Nəsir müəllimin məktəbi

 

Müsahibimiz əməkdar jurnalist Şamil Şahməmmədovdur

     

- Şamil müəllim, milli mətbuatımızın klassiki, jurnalistikamızın patriarxı Nəsir İmanquliyev 1998-ci ildə qurucusubaş redaktoru olduğu "Bakı" qəzetinin qırx illik yubileyi münasibətilə verdiyi müsahibəsində vaxtilə redaksiya kollektivində çalışan bir çox ümidverən, öz orijinal dəst-xətti, üslubu ilə seçilən jurnalistin dərin ehtirama layiq əməyindən ürəklə söz açır. Ustadın dəyərləndirdiyi jurnalistlər arasında sizin adınız lap başda çəkilir, doğma qəzetdə müxbirlikdən redaktorluğa qədər yüksəlməniz xüsusi vurğulanır. Xalq şairi Bəxtiyar Vahabzadə də bir müsahibəsində ustadın layiqli yetirmələri arasında sizin adınızı hörmətlə çəkir.

Dekabrın iyirmi dördü Nəsir müəllimin doğum günüdür. Yaşasaydı, yüz illik yubileyini lap yaxın günlərdə bir yerdə qeyd edəcəkdik. Orası da var ki, Nəsir İmanquliyev kimi mənəvi təmizlik ölçüsünə çevrilən insanlar ürəklərdə, xatirələrdə əbədi yaşayır.

Bilirik ki, Nəsir müəllimin hər bir yetirməsinin özünəməxsus, xüsusi özəlliyi ilə seçilən və xatırlanan öz Nəsir İmanquliyevi var. Bu münasibət dönə-dönə ən səmimi duyğularla ifadə edilib. Ustadla bağlı sizinçox səmimi, dərin ehtiramın ifadəsi olan xatirələrinizlə tanışıq. Nəsir müəllimin doğum günü ərəfəsində yeni bir ovqatla bu unudulmaz xatirələrin üzərinə yenidən qayıtmağın yerinə düşəcəyi fikrindəyik…

- Adətən, sevimli müəllimim haqqında söz açmazdan əvvəl çox götür-qoy etməli olursan, onun təkrarsız məziyyətlərini ən dərin cizgilərlə təsvir etməyə çalışırsan, hamının yaxşı tanıdığı bu şəxsin obrazını özünə layiq ifadələrlə canlandırmaq istəyirsən. Ustad haqqında söz demək zabitəli müəllim qarşısında yenidən imtahan vermək kimidir. Deyim ki, mətbuatımızın görkəmli şəxsiyyəti, jurnalistlərimizin neçə-neçə nəslinin müəllimi, bir çox həmkarlarımızın, o cümlədən mənim həyat və peşə taleyimin uğurlu məcraya yönəlməsinin səbəbkarı, qəzetçilikdə mükəmməl bir məktəbin yaradıcısı olmuş Nəsir İmanquliyevi hər an dərin minnətdarlıq, ehtiram duyğusu ilə yad edirəm. Əvvəlki xatirələrimdə, müsahibələrimdə də vurğulamışam ki, unudulmaz ustadımız Azərbaycan mətbuatının tamhüquqlu klassiki adına layiqdir. Biz qələm əhli intellektual əməyin başqa, götürək ki, elm, ədəbiyyat, incəsənət sahələrində öz yaradıcılığı və fəaliyyəti ilə əbədi izlər qoymuş şəxsiyyətləri haqlı olaraq klassik adlandırırıq, amma həmin sahələrdən biri sayılan jurnalistikanın öndərlərini təvazökarlıq ucbatından unuduruq. Nəsir müəllimin işıqlı siması qarşısında bu borcumuzu qaytarmaq zərurətini bir daha xatırlatmaq istərdim.

Əlbəttə, mən indi bu söylədiklərimin danılmaz həqiqətlərə söykəndiyini nümayiş etdirmək üçün onun ömür yolunun yüksəliş, gərgin zəhmət, fədakarlıq timsalı olan səhifələrini bircə-bircə vərəqləmək fikrində deyiləm. Yalnız onu vurğulamaq istəyirəm ki, o dövrdə respublikanın ən nüfuzlu qəzetlərində daim irəli çəkilə-çəkilə işləmək, hakim partiyanın ali qərargahında ölkə mətbuatına rəhbərlik etmək, cəbhə qəzetində fəaliyyət göstərmək, Radio verilişləri idarəsinin sədri olmaq, jurnalistika fakültəsinin ilk təşkilatçılarından biri olub ömrünün axırınadək burada dərs demək, nəhayət, Azərbaycanda tamamilə yeni tipli bir mətbu orqanı - "Bakı" axşam qəzetini yaradıb otuz il ərzində ona başçılıq etmək - bütün bunlar çox şərəfli bir ömür yolunun tarixçəsidir.

