İçəridən baxış
(Əvvəli 4 noyabr 2011-ci il tarixli sayımızda)
2. 150 cildlik: ən əhəmiyyətli
ədəbiyyat hadisəsi
Bu uzun sadalamadan sonra icazə verin bəzi ümumi qənaətlərimi
də bölüşüm sizinlə.
Əziz dostlar, ədəbiyyatla, bədii tərcümə işi ilə peşəkar olanlar, xüsusən, eləcə də ana dilində olan dünya ədəbiyyatı nümunələrinin bütün diqqətli oxucuları da təqdim olunan siyahıda hansı əsərlərin təkrar nəşr, hansılarının isə yeni tərcümələr olduğunu o saat sezdilər. 150 kitab arasından indiyədək nəşr olunmuşların bəziləri haqqında qısa fikilərimi bölüşüm sizinlə. İlk öncə deyim ki, tərcümə olunan, nəşr olunan bütün əsərlər qiymətlidir, gərgin tərcüməçi işinin nəticəsidir, bu mənada onların arasında fərq qoyulmaz, biz də qoymuruq.
Amma elə əsərlər var ki, onlar bir çox parametrləri ilə - ilk növbədə orijinal dildən tərcümə olunması, daha sonra tərcümənin keyfiyyəti, dil baxımından peşəkarlıqla icrası və əlbəttə ki, tərcümə olunan əsərin dünya bədii fikrində, ədəbiyyat tarixində yeri baxımından, üstəgəl indiyədək dilimizə çevrilməməsi faktı (təəssüf doğursa da, belədir), yeni olmasıyla xüsusən diqqət çəkir. Fikrimcə, Haynrix Böllün, Corc Oruelin, Harold Pinterin, Selincerin, Remarkın, Orxan Pamukun seçilmiş əsərləri, habelə ingilis və alman ədəbiyyatı antologiyaları sadaladığım bütün prinsipilər baxımından siyahının ən uğurlu tərcümə kitablarıdır ki, Vilayət Hacıyev, Çərkəz Qurbanlı, Zeydulla Ağayev, Vilayət Quliyev, Tehran Vəliyev, Nəriman Əbdülrəhmanlı və digər tərcüməçilərimizə ayrıca təşəkkür düşür.
Nadir Qocabəylinin Hamsun və Kortasardan elədiyi tərcümələr orijinaldan olunmasa da, olduqca vacib tərcümələrdir. Nadirin hər iki müəllifdən elədiyi tərcümələr həmin müəllifləri Azərbaycan oxucusu ilk dəfə bu həcmdə təqdim edir. Tanıdır. Eyni fikirləri Yaşarın Somerset Moemdən və İlqar Əlfioğlunun Joze Saramaqodan elədiyi tərcümələr haqqında da demək olar. Həm Hamsun və Kortasarın, eləcə də Moem və Saramaqonun əsərləri Azərbaycan türkcəsində uğurla səslənir.
3. Digər kitablar və kitab
seriyaları
Kitablar
Yalnız
məruzənin əhatə elədiyi dövrün deyil,
müstəqillik ilərində bədii tərcümə sahəsindəki
ən fundamental, təkmüəllifli tərcümə
örnəyini xatırlatmaq istəyirəm: Mahmud
Kaşğarinin "Divani-lüğat-it türk"ü.
Mükəmməl məlumat və biliklər toplusu yaratmaq
işində Qərbi-Avropa maarifçi ensiklopedistlərini
yeddi yüz il qabaqlayan, türklərin ilk ensiklopediyası olan
Mahmud Kaşğarinin "Divan"ını
tanınmış tərcüməçi və alim Ramiz
Əskər Bəsim Atalayın tərcüməsi əsasında
hazırlamış və çevirmişdir. Bu
"Divan"ın dilimizə olan ilk tərcüməsidir.
Ramiz Əskərin tərcümə etdiyi və
hazırlardığı 4 cildlik, 2000 səhifəlik bu dəyərli
töhfə haqqında xalq yazıçısı Anarın
Ramiz Əskərə ünvanladığı, "Ədəbiyyat
qəzetində" dərc edilən "Açıq məktub"da
həm əsərin dünya və ümumtürk bədii
fikir tarixində yeri, həm də tərcüməçinin
fədakar əməyi haqqında əlavəyə ehtiyac
olmayan dəyərli fikirlər yazılıb deyə, biz də
öz növbəmizdə Ramiz Əskərə, nəşrə
dəstək olmuş hər bir kəsə təşəkkür
edirik.
