Aşıq-ozan sənətinin memarlarından biri

  

Keçən əsrin ortaları, daha doğrusu, 1956-cı il idi. Kəndimiz yenicə plana köçmüş, evlərə işıq çəkilmiş, radiolaşdırılmışdı. Kəndin radio qovşağı səhər-axşam Bakıya qoşulur, radionun sehri insanları ovsunlayırdı. Bir gün xəbər yayıldı ki, axşam radioda Aşıq Şəmşir oxuyacaq. O vaxtlar bizim bölgədə insanların mənəvi qidası yalnız kitablarsaz-söz olduğundan bütün kəndi maraq bürümüşdü. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib kəndimizə qayıdan dayım oğlu Zakir Xasıyev dedi ki, Aşıq Şəmşir Kəlbəcərdəndir. Səməd Vurğunun dostudur. Səməd Vurğunla deyişməsi də var. İnsanların marağı daha da artdı. Əgər Aşıq Şəmşir dünya şöhrətli şairimizlə deyişibsə, deməli, elə-belə aşıq deyil. İntizarla axşamı gözlədik. Həmin axşam Aşıq Şəmşir dörd-beş aşıq mahnısı oxudu. Onun zil, şaqraq səsi indi də qulaqlarımda səslənir.

O vaxtdan yarım əsrdən artıq vaxt keçib. Çox şey dəyişib. Dəyişməyən Aşıq Şəmşirə olan hörmət, ehtiram və məhəbbətdir. Şəmşir aşıq sənətinin ağırlığını çiyinlərində daşıyan, onu urvatlandıran aşıq-şair kimi zaman keçdikcə xalqın gözündə ucaldı, saz-söz pərəstişkarlarının qəlbində Dədə mərtəbəsinə yüksəldi. Coşqunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Alı, Ələsgər, Molla Cümə, Hüseyn Bozalqanlı kimi misilsiz sənətkarların sırasında dayandı. Yeri gəlmişkən onu da bilmək maraqlı olar ki, Aşıq Şəmşirdən sonra aşıq sənətinin memarlarının sırasına yalnız Mikayıl Azaflı qoşula bildi. Sağlığında klassikləşən hər iki aşıq təkcə aşıq sənətini kamil bilmələri ilə deyil, eləcə də coşqun şairlik təbinə malik olmaları ilə seçiliblər. Təsadüfi deyil ki, hər iki aşıq tədqiqatçılar tərəfindən haqlı olaraq aşıq-şair deyə təqdim olunurlar. O da təsadüfi deyil ki, onların hər ikisi Yazıçılar İttifaqının üzvü olub. Aşıq Şəmşir 1957-ci ildə, Mikayıl Azaflı isə sonralar.

Aşıq Şəmşirə qüdrətli qələm sahibləri - saz-söz sənətini dərindən bilən, ömürlərini bu sənətin, bu sənəti yaradan və yaşadanların tədqiqinə həsr edən alimlər, şair və yazıçılar sanballı əsərlər həsr etmişlər. Həmin əsərləri və Şəmşirin yaradıcılığını nəzərdən keçirəndə ürəyimə ilk gələn o oldu ki, fitri istedad sahibi - Azərbaycanın ilk xalq şairi Səməd Vurğun kimin haqqında nə deyibsə, düz çıxıb. Onun Aşıq Şəmşirin yaradıcılığını bir aşıq və şair olaraq yüksək qiymətləndirməsi, şair Osman Sarıvəllidən Şəmşir haqqında tədqiqat əsəri yazmasını təvəqqe etməsi də onun uzaqgörənliyindən xəbər verirdi. Aşıq Şəmşirin Dədə aşıqlar dayanan zirvədə dayanacağını Səməd Vurğun şair fəhmi ilə əvvəlcədən görmüşdü. Maraqlıdır ki, şair zamanının bütün görkəmli aşıqları ilə isti münasibətdə olmuş, onlarla oturub-durmuş, ölməz aşıq sənəti barədə söhbətlər etmişdir. Lakin onlarla deyişməmişdir.

Aşıq Şəmşirlə saz-söz sənəti barədə söhbətlərdən, onun aşıq sənətini dərindən bildiyinin şahidi olandan, aşığın təbli şair olduğunu görəndən sonra, indinin özündə belə aşıqların dillər əzbəri olan beş bənddən ibarət qoşma ilə deyişmişlər. Həmin deyişmənin ilkson bəndlərini oxuculara təqdim edirik. Qoy saz-söz xiridarları bir daha şahid olsunlar ki, hər iki şairin qoşmasında məna dərinliyi, dilin şirinliyi, xalq ruhuna yaxınlıq adamı heyran edir.

