Məsuliyyətin bəhrəsi

         

Müasir Azərbaycan ədəbiyyatşünaslığında Azərbaycan mühacirət ədəbiyyatı ayrı-ayrı tədqiqatçılar tərəfindən müəyyən qədər araşdırılıbdır və tədqiqatlar indidavam etdirilir. Mövcud elmi-nəzəri əsərləri nəzərdən keçirəndə aydın şəkildə görünür ki, mühacirət ədəbiyyatı üzrə araşdırmalar aparan əksər tədqiqatçılar müxtəlif ədəbi-mədəni problemlərin öyrənilməsindən mühacirət ədəbiyyatının tədqiqinə keçiblər. Başqa sözlə desək, onların bir çoxu yaradıcılıq axtarışlarının konkret bir mərhələsindən sonra mühacirət ədəbiyyatını və onun aparıcı nümayəndələrinin bədii-publisistik və elmi-nəzəri mülahizələrini tədqiq ediblər. Bu baxımdan, filologiya üzrə fəlsəfə doktoru, dosent Nikpur Cabbarlı alim həmkarlarının əksəriyyətindən məhz birbu aktual və əhəmiyyətli problemə ardıcıl, məqsədyönlü marağı və sistematik araşdırmaları ilə fərqlənir. Əslində monoqrafiyaya səmimi elmi ön söz yazmış akademik Bəkir Nəbiyevin dəqiq mülahizəsi də təsdiqləyir ki, Nikpur Cabbarlı bu sahəyə ömrünün iyirmi ilini həsr etmiş azsaylı alimlərdən biridir.

"Azərbaycan mühacirət nəsri" monoqrafiyasının ilk səhifəsindən tutmuş sonuncu səhifəsinə kimi araşdırmanın gedişində mövzuya və problemə dərindən və hərtərəfli bələdlilik özünü qabarıq şəkildə göstərir. Nikpur Cabbarlı müxtəlif mənbələri, xüsusən kitabxanalara, arxivlərə səpələnmiş dövri mətbuat orqanlarından, məcmuələrdən bədii nümunələri toplamaqla kifayətlənməmiş, eyni zamanda əldə etdiyi materialları filoloji fikrin müasir elmi uğurları işığında və tələbləri səviyyəsində mənalandırmağa üstünlük vermişdir.

Müəllif monoqrafiyasında mühacirət ədəbiyyatının yalnız bir sahəsini-epik növü araşdırmaya cəlb etmişdir. Amma alim problemin milli filoloji fikirdə uzun illər boyu formalaşmış elmi ənənəsinin olmadığını nəzərə alaraq, tədqiqatını terminologiya, mühacirət ədəbiyyatının statusuxronoloji sərhədləri ilə bağlı dəqiqləşdirmə aparmaqla başlamışdır.

Bu məsələdə alim həmkarları ilə elmi polemikaya girən N. Cabbarlının mülahizələrindən bir daha aydın görünür ki, mühacirət ədəbiyyatının öyrənilməsinə marağın artması nə qədər təqdirəlayiq haldırsa, problemin elmdə qəbul olunmuş konkret nəzəri təsnifata istinad etmədən öyrənilməsi də bir o qədər narahatlıq doğurur. Narahatlığı aradan qaldırmaq üçün, görünür, problemlə əlaqədar respublika miqyasında bir elmi konfrans keçirməyə, mümkün olduğu halda vahid terminologiya müəyyənləşdirməyə, mühacirətin tarixi, sərhədləri, nümayəndələri və s. haqqında ortaq məxrəcə gəlməyə ehtiyac vardır. Antik yunan filosoflarından biri vaxtilə haqlı deyibdir ki, terminlərin, anlayışların mənasını dəqiqləşdirsəniz, bir çox problemlərdən azad ola bilərsiniz.

Qeyd edilən məsələlərə elmi münasibətini, özünün daha dəqiq və elmi-nəzəri cəhətdən əsaslandırılmış hesab etdiyi mülahizələrini ortaya qoyandan sonra N. Cabbarlı mühacirət nəsrini problematika baxımından qruplaşdırmış və təhlillərini bu qruplar ətrafında aparmışdır. Təqdirəlayiq hallardan biri kimi onu vurğulamaq lazımdır ki, müəllif epik növün "xalis" janrları ilə (məsələn, hekayə və s. ilə) kifayətlənməmiş, başqa janrlara, xüsusən də xatirələrə müraciət etmişdir.

Mühacirət ədəbiyyatının formalaşma mərhələsində təbii ki, ilk növbədə milli ictimai-siyasi məsələlərin işıqlandırılması və mənalandırılması ön plana çəkilirdi. Müəllifin qruplaşdırma apararkən bu meyarı əsas götürməsi təsadüfi deyildi. Təsnifat araşdırıcının mühacirət ədəbiyyatı ilə bağlı nəzəri mülahizələrinin məntiqi davamı kimi diqqəti çəkir.

