Doqquzuncu şeir bayramı

         

Türkiyə Yazarlar Birliyi qardaş ölkənin şairlərini bir yerə toplamaq məqsədilə 1992-ci ildən başlayaraq "Şeir bayramı" keçirir. Türkiyənin BursaKonya şəhərlərində gerçəkləşən birinci "Şeir bayramı"ndan sonra ikinci Qazaxstanda (Almatı), üçüncü Türkmənistanda (Aşqabad), dördüncü Kiprdə (Girnə), beşinci Fransada (Strasburq), altıncı Ukraynada (Krım Ağməscid), yeddinci Makedoniyada (Üsküb), səkkizinci Azərbaycanda (Bakı) keçirilmişdir.

Doqquzuncu "Şeir bayramı" Türkiyənin böyük şairi, "İstiqlal marşı" yazarı Məhmət Akif Ərsoyun vəfatının 75-ci ildönümünə, "İstiqlal marşı"nın Türkiyə Böyük Millət Məclisində qəbulunun 90 illiyinə həsr olunmuşdur. Bu bayrama dəvət olundum. Böyük məmnuniyyətlə bayramda iştirak etdim. Bayrama eyni zamanda Azərbaycandan Rasim Qaraca, Gürcüstandan Osman Əhmədoğlu da dəvət olunmuşdu. Hər iki şairbayramda iştirak etdi. Xüsusən Osman daha fəal çıxışları ilə diqqəti çəkdi. Onun Borçalının dünəni və bu günü, mədəni həyatı haqqında söylədikləri böyük alqışlarla qarşılandı.

"Şeir bayramı"nda bir çox ölkələrdən və vilayətlərdən, o cümlədən Almaniyadan, Bolqarıstandan, Hollandiyadan, Qazaxıstandan, Qırğızıstandan, Bosna Herskdən, İraqdan, İrandan, Rumıniyadan, Yunanıstandan, Qaqauzstandan, Çuvaşstandan, Kiprdən, Makedoniyadan bir çox şairlər iştirak edirdi.

İstanbula, oradan Pristinaya yola düşdük, sonra Kosovanın Prizren şəhərində bir araya gəldik. Burada Yunus İmrə Kültür Mərkəzində çıxışlar oldu, şeirlər oxundu. Türkiyə Yazarlar Birliyi başqanı İbrahim Ülvi Yavuz, "Şeir bayramı" Daimi Heyət başqanı Məhmət Doğan maraqlı çıxışları ilə yadda qaldı. Atatürk Universitetinin dosenti Ridvan Canımın "Osmanlı dövründə Balkanlarda türk ədəbiyyatı" mövzusunda məruzəsi də böyük marağa səbəb oldu. Kosovanın bir çox yaşayış məntəqələrində yaşayan türklərlə görüşdük, onların normal həyat tərzinin şahidi olduq, millətlərarası heç bir ixtilafa rast gəlmədik. Məhmət Akifin ata yurdunu, adını daşıyan məktəbi, prizrenli şair Suzi Çələbinin məzarını ziyarət etdik. İştirakçı şairlərdən üçünə mükafat verildi. Mükafat alanlar arasında Cənubi Azərbaycan şairi Nəsir Paygüzar da vardı. Nəsir Paygüzar cinas qafiyələrlə zəngin bayatılar müəllifidir. Onun bir neçə bayatısını diqqətə çatdırıram:

 

Yardan əl üzüm? Olmaz,

Hər qora üzüm olmaz.

Yar məndən can istəsə

Yox deyim? Üzüm olmaz.

 

Qucaqlayıb yarı gül,

Yarı çiçək, yarı gül.

Ömür boyu ağlama,

Yarı şad ol, yarı gül.

 

Həcəri qoçaq Nəbi,

Elindən qaçaq Nəbi.

Düşməni yurdumuzdan

Salmışdı qaçaq, Nəbi.

 

"Şeir bayramı"nda istirakçılara bir neçə kitab hədiyyə edildi. Kitablar arasında "Türk dünyası şeir güldəstəsi" kitabı da vardı. Bu kitabda Anarın "Azərbaycanla Türkiyə arasında sınır yox", Məhmət Doğanın "Söz ola kəsə savaşı", "Söz ola bitirə başı", Mustafa Qabaqçının "Türkiyə Azərbaycanın yanında" Məlahət Həsənovanın "Bakıda yatan məhmətciklərin önündə baş əyməliyiz", Gültəkin Hacıyevanın "Türkiyə Azərbaycan ilişgiləri praqmatik olammaz", Əli Yavuz Akpinarın "Azərbaycan Türkiyə ədəbi əlaqələri", professor Əhməd Saniçin təbrik sözü çap olunmuş, şairlərdən (siyahı kitabdakı ardıcıllıqla verilir) Abbas Abdullanın, Mahirə Abdullanın, Nazim Əhmədlinin, Çingiz Əlioğlunun, Qulu Ağsəsin, Vaqif Bəhmənlinin, Adil Cəmilin, Qiymət Məhərrəmlinin, Vüsal Nazimoğlunun, Simuzər Nüsrətbəylinin, Gülhani Pənahın, Maarif Soltanın, Xanəmir Telmanoğlunun, Rəbiyə Zeynalovanın şeirləri verilmişdir. Eyni zamanda kitabda Türkiyə, İraq, İran, Yunanıstan, Almaniya, Hollandiya, Özbəkistan, Qırğızıstan şairlərinin şeirləri vardır.

 

Abbas Abdulla

Ədəbiyyat qəzeti.- 2011.- 16 dekabr.- S.6.