Elçin Hüseynbəylinin
özü və sözü
Mən
Elçin Hüseynbəyli haqqında bəlağətli fikir
deməkdən uzağam. Ona görə də həqiqəti
olduğu kimi, şişirtmədən deyəcəm:
Elçin Hüseynbəyli müasir ədəbiyyatımızın
gözlə görünən, qulaqla eşidilən, ürəklə
duyulan, ruhla sezilən yazıçısıdır.
Sözün həqiqi mənasında
yazıçıdır: öz qələmilə, öz
baxışıyla, öz yerişi-duruşuyla, öz
sözüylə. Onun yazıları ilə vətəndaş
mövqeyi arasında bir uyğunluq var. Həmkarlarına
qarşı, ağsaqqallarına qarşı tərbiyəli və
əxlaqlıdır. Elçin Hüseynbəyli, belə deyək
ki, bu günkü nəsrimizin parlayan simalarındandır.
Bu dediklərim Elçin Hüseynbəylinin kulturoloji obrazına yaxındır. O ki qaldı onun yaradıcılığına, desəm ki, əsərlərinin hamısını oxumuşam, yalançı olaram, amma desəm ki, əksər əsərlərini oxumuşam, oxumadığımı da izləmişəm, ya vərəqləmişəm, burası düz olar. Ona görə də bayaqkı sözümə qayıdıb deyirəm ki, Elçin Hüseynbəyli yazıçıdır, maraqlı yazıçıdır, öz məsləkində, əqidəsində qələminin itiliyində cəsarətli və nikbindir. Hələ bir müddət öncə hörmətli Anar müəllim Elçinin yaradıcılığına dəqiq qiymət vermişdi: "Elçin alnına yazılanlara görə, kağızda yazdıqlarına görə yazıçıdır". Yəni Elçin Hüseynbəyli taleli yazıçıdır, çünki əsərləri qalacaq və ona görə qalacaq ki, bizi ağrıdan problemlərdən yazır, tariximizin qaranlıq səhifələrini araşdırır, millətin taleyinə biganə deyil. Mənim də müəllimim, hörmətli professorumuz Tofiq Hacıyev (akademikliyini nəzərə çarpdırmağa ehtiyac yoxdur, orasını hamı bilir ki, Tofiq Hacıyev anadangəlmə akademikdir) Elçinin "Gözünə gün düşür" hekayəsini və "Şah Abbas" romanını təhlilə cəlb eləyəndə haqlı olaraq yazır ki, Elçinin "Gözünə gün düşür" əsəri Qarabağ mövzusunda yazılmış ən gözəl əsərlərdən biridir, işğala, ədalətsizliyə göz yuman, demokratiyadan dəm vuran dünya ölkələrinə bir ultimatumdur, və s. Bu hekayədə dillə təfəkkürün, sevgiylə nifrətin vəhdəti doğru-dürüst verilib. Burda vətənə, doğulduğu torpağa sevgi var, doğmalıq var və bütün bunlar müəllif-qəhrəmanın timsalında zərif çalarlarla verilib.
Hekayənin qəhrəmanı ağır xəstəliyə düçar olmuş məşhur həkimdir. Erməni əsarətində olan kəndinə getmək istəyir. Canından artıq sevdiyi doğma yurdunun həsrəti onu yaşamağa qoymur və sonda istəyinə nail olur. O öz atasının məzarının yanında, gözlərinə gün düşərkən həyata əlvida deyir. Elçin bu hekayəsində hər obrazı olduğu kimi verib. İti it kimi, ermənini erməni kimi.
Müəllif həkimin xəstəliyini rəmzləşdirir və demək istəyir ki, yer-yurd həsrəti çəkən insanların qəlbi dərddən şişib, onun əlacı öz həsrətlisinə qovuşmaqdır.
Tofiq müəllim "Şah Abbas" roman-xronikasına da düzgün qiymət verir. Doğrudan da, bu əsər tarixiliklə bədiiliyin vəhdətidir və düzgün mövqedən yazılıb. Çünki tariximizi bir tərəfdən əcnəbilər yazıb, o biri tərəfdən isə biz özümüz onlara züy tutmuşuq, tariximizi özümüz təhrif etmişik və çox zaman hökmdarlarımızı zorla yadlaşdırmışıq. Yəni bu əsərlərin əksəriyyəti birtərəfli və zərərli tendensiyalı olub. Bizim hökmdarlarımızı çox zaman aşağılamaq istəyiblər və deyərdim ki, buna nail olublar da.