Görkəmli şərqşünas alim Aida
İmanquliyevanın "Məqalələr və tərcümələr"
kitabı məruzə dövrünə aid, ərəb və
Şərq ədəbiyyatını tanıdan ən dəyərli
kitablardan biridir. Şərqşünaslıq İnstitutunun ərəb
filologiyası şöbəsinin müdiri, filologiya elmləri
doktoru Vilayət Cəfərovun tərtib etdiyi "Məqalələr
və tərcümələr" kitabında Aida
xanımın 53 məqaləsi, müxtəlif kitablara
yazdığı rəylər , eləcə də Mixail
Nüaymə (Livan) "Ümyaqubun toyuğu",
"İnsan və quş", "Buz əriyəcək",
Süheyl İdris (Livan) "Azadlıq", Mahmud əz-Zahir
(İraq) "Boğulmuş hıçqırtılar",
Sahib Cəmal (İraq) "Yusif", Macid Zeyyib Ğənama
(İordaniya) "Növbədə dayanmaq", "Vətənin
portreti" və Məhəmməd Dibdən (Əlcəzair)
"Hasin Dermək" ustalıqla çevirdiyi əsərlər
toplanmışdır.
Ümumtürk
folklorunun zirvəsi olan, qırğız eposu
"Manas"ın tərcüməçisi, istedadlı və
tanınmış şair həmkarımız, eposla
bağlı uzun illərdi tədqiqatlar aparan dəyərli
alim və tərcüməçi Adil Cəmilin işini məhz
indi, bu sırada qeyd eləmək əlbəttə ki, təsadüfi
deyil. Eposun prozaik və yığcam, eyni zamanda
uğurlu tərcüməsi onu bütün oxucu
kateqoriyaları üçün oxunaqlı və əlçatan
edir.
Bu sırada qeyd etməyi lazım bildiyimiz daha bir kitab
böyük rus yazıçısı F.M.Dostoyevskinin
"Karamazov qardaşları" romanıdır. Tanınmış
alim və tərcüməçi Telman Vəlixanlının
tərcümə etdiyi və iki cilddə "Mütərcim"
nəşriyyatında çap olunan əsəri milli tərcüməçilik
sənətimizin çin olmuş arzusu da hesab eləmək
olar. Bədii tərcümə işinə dəyərli
töhfə olan bu əsər həm Azərbaycan
Yazıçılar Birliyinin N.Nəcəfov adına
mükafatına, həm Mədəniyyət və Turizm
Nazırliyinin "Qızıl kəlmə" mükafatına,
"Tərcümə nominasiyası"na görə əsas
mükafata, həm də Rusiyanın Dostoyevskinin tərcüməsinə
görə verilən nüfuzlu ödülünə layiq
görülmüşdür.
Nəşr olunmuş bəzi başqa kitablara da baxaq. Məruzə dövründə
tanınmış nasir və tərcüməçi Kamran Nəzirlinin
çevrisində "Heç kim və heç vaxt
ölmür - Dünya ədəbiyyatından seçmələr"
(Cek London,Con Qolsuorsi, Somerset Moem, Edqar Po, Ernest Heminquey, Folkner,
Harold Pinter, Markes, Oskar Uayldın daxil olunub) kitabı (bu kitab
da Mədəniyyət və Turizm Nazırliyinin
"Qızıl kəlmə" mükafatı, "tərcümə
nominasiyası"na görə əsas mükafatını
alıb) tanınmış nasir və tərcüməçi
Saday Budaqlının tərcüməsində Mixail Bulqakovun
"Master və Marqarita"sı (XX əsr dünya ədəbiyyatının
məhşur və sirli əsərlərindən olan
"Master və Marqarita" nəhayət ki, dilimizə tərcümə
olundu; bu olduqca dəyərli tərcümə işi də
"Qızıl kəlmə" mükafatı, "Tərcümə
nominasiyası"na görə əsas mükafatıyla qiymətləndirildi),
tanınmış şərqşünas alim və tərcüməçi
