Next - özgə
millət
Povestdən parça
Rəis yerindən oldu. Çeçenə
oxşatdığı bu ağbəniz oğlanın türk
dilində danışmağı onu hədəqədən
çıxartdı.
- Dayan
görək! Bu nədi, əşşi - deyə
başını buladı rəis. - Nədi? Bəlkə sən də o məscid
meydanındakı şeyxin adamlarındansan? Burda da
atışma başlasa...
- Bir
dakika aram olun, efendim. Böylə
şaşırmayın. Əvət, ben də
türkəm. faqat partizan yok! Restoranda, lokantada çalışıyorum. Gördünüz, oxudunuz da nışanımı?
Tamammı? Anlaşdıqmı, dedo? Dahi olanlar başqaları üçün
yaşayanlardır. Ölməz Qalileo Qaliley tonqala
atılacağını bilsə də, "Yer kürəsi
fırlanıyor" söyləmiş! Dini ehkamları
kıraraq da, elm dünyalarına "sim-sim" kapılar
açmış! Belə anladım ki, sizin şu anda
qatarımız nə zaman gedəcək deyə üzülməniz,
vaqondakı o berax xilara, - o boylu Xatuna görədir - deyərək
sol qolunu dirsəkdə büküb yuxarı qaldıraraq
başını da bu "bələyə" sarı əyib:
"Alilay, balilay yavrum " - deyə şirin bir layla
çaldı. - Bəy efendim, ben sizdə Qalileo Qaliley
nişanları görüyorum. Mərak etməniz
Mədinə ablanın həstanəyə tez
çatdırması üçünmüş. Əqidə, məslək cəngavəri sizə bir
heykəl yapılması lazım.
Rəis ağzını doldurmuşdu. "Heykəlimi
yapma. Mədinəyə görə narahat
deyiləm. Mən öz hayımdayam" -
demək istədi.
- Dedo, ben
sizi Asiya monqollarına, Afrika zəncilərinə yok, türkə
oxşadıyorum. Zira, bəs kimsiniz? Bir suyunuzdan bizlərə çəkiyorsunuz. Faqat balkanların həpsi, Avropanın doxsan dokuz
faizi elə bizlərə çəkiyorlar. Bu təbii. Ot kökü
üstə bitmiş. Bir zamanlar ulu babalarımız dünyaya
türk mədəniyyəti aparmış!
Yuqoslovların, ispanların, macarların çoxu,
bulqarların həpsi türkün burnundan
düşmüşlərdir.
- Xeyr! Onları bilmirəm. Amma mən azərbaycanlıyam,
- dedi rəis, - özü də Laçından!
- Baş əyiriz
hər döyüşçü qəhrəman önündə.
Faqat bilməyiniz çok vacib ki, dünyada
özbək, qırğız, qazax dilində konuşan
türklər var. Bəy əfəndim. Bəs
siz fərəh duymursunuz bir türk olaraq da?!
- Eh, fərəh
duymursan nə sözdü. Qanad-quyruq
bağlayıb uçmuram bəs? Güclüdü.
Hər yerdən görünəndi. Ancaq erməni bizim ətimizi didir, türk onun
dimdiyini niyə qırmır bəs? Qardaş
qardaşa dar ayaqda arxa durar. Eh... bir zamanlar o dədə
Vidadi də elə bu günlərçin deyibmiş:
"Yadlar gələr gendən baxar, ağlamaz! Ay Türkiyə,
səndən qeyri kimim var. Gəl üstümə aman
öldüm, dad oldum". Yox, türk əl yetirmir bizə!
Bufetçi
başını fırladıb sifətini örtmüş
qarğıdalı saçağı saçları yana ataraq:
- Bunca
böylə haqsız konuşmayın! Türkiyəyə
ermaloyların gəliş-gedişi yasaqdır artıq. Diplomatları ölkədən qovulmuş. Tamammı? Ben türkəm, bir
kimsə türkün türkə yad, yabancı olduğunu
söyləməz. Bir zamanlar Azərbaycanda
ermənilər kırqınlar yapdılar. Türkiyədən yardıma gəlmiş Ənvər,
Huru paşalarımız ulu torpaqları mikroblardan təmizlədilər.
Şimdi Karabağda yanğı var.
Çeçenistanda hava kaynar, zəhərli.
- Eh,
yanıram ey, qardaşoğlu - deyə, əlini dizinə
çırpdı rəis. Sonra da oddu-oddu: - O qartalqonmaz
Qarabağ müftə yerə çıxır əlimizdən.
Bunların arasında ayıq başnan
yaşamaq mümkün deyil.
- Bəlkə
arağın, konyakın ola? Bufetçi pəncələri
üstə qalxaraq rəisin qulağına əyildi: - Dedocan. Şu anda konyak, rakıya heç şərab da
içilmez buralarda. Böylə şeylər yasaq! Avropada "suxoy zakon" derlər buna. faqat sizdən para alırsaq, bir bardaq verəlim!
Özü də çok sərt! Barıt kibi, - deyərək,
hörmə-qamış səbətin içində eşələnə-eşələnə:
- Yok, yok, yuxu gətirəni verməm! Kəndiniz
üçün başqa bir şey var burda, - dedi.
- Hanı
bəs? Yaxşı, qurtar. Tez elə
baxım - deyə şüşənin ağzında quruyub
daşa dönmüş xəmiri ovub: - Hə. Get, sən gedən
yerə dərdi-bəla getməsin, - deyib butulkanı başına
çəkdi. Hulqumu elə bircə kərə
şaqqıldamışdı ki, - o... o...o. Öldüm,
yandım, anamcan! - bağıraraq əlləriylə
ağzını qapadı.
