Əli
Vəliyev - 110
O,
xeyirxah, qeyrətli bir
vətəndaş, həyatla, xalqla
canlı əlaqəsi olan bir
yazıçı idi, vəfalı dost idi.
Sinəsində bütün
həyatı boyu doğma
xalqına, vətəninə, bədii ədəbiyyata, həqiqətə,
düzlüyə məhəbbətlə dolu
olan və rahatlıq bilməyən bir ürək döyünürdü.
Azərbaycan sovet ədəbiyyatının
ilk yaranışı illərindən beşiyi başında dayananlardan idi və son nəfəsinədək, yorulmadan
da bu ədəbiyyatın
inkişafı yolunda qələm
çaldı.
Mirzə İbrahimov
akademik, xalq yazıçısı
Bir dəfə
Əli Vəliyevin qəbuluna gedəndə gördüm ki, o
zamankı nüfuzlu nazirlərdən biri onun qəbul
otağında oturub. Biz tanış idik.
Görüşüb soruşdum:
- Niyə
burda oturmusunuz?
Pərt
halda cavab verdi:
- Yoldaş
redaktorun qəbulunu gözləyirəm.
Mən
kabinetə girib gördüm ki, Əli Vəliyev gözündə
eynək, əlində qələm nə isə oxuyur, dedim:
- Əli
müəllim, nazir sənin qəbulunu gözləyir. Qoy
gözləsin, - deyə Əli Vəliyev gözünü
kağızdan çəkmədən cavab verdi. - Özü
adamları on günlərlə qəbul otağında
gözlədəndə yaxşıdı?!.
Biz gənc
yazıçılar özümüzdən yaşlı
şairlərdən, yazıçılardan həmişə
iki adamın - Səməd Vurğunla Əli Vəliyevin
köməyinə güvənirdik. Çətinliyə
düşəndə onlara müraciət edirdik. Əli Vəliyev
bizim nöqsanlarımıza qarşı nə qədər sərt
idisə, xahişlərimizə qarşı bir o qədər
qayğıkeş idi. Səməddə də, Əlidə də
bizim ata-babalarımızdan, xalqdan gələn bir mərdanəlik
var idi.
İlyas Əfəndiyev
xalq yazıçısı
"Kişi"
kəlməsi dilimizdə ən yüksək məna
daşıyır. Mərdliyi, səcarəti, doğruluğu
tərənnüm edir. Bu keyfiyyətlərə malik olduğu
üçün Əli Vəliyevə də
xalqımızın kişi oğlu desək, yerinə
düşər. Əli Vəliyevin bir üzü, bir
siması var idi. O, həqiqət naminə danışmaq,
lazım gələn yerdə, ən çətin, ən
çıxılmaz məqamlarda dönə-dönə bu
kişi ləyaqətini göstərirdi.
Onun
xarakterindəki bu xüsusiyyətə bələd olanlar son nəticədə
onunla hesablaşmağa məcbur olurdular.
Əli Vəliyevin
sözünə Ədalətin qılıncı desək,
daha düz olar. Onun nifrəti də, məhəbbəti də
dərhal üzündən oxunardı, şəxsiyyətinin
ana xətti isə - mənəvi təmizlik, xalqına
dövlətinə, ailəsinə və dünyanın
bütün yaxşı adamlarına sədaqətli olması
idi.
Mirvarid Dilbazi
xalq şairi
İstər
sağlığında, istərsə də
ölümündən sonra xalq yazıçısı Əli
Vəliyevdən harada söhbət düşürsə,
hamı bir ağızdan "çox xeyirxah adam idi" -
deyirlər. Mənə görə sənətindən,
yaşından asılı olmayaraq, bir insan haqqında deyilən
bu söz min başqa tərifdən üstündür. Mən
deyərdim ki, xeyirxahlığın özü də bir
növ istedaddır. Çünki xeyirxahlıq məhz
böyük təbiətli insana xas olan keyfiyyətdir.
Xeyirxahlıq
- öz haqqından əvvəl başqasının
haqqını görə bilməkdir. Başqasının
haqqını görmək isə ədalətin və həqiqətin
müdafiəsidir. Belə adamlara cəmiyyət əsl vətəndaş
deyir.
Əli Vəliyev
əsl vətəndaş idi. Mən Əli Vəliyevi
tanıdığım 30-35 il müddətində həmişə
belə görmüşəm. Məqsədsiz yaxşılıq,
ədalət və həqiqət Əli Vəliyevin
ünvanı idi. Bərkə düşən elə bir
yazıçı tanımıram ki, bu ünvana müraciət
etməmiş, onun qapısını döyməmiş olsun.
Bəxtiyar Vahabzadə
xalq şairi
Əgər
Əli Vəliyev haqqında yazsaydım, kitabımın
adını Qorkidən alınan bir sözlə - yəni
böyük hərflə "İnsan" qoyardım. Əli
Vəliyev bir yazıçı, bir ictimai xadim, bir jurnalist
olmaqla yanaşı, həm də əsl insan idi. Onun yanına
məsləhətə, ən sadə söhbətə gələn
adam da xalqın müdrik bir oğlu, bir "Budaq
baba"sı ilə söhbət etdiyini hiss edirdi. Onun hələ
kiminsə bir xahişi yerə saldığını, yaxud
kimdənsə məsləhətini əsirgədiyini deyən
ola bilməz.
Mehribançılığı
ilə yanaşı, Əli Vəliyev həm də olduqca
obyektiv, həm məhəbbətində, həm də nifrətində
açıq və kəskin idi. Haqlı bildiyini onun kimi
axıra qədər müdafiə edən,
haqsızlığa onun kimi, sona qədər amansız olan
adam çətin tapıla.
Əzizə Cəfərzadə
xalq yazıçısı
Mən onu
yazıçı, ictimai xadim kimi tanıdığımdan
çox-çox əvvəl tanıyırdım.
Hələ
orta məktəbdə oxuduğum vaxtlarda babamdan
eşitmişdim ki, Bakıda onun Əli adında qohumu
yaşayır, böyük adamdı, kitab yazır, qəzet
buraxır. Bağırovun yanına get-gəli var.
Əli Vəliyev
sözü qırmızı deyərdi üzə!
İştirak elədiyi elə yığıncaq, elə
müzakirə olmazdı ki, orada çıxış eləməsin,
qətiyyətli və ötkəm danışmasın. Əgər
daxilən inanırdısa məsələnin məğzi nədir,
o bu həqiqət deyilən zəncirdən yapışıb
son halqaya qədər təkidindən əl çəkməzdi.
O, doğruluğu, düzgünlüyü, söz
bütövlüyünü, açıq
danışığı, mərdlik, kişilik sifətlərini
dəyişilməz qanun hesab edirdi. Onun üçün yalan
və saxtakarlığın böyüyü-kiçiyi yoxdu.
"Yalanı, saxtakarlığı yumaq, təmizləmək
mümkün deyil, onları dəfn eləmək
lazımdır" - deyirdi.
Məmməd Araz,
xalq şairi
Ədəbiyyat qəzeti.- 2011.- 30
dekabr.- S.3.