"Ortaq türk
keçmişindən
ortaq türk gələcəyinə"
AMEA Folklor İnstitutunun ənənəvi "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" simpoziumu bu il dekabrın 1-3-də Bakıdan üç min km. uzaqda - Quzey Kıbrıs Türk Cumhuriyyətinin Qazımağusa şəhərindəki Doğu Akdeniz Universitetinin Mavi salonunda keçirildi. Folklorşünaslığımızın müxtəlif problemlərinə həsr edilmiş altı beynəlxalq simpozium bu vaxta kimi Bakı şəhərində keçirilmişdi. "Türk nağılları: dil, mədəniyyət və dəyərlər" mövzusuna həsr olunmuş yeddinci toplantının QKTC-də keçirilməsi heç də təsadüfi deyildi. Xarici ölkələrin elmi müəssisələri ilə əməkdaşlıq təcrübəsi olan Folklor İnstitutu 2009-cu ildə Türkiyənin Bolu şəhərindəki A.Baysal Universiteti və Özbəkistan Elmlər Akademiyasının Nəvai adına Ədəbiyyat İnstitutu ilə birlikdə keçirilən simpoziumun da təşəbbüsçüsü olmuşdur. Bu dəfə isə ilk təcrübə olaraq AMEA Folklor İnstitutunun ənənəvi "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" simpoziumu xarici ölkədə keçirildi.
AMEA Folklor İnstitutu ilə Doğu Akdeniz Universitetinin birgə keçirdiyi simpoziuma elm adamları ilə yanaşı ictimai-siyasi xadimlər də qatılmışdı.
Simpozium
sayğı duruşu və milli marşlarla
açıldı. Plenar iclasda
AMEA Folklor İnstitutunun
direktoru, filologiya elmləri doktoru Muxtar Kazımoğlu
(İmanov) çıxış edərək folklorun türk
xalqlarının mədəniyyətindəki rolundan, eyni
kökə, adət-ənənəyə, dilə və inanca
malik bu xalqların bir-birinə daha da
yaxınlaşmasındakı önəmindən
danışdı. Doğu Akdeniz Universiteti ədəbiyyat
fakültəsinin dekanı prof.dr. Necdet Osam da türk kökənli
xalqların bir-birinə yaxınlaşmasında folklorun
böyük əhəmiyyətini vurğuladı və belə
simpoziumların ardıcıl keçirilməsini ürəkdən
arzuladı.
Doğu
Akdeniz Universitetinin müəllimi - soydaşımız və
həmvətənimiz, eyni zamanda, bu tədbirin düzənlənməsində
xüsusi əməyi keçən dr. Vüqar Sultanzadə
"Ortaq türk keçmişindən ortaq türk gələcəyinə"
devizi altında keçirilən bu simpoziuma qatılan elm
adamlarını, eyni kökə mənsub, lakin fərqli
coğrafiyalarda yaşayan türk
araşdırmaçılarını səmimiyyətlə
salamlayaraq hər kəsə uğurlar arzuladı. Azərbaycandan bu tədbirə AMEA Folklor
İnstitutunun, AMEA Dilçilik İnstitutunun, Bakı Dövlət
Universitetinin və b. təşkilatların əməkdaşları
qatılmışdı. Folklor İnstitutunu təmsil edən
alimlərdən f.e.d. Muxtar Kazımoğlunun
"Nağıllarda yalançı qəhrəman",
f.ü.f.d. Adil Cəmilin "Türk mədəniyyəti və
dəyərlərini yaşadan nağıllar", f.ü.f.d.
Ləman Süleymanovanın "Azərbaycan
nağıllarında naxış", həmçinin
türk xalqlarının folkloru şöbəsinin əməkdaşları
- Vəfa İsgəndərovanın "Azərbaycan
Türkiyə nağıllarının gələnəksəl
formulları", Nailə Əbilovanın
"Bahadırlıq nağıllarında qəhrəman və
sehrli güclər", folklor laboratoriyasının elmi
işçisi Nizami Muradoğlunun "Xalq şairi Məmməd
Arazın əsərlərində nağıl motivləri"
mövzusunda məruzələri simpozium
iştirakçılarının böyük marağına
səbəb oldu. Azərbaycandan dəvətli olan, digər
elmi müəssisə və təşkilatları təmsil edən
alimlərdən dr.Roza Eyvazovanın, dr.Sənubər
Abdullayevanın, dr.Baba Məhərrəmlinin, dr.İslam
Sadığın da ümumtürk nağıl mədəniyyətinə
fərqli yanaşma prinsipləri auditoriyanın diqqətini
çəkdi. Ənənəyə uyğun olaraq hər məruzənin
tamamında sual-cavab dəqiqələri olmaqla mövzunun dəyərləndirilməsinə
rəvac verildi.
Simpoziumun məqsədi türk xalqları arasındakı
tarixi əlaqələri
bir daha nümayiş etdirmək, Avrasiyada baş verən hadisələrin mədəniyyətimizdəki və
folklorumuzdakı təsirini
elmi baxımdan araşdırmaq, bu araşdırmaların nəticəsində
əldə edilən yeni bilgi, yozum
və nəticələri
türk və dünya alimlərinin nəzərinə çatdırmaq
idi. Dinlənilən məruzələr,
polemik söhbətlər,
fərqli dünyagörüş
və yanaşmalar bu yöndə uğurlu bir addımın atıldığından
xəbər verdi.
Türkiyəli alim
dr. prof. Nurəddin Dəmirin dediyi kimi: "Xəyalların gerçəkləşməyinə doğru bir addım da atıldı".
A.Cəmil
Ədəbiyyat qəzeti.- 2011.- 9
dekabr.- S.6.