Şah Abbas Azərbaycan-Səfəvi tarixinin parlaq hökmdarlarından biridir. Nağıl və dastanlarımızda müdrik və humanist, abadlıqsevər bir hökmdar kimi göstərilib. Doğrudan da, o taylı- bu taylı vətənimizdə memarlıq abidələrinin əksəriyyəti Şah Abbasın adıyla bağlıdır. Romandakı Şah Abbasla folklordakı Şah Abbas bir obraz kimi təxminən üst-üstə düşür. Elçin bu məqamı dəqiq tutub. Şah Abbas uzun müddət Səfəvi dövlətinin başında dayanıb, onun sərhədlərini genişləndirib. Elçin çox dəqiq deyir ki, hökmdarlar öz zəmanələrinə oxşayırlar. Onun Şah Abbası nə Alp ər Tonqadır, nə Çingiz xan, nə də Əmir Teymur.
Orası da var ki, biz həmişə türk sultanları ilə qızılbaş əmirlərinin savaşına üzülmüşük, amma təəssüf ki, tariximiz belədir, heç də həmişə ürəkaçan səhifələrlə zəngin olmayıb. Missionerlər zaman-zaman öz işlərini görüblər, türk dövlətlərini birləşməyə qoymayıblar. Romanda bu məsələdə həm tarixi faktla, həm də müəllif məntiqilə uğurla uzlaşdırılıb.
Düzdü, Azərbaycan-türk tarixilə bağlı əvvəllər də, elə indinin özündə də əsərlər yazılır. Məmməd Səid Ordubadidən tutmuş Yunus Oğuza qədər. Ancaq Elçinin həm özündən əvvəlkilərdən, həm də indikilərdən fərqi modern üsluba yaxın olmasıdır. Həm də Elçin daha çox qızılbaş kimi görsənmək istəyir. Bir məsələ də var ki, tarixi roman ustalarımız daha çox Azərbaycan və Türkiyə kimi coğrafi əraziləri əhatə edən hadisələrdən danışırlar, Elçin Hüseynbəylinin coğrafi məkanı isə daha genişdir. Bir tərəfi İsfahan, bir tərəfi Madrid. Yəni demək istəyirəm ki, onun təfəkkür və bədii düşüncə dairəsi daha fərqlidir. Bu isə böyük uğurdur. Çünki tarix indi genişmiqyaslılıq, qloballıq tələb edir. İndi öz içinə qapılmaqla, məhəlli hadisələri romana çevirməklə uğur qazanmaq olmaz. Orası başqa məsələ ki, məhəlli hadisəni bəşəriləşdirməyə nail olasan. Düzünü deyim ki, Elçin bunu bacarır. "Şah Abbas" romanının bir üstünlüyü də var ki, burada orta əsrlər dilinin koloriti saxlanılıb, hərbi-sosial həyatı və terminlər yerində işlədilib. Bu roman tam olmasa da, müəyyən mənada Şah Abbasın həyatını, düşüncə istiqamətini düzgün müəyyənləşdirə bilib, onu xronika halına salıb. Düzdü, çox zaman oxucu istəyir ki, əsər daha çox bədiyyat üstündə qurulsun, ancaq mən elə başa düşürəm ki, müəllifin məqsədi tam bədiilik olmayıb. Yazıçı özü də etiraf edir ki, onun məqsədi, düşüncəsi Şah Abbası öz millətinə qovuşdurmaqdır. Düzdü, burada böyük bir iddia var, amma elə bilirəm ki, bu iddia haqlıdır, çünki nəticədə özünü doğruldur.
Elçini çoxları hekayə ustası kimi təqdim edirlər və mən də bununla tam razıyam. Onun hekayələrinin dili çevik, təhkiyəsi rəvan, demək istədiyi həqiqətlər aydındır. Bəzən dalbadal bir neçə əsər oxuyursan, bəzilərinin süjetində ilişib qalırsan, bəzilərinin dili sənə yabançı görünür, bir parasında isə mətləb yoxdur. Yəni sözün mustafası Elçində elə mustafadır, lakonikdir. Hekayələri rəngarəngdir, sözləri və üslubu diridir, sintaksisi dil qaydalarımıza tam uyğundur.
Təxminən 10-15 il öncə, ədəbiyyatın az qala yaddan çıxdığı, elliklə hamının, elə yazıçı-şairlərin də başının ictimai-siyasi hadisələrə qarışdığı vaxtlar Elçin başda olmaqla bir qrup cavan yazıçı "Eqo" adlı təşkilat yaratdı, ora istedadlı adamlar toplandı, maraqlı əsərlər yazıldı və çap olundu. Həmin vaxt mən Elçinin "Boz eşşəyin məktubları" adlı hekayəsini oxudum və bəyəndim. Yəni demək istəyirəm ki, mən bu cavan yazıçımızı (hərçənd ki, özü cavanlığını boynuna almır) ta qədimlərdən izləyirəm və hekayələrinə xüsusi rəğbətim var.
Elçin ədəbiyyat ələyindən üzüağ keçdi, bəzilərisə orada ilişib qaldı və indi imzaları görünmür.
