Moskvada Azərbaycanın xalq
yazıçısı Mirzə İbrahimovun
100 illiyinə həsr olunmuş gecə
keçirilib
Moskva
Millətlər Evində Azərbaycanın xalq
yazıçısı, görkəmli dövlət və
ictimai xadim Mirzə İbrahimovun anadan olmasının 100
illiyinə həsr olunmuş gecə keçirilmişdir.
"Ocaq" Azərbaycan Mədəniyyəti Cəmiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin ölkəmizin Rusiyadakı səfirliyinin köməyi ilə təşkil etdikləri gecədə hər iki ölkənin yaradıcı ziyalıları, Azərbaycan diasporunun nümayəndələri, Rusiya yazıçıları, M.İbrahimovun ailə üzvləri iştirak etmişlər.
"Ocaq" Azərbaycan Mədəniyyəti Cəmiyyətinin sədri, əməkdar elm xadimi Tofiq Məlikli ədibin həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatı və mədəniyyətindəki rolundan söz açaraq xüsusi vurğulamışdır ki, Mirzə İbrahimovun parlaq və qeyri-adi ömür yolu mərdlik, vətənpərvərlik, xalqın idealları uğrunda mübarizə örnəyidir. T.Məlikli, həmçinin M.İbrahimovun Milli Elmlər Akademiyasının yaradılmasına, Azərbaycan dilindən istifadə sahələrinin inkişafına və genişləndirilməsinə töhfəsindən danışmışdır.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə böyük Azərbaycan yazıçısının 100 illik yubileyi respublikada geniş qeyd edilir. O, milli mədəniyyətimizin görkəmli xadimi haqqında xatirələrini bölüşərək demişdir ki, M.İbrahimov xalqımızın öz ana dilində danışıb-yazmaq hüququnu cəsarətlə müdafiə edən qeyrətli və prinsipial bir insan kimi tariximizdə yer tutmuşdur. Diplomat demişdir: "Əsas məsələ budur ki, Azərbaycan xalqı Mirzə İbrahimovun xalqımız qarşısında xidmətlərini xatırlayır və bundan sonra da xatırlayacaqdır".
Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev M.İbrahimovun həyatı ilə bağlı dövlət arxivlərində saxlanılan, lakin ictimaiyyətə az məlum olan epizodlardan danışmış, şəxsi xatirələrini bölüşmüşdür. Ç.Abdullayev ziyalılığı, qətiyyətli vətəndaş mövqeyi və müdrikliyi ilə seçilən yazıçının şəxsi keyfiyyətləri üzərində ətraflı dayanmışdır.
Yazıçının iş üslubunu, onun yüksək vəzifələrdə
çalışarkən öz işinə
və ətrafındakı insanlara
münasibətini xatırlayan tanınmış
yazıçı və publisist, Milli Məclisin deputatı Elmira
Axundova Mirzə İbrahimovun
Rusiya KİV-lərində Azərbaycana
qarşı yönəlmiş erməni təbliğat
maşını ilə Azərbaycan
ziyalılarının qarşıdurmasına töhfəsini xüsusi vurğulayaraq demişdir: "O, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı
faciəli hadisələrlə bağlı böyük
narahatlıq hissi keçirirdi.
O, öz ölkəsinin əsl vətənpərvəri
və vətəndaşı idi".
Xatirələrini bölüşən tanınmış şair Nəsib Nəbioğlu Azərbaycanın böyüklüyünü ilk dəfə Murovdağdan gördüyünü deyən M.İbrahimovun Kəlbəcərə birinci səfərindən söz açmış, şeir oxumuşdur.
Moskva Millətlər Evinin direktorunun müavini Aleksandr Ponomar, Dövlət Duması deputatının köməkçisi Vladislav Şvetsov, şair-tərcüməçi Mixail Sinelnikov, Azərbaycan yazıçıları, ədibləri çıxış edərək yekdilliklə bildirmişlər ki, Mirzə İbrahimov Azərbaycan tarixində müstəsna şəxsiyyətdir və onun xatirəsi xalqın qəlbində daim yaşayacaqdır.
Yazıçının qızı, "Literaturnıy Azerbaydjan" jurnalının baş redaktoru Solmaz İbrahimova xoş sözlərə və atasının fəaliyyətinə verilən yüksək qiymətə görə tədbirin təşkilatçılarına və iştirakçılara səmimi minnətdarlığını bildirmişdir.
Gecədə Azərbaycan televiziyasının M.İbrahimov haqqında çəkdiyi sənədli
filmdən fraqmentlər göstərilmişdir. Tədbir
iştirakçılarına Nəsib Nəbioğlunun M.İbrahimovun həyat və
yaradıcılığına həsr olunmuş
məqalələrinin yer
aldığı "Literaturnaya qazeta" və "Azerbaydjanskiy
konqres" qəzetləri və "Naşe vremya"
jurnalı paylanmışdır.
Asya HACIZADƏ
Ədəbiyyat qəzeti.- 2011.- 16
dekabr.- S.3.