"Şekspir" "Xəstə könül" adıyla səhnədə

         

Krım tatarları ilə azərbaycanlıları dərin etnik köklər, tarixi mədəniyyət, dil birliyi bağlayır. Vaxtilə İsmayıl bəy Qaspıralının nəşr etdiyi "Tərcüman" qəzeti Azərbaycanda, Orta Asiyada, Volqaboyunda, eləcə də digər türkdilli ölkələrdə, ərazilərdə böyük nüfuz qazanmışdı. Sonrakı dövrlərdə minillərlə tarixi olan bu xalqın repressiyaya məruz qalması onun ədəbiyyatına, mədəniyyətinə və incəsənətinə təsirsiz ötüşməmişdir. Lakin Krım tatarlarının öz tarixi torpaqlarına qayıdışından sonra onlar tarixi mədəniyyətlərini bərpa etməklə yanaşı, dünya mədəniyyətinə intiqrasiyanı da unutmurlar. Şübhəsiz ki, bu xalq türk millətlərini, xüsusən də azərbaycanlıları özlərinə daha doğma bilir. Bu doğmalığın, məhəbbətin nişanəsidir ki, Krım tatarları Azərbaycanın xalq yazıçısı Elçinin "Şekspir" əsərinin bədii məziyyətlərini, bəşəri mövzusunu nəzərə alaraq onu "Xəstə könül" adıyla tamaşaya hazırlamışlar. Yeri gəlmişkən qeyd edək ki, "Şekspir" Elçinin geniş şöhrət tapmış pyeslərindəndir. İlk dəfə "Üns" teatrında tamaşaya hazırlanan bu əsərin sədası sonralar dünyanın bir çox məşhur teatrlarından, o cümlədən Londondakı "Avanqard" teatrından da gəlmişdir.

Dekabrın 20-si Krım-tatar Akademik Musiqili Dram Teatrının kollektivinin ifasında "Xəstə könül" Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunacaq. Teatrın truppası ilə yanaşı, Krım-tatar Xalq Məclisinin sədr müavini, Krım MR Ali Şurasının beynəlxalq münasibətlər üzrə daimi komissiyasının sədri Remzi İlyasov, Krım -tatar Teatr Xadimləri İttifaqının sədri, teatrın direktoru və bədii rəhbəri, Ukraynanın əməkdar incəsənət xadimi Bilal Bilalov da Bakıya gələcəklər.

"Xəstə könül" tamaşasının quruluşçu rejissoru və səhnə tərtibatı Ukraynanın əməkdar incəsənət xadimi Rinat Bektaşevdir. Rolları Ukraynanın əməkdar artisti Dilavər Səttarov, Krım MR əməkdar artistləri Eldar Cəlilov (Drob-13), Marlen Osmanov (Marslı), Fatma Asanova (Ər-arvad), Əşrəf Yəhyayev (Stalin), aktyorlardan Refat Şeit - Ablayev (Baş həkim), Gülnar Sefedina (Həkim), Lemara Cəlilova (Sara Bernar) ifa edəcəklər.

"Xəstə könül"ün Sumqayıt şəhərində və Qaradağ rayonunda göstərilməsi, yaradıcı heyətlə görüşlər də nəzərdə tutulub.

Xatırladaq ki, Akademik Milli Dram Teatrı bu ilin aprel ayında Krım-tatar Musiqili Dram Teatrının qonağı olmuş, onların səhnəsində H.Mirələmovun "Xəcalət" pyesinin tamaşası ilə çıxış etmişdir.

 

A.İsmayıloğlu

Ədəbiyyat qəzeti.- 2011.- 16 dekabr.- S.2.