalanda Şair qızmış şirə dönür. Onu ram etmək isə mümkün deyil.

Bəlkə elə dərviş teatrı da bu məqsədlə yaradılıb. El-el, oba-oba gəzən dərvişlər. Onların sərgərdanlığının səbəbi, bəzən bir tikə çörəyə həsrət qalmaları əqidəsizlikdən yox, əqidələrini yaymaq arzusundan, inadından doğub. Arzu isə əməlin başlanğıcıdır. Ya da şair demişkən: "Qığılcımdan alov doğar. "

 

Atababa İsmayıloğlu

Ədəbiyyat qəzeti.- 2011.- 2 dekabr.- S.3.