"Yada düşdü"
jurnalının baş redaktoru
Nahid Hacızadəyə məktub
Hörmətli Nahid müəllim!
Nəhayət ki, illərlə yolunu gözlədiyimiz sevimli bir jurnalımız "doğuldu". Bu ideyaya, gəldiyiniz bu qənaətə görə bəri başdan sizə öz minnətdarlığımı bildirirəm. Nəhayət ki, ürək oxşayan, sinirləri sakitləşdirən, problemli dünyamızda bir az gülməyə məcbur edən, (nə yaxşı ki) keçmiş günlərin xoş ovqatını yaşadan, gözəl, mənalı xatirələri yada salan bir jurnal yarandı. Nə qədər bayağı yazılar oxumaq olar? Nə qədər şou-biznes əhlinin "mənalı" həyat tərzini "öyrənmək" olar? Nə qədər yalan vədlər eşitmək olar? Nə qədər fanatizmə yuvarlanmaq olar? Arı pətəkdə bal düzdü - Allah sözü yazılıb, qoçun buynuzu əyildi - Allah sözü yazılıb, Ayın üzündə ləkə göründü - Allah sözü yazılıb. Nə qədər insanları gülünc günlərə salıb xof yaradacaqlar? Nə qədər qırğından, qiyamətdən, daşqından - seldən, dünyanın axırını gözləyən fəlakətdən yazıb adamın ayaqlarını yerdən üzəcəklər? Elə bil bəziləri sözü bir yerə qoyub insanların ürəyində ancaq tıqqıltı, nigarançılıq, bədbinlik toxumu səpməyi özlərinə meyar seçiblər. Televiziya verilişlərində falçılıq, fala baxma geniş yayılıb. Bu xurafat nəyə xidmət edir? Qəzet, jurnal səhifələrində elm adamlarına, xalqımızın ziyalılarına, şair və yazıçılarına çox az yer ayrılır. 3-4 jurnalı çıxmaqla, bütün jurnallar hamısı bir-birini təkrar edir. Təzə nə isə öyrənməyə, götürməyə bir şey tapa bilmirsən.
Nə qədər
qandan-qadadan yazmaq olar? İnsanı inandırmağa çalışırlar ki,
dünyanın axırı
yetişib. İnsanda inamı
qırırlar, yaşamağa
olan ruhu öldürürlər. Sizin jurnal
isə insanların xoş əməlindən,
real həyatından, yazıb-yaratdığı
əsərlərdən bəhs
edir. İnsan olan kəs onda
hiss edir ki, yox, dünya heç də pisliklərdən ibarət
deyil, heç də dünyanın sonu deyilmiş. Yaşamaq və yaratmaq lazım imiş ki, vətənə xidmət edəsən.
Unutmayasan ki, unudulmayasan.
Jurnalı başdan-axıracan, nöqtə-vergülünəcən
oxudum. Baş redaktorun jurnalı
yaratmaq zərurətinə
sevindim. Ana dilimizə aid şeri təkrar yadıma saldım. Yazıçı kimi əsərlərini
həvəslə oxuduğum
Mirzə İbrahimovun
Azərbaycan tarixində
necə böyük bir şəxsiyyət olduğuna bir daha əmin olub qürur duydum. İlyas Tapdığın yazısında Mir Cəlalın
şeir yazmaq qabiliyyətini bildim.
Məmməd Araz... M.Arazın gülərüzlü şəklini gördüm,
səmimi etiraflarını
dinlədim. Rasim
Gəncəliylə Nuriyyə
Hüseynova haqqında
yazdığı kitab
vasitəsilə tanış olmuşdum.
Akademik Teymur Bünyadov - Nuriyyə Hüseynovaya aid yazdığı
kitab təqdimatında
onu və ailəsini gördüm. Kamil İsmayılovun yazısında
onu daha da yaxından tanıdım. firuz Mustafanın hekayəsində yaşlı
kişinin keçirdiyi
dərin psixoloji halını başa düşdüm. Nəzakət xanımın anaya həsr olunmuş şeri məni kövrəltdi. Şair
Sərvazın yazıçı
Nahid Hacızadə ilə olan söhbətindən
sizin iç dünyanıza səyahət
etdik. Nüşabə xanımın başına
gələn pisliklərə
acıdıq. Onun hekayəsində
Şəhlanın nə
demək istədiyini başa düşmədik
(Niyə atası gələn kimi xasiyyətini birdən-birə
dəyişdi?). Üç xatirə
yarpağını çözdük.
Əlövsət Bəşirli ilə
birlikdə Kür sahillərini gəzdik.
Səyavuş Sərxanlının ömrünün yarıda
qırmış dərdlərinə
qəlbən ağladıq.
Zülfüqar Şahsevənli nakam
şairimiz Müşfiqin
əzablı günlərini
bizə də yaşatdı. Gəray fəzlinin
saralmış gündəliyini
gizlincə oxuduq.
