Elçin Hüseynbəyli - 50

      

Hörmətli Elçin müəllim!

Sizi - istedadlı yazıçı və dramaturqu 50 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

Siz 1961-ci il dekabrın 23-də Cəbrayıl rayonunda anadan olmusunuz. Şükürbəyli kənd orta məktəbini əla qiymətlərlə, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmisiniz (1989). 1997-ci ildə Varşavada "İnsan haqları yay məktəbi"nin məzunu olmusunuz. 1989-cu ildən müxtəlif kütləvi informasiya vasitələrində işləmiş, 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın təqdimatı ilə Azərbaycan Yazıçılar Birliyi plenumunun iştirakçıları tərəfindən yekdilliklə "Ulduz" jurnalının baş redaktoru seçilmisiniz. Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin baş katibisiniz. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində dram əsrələrinin alqı-satqısı üzrə Dövlət komissiyasının üzvüsünüz. Ümumdünya Azərbaycanlıları qurultayının nümayəndəsisiniz. 2000-ci ildə istedadlı gənc yazar kimi Prezident təqaüdünə, 2008-ci ildə xüsusi mükafata laiyq görülmüsünüz. 2001-ci ildə Yusif Səmədoğlu adına ən yaxşı nəsr əsəri, 2007-ci ildə "Humay", 2009-cu ildə isə Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" mükafatına, eləcə də bir sıra ədəbi ödüllərə layiq görülmüsünüz.

"Rəqs edən oğlan", "Balıq adam", "İki nəfər üçün oyun", "Cənab XXI əsr", "Yovşan qağayılar", "Tut ağacı boyunca", "On üçüncü Nəvari - 141-ci Don Juan", "Şah Abbas", "Metro vadisi", "Şimallı gəlin", "Kopelhausda bir axşam" kitablarının, yeddi romanın, yüzə qədər hekayə, esse və məqalənin müəllifisiniz.

Əsərləriniz ingilis, rus, gürcü, fransız, polyak, Ukrayna, Koreya, fars, ərəb dilinə tərcümə edilib. Doqquz pyesiniz (biri tərcümədir) dövlət teatrlarında oynanılıb.

Hörmətli Elçin müəllim!

Sizi bir daha yarıməsrlik yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

 

Azərbaycan Yazıçılar Birliyi

Ədəbiyyat qəzeti.- 2011.- 23 dekabr.- S.5.