- Şamil müəllim, ustadla ilk tanışlığınızın təəssüratlarını eşitmək xoş olardı…

- Qəribə bir təsadüfdür ki, Nəsir müəllim universitetin sonralar fakültəyə çevrilən jurnalistika şöbəsində bizim qrupa dərs deməmişdi, məni tələbəlikdən tanımırdı. O, Radio verilişləri idarəsinə rəhbərlik edəndə mən dördüncü kursda oxuyurdumradionun ştatdankənar müxbiri idim. 1957-ci ilin axırlarında xeyirxah insan olan Hacı Hacıyev mənə dedi ki, Bakıda axşam qəzeti açılacaq. Qəzetə Nəsir müəllim rəhbərlik edəcək. Radiodan bir neçə nəfər ora gedir, sənin də namizədliyini vermişəm.

Doğrusu, tələbə ikən işə qəbul olunacağıma inanmırdım. Amma bir neçə gündən sonra Nəsir müəllim məni dəvət edib qısa söhbətdən sonra adımı siyahıya yazdı. Eşitdiyimə görə Mərkəzi Komitədə namizədlər müzakirə olunarkən mənim adımı silmək istəmişdilər, ancaq gələcək redaktorum şöbə müdirini razı sala bilmişdi.

Beləliklə, bu nəcib insanın misilsiz xeyirxahlığı sayəsində ömür yolum müəyyən olundu və Nəsir müəllim əslində mənim gələcək müqəddəratım üçün məsuliyyəti öz üzərinə götürdü. Otuz il ərzində jurnalist sənətinin incəliklərini, redaktənin sirlərini, idarəetmə bacarığını ondan öyrəndim, əsl həyat məktəbi keçdim. Bütün bunlara görə əziz müəllimimə dönə-dönə minnətdaram.

- Unudulmaz xalq şairimiz Bəxtiyar Vahabzadə Nəsir müəllimdən cəsarətin simvolu kimi bəhs edir, müasirləri "Bakı"nı Nəsir müəllimin, onu da "Bakı"nın siması adlandırırdılar. Məncə, bu münasibətin kökündə daha çox Nəsir müəllimin yeniliyə, sözün doğrusunu deməyə açdığı meydan dayanır…

- Bilirsinizmi, "Bakı" axşam qəzeti Azərbaycan mətbuatının tarixində parlaq iz qoyan yeni ruhlu, o dövrün digər nəşrlərindən əsaslı şəkildə fərqlənən, rəsmiyyətçiliyə meyl etməyən, "palaz-palaz" məqalələr əvəzinə daha çox xəbər, reportaj, müsahibə janrına üstünlük verən, paytaxtın həyatını, əhalinin qayğılarını rəngarəng formalarla işıqlandıran, yaranışından oxucuların rəğbətini qazanan bir orqan idi. Bütün bu keyfiyyətlər redaksiyanın "sükanı" arxasında zəngin təcrübəli, yüksək zövqlü, iradəli və cəsarətli bir jurnalistin durduğunu göstərirdi. Ən mühüm rəsmi hadisələr "Səhər qəzetlərində" rubrikası altında bir cümlə ilə oxucuya çatdırılırdı. "Bakı"nın hər nömrəsi əldən-ələ gəzirdi, axşama yaxın onu almaq üçün qəzet köşklərinin qarşısında uzun növbələr yaranardı. Qəzet beş il yarım ərzində kiçik formatda çıxsa da, respublikanın mətbuat orqanları arasında özünə layiqli yer tutdu, təkcə Bakıda deyil, rayonlarda da yayıldı, tirajı ilbəil artdı. Operativliyi və dəqiqliyi qəzetin ən vacib keyfiyyətləri hesab edən Nəsir müəllim gənc əməkdaşları da bu ruhda yetişdirirdi. O, qəzetin ictimai-siyasi məzmununu dövrün tələbləri səviyyəsində saxlamaqla bərabər, oxucu zövqünü oxşayan bədii yazıların hər nömrədə yer almasına da həmişə diqqət yetirirdi. Təsadüfi deyil ki, Həsən Seyidbəylinin Azərbaycan ədəbiyyatında ilk detektiv əsərlərdən biri olan "Cəbhədən-cəbhəyə", Əbülhəsənin "Tərs adamlar" romanları, Hüseyn Abbaszadənin povestləri ilk olaraq hissə-hissə "Bakı"nın səhifələrində işıq üzü görüb. Götürün xalq yazıçısı Anarın, xalq şairləri Balaş Azəroğlunun, Bəxtiyar Vahabzadənin, Cabir Novruzun, Fikrət Qocanın, Nəbi Xəzrinin, Nəriman Həsənzadənin, Sabir Rüstəmxanlının, xalq yazıçıları Qılman İlkinin, Mövlud Süleymanlının, yazıçı və şairlərdən Hamlet Qoca, Hidayət və başqalarının Nəsir müəllimlə bağlı ayrı-ayrı illərdə yazıb çap etdirdikləri ürək sözlərini oxuyun, xatirələrini vərəqləyin… Görün Nəsir müəllim dövrün ədəbi həyatının formalaşması, mənəvi bütövlüyümüzün qorunması üçün necə böyük işlər görüb, hansı təhdidlərlə üzləşib. Professor Qəzənfər Paşayev haqlı olaraq ustaddan "nəcabətli adam" deyə ən səmimi duyğularla söz açır, professor İzzət Rüstəmov onu böyük insan kimi xarakterizə edir, professor Cahangir Məmmədov ustadın sənət həqiqətlərini örnək kimi dəyərləndirir. Bu deyilənlər elə-belə sözlər deyil, kökündə böyük haqlar, mənəvi borc hissi, minnətdarlıq və heyranlıq hissi dayanır.