 

Səməd Vurğun:

Aşıq Şəmşir, Dəlidağdan keçəndə

Kəklikli daşlardan xəbər al məni!

Ceyran bulağından qızlar içəndə

Saz tutub, söz qoşub yada sal məni!

 

Aşıq Şəmşir:

Qoşqarla yanaşı duran adın var,

Bizim el tanıyır uca dağ səni!

Elimin, günümün böyük şairi,

Bilirik şeirdə bir mayak səni!

 

Səməd Vurğun:

Bəxt məni bu yerə qonaq gətirdi,

Gedirəm, yamandı ayrılıq dərdi.

Demə, Səməd Vurğun gəldi-gedərdi,

Unutmaz bu oba, bu mahal məni!

 

Aşıq Şəmşir:

Şəmşirlə görüşün qaldı yadigar,

Unutmaz qədər canında can var.

Səndən dərs almağa diyarbədiyar,

Gəzərəm əlimdə şam-çıraq səni.

 

Xalq şairi Osman Sarıvəlli "Aşıq ürəkli şair, şair ürəkli aşıq Şəmşir" adlı tədqiqat əsərində maraqlı bir məsələdən söz açır: "Aşıq poeziyası ilə məşğul olan alimlərimiz haqlı olaraq deyirlər ki, Səməd Vurğun Kəlbəcərdə Şəmşirlə görüşəndən sonra aşıq çox məşhurlaşmışdır. Bu, həqiqətən belədir. Bu mənada desək, Aşıq Şəmşir xalq şairi Səməd Vurğunun kəşfidir".

Bu bir həqiqətdir ki, Səməd Vurğunla Aşıq Şəmşirin tanışlığı, dostluğu cəmi doqquz ay (avqust 1955-aprel 1956) çəksə , ədəbi hadisəyə çevrildi. Dahi şairin "Demə, Səməd Vurğun gəldi-gedərdi" misrası çox mətləblərdən söz açır. Onun Aşıq Şəmşirlə görüşü, sonrakı münasibətləri bir nümunə məktəbidir. Prof. Mürsəl Həkimov "Haqq aşığı Dədə Şəmşir" əsərində bu məsələyə işıq tutur. Doğrudan da, S.Vurğunun Aşıq Şəmşiri Bakıya dəvət etməsi, 20 çap vərəqi həcmində şeirlər kitabını nəşriyyatda plana saldırması, Məmməd Arif, Həmid Araslı, Mirzağa Quluzadə kimi görkəmli ədəbiyyatşünas alimlərlə tanış etməsi, öz maşınında onu şəhərin görməli yerlərinə aparıb göstərməsi, onun Yazıçılar İttifaqına üzv olması məsələsini qoyması xalq şairinin aşıq sənətinə, sənətkara verdiyi qiymətdən xəbər verir. Aşıq Şəmşirin şairin ölümündən sonra ona neçə-neçə şeir qoşması isə aşığın etibarını, düz ilqarını göstərir.

Aşıq Şəmşirlə bağlı bir faktı da göstərmək istərdim.

Mikayıl Azaflının "Qoca Qartal" adlı kitabını ("Nurlan" nəşriyyatı, 2008) nəşrə hazırlayarkən aşığın arxivində Aşıq Şəmşirin öz əl xətti ilə yazdığı Azaflı Mikayıla ünvanladığı deyişmələrinə şeir-məktubuna rast gəldim. Dədə Şəmşirin poetik dünyasından xəbər verən deyişmələri şeir-məktubu məni məftun etdi. Xüsusi vurğulamaq lazımdır ki, Aşıq Şəmşirin Azaflı Mikayılla aşıq poeziyasının ən çətin mürəkkəb janrı olan təcnislə deyişməsi aşıq yaradıcılığında az təsadüf edilən hadisədir.

Həmin deyişmənin birinci bəndini oxucuların nəzərinə çatdırıram ki, mənim bu fikrimə şahidlik etsinlər:

 

Aşıq Şəmşir:

zamandı gəlib həsrəti-didar,

Bu gün qonaq gəlib bu dağ, bu dağa.

Elə bil gül açıb, gəlibdi bahar,

Könül bağçasında budağ-budağa.

 

Mikayıl Azaflı:

Aran da yaxşıdı, dağ da yaxşıdı,

Dağ dağa arxadı, aran arana.

Düz, əyri, xeyir-şər vaxtın naxşıdı,

Salar ayrılığı aran-arana.

 

O ki qaldı Şəmşirin şeir-məktublarına, onlar ayrı aləmdir. Hərdən fikirləşirəm, Səməd Vurğunun ustad aşığın yaradıcılığına dərin marağı onu yüksək dəyərləndirməsi belə poeziya nümunələrindən qaynaqlanmırdımı?

