Açıq qoy
yuxunun qapılarını
Açıq qoy yuxunun qapılarını,
Sirli səmalardan
seyrə gəlim mən.
Yozacaq yuxunu yuxu yozanlar,
Hər zaman yuxuna xeyrə gəlim mən.
Açıq qoy yuxunun qapılarını,
Mənim bəxtim kimi kilidlənməsin.
Gəlim
ünvanına səssiz-səmirsiz,
Yuxun gözlərində
çiliklənməsin.
Açıq qoy yuxunun qapılarını,
Alın yazım kimi cizgilənim mən.
Əksim
qaçırmasın yuxularını,
Mürgülü gözündə güzgülənim
mən.
Açıq qoy yuxunun qapılarını,
Qoy kimsə
deməsin şayə
gəlim mən.
Yandır
taleyimin işıqlarını,
Sən eşqin sultanı!.. sayə
gəlim mən.
Açıq qoy yuxunun qapılarını,
Qaranlıq gözümdə göyərçin
olsun.
Açsın çiynimizdən qanadlarını,
Gördüyün yuxular görüm çin olsun.
Açıq qoy yuxunun qapılarını,
Al məni sevdamın
al baxışından.
Nə sən bir söz
soruş, nə mən danışım,
Asılaq sükutun lal baxışından.
Açıq qoy yuxunun qapılarını,
Göylər gizlədibdi dan
köynəyini,
Qaranlıq gecələr üşüdər
səni,
Geyinmə əyninə can köynəyini.
Açıq qoy yuxunun qapılarını,
Bir gəzək
dünyanı biz başdan-başa.
Dünyanın üzünə çəkilək…
qalsın
Eşqin göylərində rəsmimiz
qoşa.
Açıq qoy yuxunun qapılarını,
Gerçəyə cala sən yalan
ömrümü.
Mənim
səndən başqa
kimim var axı,
Sənə qurban verim qalan
ömrümü.
Açıq qoy yuxunun qapılarını,
Köksümdə dəfn eylə, bük ahımızı.
Yerdə
yerim yoxdu ayaq qoymağa,
Qoy göylər
bağlasın nikahımızı.
Açıq qoy yuxunun qapılarını,
Bu gerçək aləmdə
bayılmayaq biz.
Görmüşəm dünyanın etibarını,
Açıq qoy yuxunun qapılarını,
Daha yuxulardan
ayılmayaq biz.
Səni kiritməyin
min bir yolu var
Səni
kiritməyin min bir yolu var -
Dərdini dərindən bilməkdir
biri.
Ölüncə dərdini, dönüb
başına
Dolana-dolana bölməkdir biri.
Səni
kiritməyin min bir yolu var,
Ölən gümanını qaytarım
diri.
Hamının gedəni gəlsin,
sevdiyim,
Gedib də yenidən gəlməkdir biri.
Səni
kiritməyin min bir yolu var -
Həm dardı, həm edam, həm ilmək
yeri.
Hökmün ölüm doğsa
anın içində,
Sorğusuz-sualsız ölməkdir biri.
Səni
kiritməyin min bir yolu var -
Ağrım ağrın çəkir,
ağlama, kiri.
Gedib ağladanın özünə
qədər,
Ağlaya-ağlaya gülməkdir biri.
Səni
kiritməyin min bir yolu var -
Zaman gözlərində
görməz bu tiri.
Silsəm
əllərimlə əlim
quruyar,
Gözünü gözümdə silməkdir
biri.
Səni
kiritməyin min bir yolu var -
Bir sən biləcəksən, bir mən bu sirri.
Yolunda gedib də Allaha
qədər,
Sonra da, bax, sənə dönməkdir biri.
Sevgidən başladı
bu ayrılıqlar
Ağladın, gözündə yaşa
qısqandım,
Gəldin
kölgən ilə qoşa, qısqandım,
Yaşadın ömrünü, yaşa
qısqandım,
“Sevgidən başladı
bu ayrılıqlar.”
