Ziyalılığın xalqa xidmət nümunəsi  

     

Azərbaycanın ictimai-mədəni mühitində çox böyük yaradıcılıq izi qoyub getmiş professor Nəsir İmanquliyevin həyat yolu haqqında düşünəndə bu nadir şəxsiyyətin öz xalqına, millətinə göstərdiyi iki mühüm xidməti yada düşür. Bunlardan birincisi, onun klassik ənənələrimizə söykənən maarifçilik fəaliyyəti - çoxşaxəli Azərbaycan jurnalistikasında yaratdığı yeni məktəb, digəri isə bu məktəbin davamçılarını yetişdirməsidir. Çox müxtəlif və çox məsul vəzifələrdə çalışan Nəsir müəllim ömrünün son anınadək yaradıcılarından biri olduğu jurnalistika məktəbini və birbu məktəbin universitet müəllimliyini heç nəyə dəyişmədi.

Ömrünü universitetin, milli mətbuatımızın inkişafına, jurnalist kadrların hazırlanmasına həsr etmiş Nəsir İmanquliyevin uşaqlıq, gənclik illəri inqilablardan, repressiya və müharibələrdən keçib. Lakin harda çalışmasından asılı olmayaraq, bütün anlarda milli dəyərlərimizin inkişafına, elmə, maarifə xidmət etmişdir. Nəsir müəllim mətbuata özünün milli vətənpərvərlik hisslərindən, ədəbi-mədəni dəyərlərə olan sevgisindən gəlmişdi. Tale onu "Gənc işçi", "Kommunist", "Yeni yol" kimi qəzetlərin redaksiyalarında püxtələşdirmişdi. Bu qəzetlərdə məsul vəzifələr tutan Nəsir müəllim publisistik və ədəbi yazıları ilə yeni dövr jurnalistikasına Həsən bəy Zərdabi ənənələrini gətirmişdi. Müharibənin odundan-alovundan keçən bu böyük qələm sahibi 1942-ci ildə Krım cəbhəsində təkcə süngüsü ilə deyil, həm də qələmi ilə döyüşmüşdü.

"Döyüşən Krım" qəzetində məsul katib, hərbi hissədə tərcüməçi və siyasi işlər üzrə müavin kimi xidmət edən Nəsir müəllim həm də döyüşən yazıları ilə əsgərlərin vətənpərvərlik ruhunu formalaşdırmışdı. Sonra onun arxa cəbhəyə - Bakıya, köhnə yerinə, "Kommunist" qəzetinə göndərilməsi daha çox qələmi ilə döyüşə biləcək insana dərin inamdan irəli gəlirdi.

Nəsir müəllim ordudan tərxis olunduqdan sonra "Kommunist" qəzetində məsul katibbaş redaktorun müavini kimi fəaliyyət göstərdi. O, bu qəzetdə "Döyüşən səhifələr" guşəsi yaratmaqla, cavanlara vətənə məhəbbət hissi aşılayırdı. Qəzetdə şəxsən onun təşəbbüsü ilə yaranan ədəbiyyat dərnəyi isə bütöv bir şair, yazıçı nəslinin, xüsusən də cəbhə yazarlarının yetişməsinə, püxtələşməsinə təkan verirdi. 1946-cı ildə o zaman çox-çox qələm sahibinə nəsib olmayan Moskva Mərkəzi qəzet kursunu bitirən Nəsir müəllim bir ildən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində pedaqoji fəaliyyətə başladı. Bu, o dövr idi ki, filologiya fakültəsi nəzdində jurnalistika şöbəsi yaradılırdı. Elə o ildən universitet auditoriyalarına qədəm qoyan böyük publisistjurnalist Nəsir İmanquliyevin adı həm də universitetin bugünkü jurnalistika fakültəsi qurucularının cərgəsinə yazıldı.

Nəsir müəllimin universitet ömrünün böyük bir kəsimini müşahidə etmək mənə də qismət olub. Mən də tez-tez onunla ya universitetin dəhlizlərində, auditoriyalarda, ya da həyətdə rastlaşırdım. Vəzifəmin mənə verdiyi ən böyük şans bütün fakültələrdə çalışan müəllimlərlə ünsiyyətdə olmağım idi. Nəsir müəllim cüssəli boy-buxunundan tutmuş nəzakətli, son dərəcə etik davranışına qədər bütün məqamlarında bizim tarixdən və bədii əsərlərdən tanıdığımız klassik müəllimin tipik obrazı idi.