Sonra başını yavaş-yavaş qaldırdı. Ürəyi
genişləndirib, damarları açan araq, onun bət-bənizini
də ayazıtmışdı. Gözlərinin
altındakı qara soxulcan damarlar indi yaşıl yonca ilbizləri
kimi çırpınıb cabalayırdılar.
- Ə...
ə... Köpəy uşağı, ölmüşdüm
ki, - deyə dodaqlarını büzəndə
bığlarının sarı, cod tükləri burun pərlərinə
təpildi. - Oxxay, əla! Barıt nədi əşi, bu
bombadı!
"Bomba"
eşidən bufetçi yerindən dik atıldı:
- Nə? Nə dediniz?
- Bomba!
- Hanı
bomba? Nerede bomba? Hankı
bomba?
Bufetçi səbəti bərk-bərk qucaqladı. Doğmasına
qovuşdu sanki. Sonra əlini içəri
salıb nəsə axtardı. Yavaş-yavaş
rəngi özünə gəldi. Sinə dolusu bir nəfəs
alaraq:
- Ah, dedo,
anlamadım. Bomba nereden gəldi kafanıza?
-
Arağı deyirəm, dana. Bombadı.
- Eh, məni
çok üzdünüz, canım. Faqat
demirçi babam onu squşonnu moloko kibi içiyor.
- Bəs
babovu yandırmır?
- Yox,
dedo, asla! Fil dözümü var bizlerde! Fikir onu
sarsıdanda körükdə alovlanan nalı maşayla yok, əliylə
götürüyor.
- Pah
atonnan! Robotdu bəyəm babon?
- Yok,
dedo! Faqat sınırlarımız,
duyqularımız polad kibi möhkəm.
Odu, bir
bakın! - deyərək, əliylə
eşiyi göstərdi: - Dedo, bakın. O qatara neçə
ağır silahlar koyulur!
-
Görürəm, - dedi rəis. - O şir qəfəsinə
oxşayan qurğular "Smerç" reketlərinindi. Başlıqları 90 kilometri vurur. Kodu 58-dir. O toplar da "Zenitka 23"lərdi. İki kilometrden dağ yıxır.
- Böylə
silahlar kavqalarda yırdımçınız olmuş, öyləmi?
- Xeyr. O
silahların pulunu yeyib, qəbul sənədlərinə qol
çəkdiriblər mənə. "Pripiska"
bilirsən nədi?
Biliyorum - Sovet imperiyasını içəridən
partladan bomba.
Ancaq, dedo, merak etmeyin - dedi bufetçi. - Allah babanın izniylə
o arsenallar, elə yağıların özlərini yaxarlar,
inşallah. Yok, bizlere batmaq mümkünsüz, dedo! - qeyzli-qeyzli əlavə etdi bufetçi.
- Əşi, yox, canım, neyləsəniz də xeyri
yoxdu. Sirkə tünd olar, qabın çatdadar. Becə yerə öldürməyin
özünüzü. Yaman basıb-kəsən idi o
Şeyx Şamil də! Tərifi ala buluda
qalxmışdı. Guya ayağını
yerə vuranda yer yarılırmış. Otuz il sərasər vuruşdu Niqalaynan. Gücü çatmayan daşı qaldırmağa
girişdi. Toyuğun bir budu var deyib,
yetim-yesirin qanını axıtdı becə yerə. Amma noolsun, nə qazandı? Heç nə! Məğlub oldu.
- Hayr!
Dedocan! Yalan, iftira konuşmayın! Şeyx Şamil
basılmamış asla! Bu kavqalarda zəfər
çalanlar da həmən o Şamil silahdaşları. Polkovnik Şeyx Çapağan onun taktikalarıyla
çalışır da, zəfərlər kazanıyor.
O zamankı şamillər çarizmə karşı cihad
yapdılarsa, indikilər imperiya kandallarını
kırıyorlar. Məscid meydanındakı
türk şəhidləri də Şamil bayrağını
yüksəltmişlər. Kavqa bitməyəcək
heç zaman, Çeçenistan bağımsız
olmayınca, cihad davam edəcəkdir.
- Ay bala,
dağı yıxmağa gücənənlərə bilirsənmi
nə deyirlər bizlərdə? - deyə
qımışdı rəis.
- Əlbət,
biliyoruz, dedo. Türk dastanlarında böylələrinə
dağ çapan Fərhad derlər. Kılıc-kılıc
pərləriylə doğranmaqdan korkmayaraq dəyirmanlara
qılınc çəkənlərə Don-Kixot derlər.
Öz əqidəsini korumaq zorunda dərisi
soyula-soyula "Ənəl həqq! Allah mənim
içimdədir" bağıran Nəsimi derlər. Çeçenistanın azadlığı
uğrunda çarpışan hər kəsə silax-dokxa, məğlubedilməz
diyorlar.
Bufetçini
tərs-tərs süzüb qımışdı rəis:
- Yox. Belə
başıboşlara dana deyilməlidi.
- Siz
turun! Böylə konuşmayın. Fikrinizdə çaşqınlıq var.
