"Sevgi xiyabanı"

  

  Ədəbi yaradıcılığa şeirlə başlayan Nüşabə Məmmədli nasir kimi "Zəngulə" romanı ilə tanınmışdır. Bundan sonra onun "Göylərdə keçən ömür", "Bu bir oyundur", "Vicdan dustağı" və s. nəsr kitabları işıq üzü görmüşdür. Yazıçının bu əsərlərində toplanan roman, povest və hekayələrində Qarabağ mövzusu əsas aparıcı xətlərdən birini tutur. N.Məmmədlinin yeni kitabı isə "Sevgi xiyabanı" adlanır.

"Sevgi xiyabanı"nda xaricdə kəşfiyyatçı işləyən Süsənin Dünya Azərbaycanlılarının qurultayında tanış olduğu Dəniz adlı gənclə sevgisindən söhbət açılır. Bu sevginin fonunda yazıçı xalqımızın genetik fondunu sikəst etmək üçün düşmənlərimizin apardığı gizli əməliyyatların üstünü açır.

Atası 20 Yanvar hadisələrində şəhid olan Dəniz uşaq evində tərbiyə almışdır. Nikah günü öz gələcək həyat yoldaşı Dənizlə birgə Şəhidlər xiyabanına gedən Süsənə məlum olur ki, sevgilisinin atası onun dayısıdır. Beləliklə, onların qohumluq əlaqələri də üzə çıxır.

"İdeal-Print" mətbəəsində nəşr olunan kitabın redaktoru Fəridə Ələsgərlidir.

Bu günlər isə Firidun Köçərli adına Mərkəzi Uşaq Kitabxanasında "Sevgi xiyabanı" romanının təqdimat mərasimi keçirilmişdir. Yığıncaqda kitabxananın direktoru Fizurə Quliyeva, yazıçı və şairlərdən Firuzə Məmmədli, Şəmistan Nəzirli, Məlahət Yusifqızı, Telli Pənahqızı, Atababa İsmayıloğlu, Esmira Fuad, Xuraman İsmayılova, Xuraman Vəfa, "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili və başqaları çıxış edərək Nüşabə Məmmədlinin yaradıcılığından, romanın bədii məziyyətlərindən və əhəmiyyətindən söhbət açmışlar.

Tədbirdə Nüşabə Məmmədliyə Rusiya Yazıçılar İttifaqının və ittifaqın Moskva şəhər Təşkilatının nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının "Derjavin" ordeni təqdim edilmişdir.

 

A.Hacıbabayev

Ədəbiyyat qəzeti.- 2011.- 9 dekabr.- S.6.