“Mən həmişə
minnətdaram Sizə...”
Vaxtilə
ulu öndərə müraciətlə deyilmiş bu səmimi
ürək sözləri dahi sənətkarımız
Hüseyn Cavidin
qızı Turan Cavidə məxsusdur. Böyük şairin ev muzeyinin 30 illiyini qeyd etdiyimiz bu günlərdə ədəbiyyatımızın
müqəddəs bir ocağının ümummilli liderimiz Heydər
Əliyevin böyük qayğısı
sayəsində necə məhəbbətlə
yaradıldığını təsdiqləyən sətirləri
oxumaq hər birimiz üçün olduqca
xoşdur.
“Turana qılıncdan daha kəskin ulu qüvvət, -
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!”
- deyən
ölməz sənətkarın
30 yaşlı ev muzeyi mənzili əbədiyyət olan bir şəxsiyyətin xatirəsinə yaradılmış
ən qiymətli hədiyyədir.
Turan Cavid: Xatırlayıram,
rəhmətlik Mirvarid
Dilbazinin şeirini. "Sağ olsun
Cavidi vətənə
gətirən oğul"
- deyir. Görünür ki, Allah insanları
yer üzünə göndərəndə hər
kəsi öz missiyasına görə göndərir. Kimsə nə
isə eləməlidir.
Bu adam bu
işi görməlidir.
Məndə həqiqətən
bir inam var ki, bir
işi başlayan adam mütləq
sona çatdırmalıdır.
Məsələn, bəziləri deyirdi
ki, buranın alınması mümkün
deyil. Deyirəm mümkün olmayan
şey həyatda yoxdur. O bir ölümdür ki, insanlar acizdir. Qalan hər bir şey
insan iradəsindən,
insan qeyrətindən
asılıdır.
Heydər Əliyev: 20 il
bundan öncə bir sərəncam imzalamışdım. Cavidin 100 illik
yubileyi ilə əlaqədar.
Turan Cavid: O, çox qeyri-adi bir hadisə idi.
Heydər Əliyev: Sonra fikirləşdim ki,
dünya qəribə bir dünyadır. 20 il
bundan öncə (1981-ci il - red.) başladığım bu
işi elə davam edəcəm. Cavidin həbs
olunması, sürgün olunması, vəfat etməsi - bu bir
dövrdür. Vəfat etdi, getdi
torpağa. Amma bundan sonra loru dildə desək,
yenidən dirilmə məsələsi - mənəvi cəhətdən
onun reabilitasiyası var idi. Tam reabilitasiya
olunmalı idi.
Turan Cavid: Mən həmişə deyirəm,
1956-cı ildə onlar cismani bəraət aldılar. Amma yenə də onlar haqqında yazmırdılar.
Əsl bəraət 1982-ci ildə oldu.
Heydər Əliyev: 1982-ci ildə bu adamın
Sibirdən cənazəsinin gətirilməsi ilə nəticələndi.
O dövr mənim yadımdadır, nə qədər çətinliklər
var idi. Onun gedib gətirilməsi məsələsi
nə qədər çətinliklər törədirdi.
Bunu etdik. Artıq mənə
xəbər verdilər ki, gətirirlər, indi mən
müşavirə çağırıb qərar qəbul etməliydim
ki, nə etməli. Düzdür,
qohumların çoxusu, sənin özün də deyirdin ki,
Bakıda dəfn olunsun. Yeganə bir
adamıydım ki, mən onun Naxçıvanda dəfn
olunmasını təklif etmişdim. Hətta
yazıçılar belə onun Bakıda dəfn
olunmasının tərəfdarıydılar. Mən
dedim ki, Naxçıvanda dəfn olunması lazımdır. Amma nə üçün Naxçıvanda? Mən Naxçıvandakı qəbiristanlığı
da tanıyıram. Naxçıvanda bir fəxri
xiyaban da yoxdur. Amma Naxçıvan deyəndə
mən nə deyirdim, şəhərin mərkəzində bir
yerdə dəfn olunsun və məqbərə tikilsin. Və bunu mən başa salandan sonra bir
çoxları razı oldu. Bəziləri
yenə də deyirdilər, Bakı paytaxtdır,
Naxçıvan da onun doğulduğu yerdir. Bir də ki, burada, fəxri xiyabanda Azərbaycanın
böyük insanalrı çoxu yan-yanadır. Amma orada,
təəssüflər olsun ki, xırda insanlar da var. Layiq
olmayanlar da var. Amma mən o vaxtlar dedim ki, mənim fikrim mənim
düşüncələrim tamam başqa şeyləri nəzərdə
tutur. Naxçıvanda yer də seçildi, yaşadığı
evin yanında və böyük bir məqbərə də ucaldı. Mən belə bir tapşırığı
vermişdim ki, bunu edin. Mən gedib qayıdana qədər bunu etməmişdilər. Mən Moskvada
qalanda ağır vəziyyətdə bir çox şeylər düşünürdüm, onlardan
biri də Cavid məqbərəsi idi. Qayıdıb gələndə ilk maraqlandığım bu oldu. Amma bu ərəfədə
də mənim elə bir səlahiyyətim
yox idi. Naxçıvana adi vətəndaş
kimi gəlmişdim.
Sonra mən deputat seçildikdən sonra yenə də gəldim Naxçıvan rəhbərliyinə
ki, bəs belə bir iş
görmüşük, gəlin,
bunu axıra çatdıraq. Amma o dövrdəki vəziyyətdə
bunu etmək çətin idi. Mən özüm 1991-ci ildə Naxçıvana rəhbər
seçildim. Bir-iki proyekt
verildi və proyektlərin seçilməsi
ilə məşğul
olduq. Bu işlərin başa çatdırılması da
asan olmadı. Taleyində demək bu olmalıymış.
Turan Cavid: Çox ağır taleyi var idi. Amma son nəticə
yaxşıdır.
Heydər Əliyev: Həqiqətən
ağır taleyi var. Amma gör necə sonu oldu. Azərbaycanda elə ikinci bir şəxs yoxdur, onun
sevimli həyat yoldaşı və oğlu bir məqbərədə
dəfn olunsun.
Turan Cavid: Bir şeyə həmişə
inanıram ki, nə isə gecikəndə çox uğurlu səbəbə
görə gecikir. Vaxtilə olsaydı, yəqin
ki, belə olmayacaqdı. Demək ki, bu
mütləq gecikməliydi. Azərbaycanda Sizdən
başqa heç kim bunların
üçünün bir yerdə dəfn olunmağına icazə
verməyəcəkdi. Bu mənim
üçün çox böyük bir ağrı idi.
İstədiyim o idi ki, misal üçün, gətirilmə
ərəfəsində elə fikrim var idi ki,
qardaşımı da bura gətirəm, amma burdadır. Elə ki, gətirildi, mən dayandım, fikirləşdim
ki, hara gətirmək olar. Elə də
oldu ki, bunlar doğrudan da, birləşdilər yenidən.
Artıq mən sentyabrda anamın cənazəsini
Naxçıvana aparıb atamın yanında dəfn etdim.
O dəqiqə çox rahatlandım, onlar üçü də
birlikdədilər. Birləşdirə bildim.
Siz olmasaydınız bu iş baş tutmazdı. Mən həmişə
minnətdaram Sizə...
Ədəbiyyat qəzeti.- 2011.- 9
dekabr.- S.1.