Sabah xalq şairi Nəbi Xəzrinin doğum günüdür...

        

Dəniz, göy, məhəbbət

 

- Dənizi hədiyyə verirəm sənə...

Mən dedim, sən baxdın, sən gülümsədin.

Göylərin şəfəqi düşdü üzünə.

- Mən isə... göyləri verirəm, - dedin...

 

Ayrıldıq qəribə hədiyyələrlə,

Göylər eşqim kimi mənə əzizdir.

Ayrıldıq dənizlə, ləpələrlə,

Necə aparasan? Dəniz dənizdir.

 

Dənizi verdim ki, sənə hədiyyə,

Gəldiyim sahilə gələsən bir də.

Məni görməyəndə o mənəm - deyə,

Mənimlə danışıb, güləsən bir də.

 

- Əgər görüşməsək, bizə dağ olar,

Dedim, neçə dəfə belə dedim mən.

Dəniz sahilinə qayıtmaq olar,

Göylərin sahili varmı, gedim mən?!

 

Düşündüm, ayrıldıq gələndən bəri,

Sən mənim eşqimə çıraq olasan.

Onunçün verdinmi mənə göyləri,

Məndən göylər qədər uzaq olasan?!

 

***

Mən bir dənizəm ki, eşqim səhərdir,

Səni düşünürəm, əzizim, yenə.

Mənim dalğalarım xatirələrdir,

Qoy çatsın qəlbinin

sahillərinə.

Əsl məhəbbət ki, böyük hünərdir,

Coşar ümman kimi təzə arzular.

Mənim dalğalarım

xatirələrdir,

Orda tufan da var, burulğan da var.

Dənizəm, eşqimdən qaçmaq hədərdir,

Mən ki, adlayıram çölü, çəməni.

Mənim dalğalarım,

xatirələrdir,

Gecə , gündüz tapacaq səni.

 

***

İstəsən yuxuna gələrəm sənin,

gələrəm dəniz kimi.

Üzünə incilər çilərəm sənin,

çilərəm dəniz kimi.

Yoluna şəfəqlər səpərəm hərdən

səpərəm dəniz kimi.

İstəsən üzündən öpərəm hərdən,

öpərəm dəniz kimi.

Adını qəlbinin sahillərinə

yazaram dəniz kimi,

"Sevirəm" söyləsən bir axşam mənə,

Susaram dəniz kimi,

Susaram dəniz kimi.

 

***

Dünyada sakitlik aramadım mən,

Günəş kimi parla,

səhər kimi gəl.

Göylərtək yuxuma gəlmək istəsən,

Sən aylı, ulduzlu göylər kimi gəl.

Adla qucağından gur tufanların,

Mən baxım axşamdan səhərə kimi.

Adla yoluyla kəhkaşanların,

Parlasın hər ulduz xatirə kimi.

 

Gəl, qış gecəsində,

yaz səhərində,

Dənizi göylərdən ayırmaq olmaz!

Sonsuz kainatın üfüqlərində,

Sən görüş vaxtını şimşəklərlə yaz!

Mən gərək nəğmətək səni dinləyəm,

Sən mənim eşqimlə, ürəyimləsən.

 

qədər göylər var, mən səninləyəm,

qədər dəniz var, sən mənimləsən.

 

İki səs

 

Sevirsən...

"Həyatım" deyə sevirsən.

Sevirsən... sevinir gözündə cahan.

- De görüm sən onu niyə sevirsən?

- Sev onu, o sənin, sən onunsan!

Sevmirsən...

Yuxun da çəkilir göyə,

Xəyala çevrilir o illər, o qız .

- De niyə sevmişdin, o qızı niyə?

- Yaxşı ki, o qızla siz ayrıldınız!

 

Yazırsan...

Alnında tər gilə-gilə...

Dost kimi əlindən yapışır ilham!

- Söylə, niyə yazdın, o şeri niyə?

- Yaxşı ki, o şeri yazdın bu axşam!

Yazmırsan...

Qəlbində qalır sözlərin,

Arzu dərin olur, misralar dayaz.

- De niyə axşamın boş keçir sənin?

- Gündə yazmaq olmaz... dincəl bir az.

 

İki səs...

Mənalı bir aləm kimi

Keçirsən beləcə dünya üzündən.

Bir səs ittihamçı,

Bir səs vəkilmi?

Arada əbədi müqəssir sən...

 

İkilikdə

 

Gəl bölək dünyanı ikilikdə biz,

Dərə mənə düşsün,

Dağı sən götür.

Qalsın yer üzündə qoşa izimiz,

Qara mənə düşsün,

Ağı sən götür.

 

İlin övladıyıq yayla qış kimi

Fəsillər yaşasın yanaşı məndə.

Birgə bir yerdəyik gözlə-qaş kimi

Gözlər səndə qalsın

Göz yaşı məndə.

 

Gündüzü, gecəni əziz saxlayaq,

Günəş sənə düşsün,

Ay mənə qalsın.

Coşğun sellər kimi birgə çağlayaq,

Dəniz sənin olsun çay mənə qalsın.

 

Bizik bu dünyadan sənilə şərik

Bizsiz qış gülər, nədəki bahar

Həyatda hər şeyi bölə bilərik

Amma bölünməyən:

Bir sevgimiz var...

 

Təkcə ümid qalsın

 

İstəsən sükuta bürünsün cahan,

Heç yox, al məndən gülüşlərini...

Al məndən ömrümlə əbədi qalan

O ani, o ani görüşlərini.

 

İstəsən, qoy olsun! danış, din!

Al indi o əziz günləri məndən.

İstəsən bir sabah mənə verdiyin

Sədaqət andını al geri məndən.

 

İstəsən, al məndən düşəndə kölgə

Yaşıl meşələrin pıçıltısını.

Bizimçün darıxan sahillə birgə,

Al məndən dənizin parıltısını.

 

Fəqət, soyuq baxma sən gendən, gözəl!

Sənsiz günəşsizdir bu göy, bu torpaq.

Hər şeyi, hər şeyi al məndən, gözəl,

Təkcə ümid qalsın qoy məndə ancaq.

 

Ümid - bir dünyalıq sükut içində,

Bir dünyaya dəyən gülüşlərindir.

Ümid - bir şimşəkdir bulud içində,

O ani, əbədi görüşlərindir...

 

Nəbi XƏZRİ

Ədəbiyyat qəzeti.- 2011.- 9 yanvar.-S.4.