Çeçenistana əks propaqanda yapmayın. Bizim bir taqımımız yabancıların bir
armiyasını yenir. Dini, yolu bir olan qardaşlarıq
sizlərlə! Dünya oğlu sizin o cənab Heydər
Əliyev bizləri daha qeyrətli görmək məramında
Azərbaycanla Türkiyəni bir millətin iki dövləti
adlandırmış, hər dövlətin ikiqat güclü
olmasını vurğulamış! İlk olaraq
Azərbaycanda səsləndi bu kəlam. Cəmi
dünya türklərinin inanc, inam yerlərindən biri oldu o
torpaqlar. Ulu Heydər Əliyev isə
Tanrı misallı millət atası. Karabaqda
sizin deliqanlılar qollarını, qıçlarını,
başlarını koyub da armeloyları məhv ediyorlar.
Gizlətməyin, siz də o qəhrəmanlardan birisiniz!
Turun
bunca, bey efendim! Sizin neden böylə
kanışirin olduğunuzu fikrimdə aradım. Nerede gördüyümü şimdi buldum. Birsinema bantında Karabaq kavqasını seyr etdik.
Bir ər oğlu yabancı düşman
blindajjına girib də səkkiz-doqquz armeloy gəbərtdi.
Sizə çok oxşuyor. Bığları
uşaq maçalkası kibi böyük, kürəklərinin
biri burda, biri orda - deyərək əllərini rəisin
çiynində gəzdirdi. - Yaxası, sinəsi
ap-açıq. Bax öylə sizinki kibi. Dedocan, gizlətməyin. Həmin sinemadakı cəsur
elə sizsiniz!
Rəisin qənarə qırına oxşayan hulqumlu bir
neçə dəfə şaqqıldadı. O, bufetçiyə tərs-tərs
baxdı. Qarşısındakının daşdan keçən
baxışları onu bir az da qəzəbləndirdi.
- Nə qır-saqqız olub yapışmısan yaxamnan! Əl
çəksənə! Olmayan şeyləri boynuma qoyma! Ağırdı. Dözə
bilmirəm. Qovaqam. Gövdəm,
əzəmətim var, amma içim boşdu. Lənət sənə belə tale, - deyərək
yumruğunu pəncərəyə çırpdı. Şüşə gumbuldadı, amma parçalanmadı.
Rəis qolunu bir də qaldıranda bufetçi atılıb
boynunu qucaqladı:
- Sizə
nooluyor, bey efendim. Bəkləyin. Bunca qəhr etməyin kəndi-kəndinizə.
Sən Allah, sağının! Havanız çatmıyor! Ben yardımcı olurum - deyərək, pəncərənin
şüşəsini aşağı saldı.
- Zəhmət
çəkməyin - deyib şirin-şirin süzdü
bufetçini rəis. - Bəli, sizi heyran edən o lentlər
kino deyil, canlı, döyüş səhnələridi. Sən orda məni yox, ya Mübariz İbrahimovla
Çingiz Mustafayevi görmüsən. Belələri
yüzlərlə yox, lap minlərlə olardı. Amma sapı özümüzdən olan baltalar ölkədə
hərcmərclik yaradıblar.
- Qəm
etməyin, bəy əfəndim. Döyüş
zəfərlə bitər. Hər kəs
öz qiymətini alar. Baku qatarları
çox sıx-sıx keçmiş bu yollardan. Şimdi tamam azalmış. Sərnişinlər
də yaşları ötmüş, qolları,
qıçları sınmışlardı. Heç sormadım, bəy əfəndim. Allah eləməsin, bəlkə kolunuz,
qıçınız kırılmış o kavqalarda?
Şimdi də müalicəyə gediyorsunuz!
- Yox,
Allah eləməsin! Lap top kimiyəm, - deyə rəis əllərini
sinəsində, kürəklərində
gəzdirdi. Sonra yenə qaşları
düyünləndi. - Hə, ordumuzda bir qayda-qanun
olsaydı, mən də o məscid meydanındakı Şeyx
kimi bir komandir olardım. Amma bizdə it yiyəsini
tanımır. Komandir əsgərlərlə
içki içir, qumar oynayır. Hazır
uşaqları - generallar döyüş xəritəsini oxuya
bilmirlər. Eh, hansını deyim?
- Ah, əzizim
dedo, - dedi bufetçi. - Bizim sıralar kırılmaz zəncirlərdir.
Bir səngərdə qolunu, o birində
ayağını itirən partizan düşmanının
boğazında dişini-dişinə keçirib
qanını sovurar ki, güclənib bir də
döyüşə qatılsın. Bizim
son ucumuza çıxmaq mümkünsüz. Ben uçitel-öyrətmənəm. Öyrəncilərimlə Karabağa
çok-çok ekskursiyalar yapdıq. Orada
üçqatlı evlər, böyük apartomanlar, villalar,
fazendalar gördük. Biri o birindən
çox uzaqda. Bir-birilərin tanımazlar! faqat bizim divarlarımız çiyin-çiyinə
söykənmiş olur. Birimizin həyəti o
birimizin damıdır. Düşmən
qabağından qaçmaz, əsir alınmazlar. Cənnətə kovuşarlar.
Gözləri
böyüdü, dodaqları büzüldü, təlaş
keçirtdi rəis:
- Necə,
cənnətə? Əcəbdi. Neçə
illərdi başına od töküllər
Əfqanıstanın. İraqda daş üstə
daş qoymayıb yadellilər. Qan su yerinə
axır. Bəs ordan qaçan o
yazıqların günahı nədi ki, cənnətə də
qovuşmazlar?
- Dedocan! Allah-taala sevməz kaçmışları.