Məsiağa Məhəmmədinin Babu Kuhi Bakuvi, Şəms
Təbrizi ("On hekayət"), Şeyx Məhəmməd
Xiyabani, Söhrab Sepehri, Spujməy Zəryab və Pərviz
Hüseyninin əsərlərinin yer aldığı "Tədqiqlər
və tərcümələr" kitabı, gürcü
dilindən və gürcü dilinə tərcümə sahəsində
artıq klassikə çevrilmiş, tanınmış
şair, nasir və dramaturq İmir Məmmədlinin tərcüməsində
görkəmli gürcü şairi Vaja Pşavelanın
("İki poema: "Qonaq və ev sahibi"; "Aluda
Ketalauri") və Cansuğ Carkvianinin "Şeirlər"
kitablarını, tanınmış nasir və tərcüməçi
Nəriman Əbdülrəhmanlının tərcüməsində
Andrey Platonovun "Seçilmiş əsərləri" və
Qoderzi Çoxelinin "Küknarlara məktub"u (hekayələr
və roman; T.Mirzə ilə birlikdə), tanınmış tərcüməçi
və tərcüməçilik fəaliyyəti örnəyə,
məktəbə çevrilmiş mərhum Natiq Səfərovun
çevriləri və dostlarının onun haqqında xatirələri
toplanmış "Ən gözəl uçuş"
kitabı (Folkner, Steynbek, Platonov, Markes, O.Süleymenovdan elədikləri
tərcümələr daxil edilib kitaba; toplayan Nəriman
Əbdülrəhmanlı), çağdaş nəsrimizin
tanınmış nümayəndəsi Elçin Hüseynbəylinin
tərcüməsində Markiz de Sadın "Ehtiraslı
Tereza"sı, istedadlı şair və çağdaş
rus poeziyasının dəyərli tərcüməçisi
Qoca Xalidin çevrisində Vladimir Vısotskinin "Zirvədə
izim qalıb" şeirlər kitabı, Robert Minnulinin
"Ətirli yarpaqlar" şeir toplusu (tərc.: Məmməd
Kazım, Əsəd Cahangir, Həyat Şəmi və
İlahə Əhmədova), Oljas Süleymenovun "Kuman nəğməsi"
(tərc.: Elxan Zal, Akif Əhmədgil, ön söz: Anar),
Q.Lessinqin "Müdrik Matan"ı (tərc.: Həmid
Arzulu), tanınmış şair və tərcüməçi
Tofiq Abdinin çevrisində "Əsrar Dədədən
Orxan Arasadək - XX əsr türk poeziyasından seçmələr"
( ön söz: Elçin İskəndərzadə),
tanınmış yazıçı və tərcüməçi
Fəxri Uğurlunun tərcüməsində "Cəlaləddin
Rumi və onun məsnəvisi: 30 hekayət", Rəşad
Nuri Güntəkinin "Yarpaq tökümü" romanı
(tərc.:Vaqif Sultanlı), "Qaraqalpaq xalq
nağılları" (tərc.:Nizami Tağısoy), Akif
Abbasovun tərcüməsində Touşan Esenova ("Ali təhsilli
arvad"; pyes), Mar Bayciyev ("Duel"; pyes), Qrehem Qrin
("Canlılar yaşayan otaq"; pyes) və U.S. Moemin
("Edvard Barnardın ruh düşkünlüyü";
povest) kitabları işıq üzü
görmüşdür.
Diqqət
çəkən nəşrlər arasında Xalid Hüseynin
"Çərpələng uçuran" romanı (tərc.: Xədicə İsmayıl), Xeyrəddin
İvginin "Hüzünlü nəğmələr"
şeir kitabı (tərc.: Elxan Yurdoğlu), Revaz
Mişveladzenin "Xeyirxah" adlı novellalar toplusu (tərc.:
Vüqar Vüqarlı), çuvaş şairəsi Raisa Səbrinin
"Hər qürubda sən varsan" poetik toplusu (tərc.: Həyat
Şəmi), Vehbi Vakkasoğlunun "Çanaqqalada
savaşanlar və dastan yazan analar" (tərc.:Sərvaz
Hüseynoğlu) da var.