Məmməd İsmayılın Arif Səməd haqda yazısı karvandan qırılıb qalan zəvvarı xatırlatdı. Atalar sözündən
özümüzə bir
örnək götürdük.
"Yada düşdü"nün
yazılarını oxuyandan
sonra həyata yenidən nəzər salırsan və səndə yeni ruh, oyanış yaranır. Bu dünyaya
qaçaraq qoyduğun
addımını yerə
daha bərk basırsan, ürəklənirsən,
qanlı-qadalı dünyanın
o biri üzünü
görürsən. Nə
yaxşı ki, dünyanın o biri üzü var imiş! Dünyanın çiçək ətri verən o üzü adamı yaşamağa ruhlandırır.
İnsanların ürəyinə sığal çəkmək
lazımdır. Onu qana çalxamaq, yerindən qoparmaq nəyə lazımdır? Yalançı,
qançanağı olan
bəzi üzdəniraq
siyasətçilərin dünyanı
çaxnaşdırması qəzet, jurnal oxucularını, radio dinləyicilərini,
televiziya tamaşaçılarını
vahiməyə saldığı
bir vaxtda belə xeyirxah niyyətli jurnalın işıq üzü görməsi üçün
sizə və sizin kollektivə, başda Nəzakət xanım olmaqla minnətdar olmalıyıq.
Gənc və orta nəsillərin
çox hissəsi bir çox yazıçı və şairlərimizi ya yaxşı tanımır,
ya da yaddan
çıxarmağa başlayıblar. Çünki onların çoxusu nə dərsliklərə
salınıb, nə də təbliğ olunur.
Sizin jurnalın
adını oxuyub, içərisini vərəqləyən
kimi məndə sizə qarşı bir şükranlıq hissi yarandı. Nə yaxşı
ki, bu jurnalın
çapına nail olmusunuz.
Nə yaxşı
ki, unudulmağa başlamış şair
və yazıçıların
unudulmasının qarşısını
almaq üçün
ilk qədəmlərinizi atdınız. Qədəmləriniz
uğurlu olsun! Mən sizin bu jurnalınızı
alqışlayıram və
ona uğurlu yol, xoş illər
arzulayıram. Məni jurnalınızın
ən yaxın dostu hesab edin
və xahiş edirəm ki, öz jurnalınıza abunə yazasınız.
Bir tədbirdə
jurnalı mənə
baş redaktorun müavini Zülfüqar Şahsevənli bağışladı
və fikrimi bildirməyi xahiş etdi. Mən də
"mütləq bildirəcəyəm"
- dedim.
Nahid müəllim,
Zülfüqar müəllimə
söz verməsəydim
də, sizə zəng edib jurnalın belə xeyirxah əmələ xidmət etməsinə görə öz dərin minnətdarlığımı
bildirəcəkdim.
Yuxarıda dediyim kimi, məni
jurnalın ən yaxın dostlarından biri hesab edin. Bir irad deməyimə inciməyin,
bu bir dostun
xeyirxah sözüdür.
Jurnalda müxtəlif səhifələrdə
şairlərdən Qabilə
və Oqtay Rzaya aid "Qəribə əhvalatlar" və
"Məzəli anlar"
rubrikası var. Mənə
elə gəlir ki, bir nömrə
üçün iki məzəli əhvalat çoxdur. Biri kifayət idi.
Həm də bir adamın məzəli əhvalatlarının
çox verilməsi bir az uzunçuluğa gətirib
çıxarır (ifadəmə
görə üzr istəyirəm). Mən belə hesab
edirəm ki, həmin əhvalatları hər nömrədə iki səhifə vermək kifayət edərdi. Belə azlıq oxucuda
bir "aclıq" yaradar və jurnalın gələn nömrəsini səbirsizliklə
gözləyər. Materialın
həcmi az
olduqda oxucu xoşu gələn əhvalatı təkrar oxuyur, yadında saxlayır. Çox olduqda isə, mənə belə gəlir ki, bir az dadı-duzu qaçır.
Hörmətli Nahid müəllim!
Bu yaxınlarda televiziyada keçirilən
yubileyinizə baxdım
və sizə ürəyimdə sağlam
ömür, yeni uğurlar arzuladım.
Heç
demə yeni uğur bizi çox da intizarda
qoymadı və biz onun nəticəsini gördük. "Yada düşdü" jurnalı oxucuları və o cümlədən
məni çox sevindirdi. İndi sizə bircə diləyim var: Bu jurnalla qoşa qarıyasınız, özü
də uzun müddət. Sizə və jurnalınıza uğurlar diləyilə,
Salatın ƏhMƏDLİ
Ədəbiyyat qəzeti.- 2011.-
23 dekabr.- S.6.