Kuran kaçmağı, fərariliyi yasaq buyurmuş! Bir əfqan, bir İraq kaçkını görməzsiniz
heç bir yerdə. Gəbərtdikdən
sonra daha fazla olur qaçqınların işləri. İnkir-minkir hiç bir şey sormadan cəsədlərini
cəhənnəmə sürüyor.
Rəis
tapanca kimi açıldı:
- Bəlkə
sən mələklərin qanadında gedəcəksən cənnətə?
Boynuvun ardını görərsən! Soruşmaq
ayıb olmasın, boş-boşuna nə veyillənirsən
buralarda? Bəs sən də bu
torpağın oğlu deyilsən? Partizanlara
niyə qoşulmursan gedib?
Bufetçi
sifətinə dağılmış saçları
barmaqlarının darağıyla geri ataraq:
- Eh, mənimki
gətirmir, dedo. Nə yapsam yenə azdır.
İnşallah, bəlkə bir tank altında
bomba olalım. Mənim öyrəncim
Maxmud bir tankı yandırmış. O necə də bəxtiyardı
- dedi. Sonra da qıçını azacıq irəli verib bir an tərpənməz, səssiz qaldı. O, əlindəki
limonad butulkasını ayağının lüləsinə
iki dəfə çırpdı. "Tuq,
tuq". Yox, sümük səsi dolu, əzələ
səsi boğuq olar. Amma bu səs
boşluqdan gəlirdi. Bufetçi
balağını yuxarı çəkdi. Bişmiş yumurta sarısı rəngində
protez, topuqdakı kəmərə plastik sancaqlarla bərkidilmişdi.
Bufetçi protezini əlləri arasına
alıb var gücüylə sıxdı. Sanki
ayağını yok, əfi bir ilanın boynunu
sıxırdı. - Bir bakın bu protezə, dedo.
Çok intikamlardan köyüyor beni.
Faqat, cənub birləşmələri komandanı Batay
Basmanın mənə inamı çok-çok. Rəis
bufetçinin ayağına baxa-baxa qalmışdı. Birdən Məscid meydanında köynəyinin ətəyi
çəkmələrinin qunçunu sürtən Şeyxin
sanki pələng pəncəsiylə cırmaqlamış
zol-zol sifəti canlandı gözü önündə. "Ayağı protezli olsa da, uçitel-öyrətmən
Nurcan bir hospitalı mühasirədən
çıkartmış!" - nidaları
səsləndi qulağında.
-
Yaxşı, başa düşdüm, - deyə səbətə
boylandı rəis. - Başınız batsın, köpəy
uşağı, dilim ağzımda şişdi. Orda bişmiş qarğıdalı var deyəsən.
Tez birini duzla, ver mənə, - deyərək əlini içəri
salmaq istəyəndə bufetçi: - Olmaz, dedo! Yasaq! - deyərək səbəti qabağına
çəkdi. Sarı çilləri
qızarmışdı bufetçinin.
- Bunca
turun, efendim. Ben yardımcı olurum - desə də,
rəisin rəislik damarı tutdu. Səbətin
üstündəki dəsmalı kənara atıb
qarğıdalılardan birini dişinə çəkdi.
Sarı, cod bığları bir az da
qalınlaşdı elə bil. Bufetçi
qolundakı saata baxdı. Sonra da hərbi qatara
mançanarla qoyulan toplara barmaq silkələdi: - Koymam!
Burakmam!
- Eh, sən
hədələ bir! Xeyri nədir. Çax-çax baş ağrıdır, amma dəyirman
işini görür.
- Ay
oğlum - deyə ehtiyatla bufetçinin qolundan tutdu rəis, -
başıbəlalıdı poyuzumuz. Sən bilən
o voyenni sostav hara gedər burdan?
- Dedocan,
bunu ben daqiq bilməm. Amma dünya böyük.
Dəmir yollar çok! Afqanyundakı kavqalara
koşula bilir. Özbəkistanın
bağımsızlıq uğrunda silahlanmış
dehkanları pambıq tayalarını, bir çox
zavodları, toxuculuq kombinatlarını yandırmışlar.
Latışlar, estonyunlar, "Rot-front"
şüarlarıyla cihata kalkdılar. Qırğızıstanın
dövlət başçısı kaçmış,
üsyançılar dövlət məmurlarını
giriyorlar. Bu koşun Bakı Xəzərindən
bərələrə dolub da Türkmənbaşıya
keçə bilir. Aşqabad silahlı üsyana
kalkmış! Bu vəhşi koşunlar
azadlıqları yaxmaq istiyor hər yerdə.
- Necə
bilirsən? Bəlkə mən də elə o hərbi
qatarnan qayıdım geri. Elə oralardan bir təyyarəylə
uçum, mənzilimi başa vurum!
- Turun bir
kadar. Sizin yağışdan
çıxıb da, yağmura düşmənizi istəməm.
Rəisin əlləri yanlara düşdü. - Yağış-yağmur
nədi?
- Dedocan.
Bu hərbi qatar bir kadar karşıdan
Urus-Martan cəbhələrinə girə bilir. Amma heç yana getməməsi lazım. Bəlkə
elə burda məhv olması gərək o qatarın.
- Necə
məhv olması lazım? - ciddi soruşdu
rəis. - İstəyirsən ki, burda
dava-dalaş düşsün?
- Dedocan,
ben o başda bağımsızlıq uğrunda
vuruşanların məhv olmasını istəməm.
- Bura bax!
Elçün ağlayan gözdən olar! Tez
itilib getməliyik burdan.