Mədəniyyət və Turizm Nazirliyinin nəşri
olan İslam ölkələri şairlərinin şeirləri
toplanmış "Sevgi fəsli" kitabı da (tərtibçi
və redaktor Ağacəfər Həsənli) məruzə
dövrünün uğurlu kitablarındandır. Bura Türkiyə, İraq,
İran, Özbəkistan, Qazaxıstan, Pakistan, Misir,
Əfqanıstan, Türkmənistan, Qırğızıstan,
Tacikistan, Fələstin, Livan, Tatarıstan, Abxaziyadan olan 80-dən
artıq şairin şeirləri toplanmışdır . Kitabda
Xəlil Rza, Əliağa Kürçaylı, Qasım
Qasımzadə, Balaş Azəroğlu, Əhəd Muxtar,
Çingiz Əlioğlu, Şahin Fazil, Ağacəfər Həsənlinin,
Nəriman Qasımoğlu, Dilsuzun, Xanəmir və Səlim
Babullaoğlunun tərcümələri daxil edilmişdir.
Nazirliyin tərcümə nəşrləri
sırasına Lidiya Obuxovanın "Öncə yer
vardı" (Yuri Qaqarin haqqında xatirə-povest)
kitabıdır. Faşizm üzərində qələbənin 65 illiyinə
həsr olunan, XX əsrin əfsanəyə çevrilmiş
simalarından biri, kosmosa ilk dəfə yol açan kosmonavt
Yuri Qaqarinin həyatından bəhs edən, "Bakı
Nağıl evi"ndə nəfis şəkildə çap
olunmuş bu dəyərli tərcümə işinin müəllifi
tanınmış və istedadlı şair Vaqif Bəhmənlidir.
Müsahibələrinin birində
özünü təvazökarlıqla peşəkar tərcüməçi
hesab etməyən şair Vaqif Bəhmənli əslində
sözə olduqca diqqət və həssaslıqla,
ustalıqla yanaşan tərcüməçidir. Onun 2006-cı ildə nəşr olunan poetik
üçcildliyinin 3-cü cildinə daxil edilmiş, "Hər
çəməndən bir çiçək"
bölümündə toplanmış tərcümələri
dediklərimizin əyani sübutudur. Bölümdə
Vaqif Bəhmənlinin dünyanın 11 şairindən (Qurbannəzər
Əzizov - Türkmənistan, Maksim Tank, Robert Rojdestvenski və
Lüdmila Barabaş - Rusiya, Tone Pavçek-Sloveniya, Uilyam Cey
Smitt - ABŞ, Şövkət Rəhman - Özbəkistan,
Ariel Dorfman - Çili, Orxan Vəli - Türkiyə, İrma
Landetta, Q.Q.Lorka- İspaniya) elədiyi tərcümələr
daxildir ki, kitab bir tərcüməçinin
"ifasında" olduqca maraqlı poetikalar sərgiləyir.
"Müasir İran tənqidinin atası" kimi isimləndirilən
görkəmli yazar və filosof Rza Bərahəninin
"Qanun" nəşriyyatında nəşr edilən
"Şeirlər, müsahibələr, tərcümələr"
kitabı da məruzənin əhatə elədiyi dəyərli
nəşrlərdəndir. Xalq şairi Sabir Rüstəmxanlının
naşirliyi, f.e.d. Məsiağa Məhəmmədinin tərtibçi-redaktoluğu
ilə nəşr olunan kitabın tərcüməçiləri
Məsiağa Məhəmmədi, Səlim Babullaoğlu,
Əli Qərəcəlu, Behruz Sədiq və Lalə
Cavanşirdir.
Bu illər ərzində nəşr olunmuş daha bir
neçə kitabın adını çəkmək yerinə
düşərdi. Klassik alman şeri nümunələri
kimi qocaman tərcüməçi Əlihəsən
Şirvanlının Haynrix Haynenin "Şimal dənizi",
Fridrix Şillerin "Balladalar və şeirlər"i fərdi
təşəbbüslə və orijinaldan tərcümə
olunmasıyla təqdirəlayiqdir. Yenə
də klassik alman poeziyasından daha bir tərcümə
kitabı Yohan Volfanq Fon Hötenin "Qərb-Şərq
Divanı"dır. Həm bu dəyərli kitabın tərcüməçisi,
həm də "Hötenin "Qərb-Şərq
Divanı"nda "Cənnət" bəhsi" adlı
vacib tədqiqat əsərinin müəllifi Ələkbər
Qubatovdur.