Bu yazını yazarkən "Metro vadisi" kitabını götürüb vərəqlədim, bəzi hekayələrini diqqətlə oxudum. Məsələn, "Yekəpər" hekayəsində pəzəvəng bir adam təsvir olunur, ailəsilə münasibətdə çox kobud görünür, amma yağışdan və küləkdən gizlənən bir kəpənəyə onun iltifatı və rəhmi həmin adamı başqalaşdırır. Yazıçı demək istəyir ki, yekə, tüklü bir bədənin içində zərif ürək də gizlənə bilər.
"Günahın gül üzü" hekayəsi dünya ədəbiyyatından bizə tanış olan priyomlar üzərində qurulsa da, orada olan şirin təhkiyə və psixologizm çox fərdidir və oxucunu inandırmaq gücünə malikdir. Onun hekayələrinin bəzilərində, məsələn, "Şimallı gəlin", "Sel", "Boz eşşəyin məktubları", "Babam, nənəm və kommunizm"də xəfif bir yumor və özünə ironiya var. Düzünü deyim ki, bu özünə ironiya Elçinə qədər bizim ədəbiyyatda olmayıb, yəni demək istəyirəm ki, bu parlaqlıqda olmayıb. O özünə qarşı da, istehza elədiyi adamlara münasibətdə də çox səmimidir.
"Məzar gəlini" hekayəsi Elçinin bir sıra hekayələrinə xas olan eşqvari mətləblərdən bəhs edir, amma hekayə gözlənilməzliklə qurtarır. Bu, həm hekayədir, həm də novella, amma bir qədər fikirləşdikdən sonra tam qənaətə gəlirsən ki, bu qısa əsərlərin əksəriyyəti hekayə ilə novellanın sintezidir. Ümumən, Elçin Hüseynbəylinin istər hekayələri olsun, istərsə də romanları - onlara bir sintez xasdır: keçmişlə indinin və gələcəyin sintezi. Bu sintez qurama deyil, əsərin ruhuna uyğundur. Onlar nə qədər rəngarəng olsalar da, daxillərində məlumatlılıq da yetərincədir. "Don Juan" romanını götürək (əslində onun adı bir qədər uzundur), bu əsərdə həm tarix, həm təhkiyə, həm də üslub sintezi var. Müəllif gördüklərini və demək istədiklərini həm nəsr dililə nəql edir, həm publisistik ahəngə enir, bəzi hallarda isə anlatmaq istədiklərini səyahətnamə üstündə qurur. Bir neçə il əvvəl, bu romanın mətbuatda müzakirəsi zamanı dediklərimi indi də təsdiqləyirəm. Elçinin bu romanı həm qaldırdığı problematika səviyyəsində, həm də Azərbaycan roman janrının keyfiyyətlərini genişləndirmək, yeni xüsusiyyətlərini ortaya çıxarmaq baxımından olduqca dəyərli bir hadisədir. Bu roman mənim son illərdə oxuduğum, obrazlı desək, üslubuna heyran olduğum bir əsərdir. Roman göstərdi ki, Elçin Hüseynbəyli Azərbaycan nəsrinin böyük janrlarının yeni ifadə texnologiyaları ilə zənginləşdirilməsi sahəsində böyük istedad nümayiş etdirən yazıçılar sırasındadır.
Bütün bunlar, elə "Şah Abbas" və "Metro vadisi" romanları da bizim ədəbiyyatımızda yenidir, ən azı yenilik cəhdidir. Düzdü, bundan əvvəl də bu cür sintezlərə meyl olub, özü də çöx gözəl meyllər olub, amma bunu sistemli şəkildə edən yazıçı Elçin Hüseynbəylidir.
Çox yaxşı haldır ki, Elçin kənarda da çap olunur, Türkiyədə kitabları nəşr edilir, imzası postsovet məkanında, xüsusən də Moskvada yayımlanan jurnallarda, müxtəlif dillərdə çıxan almanaxlarda çıxır və bəyənilir.
Elçin həm də düşüncə adamıdır, çağdaş proseslərə çevik reaksiya verənlərdəndir, zamanında sözünü deməyi bacarır.
Demək istəyirəm ki, onun kəsərli publisistikasından, dramaturgiyasından da xəbərim var, amma vaxt azlığından, işin çoxluğundan tamaşalarına baxa bilməmişəm. Burasını saxlayaq gələcəyin ixtiyarına.
Düzü, Elçin haqqında çoxdan yazmaq istəyirdim, hətta bir neçə dəfə özünə də bu barədə demişdim və mən də bilirəm ki, bütün qələm adamları kimi, o da verilən sözə həssasdır və indi dediyimin üstündə dururam, amma onun 50 yaşına belə tez gəlib çatmasına inanmağım gəlmir.
Hər halda bu
bir faktdır ki, Elçin Hüseynbəyli bizə, yəni
50-ni keçənlərə qoşuldu. Mən
ona gələcək ömür
yolunda can
sağlığı, xoşbəxtlik və yeni-yeni
yaradıcılıq uğurları arzulayıram.
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2011.- 23
dekabr.- S.5