- Axı,
dedocan, sizdə çox-çox Qalileo Qaliley əlamətləri
var. İnsan insana əl tutmalı.
- Necə
əl tutum? Bu vəhşi poyuzun amanını kəsməyə
neçə-neçə Şeyx komandir diviziyası
lazımdır. Sən də belə
güclü Qalileysən əgər, muğayat ol, o boylu
qadın tələf olmasın. Dedilər
ki, maşinis də Allah adamıdı. Bəs
buyursun tez sürsün xəstəni çatdırsın həkimlərə
də.
- Bunu
düşünmüşlər. Bir jenski
vraç - mamaça - lor Mədinənin qulluğunda durur.
- Lənətə
gəlsin o mamaça - lor da, o Musa dayı da. Qatarımızı
gətirib qoyub cəhənnəmin ağzında.
Bufetçi dedonun ruhi sarsıntılarına haqq
qazandırırdı. O, yaxşı bilirdi ki, burnuyla nohura
çökmüş piyadaların döyüş
maşınının, yağmalanmış aulun,
suvağı sıyrılmış, çılpaq sütunlarıyla
böyük Nizaminin "Bayquşların söhbəti" əsərini
yada salan o xarabalıqların ağrı-acılarıdı
dedonu belə baş-ayaq danışdıran.
Hərbi qatar uzun bir fit verib, dal-dalı vaqonlara tərəf
getməyə başladı. Pilləkəndəki
maşinist köməkçisi sarı bayrağını
tez-tez sağa-sola yelləyir, hərdən də şeypurunun
ağzını yuxarı tutub tükürpədici siqnallar
verirdi.
Teplovozun avtomat birləşdiricisi birinci vaqona
çırpıldı. Güclü şaqqıltı qopdu.
Tarak. Sonra bu şaqqıltılar qatar uzunu axıb getdi. Təpələr
arxasında çoxçaplı pulemyotlardan atəş
açırdılar sanki.
-
Gözünüz aydın, dedo. Az qalır
çıxışa! Rəis sualedici nəzərlərlə
bufetçiyə baxdı.
-
Çıxış nədi?
- Hərbi
qatarı çıxmağa düzləndiriyorlar!
- Ə... köpəy uşağı, ondan mənə nə?
- O...
o...o... Dedo, gözümüzün ağı-qarası o qatar. Allahıma kurban olum, şərəf,
şan kapıları açıyor üzümə. Qəhrəmanlıq
orda! Ad-san orda! Bir bakın, arxa çantalı
iki soldat həmən ambar-vaqonun tamburuna qalkdılar. Onlar bu vaqonun koruyucuları,
"çosavayları" demək. Oxrana
derlər bunlara.
- Hə,
nəyimə gərək kim hara minir? Arxa çantalarıyla nə işim?
- Dedo, səfərdə
olurkən soldatlara şəkər, suxarı, ət,
"squşonnu moloko" da verirlər. Ben
çalışıb, o bankalardan bir-ikisini alalım - deyərək,
səbətindən çıxardığı araq
butulkalarını ciblərinə dürtdü. - Ben bir
buçuq daqika ötüncə dönüyorum buraya - deyərək
kupedən çıxdı.
"Keçi can hayında, çoban piy axtarır"
- dodaqaltı mızıldandı rəis. Görəsən
bufetçinin içəriləri rentgendə necə
görünər? Al-qırmızı
damarları atılıb-düşür. Qanı fəvvarələrlə
vurur… Amma mənim ürəyim, yəqin ki,
qapqara, özü də daş kimi donuq. - Yox,
bağıraraq araq butulkasını silkələdi. Yüngül, qov kimiydi. Hörmə-qamış
səbətin üstündəki dəsmalı kənara
atıb, içində qurdalandı. Əli
soyuq şüşəyə toxunanda isti bir meh keçdi
ürəyinin başından. - Hə. Nə
yaxşı? Allahın gözündən
düşməmişəm deməli. Əşi, qoy
birini aşıraq dana! Buna nə
icazə? Keçəl halva yeyər, puluna minnət! Cəmi dərdlərin dərmanına can qurban, - deyərək
butulka ağzında daşa dönmüş xəmiri
ovmağa tələsdi. Amma lüləyin
başında nə probka, nə dəmir qapaq, nə daşa
dönmüş xəmir - heç nə yox idi. Gözlərini bərəldib bir də baxdı.
Və - Vay anamcan! - deyərək
butulkanı özündən uzaqlaşdırıb ehtimalca
masanın üstünə qoydu. Bəs tıxac
yerində çəhrayı rəngə çalan nədi
belə? Gecə qırığı,
şinel parçası? Yox,
hövüş, nəm pambıq yumrusu. Benzinin qoxusu
vurdu rəisi! Bəli, bu əldə düzəlmə
qumbaradı. Fitili yanmasa qorxusu yoxdu. "Əşi, mənim nəyimə gərək?