Düşdüm qəm oduna, külə yazarsan,
Nə çəkdim - söyləyib
elə, yazarsan,
Könül dəftərinə belə
yazarsan:
Sevgidən başladı bu ayrılıqlar.
Qıymaram üşüdə qar
məzarını,
Boyunu gizləyən
dar məzarını.
Qazmışam köksümdə yar
məzarını,
Sevgidən başladı bu ayrılıqlar.
Deyən olmadı ki,
son qəmin olsun
Matəm
içindəyəm neçə
zamandır,
Deyən
olmadı ki, son qəmin olsun!
Dünyamı boşalıb, Allah amandır
-
Deyən
olmadı ki, son qəmin olsun!
Bəxtim
qan üstünə gül ələyibdir,
Bağrımı yandırıb, kül
ələyibdir,
Zaman gümanımı güllələyibdir,
Deyən
olmadı ki, son qəmin olsun!
Boğuldu gümanım sis-dumanında,
Bir şəhid
vermişəm hər
bir anımda.
Qalmışam Şəhidlər xiyabanında,
Deyən
olmadı ki, son qəmin olsun!
Hanı
bu dünyanın söz adamları,
Hanı
bu dünyanın düz adamları,
Hanı bu dünyanın öz adamları?
Deyən
olmadı ki, son qəmin olsun!
Könlümün sazında həsrət
sədası,
Qəm ilə çalındı eşqin
havası.
Çökdü taleyimə hicranın
yası,
Deyən
olmadı ki, son qəmin olsun!
Sitəm
oldu, kədər oldu illərim,
Dil açıb ağladı
şən bülbüllərim,
Soldu əllərimdə qərənfillərim,
Deyən
olmadı ki, son qəmin olsun!
Cəmlədim, cəmləndi cəmi
də mənə,
Məndən gəldi gələn həmi də mənə.
Güldü bu dünyanın
qəmi də mənə,
Deyən
olmadı ki, son qəmin olsun!
Gülayə, gözlərin yaş
qəhrəmanı,
Dinmir taleyinin
daş qəhrəmanı.
Öldü əsərinin baş
qəhrəmanı,
Deyən
olmadı ki, son qəmin olsun!
Yuxunu sulara söylə,
sevdiyim
Danışma, danışma yuxunu
mənə,
Ağzından yel alsın… yellər aparsın.
Danışma, danışma yuxunu
yenə,
Alsın bəd yuxunu, sellər aparsın.
Yuxunu sulara söylə, sevdiyim.
Yanarsan,
meylini oduna salma,
Dönər xəyalların dərbədər
gələr.
Özünü ölümün yadına
salma,
Ölüm öz adını eşidər gələr.
Yuxunu sulara söylə, sevdiyim.
Qəlbimi qəm yarar, gözlərimi nəm,
Çəkilər gözümə sədd yuxulardan.
İçər qədəh-qədəh sevincimi qəm,
Mən yaman qorxuram bəd yuxulardan.
Yuxunu sulara söylə, sevdiyim.
Günəş gözlərimdə batar,
ayılmaz,
Enər göylər yerə göyərçin olar.
Belə
yuxu görən yatar, ayılmaz,
Amandı, yuxular dönər çin olar.
Yuxunu sulara söylə, sevdiyim.
Mən aşa bilmərəm hicran dağını,
Göylər əlçinimi aparar gedər.
Söndürər gözümün nur
çırağını,
Özümdən özümü qoparar gedər.
Yuxunu sulara söylə, sevdiyim.
Döndər qum saatın, döndər geriyə,
Ölümün gözləri yol çəkir indi.
İtən gümanını göndər
geriyə,
Ölüm qərarına qol çəkir indi.
Yuxunu sulara söylə, sevdiyim.
Əyilsin mənim tək
beli həsrətin,
Qoymadı sinəmdə bircə yer daha.
Boş dönsün qapından əli həsrətin,
Dönməz olsun ünvanına
bir daha,
Yuxunu sulara söylə, sevdiyim.
Gülayə
Ədəbiyyat qəzeti.- 2011.- 9
dekabr.- S.5.