O, universitet auditoriyalarına kimlərinsə yazdığı mühazirə mətnlərini oxumağa gəlməmişdi, özü tədris etdiyi "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi" kursunun elmi-praktik əsaslarını hazırlamaqla yanaşı, redaksiya ilə auditoriya, universitetlə mətbuat arasında bir etibarlı körpüyə çevrilmişdi. Onun tələbələri bu böyük qələm sahibindən təkcə jurnalistikanın nəzəriyyəsini öyrənmirdilər, müəllimlərinin çalışdığı qəzetlərin əməkdaşlarına çevrilməklə öz imzalarını hələ tələbəykən təsdiq etmiş olurdular.

Nəsir müəllimin ziyalı missiyasını öz çiyninə götürən insanlara örnək ola biləcək böyük bioqrafiyası var. Mən bu maraqlı insanın 95 illik yubileyi ərəfəsində onun dostlarının, yetirmələrinin, bir redaksiyada çalışdığı jurnalistlərin, uzun illər onunla ünsiyyətdə olmuş dövlət rəsmilərinin və nəhayət, 50 il bir yerdə - çiyin-çiyinə çalışdığı jurnalistika fakültəsi müəllimlərinin çıxışlarını, ürək sözlərini, diqqətlə oxudum, dinlədim. Bu insanların hamısı demək olar ki, Nəsir İmanquliyevi böyük jurnalist, klassik müəllim, məsuliyyətli rəhbər işçi, xalqa xidməti ilk cərgəyə qoyan ictimai xadim kimi təqdim etməklə yanaşı, onun bir keyfiyyətini mütləq vurğulamağı vacib sayırdılar: Nəsir İmanquliyev ona ehtiyacı olan, ondan kömək uman insanlara heç vaxt biganə olmayıb. Bəzən bu adamların tapdanan haqqını qorumaq üçün risqə getməkdən də çəkinməyib.

Tale Nəsir müəllimə heçhamar bir ömür yolu qismət etməyib. O, özünü təsdiq edənə qədər, ictimai və dövlət işlərindəki istedadı ilə zamanın sərt qaydalarından keçib tam formalaşana qədər çətin bir yol keçib. Amma bu yollarda elə bərkiyib ki, heç vaxt əqidəsindən, özü olmaqdan dönməyib.

Bakı şəhər Partiya Komitəsində, Mərkəzi Komitədə təbliğat-təşviqat şöbəsinə uzun müddət rəhbərlik edənlərdən biri kimi Nəsir müəllim təkcə jurnalistictimai xadim olaraq deyil, həm də radio-televiziya və mədəniyyət qurucusu kimi milli-mənəvi dəyərlərimizin inkişafına öz töhfələrini vermişdir. Onun Mədəniyyət Nazirliyinin Baş Radio Məlumat İdarəsinin rəisi, nazirliyin kollegiya üzvü, Azərbaycan RadioTeleviziya Verilişləri Komitəsində sədr müavini olduğu illərdə bu nazirliklərin struktur inkişafında, eləcə də tarixlə müasirlik arasında əldə olunan yeniliklərdə xüsusi xidməti olmuşdur.

1958-ci ildə isə Nəsir müəllimin həyatında, ümumiyyətlə, ictimai-siyasi fikir və mətbuat tariximizdə möhtəşəm bir hadisə baş verdi. Bakı şəhər Sovetinin "Bakı" axşam qəzeti nəşrə başladı. Mərkəzi Komitənin qərarı ilə onun redaktorluğu Nəsir İmanquliyevə həvalə olundu. O vaxtadək jurnalistikanın nəzəri və praktik məsələləri ilə məşğul olan Nəsir müəllim "Bakı" qəzetini öz tələbələrinin laboratoriyasına, şəhər əhalisinin informasiya mənbəyindən əlavə, sənət-söz adamlarının, xüsusən də gənc yazarların, tədqiqatçı alimlərin etibarlı tribunasına çevirdi. Bununla da, milli mətbuat tariximizdə tamamilə yeni tipli bir mətbuat orqanı - axşam qəzeti formalaşıb həyata birdəfəlik vəsiqə aldı. 30 il bu qəzetin redaktoru olan Nəsir müəllim "Bakı" qəzeti ilə milli mətbuat tariximizə peşəkar jurnalistikanı, dəqiq, qərəzsiz informasiyanı, maarifçilik ruhunu, milli-mənəvi dəyərlərə hörmət hissini gətirmiş oldu. Jurnalistikanın elmi-nəzəri problemlərini işləyən bu böyük alim həm də onu ciddi elm sahəsinə çevirməklə bu gün çox dəbdə olan jurnalistikanın "dördüncü hakimiyyət" funksiyasını formalaşdırdı. Kommunist Partiyasının ciddi monopoliyasının hökm sürdüyü, liberal qanunvericilik bazanın olmadığı, dəmir senzuranın qadağaları şəraitində "Bakı"nı, sözün həqiqi mənasında, etibarlı informasiya vasitəsinə çevirmək böyük cəsarət və peşəkarlıq tələb edirdi. Tale Nəsir müəllimə bu böyük xoşbəxtliyi nəsib etmişdi. O, böyük jurnalist, müəllim, ictimai xadim olmaqla yanaşı, bütöv şəxsiyyət idi. Nəsir müəllim də öz "Bakı"sını Bakının, ümumilikdə, bütün Azərbaycanın aynasına, yaddaş yerinə çevirdi.