Qoy dursun orda." Rəis bu
dəfə əlini ehtiyatla saldı səbətə. "Dayan, deyəsən dəmirə toxundum. Bu
nə ola bilər? Hə,
konisterdi, içi də araq dolu. Bəs bu
niyə belə ağırdı? Həm də
çıxmaq bilmir!" Rəis ikiəlli
girişdi "konisterə". Laxlatdı,
çəkdi, dartdı. Çıxartdığını
görüncə nəsə demək istədi. Ağzını açıb-yumdu. Amma səsi çıxmadı. Bu,
saatlı, əqrəbli bomba idi. Partlasa razyezdin təmir
sexləri, su kaçalkaları, içi dolu sisternalar da od tutacaqdı. Bəs mən niyə
keyləşmişəm? O, başını pəncərədən
çıxarıb ehtiyat yoldakı hərbi qatara tərəf
boylandı. "Bu nədi? Allah evini
yıxmasın o bufetçinin! Bombaları mənə
qan ağladır. Amma gör necə sakit, kefi
kökdü! Odur, soldatlardan iki "squşonnu
moloko" aldı. Sonra da hər soldata bir butulka araq verdi. - Soldatlar "Ura, ura" - deyə
bir-birini qucaqlayıb, araqları başlarına çəkdilər.
"Oxxay, o gedən yerə dərd-bəla getməsin"
- deyə dodaqlarını yaladı rəis. Dimidrollu araq işini görmüşdü. Sarıbəniz, fındıqburun soldatın əyilmiş
başı uca qamətini də aşağı
dartırdı. Bufetçi onu
qucağına götürüb dəmir kresloda oturtdu. Bayaqdan ağzını əlləriylə
qapayıb, gülməyini saxlamağa çalışan o
biri soldat, elə gülə-gülə tamburun yerinə
uzandı.
- "Eh, nə oturmuşam?" - Ağarza, ay yoldaş provodnik -
bağıra-bağıra qapıya tərəf
yüyürdü rəis. Ağarzadan səs
çıxmadı. "Yəqin hansı
bir vaqonasa dilək dalınca gedib?" O, hövlnak yerə
düşdü.
Vaqona qayıdan bufetçinin bir gözü saatında,
bir gözü də hərbi qatardaydı. Avtobirləşdiricilər
vasitəsilə vaqonların tormoz şlanqları
bağlanmış, maşinist köməkçisi
"sehirli" çəkiciylə təkərlərdə
yağın normada olub-olmadığını yoxlayıb
başa çıxmışdı. Ən gözəli
də oydu ki, daha heç kim əyilib
vaqonun altına baxmayacaqdı. Tamburdakı
"çasovoy"larsa xorra çəkirdilər. İndi bircə anı itirməklə misilsiz bir qələbəni
itirmək olardı. Vəzifə maqnitli
bombanı ambar-vaqonun altına pərçimləməkdi.
Bufetçi "fuqası" qoltuğunun
altına oturdub, gödəkçəsinin düymələrini
bağladı. Əldədüzəltmə
qumbaranın ağzında kirəcə dönmüş
pambığı barmaqlarıyla yumşalda-yumşalda
saçaqladı. Fikrə getdi bir an. Gah
yüzlərlə insanı məhv edə biləcək
bombalara, gah da üfüqlər arxasındakı yaşıl
yulqun səhrasının fırtınadan sonrakı dəniz
kimi hamar-hamar yırğalanmasına baxdı. Yolətrafı cökə ağaclarının
ölü hərəkətsizliyi də məhzumluq
artırırdı. Ölüm
qaşla-göz arasındadır. Günbatar
gecəylə-gündüzün çarpışma
meydanıydı. Orda işıqla
qaranlığın ölüm-dirim savaşı gedirdi.
Birdən o, buludların arasından süzülən
şəfəqləri böyük bir yelpicə
oxşatdı.
Kaş tərpənib, küləkləyəydi! Bufetçi ciyərdolusu bumbuz hava udar, sərinləşərdi.
İşdi, əməliyyat vaxtı onu görən olsa,
Tanrıdan aman istəməyəcək! Butulkanın
pambığını yandırıb, ambar-vaqona
çırpacaq. Qoltuğundakı fuqas
gurultusu və işıqlarıyla onun qələbəsini ətraflara
yayacaq.
Başılovlu rəis Ağarzanı teplovozun yanında
yaxaladı. Qayışından ikiəlli yapışıb
ayaqlarını yerdən üzdü. Başından
çırpsa, Ağarzanın işi bitmiş olardı.
Amma yavaşca yerə qoyub yumruğunu çənəsinə
sıxdı.
- Ə... köpəy uşağı - boğum, mundar ələyim
səni?
- Ney-lə-mişəm?
Nə-yə görə - kəkələdi
Ağarza.
- Vaqonda
bomba var!
- Başa
düşmədim. Nə bomba?
- Fuqas!
Saatdı, əqrəbli! Zavodskoy!
Ağarzanın gözləri təpəsinə
çıxsa da, dinmədi. "Araq bu alkoqolikin
ağlını almayıb ki?"
-
Qaxılıb postunda oturmursan! Vaqonda Mədinəyə terror
hazırlanıb!
- İnanmıram. O, polkovnik Şeyx Capağan general Batayın
arvadını gözbəbəyi kimi qoruyar. Həkimlər
növbə çəkirlər Mədinənin yanında.
Elə o bufetçi də Mədinəyə
gözdü bir növ. Keçən
razyezddə vaqona qalxan kimi Mədinəgilin kupesinə girdi.
Nəynə arvad onu - Ay oğlum - deyə
qucaqlayıb bağrına basdı.
- Məni
yatırtma. Terrorist olmasa, o bombalar nəyinə
gərək?
- Ay rəis,
cəbhə zonasında limonad, kefir satan,
elə silah-sursat da sata bilər. O bombalar heç! Amma müsibətimiz başqadı.
- Nədi
ki?
- O
qatarın naznaçennisi Qarabağ cəbhəsinədi!
