Əlli yaşın işığında

 

"Bu gün cavan olmasına baxmayaraq, ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri olan Elçin Hüseynbəylinin əlli illik yubileyini qeyd edirik. O, son illər ədəbiyyatımıza çox böyük töhfələr verib. Onun bir çox kitabları ölkəmizdən kənarda, eləcə də Rusiyada, Türkiyədə yayımlanıb. İndi bir-iki əsəri xaricdə çap olunan yazıçını dünya şöhrətli yazıçı adlandırmaq az qala adi hal alıb. Ancaq Elçin Hüseynbəylinin əsərlərinin belə geniş yayılması ümid verir ki, o, tezliklə həqiqətən də dünya şöhrətli yazıçı kimi özünü təsdiq edəcək…"

Bu səmimi ürək sözlərini xalq yazıçısı, AYB-nin sədri Anar yazıçı-dramaturq, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəylinin 50 illik yubileyi münasibətilə Natəvan klubunda düzənlənən mərasimdə dilə gətirdi.

Tədbirin aparıcısı, AYB-nin katibi Rəşad Məcid çağdaş ədəbi nəsillər arasında Elçin Hüseynbəylinin aydın görünən yerindən ətraflı söz açdı, şairin rayon İcra Hakimiyyəti başçısının yubilyara ünvanladığı təbrik teleqramını ona çatdırdı.

Xalq şairi, AYB-nin birinci katibi Fikrət Qoca vurğuladı ki, Elçin Hüseynbəyli yaşına görə çox görüb: "Kim zəhmət çəkirsə, onun bəhrəsini də gec-tez görür. Elçinin yaradıcılığı rəngarəngdir. Yaradıcı insanın beyni işləyirsə, bu, birinci keyfiyyətdi. Onun hərəkətdə, axtarışda olması, şəxsi keyfiyyətləri də əsas şərtdi. Elçin Hüseynbəylidə bu cəhətlər onun varlığında, yazıçı taleyində bir araya gəlib və mən buna çox sevinirəm, gələcəyinə inanıram".

Xalq yazıçısı, AYB-nin katibi Çingiz Abdullayev də E.Hüseynbəylinin sevilən bir yazıçı olduğunu, fəaliyyətində ənənəyə sadiq qaldığını önə çəkdi: "Elçin uğurlu insan, zövqlü naşir, istedadlı nasirdir".

AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov da E.Hüseynbəylinin ədəbi istedadından ətraflı bəhs etdi: "Hesab edirəm ki, Anar müəllim ona etimad göstərməkdə yanılmayıb. O, "Ulduz" jurnalına baş redaktor gətiriləndə heç kim təəccüblənmədi… Elçinin özünəməxsus, orijinal yaradıcılığı var. Elə mətnlər var ki, çox yayılan mətnlərdi, ancaq bəzən oxucuya psixoloji ağırlıq gətirir. Bu, Elçinin yaradıcılığına xas deyil. O, öz mətninin arxasınca haracan gedirsə, oxucusunu yormur, əksinə, zövq verir. Bu, Elçinin xarakterindən irəli gəlir…"

AYB-nin katibi Arif Əmrahoğlu vurğuladı ki, hər bir yubiley yaşanan ömrə hesabat vermək üçün bir vasitədir: "O sənətkar özünü bütün dövrlər üçün qoruya bilər ki, onun hamisi yalnız öz qələmi olsun. Elçin Hüseynbəyli qələminə güvənən bir yazıçıdı…"

Tanınmış şair, Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi Çingiz Əlioğlu E.Hüseynbəylinin simasında yetkin bir yazıçını tanıdığını önə çəkdi: "O, daxilən dinamik bir adamdı və şübhəsiz ki, bu, onun istedadının qabarıq bir şəkildə ifadəsidir".

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı qeyd etdi ki, unudulmaz şairimiz Qabil əlli yaşı müdrikliyin cavanlığı adlandırırdı: "Doğrudan da belədir. Ancaq indiki gənc ədəbi qüvvələr əyalət tənhalığından gəlib özlərini təsdiq edincə gecikən bir gənclik taleyi yaşayırlar. Sevinirəm ki, Elçin işıqlı cəhətlərə köklənən, millətinin gələcəyinə xidmət edən bir yazıçı kimi daim axtarışdadır. Elçində işıq görürəm. Bu işıq onun taleyidi, millətinin gələcəyinə xidmətidi…"

AYB-nin Qarabağ bölməsinin sədri, şair Ənvər Əhməd vurğuladı ki, burada Elçin haqqında deyilənlərdən çox məmnun oldum: "Onun istedadı şəxsiyyəti ilə vəhdət təşkil edir. Xatırlayıram, Elçin "Şah Abbas" romanı üzərində işlərkən birlikdə bəzi bölgələrdə olduq. Romanı oxuyanda gördüm ki, o, həmin əraziləri necə ustalıqla əks etdirə bilib…"

Tanınmış şair İlyas Tapdıq qeyd etdi ki, o, vaxtilə görkəmli sənətkarlarımız Süleyman Rüstəmin, Rəsul Rzanın, Məmməd Rahimin, Əli Vəliyevin 50 illik yubileylərində iştirak edib: "Bu yaşa onlar böyük ədəbi uğurları ilə gəlmişdilər. Elçin də həmin ənənəni ləyaqətlə davam etdirir…"

Şairlərdən Qulu Ağsəs qələm dostu haqqında ürək sözünü dilə gətirdi, Elçin İsgəndərzadə təmsil etdiyi cəmiyyətin "Şərəf və vicdan" ordenini yubilyara təqdim etdi.

Sonda Elçin Hüseynbəyli çıxış edərək 50 illik yubileyinin yüksək səviyyədə keçirilməsinə görə AYB rəhbərliyinə təşəkkürünü bildirdi, yeni yaradıcılıq planlarından danışdı.

P.S. Bu günlərdə E.Hüseynbəylinin 50 yaşı Avrasiya Universitetində də qeyd edilmiş, yazıçı Firuz Mustafa, şairlərdən Qulu Ağsəs, Akif Əhmədgil, Sərvaz Hüseynoğlu, Narıngül qələm dostlarının yaradıcılıq uğurlarından ətraflı söz açmışlar.

 

S.Aranlı

Ədəbiyyat qəzeti.- 2011.- 23 dekabr.- S.5.