Yolun çətin,
lakin şərəflidir
Açıq qoy yuxunun qapılarını,
Alın yazım kimi cizgilənim mən.
Əksim qaçırmasın yuxularını,
Mürgülü gözündə güzgülənim mən.
Açıq qoy yuxunun qapılarını...
Gülayə xanım, adınız kimi zərif, çox zərif hisslər, duyğular sahibisiniz. Ən əsası da odur ki, siz bu hissləri, duyğuları şeir dili ilə deyə bilirsiniz. Misralarınız büdrəmir, bulaq suyunun axışı kimi sakit, ürəklidir. Ürəkdən ürəklərə kimi axıb gəlir. Bu yazılar elə bil ki, yüzillərin mahir aşıqlarının yolgöstərənliyi, ifası fonunda yazılıb. Başqa bir şeirdən:
Danışma, danışma yuxunu mənə,
Ağzından yel alsın… yellər aparsın.
Danışma, danışma yuxunu yenə,
Alsın bəd yuxunu sellər aparsın,
Yuxunu sulara söylə, sevdiyim.
Bu yazılar qoşma deyil. Qoşmadan bəri elə usta addımdır ki, həm qoşmadasan, həm də qoşmadan bəridəsən. Şeirlərinin havası, havacatı qoşmadandır, quruluşu, fikirlərin tutumu, hərdən ifadə tərzi lap yanımızdadı, bugünkü gəncliklə yanaşıdı. Bu kitabın hər bir oxucusu səni öz doğması kimi qəbul edəcək. Çünki gəldiyiniz ünvan birdi, getdiyiniz cığırlar bir olmasa da, bir səmtədir, doğmadır. Görünən şəhərə nə bələdçi deyiblər. Kitab qarşımızdadır. Kitabı oxuduqca danışmaq, yazmaq həvəsim artır, şeirlərdən həzz alıram. Bu həzzi özümə qısqanıram, oxucunu ləngitmək, bu ləzzətdən məhrum etmək istəmirəm. Oxuyun. Bu beton, şüşə, daş, dəmir, çalğı içindən keçən dövrün, dünyanın qoynunda hələ də kövrək, bənövşə kimi boynubükük, saf bir məhəbbətin yaşadığını, bulaq kimi daşı dəlib, ordan dünyaya aydınlıq, zəriflik apardığını görəcəksiniz. Oxuyun…
İşin avand
olsun, Gülayə xanım! Yolun çətindir, lakin
şərəflidir, hələ yıxılmamışdan ayağa qalxacağını düşün.
Uğurlar olsun!
Oxucun –
Fikrət Qoca
Ədəbiyyat qəzeti.- 2011.- 9
dekabr.- S.5.