Rəis dondu bir an. Sonra da - Nə bilirsən? Fala
baxmısan?
- Yox! Musa
dayı dedi. Ona da ştabdan çatdırıblar.
- Belə
çıxır ki, gavurlar süngüyə keçirəcəklər
uşaqlarımızı. Şıxlar təpəsi,
Qırxqoçu meydanları məzarlığa çevriləcək.
Ölərəm, ancaq qoymaram o qatar yerindən
tərpənə! O ilanı öz yuvasında boğacam. Birdən ətini kəsdilər elə bil. -
A...a...a... Hanı o bombalar? - deyə havanı yumruqlaya-yumruqlaya vaqona tərəf
yüyürdü. Ondan geri qalmamağa
çalışan Ağarza rəisi haqladı.
- Sən
Allah, qurtarın bomba söhbətini. Sərnişinlər
panikaya düşüb, didəllər ikimizi də.
- Qorxmuram
heç kəsdən. Dilim uzun olacaq. Mən dağ boyda rəis bir qıçımdan gələn
o şairdən də acizəm? Tuanseyə
gedir ki, gəmimiz ermənilərin əlinə keçməsin.
Mədinə də nə əziyyətnən
meydana gəlib partizanları qələbəyə
ruhlandırır. O bufetçi də Qalileo Qalileyi
böyük əqidə, məslək sahibidi, insanlığa
ali xidmətlər göstərir - deyib,
gözümə soxdu. İndi mən sizə o
bombaların diliynən cavab verəcəm. O fuqasa, əl
bombasına da sən çatdır məni, yarəb! - deyə, vaqona tərəf cumdu rəis!
Rəisin bağırtıları ambar-vaqonun
altındakı bufetçini hədəqədən
çıxarsa da hövsələsini basır,
"başına yığışallar, fit anlayallar, mən
də ilişərəm" - deyə işini tez başa
çatdırmağa çalışırdı. Nəhayət,
bombanı oturdub general Batay Basmanın xüsusi
tapşırığını yerinə yetirdi. Bufetçinin aynası açılmışdı.
Üzünü qibləyə tutub salavat çevirdi: "Ey
Tanrım, azımı çoxa,
yarımçığımı bütövə say! Bir türkün sinəsində bütün türklərin
ürəyi döyünüyor. Atatürkümüz
də azad, bağımsız görmək istəmiş
türk dünyalarını. Partdayar, dağılar bu hərbi
qatar burada. faqat, bu gavur
cəhənnəmini Karabaqda alışmağa koymam." Bufetçi qollarını yanlara açıb qaranəfəs
gələn rəisin qabağını kəsdi.
- Dedo, nədən
böylə üzüldünüz? Aram olun,
dedocan. Gəlin kalkalım vaqona? O,
qolundakı saata baxdı: - Bir daqika ötüncə Musa
dayı qatarı sürər, biz gedəriz!
Qatarımız zağ-zağ titrədi birdən. Vaqonlar
bir-birinə çırpıldı. Şaraq-şaq-şak.
Çoxçaplı pulemyot ardıcıl atəş
açdı sanki. Rəis yerdə qala bilərdi.
Bufetçi rəisi yüngülcə
çiyinləyərək vaqon qapısına tərəf
yönəltdi. Gözümlə görməsəydim,
inanmazdım. Rəis pilləkən
qollarından ikiəlli yapışıb, pişik cəldliyiylə
vaqona sıçradı. Teplovoz heç
özündə deyildi. fışıltıyla
yana vuran buxarı yulqun kollarını kökündən
qoparır, təkərləri relsləri cırmaqladıqca, ətrafı
yanmış dəmir qoxusu bürüyürdü. Musa dayı tələsirdi. Bir dəqiqə
yox, bircə saniyə yubansa, hərbi qatardakı
partlayışlar onun vaqonlarını da yandıra bilərdi.
Biz məntəqədən
çıxa-çıxdaydıq. Vaqonlar
atılıb-çalxalanır, qatar
dartınır, sürət götürürdü.
Bufetçi saatına baxdı və sevincək:
-Bartol! Musa dayı. Bunca sən təkcə maşinist
yok, aynı zamanda dəqiq bir kompyutersin! Bir kadar
çabuq ol, tez çıkalım buradan!
- Yox, -
bağırdı rəis. - Qatar heç yana
getməyəcək! Amma necə saxlayım?
Arabadımı, düşüm çevirim
böyrü üstə? Bəs bunun əl
tormozu hanı? - Aha, odu - deyərək qapının
böyründə iri qoz sındıran kəlbətinə
oxşar əyləcə əl atdı. Bunu görən
bufetçi dedonun biləyindən yapışdı:
- Dedo! Sən
Allah, yatmayın! Burada turarsaq, məhv olarıq.
- Yox, qatarı saxla!
- Lütfən
açıqlayın, məramınız nə?
-
Qarabağa gedir o voyenni poyuz. Bəs onu
buraxım Laçınımın altını üstünə
çevirsin? Sənin səbətində
bombalar var. Çək tormozu. Düşüm
aşağı, o voyenni poyezin anasını ağladım.
Hanı o? - Rəis səbəti
qapının ağzında tapdı. Əllərinin
ikisini də birdən saldı içəri.
- Hanı
burdakı o fuqas bombası? Əqrəblərini
gözümlə görmüşəm. Ağzı
pambıqlı butılka hanı bəs? Dözmədi.
Səbətin astarını üzə
çıxardı. Yumru,
ala-qırmızı bir dəri düşdü yerə.