"Azərbaycan mühacirət nəsri" monoqrafiyasında mühacirət ədəbiyyatının səciyyəvi formalaşmainkişaf xüsusiyyətləri nəzərə alınmış, müraciət olunan material bu baxımdan qruplaşdırılmışdır: milli istiqlal hərəkatının inikası; azərbaycanlıların soyqırımı ümumbəşəri faciə kimi; totalitar sovet rejiminin ifşası; vətəndaş cəmiyyəti probleminin bədii-fəlsəfi dərki; Atatürkün bədii-sənədli obrazı. Monoqrafiyada ədəbi materialın özünün şərtləndirdiyi fərqləndirilmiş bu mövzu və problemlər M.Ə.Rəsulzadənin, Ə.Ağaoğlunun, M.B.Məhəmmədzadənin, F.Əmircanın, N. Şeyxzamanlının, A. Dağlının, T. Atəşlinin, M. Altunbayın, Ə. Yurdsevərin müxtəlif janrlarda qələmə aldığı əsərlərinin əsasında təhlil edilmişdir.

Müəllifin bu təsnifatı mövzuproblemin inkişaf mərhələlərini izləmək baxımından xüsusi maraq doğurur. Aydın göründüyü kimi, birinci mərhələdə hələ doğma yurddakı ağrıları, dərdləri, doğma xalqın və ölkənin yaşadığı bütün problemlərin səbəbkarı kimi gördükləri rejimin iflasına ümidlərini və inamlarını yaradıcılıq axtarışlarının mərkəzində saxlayan mühacirət ədəbiyyatı nümayəndələri artıq sonrakı mərhələdə məskunlaşdıqları cəmiyyətin səciyyəvi ictimai-siyasi və mənəvi-əxlaqi problemlərinə diqqət yetirməyə başlayırlar.

Məsələn, Əhməd Ağaoğlunun "Sərbəst firqə xatirələri" adlı əsərində Türkiyə Respublikasının yaradıcısı Atatürkün parlaq obrazı yaradılmışdır. Amma xatirə yalnız vurğunluq üzərində köklənmiş bir insan deyil, məhz respublikanın ictimai-siyasi həyatında mühüm rolu olan bir mütəfəkkir şəxsiyyət tərəfindən qələmə alınmışdır. Başqa sözlə desək, Ə. Ağaoğlu xatirələrində yalnız seyrçi deyil, ilk növbədə iştirakçı kimi çıxış etmişdir ki, tədqiqatda da məsələnin bu tərəfi ayrıca vurğulanmışdır.

Eyni sözləri "Vətəndaş cəmiyyəti probleminin bədii-fəlsəfi dərki" fəsli haqqında da demək mümkündür. "Milli istiqlal hərəkatının inikası" və "Azərbaycanlıların soyqırımı ümumbəşəri faciə kimi" fəsillərinin kontekstini Azərbaycan və Azərbaycan gerçəkliyi müəyyənləşdirirsə, sonuncu iki fəslin kontekstini Türkiyə və türk dünyasının gerçəklikləri müəyyənləşdirir. Tədqiqatda problemin elmi baxımdan mənalandırılması və dəyərləndirilməsi prosesində kontekstin nəzərə alınması araşdırmaya yalnız obyektivlik verməmiş, eyni zamanda nəzəri mülahizələrin elmi əhəmiyyətini daha da artırmışdır.

Monoqrafiyada məqsəd konkretdir: Azərbaycan mühacirət nəsrinin ideya-bədii xüsusiyyətlərini müəyyənləşdirmək. Yuxarıda adları keçən yaradıcı şəxsiyyətlərin nəsr əsərləri "ilk dəfə olaraq bu monoqrafiyada sistemli tədqiqata cəlb" (B.Nəbiyev) olunduğu və müəllifin də dediyimiz kimi, mühacirət ədəbiyyatı problemini ardıcıl araşdırdığı üçün zəruri saydığı hallarda onların həyatlarının ayrı-ayrı epizodları haqqında da elmi bilgi verməkdən özünü saxlaya bilməmişdir. Zahirən problemdən kənara çıxma təsiri bağışlaya biləcək bu bilgilərin özü də təhlil edilən əsərlərin ideya-məzmun xüsusiyyətləri ilə birbaşa bağlandığından tamamlayıcı və dolğunlaşdırıcı əhəmiyyət qazanmışdır.

Haqqında söhbət gedən monoqrafiyada bir struktur bütövlüyü özünü göstərir və bu bütövlüyün sayəsində mövzu, problem nəzərdə tutulduğu şəkildə tam əhatə olunmuşdur. Azərbaycan mühacirət ədəbiyyatının epik növü haqqında mükəmməl bir araşdırmanı ərsəyə gətirmək üçün, fikrimcə, Nikpur Cabbarlının əsas yardımçısı, eyni zamanda əlaqədə və ünsiyyətdə olduğu yaradıcı insanlardan tələb etdiyi, amma heç də onların hamısının xoşuna gəlməyən gündəlik fəaliyyətə və elmi araşdırmaya, ümumiyyətlə, imza atılan istənilən yazıya məsuliyyətli yanaşma prinsipi olubdur.

 

ArifMMƏDOV

Ədəbiyyat qəzeti.- 2011.- 9 dekabr.- S.3.