Əli Qurban
Dastançı
Azərbaycan
professional şeir sənətinin təşəkkülündə
və inkişafında həmişə xalq şeri, el
şairləri məhək daşı rolunu oynamışlar. Bu
sırada mən, əsasən, hər biri bir incini
xatırladan bayatıları, dastanları, Dədə Qorqud,
Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə
Qasım, Aşıq Alı Qızılvəngli, Aşıq
Ələsgər, Molla Cuma, Aşıq Şəmşir,
Borsunlu Məzahir Daşqın kimi klassik el sənətkarlarını
nəzərdə tuturam. Onlardan sonra isə bu yolun, bu sənətin
ən başlıca davamçıları əsl xalq şairləri
Mikayıl Azaflı, Bəhmən Vətənoğlu, Əli
Qurban Dastançı, Sücaət, Allahverdi Qəmkeş, Dəmirçi
Abbas, Səfər, Şuriyə, Paşa Salahlı, Kəmsavad,
Alqayıt oldular.
Keçən
əsrin ortalarına doğru ədəbiyyatımızın
bu sahəsində bir boşluq hiss edilirdi. Çox təəssüf
ki, yeni əsrin əvvəllərində Əli Qurban
Dastançı və Bəhmən Vətənoğlu
dünyalarını dəyişdikdən sonra bu boşluq dairəsi
sanki bütövləşir. Adam pessimist olmaq istəmir,
"su gələn arxdan bir də gələr".
Burada adlarını çəkdiyim və çəkmədiyim
ünlü el şairləri arasında Əli Qurban
Dastançının yeri birincilər cərgəsindədir.
Əli
Qurban Dastançı (Əli Abdulla oğlu Qurbanov) 1930-cu il may ayının 14-də Göyçə
mahalının ulu Aşıq Ələsgərin doğulub
boya-başa çatdığı Ağkilsə kəndində
dünyaya gəlmişdir.
İkinci Dünya müharibəsi illərinə
düşən uşaqlıq çağları çətinliklərlə
üzləşib. Kəndin çobanları Kərimi və
Mərdanı orduya çağırdıqlarından
onları əvəz etməli olub. Sonralar
"Kağız qıtdı" lirik poemasında bu barədə
yazmışdır:
Qara duman
bürüyəndə hər yanı
Apardılar Kərim ilə Mərdanı.
Əvəz
etdim çomaq ilə çantanı
Min doqquz
yüz qırx ikinin qışında
Çoban oldum on ikicə yaşımda.
Həmin illərdə 13 yaşında yazdığı
"Hanı dağlar" (1943) şeirində isə
müharibənin gətirdiyi dəhşətləri
özünəməxsus tərzdə ifadə edir. Şairin ilk əsərlərindən
olması baxımından gəraylı janrında
yazılmış bu şeir çox maraqlıdır və gələcək
el sənətkarının böyük istedadından xəbər
verir:
Sinəndə
gəzən gözəllər
Hanı dağlar, hanı dağlar?!
Güllərini
uzən əllər
Hanı dağlar, hanı dağlar?!
Qəmdə
keçir günüm ayım,
Zimistandı yazım, yayım.
Dədəm,
qağam, əmim, dayım
Hanı dağlar, hanı dağlar?!
Mən
Əliyəm coşar qanım,
Yıxar
səni ah amanım!
Yadullahım,
Babacanım
Hanı dağlar, hanı dağlar?!
1948-ci ildə
orta məktəbi bitirən gənc şair bir il
həmin məktəbdə kitabxanaçı işləmişdir.
Sonra Həsən bəy Zərdabi adına
Kirovabad Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və
ədəbiyyatı fakültəsinə daxil olmuş və
1953-cü ildə ali təhsilini tamamlamışdır. Təyinatını Kəlbəcərə alıb
ki, müddəti qurtarandan sonra Göyçəyə
qayıtmaq asan olsun. Göyçə
mahalı Ermənistan SSR ərazisinə daxil edildiyindən
oraya birbaşa təyinat almaq mümkün deyildi. Həm də anası Gülsüm xanım Kəlbəcərin
Kilsəli kəndindən idi. Burada
yaxın qohumların yaşaması da bir növ işi
asanlaşdırırdı.
Təyinat məsələsi ilə bağlı məzəli
bir əhvalat danışırlar. Bütün məzunları
bir auditoriyaya yığıbmışlar. Bir-bir adlarını çəkib kimin haraya göndəriləcəyini
deyirmişlər. Təyinat yeri ilə razılaşmayanları
Kəlbəcərə göndərməklə
qorxuzurmuşlar. Kəlbəcər ucqar dağ rayonu
olduğundan, heç kim oraya getmək istəmirmiş.
Əli Qurbanov adı çəkiləndə o, müəllimləri
qabaqlayaraq deyir: "Mənim təyinatımı Kəlbəcərə
verin!"
Hamı gülüşür, əvvəl elə bilirlər
zarafat edir, sonra görürlər ki, ciddi sözüdür.