Baxın, qiymət verin, görün üç bəndlik bu yığcam qoşmada Aşıq Şəmşir Azaflı Mikayılı Kəlbəcərə necə dəvət edir. Şerin axıcılığı, təbiət təsvirləri, məna, məzmun çalarları adamı heyran edir, aşıq-şairin çeşməyə bənzər təbindən, şairlik istedadından xəbər verir:

 

Çəmənə, çiçəyə bəzənib hər yan,

Sən bizim dağlara yaz olanda gəl.

Lalə, nərgiz açılanda ərməğan

Boran bu yerlərdə az olanda gəl.

 

Bənövşə kollara sarışan zaman,

Əliklər meşədə bağrışan zaman,

 

Çöllərdə çalxanıb çığrışan zaman,

Çayların üstündə qaz olanda gəl.

 

Xəstəlik əlində belə çaşbaşam,

Axı bacarmıram sellənib daşam.

Müddətdi yatıram, hələ naxoşam,

Şəmşirin əlində saz olanda gəl.

 

Yuxarıda göstərmişik ki, Aşıq Şəmşir aşıq poeziyasının elə bir janrı yoxdur ki, orada uğurla qələm çalmasın. "Folklorumuzda yerini tutmamış bir janr" adlı məqaləmdə, sonralar isə "Kərkük folklorunun janrları" kitabımda Aşıq Şəmşirin "bayatı-tapmaca"lar da yazdığını göstərmişəm. Lakin tədqiqatçılarımız onları bayatılar qismində verdiklərindən açması verilməmişdir. Mən bu münasibətlə yazmışam: "Azərbaycanda folklorşünaslığa dair son vaxtlar çap olunan kitablarda "bayatı-tapmaca"ların açmasını verməmək meyli özünü göstərir. Hətta Aşıq Şəmşir kimi müasirimizin belə "bayatı-tapmaca"larının açmasının verilməməsi təəssüf doğurur. Məsələn:

 

Ayağı, əli qandı,

Dodağı, dili qandı.

Möcüzə dərya gördüm,

Suyu duz, gülü qandı.

 

İki at var uzaqda,

Bərqərardı hər vaxtda

Qarası adam yıxar,

Ağı gəzər qucaqda.

(Aşıq Şəmşir. Şeirlər. Bakı, Yazıçı, 1980)

 

Halbuki, "bayatı-tapmaca"ların açmasının verilməsi həm insanı düşünüb-daşınmağa sövq etmək baxımından, həm ona təbiət cəmiyyət hadisələri, xalqın həyat tərzi, fikri-düşüncəsi barədə məlumat vermək baxımından maraq doğurur, tədqiqatçılar üçün əvəzsiz xəzinəyə çevrilir. Digər tərəfdən vəzn qafiyəsi yerli-yerində olan bu qiymətli poetik parçaların açması məlum olduqda dillər əzbərinə çevrilir, daha geniş yayılır" (Kərkük folklorunun janrları. Bakı, "Elm" nəşriyyatı, 2003).

Aşıq Şəmşirin "bayatı-tapmaca"larından da göründüyü kimi, bəzən sadə, bəzən də yüksək poetik dillə yazılan, təşbih və təsvirlərlə, obrazlı ifadələrlə dolu olan bu dördlüklər, ağlı, zəkanı, düşüncə və mühakiməni inkişaf etdirmək baxımından xüsusi qiymət kəsb edir.

Əziz saz-söz sərrafları, dənizin suyunun duzlu olduğunu bilmək üçün bir damcı kifayət etdiyi kimi, şerin də əsl poeziya nümunəsi olduğunu bilmək üçün bir bənd kifayət edir. Aşıq Şəmşirin hansı bəndini, hansı şerini götürsək, görərik ki, əsl poeziya nümunəsi olmaqla bərabər xalq ruhunda köklənib. Yayda bulaq suyu insanın ürəyinə necə yayılırsa, Şəmşir poeziyası da qəlblərə məlhəm kimi eləcə yayılır.

Çəkinmədən deyə bilərik ki, bütün aşıq şeir şəkillərindən məharətlə istifadə edən, təkrarsız poeziya nümunələri ilə XX əsr Azərbaycan aşıq poeziyasının inkişafında xüsusi yeri olan Aşıq Şəmşir o xoşbəxt taleli sənətkarlardandır ki, aşıq sənətinə verdiyi töhfələri sayəsində ozan-aşıq sənətinin memarlarının bərqərar olduğu zirvədə layiqli yerini tutmuşdur.

 

Qəzənfər Paşayev

Ədəbiyyat qəzeti.- 2011.- 16 dekabr.- S.3.