- Nəsir müəllimlə bağlı bütün xatirələrdə birmənalı olaraq onun daim ədəbi gəncliklə təmasda olması, istedadlı cavanlara hamilik etməsi dərin qədirbilənlik hissilə önə çəkilib…

- Bu təbiidi. Daim xeyirxahlıq düşüncəsilə yaşayan redaktorumuz qəzetdə "Ədəbi gənclik" səhifəsinin açılmasının təşəbbüskarı idi. Ayda bir dəfə dərc olunan bu səhifələr bir çox gənc yazar üçün mətbuata geniş qapı açdı. Onların bir çoxu indi sənət aləmində tanınmış simalardı. Bundan başqa "Bakı" qəzeti redaksiyasının nəzdində "Fəhlə müxbirlər universiteti" yaradılmışdı. Burada Nəsir müəllim özü, ADU-nun jurnalistika fakültəsinin müəllimləri, digər görkəmli mətbuat işçiləri dərs deyir, redaksiyanın təcrübəli əməkdaşları praktiki məşğələlər aparırdılar. Universitetin bir çox müdavimləri sonralar jurnalist təhsili alıb mətbuatda imzalarını təsdiq etdilər. Bütün bunlar ilk növbədə Nəsir müəllimin gəncliyə qayğısının təzahürü idi. O, yeni jurnalist nəslinin yetişdirilməsi, gənc ədəbi qüvvələrin inamlı olması üçün çox gördü. O illərdə Nəsir müəllimin təşəbbüsü ilə iki dəfə hekayə və oçerklər müsabiqəsi keçirildi. Bu müsabiqələrə, Mirzə İbrahimov, Mir Cəlal kimi görkəmli yazıçılarımız başda olmaqla nüfuzlu münsiflər heyətləri cəlb edilmişdi. Gizli imzalarla qəbul olunan hekayə və oçerklər obyektiv münsiflər heyəti tərəfindən seçilib mükafatlandırılırdı. Yadımdadı, o zaman yüksək yer tutan yazıların arasında Famil Mehdinin, Yusif Kərimovun yazıları, mənim özümün "Qoy dostlar bilsinlər…" adlı oçerkim var idi. Həmin oçerk Bakı Elektrik Maşınqayırma Zavodunda respublikada ilk avtomat xətti işlədən Sənan Axundovun briqadasına həsr olunmuşdu.

Yeri gəlmişkən, deməyi vacib bilirəm ki, Nəsir müəllimin təklifilə "Bakı" qəzeti "Azərbaycan" jurnalının hələ çapdan çıxmamış hər yeni nömrəsindəki ən maraqlı ədəbi nümunələrdən parçalar seçib bir qəzet səhifəsi həcmində çap edir ki, bu da jurnalın təbliğinə geniş imkan yaradırdı. Zənnimcə, onun bu nəcib təşəbbüsünün indinin özündə də davam etdirilməsi maraqlı olardı. Hələ də o zaman "Azərbaycan" jurnalında dörd irihəcmli oçerkimin çap olunmasını, xalq yazıçısı Anarın, xalq şairi Fikrət Qocanın mənim ədəbi uğurlarıma olan diqqətini minnətdarlıqla xatırlayıram. İnsan yaşa dolduqca bu yaxşılıq, diqqət faktları ilə bir növ yol yoldaşlığı edir, onlarla nəfəs alır.

- Xatirələr bir daha şəhadət verir ki, Nəsir müəllimin "yoruldum" deyən işçilərlə heç arası olmayıb.

