Əl var
Əl var, barmağını qızılladasan,
Cansız daşı yonur, insan eyləyir.
Əl var, neştər vurub sızıldadasan,
Abadı uçurur, viran eyləyir.
Əl var, qabarlıdır işdən, əməkdən,
Əl var, yay günü də çıxmır əlcəkdən.
Əl var əsər yazır xoş gələcəkdən,
Əl var, böhtan yazır min qan eyləyir.
Əl var, qızıl yığır, qubar artırır,
Əl var, ürək qoyur, bahar artırır,
Əl var, dərd artırır, azar artırır,
Əl var, min bir dərdə dərman eyləyir.
Əl var, xəyanətə uzanır hər dəm,
Əl var, qəlbə həmdəm,
könülə həmdəm.
Əl var, insanlığa verir qüssə, qəm,
Əl var, səadəti nişan eyləyir.
Ələ hökm eləyən yalnız ürəkdir.
Xain ürəklərin
ömrü gödəkdir.
Pis əllərin kökü kəsiləcəkdir,
Ellər,
Əli belə güman eyləyir!
Manat
Sən bəşər evinin unu, urvası,
Ələyi, xəlbiri, sacısan,
manat!
Xaçpərəst xaçısan,
pütpərəst bütü,
Müsəlman Məkkəsi, Hacısan,
manat!
Səni
xəlq eyləyir insan barmağı,
Olursa Allahı, çıxırsan
yağı.
Fəhlə ayağının yırtıq
başmağı,
Şahların başının tacısan,
manat!
İnsan
cənnətisən, cəhənnəmisən,
Şadlığı, şənliyi,dərdi, qəmisən.
Atasan, anasan, dayı, əmisən,
Övladsan, qardaşsan, bacısan,
manat!
Dostsan -
hər əhdinə sadiq, mehriban,
Düşmənsən - həmişə
işin nahaq qan!
Zahirdə mələksən, vurulur
insan,
Batində timsahın acısan,
manat!
Əvvəldən şirinsən, daldan
şirinsən,
Gözəl buxağında xaldan şirinsən.
Əliyəm, müxtəsər, baldan
şirinsən,
İlan
zəhərindən acısan,
manat!
İstər Əli
Beş günlükdür fani dünya, nə şöhrət-şan istər
Əli,
Nə əlində əyri qılınc, nə onda qan istər
Əli!
İnsan
oğlu xəyanətdən,
əyrilikdən əl
götürə,
Sirdaş
ola bir-birinə,
belə imkan istər Əli!
Şeirdə Nizami, Vurğun,
qoşmada Vaqif, Ələsgər,
Tarda Qurban, muğamatda Cabbarla Xan istər
Əli!
Qəzəlxanlıq hər şairin işi deyil, əziz dostlar,
Vahiddən sonra Vahid tək bir qəzəlxan
istər Əli!
Müxtəsəri təbiətdən yox
özgə bir təmənnası,
Nə qədər ki, ömür verib, bir sağlam can istər Əli!
Əli Qurban Dastançı
Ədəbiyyat qəzeti.- 2011.-
16 dekabr.- S.6.