Əlbəttə, mətbuat dünyasına gəlişi ilə jurnalistika sahəsində öz məktəbini yaradan Nəsir müəllimin ən böyük əsərləri onun yetirmələri, yaradıcısı olduğu "Bakı" və "Baku" qəzetləridir. Lakin onun şah əsəri ərəb-məhcər ədəbiyyatının dünyada tədqiqatçısı, Azərbaycanı və türk dünyasını ideya və məfkurə birliyinə çağıran, Şərqi və Qərbi birlik-qardaşlıq fəlsəfəsinə səsləyən, AMEA Şərqşünaslıq İnstitutunun direktoru, ərəb filologiyası üzrə məşhur tədqiqatçı alim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva idi. Nəsir müəllim heç nə yazmasaydı belə, Azərbaycan xalqının yaddaşına - böyük ziyalı, vətənpərvər insan, böyük şəxsiyyət kimi yazılacaqdı. Çünki o, dünya şərqşünaslarının adını hörmətlə çəkdiyi Aida xanıma ruhundan qida vermişdi.

1941-45-ci illər müharibəsində mətbuatın rolundan, namizədlik dissertasiyasının, bir sıra dərs vəsaitinin, həmmüəllifi olduğu sanballı monoqrafiyaları ortaya qoymuş Nəsir müəllim alim, pedaqoq, yazıçı və mütərcim kimi də fəaliyyət göstərmişdir. Böyük Vətən müharibəsindəki və ondan sonrakı quruculuq illərində fədakar əməyinə görə müxtəlif ordenmedallara, milli mətbuatımızın inkişafındakı xidmətlərinə görə isə "Qızıl qələm" mükafatına, əməkdar mədəniyyət işçisi, əməkdar jurnalist fəxri adlarına layiq görülmüşdür.

Bütün bunlar Nəsir müəllimin zəngin həyatının, yaradıcılığının kiçik bir yazıda qeyd olunan məqamlarıdır.

Bu bir həqiqətdir ki, alimin - şəxsiyyətin bu dünyada tamamlanan cismani ömrü ruhunu köçürdüyü sanballı əsərlərində, amalının və əməlinin davamı olan yetişdirmələrinin duyğularında yaşayır.

Bakı Dövlət Universitetinin məşhur simaları ilə eyni cərgədə dayanmaq haqqını hələ çox-çox əvvəl qazanan professor Nəsir İmanquliyevin məhəbbətlə xatırlanan şəxsiyyəti, imzası var. Bu imzalar içərisində ən böyüyü "Bakı", "Baku" qəzetlərinin komplektlərində saxlanılır. Nəsir müəllim 30 il hər gün axşama doğru bu iki qəzeti çapa imzalamışdır. İşindən-gücündən evə yorğun qayıdan şəhər əhalisinin avtobusda, istirahət parklarında maraqla oxuduğu, bitməkdə olan günün xəbərlərini axşam çağında bilmək istədiyi qəzetlər idi "Bakı" və "Baku". Yeni tipli mətbuat orqanını məktəb səviyyəsinə Nəsir müəllim qaldırmışdı. Bu məktəbin yaradıcılıq prinsiplərini, mahiyyətini yeni nəslə yenə də Nəsir müəllim özü öyrədirdi.

Bu gün xalqımıza, dövlətimizə, gəncliyimizə, bütövlükdə, mədəniyyətimizə xidmət edən Bakı Dövlət Universitetinə görə biz onu yaradanlara, yaşadanlara, çağımıza gətirib çıxaranlara borcluyuq. Nəsir İmanquliyev universiteti bu günümüzə gətirib çıxaran ziyalılarımızın ön cərgəsində duran nəhəng simalardan biridir.

"Nəsir İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2011-ci il tarixli sərəncamında bu böyük publisistin və müəllimin, ictimai xadimin müasir Azərbaycan jurnalistikasının təşəkkülündəki xüsusi yeri, mətbuatımızın inkişafındakı əvəzsiz xidmətləri, zəngin pedaqoji fəaliyyəti yüksək qiymətləndirilir. Ömrünü halal zəhmətlə başa vurmuş əziz müəllimimizə bu, dövlətimizin verdiyi layiqli qiymətdir.

 

Abel MƏhƏRRƏMOV

Ədəbiyyat qəzeti.- 2011.- 23 dekabr.- S.1-3.