Maqda Sabonun "Qapı" kitabının tərcüməsi
bir neçə baxımdan maraqlıdır. Əvvəla, kitabın tərcüməçisi
adı bu gün hər bir azərbaycanlıya yaxşı tanış olan, qeyrətli həmvətənimiz
Ramil Səfərova aiddir. Yəni bu bir tərəfdən
milli heysiyyətimizi qoruyan vətənpərvər
qardaşımızın obrazının heç də bədxahlarımızın
qələmə verdikləri kimi olmadığını və
Ramilin hərtərəfli istedada malik olmasının göstəricisidirsə,
digər tərəfdən dilimizə ilk dəfə
çevrilməklə macar-Azərbaycan ədəbi mübadilə
işinə layiqli töhfədir.
"İrəli"
ədəbi məclisinin məruzə dövründə nəşr
olunan almanaxında Qismətin (Borxes, Edqar Po, Veronika Şofstal,
Şekspir,Herman Hesse, Nordbrand, Gökhan Toxdan) elədiyi poetik tərcümələr,
Ariz Tarıverdiyevin (Mərziyə İsfahani, Zərdüşt
Eradətmənd, Pərvanə Fərid, Raziyə Recayi və
başqalarından) elədiyi poetik və prozaik tərcümələr,
Leyla Şərifovanın O Henridən, Leyla Hüseynovanın
Aqnondan elədiyi tərcümələr yer alıb ki, bu da
yetişməkdə olan gənc, istedadlı şair,
yazıçı və ədəbiyyatçılarımızı
həm də tərcüməçi kimi gələcək
uğurlu fəaliyyətini nişan verir.
Gənc tərcüməçilərimizlə
bağlı fikrimizi davam eləyək. İstedadlı
tərcüməçi Nihalənin orijinaldan çevirdiyi
Riçard Baxın "Conatan Livinqston adlı
qağayı" əsəri xüsusilə diqqətəlayiqdir.
Ötən əsrin 70-ci illərində xüsusən populyar
olan bu əsər populyar, belletrestik dili, magik realist qatı,
alleqorik və utopik məziyyətləri ilə sonradan
90-cı illərdə populyarlaşmağa başlayan Paulo
Koelyo və onun romanları tipindəki əsərlərin,
üslubun sələfi sayıla bilər.
Daha bir gənc tərcüməçi Aytən
Qiyasovanın orijinaldan tərcüməsində işıq
üzü görən "Kimyagər" romanı da bir
çox məziyyətləri ilə diqqətəlayiqdir. Əvvəla,
əsər dünyaca populyar müəllifin dilimizə tərcümə
olunan ilk əsəridir. Əsər orijinaldan tərcümə
olunmaqla yanaşı, həm də müəllifin icazəsi
ilə nəşr olunub (belə təqdirəlayiq faktlar isə
az rast gəlinməsi ilə təəssüf
doğurur). Yeri gəlmişkən, müəllifin
eyniadlı əsəri, sonradan dilimizə daha iki dəfə tərcümə
olunub ki, hər ikisi məndə təəccüb doğurur.
Çünki sonrakı tərcümələr
əvvəlkindən daha keyfiyyətli deyil və yalnız belə
olacağı təqdirdə "Kimyagər"ə təkrar
qayıdış özünü doğrulda bilərdi. Bir də, sirr deyil, ümumiyyətlə, bədii
vaciblik baxımından Koelyo o müəlliflərdən deyil
ki, ona təkrar müraciətə ehtiyac olunsun.
Son illərdə diqqətçəkən tərcüməçilərdən
biri də istedadlı şair və esseist Fərid
Hüseyndir. Fəridin tərcüməçilik fəaliyyəti
həm də məhsuldarlığı ilə təqdirəlayiqir.
