Kitab mağazaları seyrəlir

  

Kitab dəbdən düşüb, gözdən düşübdü,

Kitablar qovulub kitab evindən.

Bunun bir səbəbi bizdən düşübdü,

Hər kəs deməlidi günahkaram mən.

 

Evindən qovulmuş qocalar kimi,

Küçəyə atılıb abrı, həyası.

Kitab rəflərində ilk nübar kimi,

Fransız ətiri, dodaq boyası.

 

Kitab rəflərində rəngbərəng saçlar,

Sağnağı daş-qaşlı qadın eynəyi.

Kişi ürəyinə min bir cür açar

Qadın corabları, gecə köynəyi.

 

Kim aldı kitaba sevgini bizdən,

Yerində nazlanır şubalar, donlar.

Qovduq kitabları ürəyimizdən,

Küçədə "bomj" kimi yaşayır onlar.

 

Kitabın yanında kartof seçməyin,

Kitab qiymətlidir hər cür daş-qaşdan.

Yanından sayğısız ötüb keçməyin,

Kitablar üşüyür soyuq baxışdan.

 

vaxtdan qəlbimiz olubdu kor, kar?

Oxumaq sarıdan üzümüz qara.

Vallah, heç bilmirəm kimdir günahkar,

Axı mən nə deyim bu insanlara.

 

Adam beləsini niyə qınasın?

Qocalar evinə aparıb qoyur,

Öz doğma atasın, doğma anasın,

Sonra da evində rahat uyuyur.

 

Arvadı, uşağı, maşını, atı...

Yemək-içmək üçün nəyi desən var.

Öz marketi sayır bütün həyatı,

Nəyinə gərəkdir onun kitablar.

 

Onlar görmədiyi günə düşübdü,

Yenə yol azıblar dumandı, çəndi.

Pulu çoxalıbdı, qarnı şişibdi,

Bu da bir dalğadı, gəlib keçəndi.

 

Kitablar qocalmır, səbri böyükdü,

Başdan yuxarıdır cahanda yeri.

Belinə yükləsən heyvana yükdü,

Kitablar yetirib cahangirləri.

 

Biliyin azdırsa, pulun çoxdursa,

Məclisdə elimsiz bir lal olarsan.

Qəlbində kitabın yeri yoxdursa,

Tanınmaz, sayılmaz xəyal olarsan.

 

Hər kitab içində vurur min ürək,

Zamandan, imandan, dövrandan gəlir.

Kitablar müqəddəs sayılsın gərək,

İncildən, Tövratdan, Qurandan gəlir.

 

Kitab boğulmadı Nuh tufanında,

Çıxıb od içindən qalib kitablar.

Səcdəyə dayanın kitab yanında,

Dədəmiz Qorquddan qalıb yadigar.

 

Fikrət Qoca

Ədəbiyyat qəzeti.- 2011.- 23 dekabr.- S.4.