Gözü bərabərinə qaldırdı.
"Harda görüb bu dərini?" Gözlərini ovuşdurub bir də baxdı.
"Aha... Quyruğu başına tikilmiş
ala-qırmızı çölpişiyi dərisi."
Heyrətdən donmuş rəis dili dolaşa-dolaşa:
- C..anım-gö..züm, bu
ki çölpişiyi dərisindən olan papaqdı. Şeyx komandir Məscid meydanında onu Nurça
adlı bir partizana ünvanladı.
Bufetçi papağı başına qoydu.
Rəis:
- Sən Nurçasan! O, qəhrəman Nurça - deyərək
əllərini sevincək bir-birinə çırpdı. -
Maskirovkandan da heç olmaz! Vaqonlarda kefir, limonad
bağırıb altdan-altdan işlər görürsən?
Hə, elə ayağında protezi görəndə
şübhələndim sənnən. Yaxşı,
bəs bombalar hanı?
- Onlar da
harada olması lazımsa orada - dedi bufetçi.
Qatar sürət götürmüşdü. Musa dayı
siqnal vintilini tez-tez irəli geri sürüşdürür,
teplovoz "qooq", "qi-qi-qi" fitləriylə sanki
şaqqanaq çəkir, irəliləyirdi.
Bufetçi ehtiyat yoldakı hərbi qatara tərəf
boylandı. Sonra da - hımm - deyə dodaqların büzdü.
"Bəs nooluyor? Bombaya
çər dəymiş ya. Bəlkə
maqnitində bir əngəl varmış". Narahat bufetçi saatı qulağına tutdu. Çıqqıltısını eşidə bilmədi.
Kiçik əqrəbinin tullana-tullana getdiyini
görüncə "Bana noolmuş böylə? Çok səbrsizim. Faqat hər
şey qaydasında. Bir Allah Məhəmməd
Əliyulul deyəlim, yer göyə katılsın".
Ancaq partlamadı bomba. Qatılmadı yer
göyə!
- Nooldu bəs?
Niyə partdamadı bəs? Qoymadın
işimi görüm. Voyenni poyuzu niyə əldən
buraxdın?! - deyib bufetçinin
yaxasına yapışdı rəis.
- Dedo!
Benim bir suçum yok! İşimi çox dəqiq
yapdım. Faqat, nə güzəl,
kayışınızdan bir silah asılmış. Çabuq olun. Bir kurşun
buraxın o qatarın ambar-vaqonuna. Alışsın, məhv
olsun qatar! Tamammı? Çabuq olun, dedocan. Rəis
tapançasına əl atdı. Lakin əli
cərəyan vurmuş kimi geri sıçradı.
- Yox! Kara gəlməz - deyib başını buladı rəis.
Dözmədim. - Kara gəlməz nədi?
Ay yoldaş mayor. Tez olun, qatar
uzaqlaşmamış tapançanızla bir atəş
açın. Güllələyin o ambar-vaqonu.
Qarabağa gedib çatmasın o silah-sursat!
- Eh,
alınmaz! Bitməz söhbətdi, - deyib
üzünü turşutdu. Alınmaz nədi,
qorxmayın, bizə bir xətər yetirməz. Yoxsa o qatar Qarabağın altını üstünə
çevirəcək. Bölgənin taleyi sənin
əlindədi. Bütün Azərbaycanın
gözü səndədi.
Rəis kömür kimi qaralmışdı. İynə
batırsan, qanı sellərlə axardı. Gözləri dolmuşdu. O kinli-kinli hərbi
qatara tərəf baxdı. Ancaq yenə atəş
açmadı. Dağlar əriyərdi ona
zillənən baxışlarımız altında. Ancaq rəis susurdu.
Amma elə o andaca hardasa, lap əl çatarda Pamirlə
Tyanşan baş-başa gəldi sanki. Göy yerə
çökdü. Yer göyə
qalxdı. Məntəqədəki
ambar-vaqon top kimi atılıb-düşürdü. Zəlzələ
qopmuşdu meydanda sanki! Təmir sexləri, xidməti
binalar yerin altına sovrulurdu. Ətraf təpələr
də hündürləşdilər birdən. Sonra bu hündürləşən təpələrin
ortasında alov püskürən bir oyuq yarandı. Bu əsl vulkan krateriydi. Bu kraterdən göyə
sıçrayan top lülələri havada nərdivan kimi
asılmış tank tırtıllarına pərçimlənərək
mazut sisternasının üstünə düşdü. Sonra bir raket başlığı içi soldat dolu
vaqon platformanın tən ortasında buruldu, eşildi,
qıvrıldı. İgidin adını eşit,
üzünü görmə! Alovlar vaqonların altını
yalaya-yalaya irəlilədikcə Qarabağda topları
dağlara dırmaşdıracaq ayqırları, səngərlərimizə,
komandir postlarımıza soxulacaq komikadza itləri gəbərdir,
viski, rom butulkalarını başlarına çəkə-çəkə
Əfqanıstda göstərdikləri “rəşadətlərdən”
ağzı köpüklənə-köpüklənə
danışan gavur zabitlərin cızdağını
çıxardırdı. Biz sürətlə
uzaqlaşır, ehtiyat dəmir yolundakı o hərbi
qatarın alovları arxamızca yellənən
yaylığı xatırladırdı.
Yusif Həsənbəy
Ədəbiyyat qəzeti.- 2011.- 9 dekabr.- S.4-5.