Kəlbəcər rayonu Maarif şöbəsində
inspektor kimi əmək fəaliyyətinə başlayan
Əli müəllim (artıq onu belə
çağırırdılar) 1989-cu ilə qədər
burada qalıb işləməli olur, Oktyabr kəndində məktəb
direktoru, rayon maarif şöbəsində inspektor, metodist,
1979-cu ildən 1986-cı ilə qədər rayon
"Yenilik" qəzetinin redaktoru vəzifəsində
çalışır. Kəlbəcər camaatının şerə, saza
sevgisi, Aşıq Şəmşirlə burada yaxından tanış olması (aralarında ata-oğul
münasibətlərinin yaranması) da Əli müəllimi
Kəlbəcərə bağlayan əsas amillərdəndir.
Bundan sonra Göyçə və Kəlbəcər məhəbbəti
qəlbində sanki eyniləşir:
Qucağında
boy atmışam,
Balasıyam bu dağların.
Öləndə
də qucağında
Qalasıyam bu dağların.
Fəqət şair "öləndə
qucağında qala" bilmədi "bu dağların". Son vaxtlar
rayonda yaranmış ictimai-siyasi vəziyyət onu
sıxdığından müvəqqəti olaraq Gəncədə
yaşamaq qərarına gəldi. Elə həmin
dövrdə eyni səbəblər üzündən Bəhmən
Vətənoğlunun Gəncəyə köçməsi bu
qərara daha bir təkan verdi. Yenidən Kəlbəcərə qayıtmaq arzusuna
1993-cü ilin aprelində Kəlbəcərin ermənilər
tərəfindən işğalı son qoyduğuna görə
ömrünün sonuna qədər Gəncədə
yaşadı.
Göyçənin və Kəlbəcərin
düşmən tapdağı altında qalması onun qəlbini
həmişə ağrıdırdı.
Bir dərdini
çəkən ərdi,
Mən çəkirəm qoşa dərdi.
Sevgim -
Göyçə Kəlbəcərdi,
Cüt dilbəri verin mənə.
Gülə
dolaşmaq istərəm,
Şehə
bulaşmaq istərəm,
Göyçəyə
aşmaq istərəm,
Kəlbəcəri verin mənə.
Böyük şairin Göyçə, Kəlbəcər,
Qarabağ həsrətinə dözməyən ürəyi
2004-cü ilin mart ayının 19-da əbədi dayandı.
Əli Qurban Dastançının
yaradıcılığından söz açmaq istəyəndə
ilk növbədə onun dastan yaradıcılığı nəzərə
çarpır. Onun özünə
"Dastançı" təxəllüsü götürməsi
də təsadüfi deyildi. Artıq
"Koroğlu" dastanının bir hissəsi hesab edilən
"Mərcan xanımın Çənlibelə gəlməyi"
qolunu da o toplayıb işləmiş, araya-ərsəyə gətirmişdir.
Bundan əlavə "Yetim Hüseyn dastanı", "Səməd
ağa dastanı", "Məşdisə dastanı",
"Dəli Alı dastanı", "Dəmirçi
Abbas", "Allahverdi", "İsmayıl və Pəri",
"Molla Umud" kimi dastanlar yaratmışdır.
Şair
ilk dastanı olan "Yetim Hüseyn dastanı"nı Kəlbəcərdə qoçaq bir adam
olmuş, rayona avtomobil yolu çəkilişində fədakarlıq
göstərmiş Yetim Hüseynə həsr edib. Yetim Hüseyn elə bu yolun çəkilişində
həlak olmuşdu.
Ə.Dastançı bir sıra lirik poemalar da
yazmışdır. Bunların içində ən çox
diqqəti cəlb edən1955-ci ildə dahi şair Səməd
Vurğunun məşhur Kəlbəcər səfəri ilə
bağlıdır. "Tanış səs" adlanan bu
poemada böyük sənətkara ümumxalq məhəbbəti
tərənnüm edilir:
...Dəlidağın
başında nə duman var,
nə
çən var,
Dağılıbdı
buludlar,
Dəlidağdan keçən var.
Təbii ki, Əli Qurbana şöhrət gətirən
onun lirik şeirləri oldu. Kəlbəcərdə
yaşadığı ilk illərdən o, el arsında
istedadlı bir şair kimi tanındı. Təbiətən
şeir-qoşma sərrafı olan Kəlbəcər
camaatı çaş-baş qalmışdı: nəslində,
kökündə şair olmayan bu cavan oğlanda hardandı
belə qabiliyyət?! Biləndə ki, həyat yoldaşı
Nigar xanım Aşıq Ələsgərin nəvəsidir,
çoxlarında şübhə yarandı ki, guya arvadı
yazdığı şeirləri öz adına
çıxır. Hətta Bakıdan da bu məsələ
ilə maraqlanmağa başlamışdılar. Sonradan şairin Aşıq Şəmşirlə, Bəhmən
Vətənoğlu və başqaları ilə müşavirələri
bu dedi-qoduya son qoydu. Artıq Azərbaycanın
hər bir kəndində, şəhərində toy və
şənlik məclislərində aşıqlar və xanəndələr
"Əli müəllimin" sözlərini oxuyurdular.
