Bütün yaxşılıqlar
sevgidən keçir
Dekabrın
20-də "Bayatı" kitab-mağazasının təşşəbüsü
ilə AYB-nin Natəvan klubunda yazıçı-publisist, millət
vəkili Qənirə Paşayevanın "Onun sevgi məktubları"
kitabının imza günü keçirildi.
Mərasimi Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid açaraq Qənirə Paşayevanı maraqlı və cəmiyyəti düşündürən bir çox problemləri qabarıq şəkildə əks etdirən yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik etdi. Sonra qeyd etdi ki, imza günlərinin keçirilməsi artıq bir ənənə şəkli alıb. "Bu təşəbbüs xalq yazıçısı, AYB-nin sədri Anara məxsusdur. O, təklif etdi ki, Türkiyədə və bir çox xarici ölkələrdə davamlı olaraq yazarların imza günlərinin keçirilməsi böyük maraq doğurur. Bu, həm də oxuculara kitab almaq vərdişi aşılayır".
R.Məcid eyni zamanda təqdim olunan kitabın bədii məziyyətlərindən, Qənirə xanımın cağdaş ictimai-siyasi həyatımızdakı seçilən yerindən, fəal deputat fəaliyyətindən, mədəniyyətimizin təbliği istiqamətində davamlı iş aparmasından, onunla birgə olan səfərləri zamanı müşahidə etdiyi dərin hörmətə layiq həyat tərzində ətraflı söz açdı.
AYB-nin məsul işçisi Rauf Aslanov Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın adından Q.Paşayevanı yeni yaradıcılıq uğuruna görə təbrik etdi.
Gənc ədiblər məktəbinin istedadlı üzvlərindən olan Pərvin "Onun sevgi məktubları"nın bədii məziyyətlərindən, əsərin qəhrəmanı Könülün insani yaşantılarından söz açdı.
Professor Qəzənfər Paşayev çıxışı zamanı Qənirə xanımın ədəbiyyatımızın, xüsusilə aşıq yaradıcılığının təbliği istiqamətində gördüyü işlərdən ətraflı bəhs etdi. Vurğuladı ki, Qənirə xanımın təmənnasızlığı, vətəndaş məsuliyyəti həmişə ön sırada olub: "Təbii ki, bu münasibət onun tərbiyə aldığı ailədən gəlir. Atası saz-söz xiridarı idi. Qənirə xanım dövrünün çox görkəmli sənətkarlarını lap erkən yaşlarında öz ata ocağında görüb, onlarla ünsiyyət bağlayıb. Bu ünsiyyət böyük bir qədirbilənlik və sayğı ilə qorunur, əməldə yaşadılır".
"Elm və təhsil" nəşriyyatının direktoru Nadir Məmmədli, şairlərdən Musa Ələkbərli, Mahirə Abdulla, millət vəkili Etibar Həsənli və başqaları da təqdim edilən əsərlə bağlı təəssüratlarını bölüşdülər.
Yazıçı-kulturoloq Aydın Xan kitabda fərqli düşüncələrin, qloballaşan dünyanın qəbul olunan və olunmayan cəhətlərinin sənətkarlıqla verildiyini qeyd etdi, virtual həyatın insan münasibətlərinə aktiv təsirinin dolğun əks edildiyini önə çəkdi.
Sonda Q.Paşayeva
çıxış edərək dedi:
"Bu təqdimatın keçirilməsi
təşəbbüsü Yazıçılar Birliyindən
gəldi. Buna görə təşəkkürümü
bildirirəm. Burada edilən
çıxışlar zamanı da
vurğulandı ki, get-gedə dünyada əsl məhəbbət, sevgi hissinin sozalması
müşahidə olunur və bu, təəssüf doğurur.
Bir müəllif olaraq
bu arzuolunmaz cəhətin
dayandırılmasına bir növ vətəndaş etirazı olaraq qələmə aldım. "Onun sevgi məktubları"nı
əgər bu kitabı hər hansı bir gənc oxucu mütaliə
etdikdən sonra onda
azacıq da olsa əsl
məhəbbətin gücünə inam hissi yaransa, özümü xoşbəxt hesab
edərəm. Nəzərdə tutmuşam
ki, kitabın satışından əldə
edilən vəsaitlə bu günlərdə
mənə ev problemilə bağlı
müraciət edən bir yoxsul
qadının qəlbini sevindirim".
Sərvaz
Ədəbiyyat qəzeti.- 2011.- 23
dekabr.- S.6.