Onun tərcüməsində Orxan Pamukun
"Yeni həyat" və "Bəyaz qala" romanları
işıq üzü görüb. Yeri gəlmişkən,
ölkəmizdə çox sevilən və populyar olan
ünlü türk romançısı və Nobel
mükafatçısı Orxan Pamukun adıçəkilən
əsərləri məhz Fəridin "ifasında"
dilimizdə ilk dəfədir səslənir. Fərid
Hüseynin nəsildaşı, son illərdə parlamaqda olan
istedadlı şair və esseist Qismətlə birgə
hazırladıqları, 20-dən çox türk şairinin
dilimizə çevirdikləri 50 şeri toplanmış (kitab
onların təsis etdikləri "Eşq" seriyasından nəşr
olunub) "Unudulmaz sevgi şeirləri" adlı kitabı da
uğurlu tərcümə layihəsidir. Fərid
Hüseynin rəhbəri və redaktoru olduğu
"Eşq" seriyasından Paulo Koelyonun
"İşıq savaşçısının
kitabı" adlı nəfis tərtibatlı nəşr
işıq üzü görüb. Həmin
kitabda P.Koelyonun üç romanı və iki hekayəsi
çap edilib, kitabın tərcüməçiləri Nəriman
Əbdülrəhmanlı və Aygün Aslanlıdır.
Dostoyevskinin "Dəyyus" əsəri də
"Eşq" seriyasının növbəti maraqlı nəşridir.
Həmin kitabdakı "Dəyyus" povestini mərhum
yazıçı və tərçüməçi
Qılman İlkin, "Gülməli adamın yuxusu" hekayəsini
isə İlahə Ucaruh tərcümə ediblər.
"Eşq" seriyasından nəşr olunan kitablardan biri də
son illərdə bestseller olmuş Sərdar Özkanın
"İtkin gül" romanıdır ki, 50-dən çox
ölkədə, 45 dildə nəşr olunan bu əsəri
dilimizə Təranə Musayeva çevirib. Bu il
üçün "Eşq" seriyasından nəşr
olunan sonuncu kitab Ahmet Altanın "Bütün cümlələr
təzədən yazılmalıdı" adlı esselər
kitabıdır ki, bu kitabda yer alan 30 esseni dilimizə Fərid
Hüseyn və Təranə Musayeva çeviriblər. Yaxın günlərdə "Eşq"
seriyasından Təranə Musayevanın çevirməsində
nəşr olunacaq digər kitabsa Elif Şafakın "Ata və
bic" romanıdır.
Gənc tərcüməçilərin
(Samirə Abdullayeva, Günel Atakişyeva, Fəridə Qiyasi,
Raisa Miskərli, Vüsalə Mustafayeva, Sonya Piriyeva,
Eugenyuş Furini və Yelena Karetinanın) zəhməti ilə
ərsəyə gəlmiş olduqca dəyərli tərcümə
layihələrindən biri də Polşanın Azərbaycandakı
səfirliyinin və Bakı Slavyan Universitetinin dəstəyi
ilə çap olunan "Müasir polyak nəsri
antologiyası"dır. Antologiyaya 10 polyak nasirinin (Stanislav
Lem, Marek Hlasko, Maçey Malitski, Yeji Pilx, Ancey Stasyuk,
Voyçex Kuçok, Yatsek Dukay, Slavomir Sxutı, Tomaş
Pyontek, Dorota Maslovskaya) 16 hekayəsi daxil edilmişdir. Bu dəyərli nəşrin tərtibçisi
Lukaş Kaletadır.
Gənc tərcüməçinin işi kimi Afiq
Hüseynbəylinin müəllifi olduğu "Böyük
urdu şairi Mirzə Qalib" kitabı da diqqət çəkir. Kitaba Mirzə
Qalibin müəllifin yaradıcılığından bəhs
edən monoqrafiya ilə yanaşı gənc tərcüməçinin
şairdən elədiyi poetik tərcümələr də
daxil edilib. Kitabın qiymətli tərəflərindən
biri də tərcümə mətnləriylə yanaşı
orijinalların da təqdim olunmasıdır ki, bu da nəşri
müqayisə aparmaq istəyən mütəxəssislər
üçün də əlçatan edir.
Digər gənc tərcüməçilərimiz
haqqında, eləcə də fərdi baxışla
haqqında danışmaq istədiyim kitablarla bağlı
söhbətimi isə kitab seriyaları, dövri nəşrlər,
elektron vasitələr və saytların işi ilə
bağlı danışarkən yeri gəldikcə davam edəcəm.