- Bu, heç də səbəbsiz deyildi. Çünki onun özü yüksək işgüzarlıq, fədakarlıq, dəmir intizam timsalı idi. Zəngin həyat və təcrübəsi olan Nəsir müəllim üstəlik də gözəl seçim qabiliyyətinin, bir növ "seleksiyaçılıq" keyfiyyətinin dönməz daşıyıcısıydı. Kollektivdə ailə səmimiyyəti, əsl mehribanlıq şəraiti yaradılmasında Nəsir müəllimin tükənməz xeyirxahlığı həlledici rol oynayırdı. O, hər bir işçinin, xüsusən gənclərin məişət problemlərinin həll olunması yolunda etdiyi cəhdi özünə atalıq borcu hesab edirdi. Yaxşı xatırlayıram ki, mənim hər cür şəraiti olan mənzillə təmin olunmağım üçün o, hansı əziyyətlərə qatlaşmalı oldu. Nəsir müəllim bir ağsaqqal kimi gənc işçiləri üçün elçi getməkdən, toylarda ailə üzvü qədər canıyananlıqla iştirak etməkdən mənəvi rahatlıq tapar, hamıya əl tutardı. Bir olayı isə bu hadisənin bütün iştirakçıları ünsiyyətin ən yüksək zirvəsi kimi xatırlayırdılar. Hətta yazıçı Süleyman Vəliyev bu mövzuda hekayə də yazmışdır. Maraqlıdır ki, əsərdə hadisələr Şamil adlı gənc jurnalistin dilindən təsvir olunur… Həmin günü indiki kimi xatırlayıram. Nəsir müəllim sabahkı nömrənin maketini təsdiq edərkən mənə dedi ki, bu gün işdə çox ləngimə, axşam bizə gəl, bir yazı var, birlikdə oxuyarıq. Doğrusu, çox təəccübləndim; axı həmişə olduğu kimi, yazını idarədə də oxumaq olardı. Nizami küçəsində onun yaşadığı binaya yaxınlaşanda işçilərimizdən Səfər Məmmədov və Famil Mehdi ilə rastlaşdım. Məlum oldu ki, ev sahibi onlara da eyni sözləri demişdir.

Mənzilə daxil olanda isə heç gözləmədiyimiz bir mənzərə ilə qarşılaşdıq; geniş ziyafət süfrəsi açılmışdı, işçilərimiz və Nəsir müəllimin yaxın dostları əyləşib şirin-şirin söhbət edirdilər. Burada "yazı oxuyacağıq" əhval-ruhiyyəsindən əsər-əlamət yox idi. Ev sahibi özü, onun ömür-gün yoldaşı, bizə həmişə doğma adamları kimi mehribanlıq göstərən rəhmətlik Gövhər xanım, müəllimimizin gözünün ağı-qarası, sevimli övladı, rəhmətlik Aida xanım hər birimizi gülərüzlə qarşıladılar. Məlum oldu ki, həmin gün Nəsir müəllimin yubileyidiro, qonaqların hədiyyə almaq qayğısına qalmamaları üçün hərəmizi bir "səbəb"lə dəvət etmişdir. Onun bu cür qayğıkeşliyi haqqında saatlarla danışmaq olar

Heç vaxt unuda bilmədiyim bir həqiqət də var - Nəsir müəllim səhhətilə bağlı pensiyaya çıxmaq barədə ərizə yazıb işdən getdiyi zaman öz yerinə məni məsləhət bilmişdi. Bunu mənə məsələ ilə bağlı müzakirə zamanı Bakı Komitəsində bildirdilər. Mən "Bakı" və "Baku" qəzetlərində redaktor işlədiyim üç il ərzində müəllimimin yolunu, dəst-xəttini məsuliyyətlə davam etdirməyə çalışdım, ənənəyə sadiq qaldım. Sonra on iki il AzərTAc-da işlədim. Hər iki vəzifədə çalışarkən ağsaqqalımla ünsiyyətim davam edirdi. Onun zəngin təcrübəsi, xeyirxah məsləhətləri müstəqil işdə həmişə mənə böyük dayaq oldu.

Nəsir müəllim bu gün doğmalarının nəcib əməllərində, yetirmələrinin və xeyirxahlıq etdiyi saysız-hesabsız insanların xoş xatirələrində, pərvəriş verdiyiotuz il rəhbərlik etdiyi "Bakı" - "Baku" qəzetlərinin heç vaxt solmayan səhifələrində yaşayıb, yaşayır.

 

Söhbətləşdi: Sərvaz Hüseynoğlu

Ədəbiyyat qəzeti.- 2011.- 16 dekabr.- S.1-2.