AMEA-da Abbas Zamanovun 100 illik yubileyinə
həsr edilmiş tədbir
keçirildi
Noyabrın 29-da Azərbaycan Milli
Elmlər Akademiyası
(AMEA) Rəyasət Heyətinin
binasında tanınmış
ədəbiyyatşünas alim, tənqidçi, mətnşünas, əməkdar
elm xadimi, AMEA-nın müxbir üzvü Abbas Zamanovun 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
AMEA və Təhsil
Nazirliyinin birgə təşkil etdiyi tədbirdə görkəmli
alimin həyat və yaradıcılığından,
çoxşaxəli elmi
fəaliyyətindən söz
açılmışdır.
Tədbir
iştirakçıları əvvəlcə AMEA Mərkəzi
Elmi Kitabxanasının
foyedə təşkil
etdiyi "Abbas
Zamanov-100" mövzusunda sərgi
ilə tanış
olmuşlar.
AMEA-nın prezidenti,
akademik Mahmud Kərimov
A.Zamanovun mənalı
ömür yolundan, zəngin elmi yaradıcılığından, qazandığı nailiyyətlərdən
danışmışdır. Bildirmişdir
ki, o, müxtəlif təşkilatlarla yanaşı,
AMEA-da səmərəli
fəaliyyət göstərmiş,
bir müddət Nizami adına
Ədəbiyyat Muzeyinə
rəhbərlik etmişdir.
A.Zamanov
AMEA-nın müxbir üzvü kimi akademiya elminin inkişafına böyük
töhfələr vermişdir.
Dünyanın bir çox
universitet və kitabxanalarında A.Zamanovun
imzası ilə təmsil olunan yüzlərlə ədəbiyyat
vardır. Həmkarları haqlı olaraq, onun sovet rejimi
dövründə ədəbi
irsimizin dünyada tanınması istiqamətində
cəsarətli fəaliyyətini
yüksək qiymətləndirmişlər.
Təhsil
naziri Misir Mərdanov xalqımızın
bədii-ictimai fikir tarixinin tədqiqi, eləcə də mədəni irsimizin və mənəvi sərvətlərimizin təbliği
işinə mühüm
töhfələr vermiş
Abbas Zamanovun 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 5
oktyabr 2011-ci il tarixli sərəncamını
xatırlatmışdır. Nazir bu sənədə əsasən ölkəmizdə
silsilə tədbirlərin
həyata keçirildiyini,
görkəmli elm xadimlərimizi
tanımaqda belə tədbirlərin əhəmiyyətini
diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, özünün
zəngin elmi fəaliyyəti ilə A.Zamanov milli ədəbiyyatşünaslığın bir məktəb kimi formalaşdırılması
və inkişaf etdirilməsi sahəsində
təqdirəlayiq xidmətlər
göstərmişdir. Ölkəmizdəki yüksək ixtisaslı
kadrların azərbaycançılıq
məfkurəsinə sədaqət
ruhunda hazırlanmasında
onun böyük əməyi vardır.
Tədbirdə "Görkəmli alim və elm təşkilatçısı"
mövzusunda məruzə
dinlənilmişdir.
Bildirilmişdir ki, Abbas Zamanov 1911-ci il
oktyabrın 10-da Naxçıvan
Muxtar Respublikasındakı
Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. O, 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini bitirmişdir.
A.Zamanov Böyük Vətən müharibəsi illərində
ordu sıralarında xidmət etmişdir. Tərxis
olunduqdan sonra Azərbaycan Dövlət Universitetinin (ADU) filologiya fakültəsində baş
müəllim, Azərbaycan
Elmlər Akademiyası
Nizami adına
Ədəbiyyat Muzeyinin
direktoru, ADU-nun Azərbaycan
ədəbiyyatı kafedrasının
müdiri vəzifələrində
işləmişdir.
Görkəmli ədəbiyyatşünas alim
elmi yaradıcılığa
1937-ci ildə çap
etdirdiyi publisist və elmi-kütləvi məqalələrlə başlamışdır. Həmin vaxtdan
ölkəmizdə və
onun hüdudlarından
uzaqlarda XX əsr Azərbaycan ədəbiyyatına
dair elmi əsərləri müntəzəm
dərc olunmuşdur.
Bolqarıstan, İran, Türkiyə,
İraq, Avstriya və digər ölkələrdə məqalələri
işıq üzü
görmüşdür. Abbas Zamanova 1974-cü ildə
professor elmi adı verilmiş, o, Türk Dil Qurumunun üzvü,
Azərbaycan Elmlər
Akademiyasının müxbir
üzvü (1983) seçilmişdir.
Alimin nəşr
etdirdiyi "Sabir və müasirləri"
(1973), "Sabir bu gün" (1985) və digər kitabları elmi ictimaiyyət tərəfindən böyük
maraqla qarşılanmışdır. O, "Klassik
hekayə ustası"
(S.Hüseyn haqqında),
"Canlı müasirimiz"
(C.Cabbarlı barədə),
"Azərbaycan, Azərbaycan"
(S.Vurğun haqqında),
"Əsrimizin yaşıdı"
(S.Rəhimov barədə)
və digər sanballı məqalələrin
müəllifidir.
Mətnşünaslıq sahəsində səmərəli
fəaliyyət göstərən
alim C.Məmmədquluzadə,
M.Ə.Sabir, Ə.Haqverdiyev,
N.Nərimanov, S.S.Axundov,
S.Hüseyn, S.Ə.Şirvani,
S.M.Qənizadə və
digər ədiblərin
əsərlərini rus
və Azərbaycan dillərində tərtib və nəşr etdirmişdir.
Məruzədə professor A.Zamanovun elmi irsinin daha dərindən
araşdırılması və
tədqiq edilməsinin
vacibliyi vurğulanmışdır.
Əməkdar müəllim, professor Pənah Xəlilov, Milli Arxiv İdarəsinin
rəisi Ataxan Paşayev, AMEA-nın müxbir üzvləri, Milli Məclisin deputatı Nizami Cəfərov, Vəli Əliyev, Naxçıvan
Dövlət Universitetinin
dekanı İman Cəfərov və başqaları professor A.Zamanovun
yüksək insani keyfiyyətlərindən, elmə
verdiyi dəyərli töhfələrdən, ədəbiyyatımızın
inkişafında unudulmaz
xidmətlərindən, elmi
irsinin əhəmiyyətindən
bəhs etmiş, alimlə bağlı xatirələrini bölüşmüşlər.
Tədbirdə görkəmli alimə həsr olunmuş sənədli film nümayiş
etdirilmişdir.
Sonda alimin nəvəsi Gülgün
Əliyeva babasının
xatirəsinə göstərilən
yüksək hörmət
və ehtirama görə ailəsi adından Prezident İlham Əliyevə dərin minnətdarlığını
bildirmişdir.
Ədəbiyyat qəzeti.- 2011.- 2 dekabr.- S.2.