İndilik isə daha iki xüsusi nəşr haqqında
da fikrimi bildirməklə məruzənin "kitab"
yarımbölməsini yekunlaşdırmaq istəyirəm. Ensiklopedik xarakter
daşıyan hər iki nəşr ədəbiyyatla məşğul
olan və olmaq istəyən insanların stolüstü
kitabı da ola bilər. Hərçənd
kitab yalnız onlar üçün nəzərdə
tutlmayıb, hər iki kitabın oxucuları müxtəlif
adamlar ola bilər.
Filosof Etibar Əliyevin hazırladığı
"Ədəbiyyat üzrə Nobel
mükafatçıları" kitabı olduqca vacib
ensiklopedik mənbədir. Kitabda təsis olunandan bu yana ədəbiyyat üzrə Nobel
mükafatı almış bütün yazıçı və
şairlər haqqında müfəssəl bioqrafik məlumat
var. Amma yalnız bioqrafik səciyyə daşımır həmin
məlumatlar. Belə ki, müəlliflərə
həsr olunmuş yazılarda onların
yaradıcılığının məziyyətləri, bədii-estetik,
məzmun və üslubi keyfiyyətləri haqqında
danışılır, yeri gəldikcə əsərlərdən
və müəlliflərin müsahibələrindən parçalar
yer alır kitabda. Eyni zamanda müəlliflərin
proqram xarakteri daşıyan Nobel nitqi və məruzələrindən
çıxarışlar, konspektlər təqdim olunur. Oxunaqlı və rahat dillə. Qorxmaz Quliyevin, Səlim
Babullaoğlunun, Azad Yaşarın, Zakir Fəxri, Günel
Mövlud və Nərgiz Cabbarlının tərcümələrindən
istifadə olunub. Kitabın məsləhətçiləri
doktor-professor Qorxmaz Quliyev, filosof-tənqidçi Şahvələd
Çobanoğlu və Səlim Babullaoğludur. Girişdə kitabın müəllifi Etibar
Əliyevin "Nobel qardaşları, Bakı nefti və
mükafat" adlı maraqlı yazısı, habelə
professor Qorxmaz Quliyevin dəyərli "Ön
söz"ü təqdim olunmuşdur. Bu,
dəyərli həmkarımız Etibar Əliyevin eyni adda
hazırladığı ikinci kitabdır. 101
nobelçini əhatə edən 2009-cu ildə "Şərq-Qərb"
mətbəəsində nəfis tərtibat və yüksək
poliqrafiya ilə çap olunan 425 səhifəlik ikinci nəşr
5 il əvvəl hazırlanmış nəşrin yenilənmiş
və təkrar işlənmiş variantıdır.
Yenə də ensiklopedik nəşrlərə aid ediləcək
daha bir kitab Nobel mükafatçıları haqqındadır. Bu da millət
vəkili Qənirə Paşayevanın hazırladığı
"Nobel mükafatlı qadınlar" kitabıdır.
Kitabda digər elmi və ictimai fəaliyyətlərinə
görə məşhur mükafatı almış
qadınlarla yanaşı, ədəbiyyat üzrə Nobel
mükafatına layiq görülmüş 11 zərif
yazıçı və şairlərdən bəhs olunur.
Kitabın "Ön söz"ü Nobel Ailə
Cəmiyyəti İdarə heyətinin üzvü, Nobel
Xeyriyyə Fondunun həmtəsisçisi və qəyyumu
Qustav Nobelə məxsusdur. Daha sonra
"Müəllifdən" başlıqlı daha bir
maraqlı yazı var ki, bu da müəllifin onu bu kitabı
yazmağa sövq edən səbəblər haqqındadır.
Axıcı, oxunaqlı belletrestik dillə
yazılan məqalələr müəlliflərin
yaradıcılığından seçmələrlə,
habelə rəngli və orijinal fotoillüstrasiyalarla
müşayiət olunur. Bu kitabın daha
bir maraqlı tərəfi təqdim olunan hər bir məqalənin
müstəqil oçerk kimi oxuna bilməsindədir. "Elm və təhsil" nəşriyyatında nəfis
poliqrafiya ilə çap olunan 456 səhifəlik kitabın məsləhətçisi
Bakı Nobel İrsi Fondunun sədri Toğrul Bağırov,
redaktorları isə Pərvanə Məmmədli və Flora Xəlilzadədir.
Səlim Babullaoğlu
(Ardı var)
Ədəbiyyat qəzeti.- 2011.- 16
dekabr.- S.4.