Həvəskarlar "Dünya, nə şirinsən",
"Bu dağların", "Manat" kimi şeirləri
kağıza köçürüb bir-birinə hədiyyə
edirdilər.
"Dünya, nə şirinsən" qoşması
dilinin sadəliyi, şirinliyi, məzmunca dərin fəlsəfi
tutumu ilə onu tanıdan ilk əsəri oldu.
Dünya,
nə şirinsən, sənin dadını
Bilməyən də yazıq, bilən də yazıq.
Razı
buraxmırsan bir övladını,
Ölməyən də yazıq, ölən də
yazıq.
Bəzəyib
cismini ləl eyləyirsən,
Nazlı
bir qız kimi əl eyləyirsən,
Açırsan
qoynunu gəl eyləyirsən,
Gəlməyən də yazıq, gələn də
yazıq.
Gələn
uyur hər fitnənə, felinə,
Yalan-gerçək
sözün düşür dilinə,
Oyuncaq
verirsən vardan əlinə,
Almayan da
yazıq, alan da yazıq.
Kimisinin bəndə
düşür gəmisi,
Kimisinin məhsul
vermir zəmisi,
Ağlayır
kimisi, gülür kimisi,
Ağlayan da yazıq, gülən də yazıq.
Əlinin
gərdişi çox sitəmlidi,
Dodağı gülənin gözü nəmlidi.
Zəmanənin
sazı zilli, bəmlidi,
Çalmayan da yazıq, çalan da yazıq.
Əli Qurban yaradıcılığı forma və məzmunca
geniş və rəngarəngdir. Sadaladıqlarımızdan
əlavə özünün Məşhəd ziyarətindən
sonra 1998-ci ildə dərc etdirdiyi "Allahü-əkbər"
adlı kitabında toplanmış müqəddəs Fatimeyi-Zəhraya
həsr olunmuş dini məzmunlu və "Deyişmələr,
dərdləşmələr" adlanan üç kitabdan
ibarət orijinal sənət əsərləri də var.
"Deyişmələr, dərdləşmələr"in
sonuncu - dördüncü kitabı isə ömrü vəfa
etmədiyindən yarımçıq qalmışdır.
1966, 1988, 2003-cü illərdə çap olunmuş
"Deyişmələr, dərdləşmələr" ədəbiyyatımızın
çağdaş və gələcək tədqiqatçıları
üçün qiymətli mənbədir. Bu kitablarda Əli Qurban
özü ilə bərabər, dövrün az
və çox tanınmış el şairləri haqqında
məlumatlar vermiş, orijinal tərzdə onların
çoxlu şeirlərini çap etdirmişdir.
1976-cı ildə "Azərnəşr"in dərc
etdiyi "Mərcan xanımın Çənlibelə gəlməyi"
nəzərə alınmazsa, Ə.Q. Dastançının
ilk mətbu əsəri "Yetim Hüseyn
dastanı"dır. 2003-cü ilə qədər "Balasıyam bu
dağların" (1989), "Beş dastan" (1996),
"Koroğlular uzaqlardan gələn yolda" (1998),
"Çıraqqala dastanı" (1999), "Müdriklik
mücəssəməsi" (2003), "Kürən köhlən"
(2003), "Qaxın möcüzələri" (2003) və s.
kimi 22 kitab nəşr etdirmişdir.
Əli Qurban Dastançı 1976-cı ildə Bakıda
keçirilən "Bədii söz ustası"
festival-müsabiqəsinin laureatı olmuş, birinci yeri
tutmuşdur. Dərin hafizəyə malik olan bu şəxs gözəl
şair olmaqla bərabər, gözəl insani keyfiyyətlərə
malik olmuşdur. Onun azman el şairi Bəhmən
Vətənoğlu ilə səmimi dostluğu Səməd
Vurğunla Osman Sarıvəllinin dostluq-qardaşlıq
münasibətlərini xatırladır.
Böyük el şairi yazar qələmi və yanar
ürəyi ilə xalqa xidmət elədi, xalq da onu sevdi, qiymətləndirdi. Bu gün
Əli Qurban Dastançı təkcə Şimali Azərbaycanda
deyil, soydaşlarımızın yaşadıqları hər
yerdə tanınır, sevilir.
2009-cu ildə Təbrizli şair Həsən Savalan
Əli Qurban Dastançının "Deyişmələr, dərdləşmələr"
kitabını, şair Yusif isə onun lirik şeirlərini
"Lalasıyam bu dağların" başlığı altında
əski əlifba ilə Təbrizdə çap etdirmişlər.
Sənətkarın
bir zaman özünə müraciəti günümüzdə
həqiqətə çevrilmişdir:
Ay
Əli, ürəyin bağlansın elə,
Qoy arzun,
diləyin dönsün ağ yelə.
Dünyadan
gedəndə el desin belə:
Bir sənətkar getdi, sənəti qaldı.
Əliş ƏVƏZ
Azərbaycan Yazıçılar
Birliyinin və
Rusiya Jurnalistlər Birliyinin
üzvü
Ədəbiyyat qəzeti.- 2011.- 16 dekabr.- S.3-6.