Xalq yazıçısı Əli
Vəliyevin anadan olmasının 110 illiyi qeyd edilmişdir
Dekabrın
26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndələrindən
biri, xalq
yazıçısı Əli Vəliyevin anadan
olmasının 110 illiyi qeyd
edilmişdir.
AzərTAc xəbər verir ki, Mədəniyyət
və Turizm Nazirliyinin
təşkilatçılığı ilə keçirilən
tədbirdə yazıçının həyat və
yaradıcılığına həsr edilmiş
videomaterial nümayiş
etdirilmiş, Əli Vəliyevlə
bağlı böyük söz
adamlarının unudulmaz fikirləri səsləndirilmişdir.
Milli
Məclisin deputatları Nizami Cəfərov,
Sabir Rüstəmxanlı, Aqil
Abbas, professorlar Nizaməddin
Şəmsizadə, Qulu Məhərrəmli,
yazıçı-publisist Flora Xəlilzadə,
ədəbiyyatşünas Şirindil
Alışanov və başqaları çıxış edərək
bildirmişlər ki, Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələrindən olan Əli Vəliyev özünəməxsus ədəbi
irsə malik, silsilə romanları ilə
nəsrimizi zənginləşdirən unudulmaz
nasirlərdən biri kimi
tanınaraq sevilir.
Bildirilmişdir
ki, tanınmış nasir,
publisist Əli Vəliyev keşməkeşli
XX əsrin ilk ilində gözünü
dünyaya açmış, həyatın
hər üzünü görə-görə
mənsub olduğu xalqın səksən illik tarixinin fəal
iştirakçısına, bu tarixin bədii salnaməçisinə çevrilmişdir. Qələmi nəsrin bütün
janrlarında sınaqdan çıxmış ədibin əsərlərindəki
xəlqilik onun təkrarsız şəxsiyyətilə
bilavasitə bağlıdır. Əli Vəliyevin
yaradıcılığı üçün
səciyyəvi cəhətlərdən bəlkə də ən
birincisi həyatilik, xəlqilik, bütün kökləri ilə, bütün varlığı ilə xalqa bağlılıqdır. Uydurma,
quraşdırma hadisələr, qeyri-adi əhvalatlar,
kitablardan, filmlərdən götürülmüş
obrazlar sənətkarın
yaradıcılığına yaddır. O, ancaq gördüklərini, duyduqlarını, şahidi olduqlarını yazırdı. Bu söhbətlər o qədər
şirin, o qədər
inandırıcı, o qədər səmimidir
ki, oxucunu qətiyyən
yormur, onu real hadisələrin, olmuş
əhvalatların coşqun axarına
alıb aparır.
Vurğulanmışdır
ki, Əli Vəliyev Azərbaycan
Yazıçılar Birliyinin
üzvlüyünə qəbul olunmuş,
sonralar bu ittifaqda təşkilat katibi,
repressiya illərində nəsr bölməsinin
rəhbəri və digər vəzifələrdə
çalışmışdır. II Dünya
müharibəsi illərində sovet ordusunun tərkibində Krım cəbhəsində
yazıçı-jurnalist kimi fəaliyyət
göstərmişdir. Sonralar "Kommunist" qəzetində
çalışan Əli Vəliyev bir
müddət bu mətbu orqanının redaktoru işləmişdir.
Əli
Vəliyev yazıçı kimi Azərbaycan
ədəbiyyatına maraqlı mövzular
gətirmiş, nəsrimizi sanballı əsərlərlə
zənginləşdirmişdir. O, "Nənəmin
cəhrəsi", "Madarın dastanı",
"Qarlı dağlar", "Qəhrəman",
"Sovqat", "Gülşən",
"Çiçəkli", "Ürək
dostları", "Zamanın ulduzları",
"Turaclıya gedən yol",
"Anaqız", "Bir cüt ulduz", "Samovar tüstülənir", "Durna qatarı", "Qarabağda
qalan izlər", "Zəngəzur
qartalları", "İşığa doğru"
və oxucular tərəfindən
sevilən digər kitabların müəllifidir.
Gecədə
çıxış edən natiqlər 1983-cü ildə
dünyasını dəyişmiş Əli Vəliyevlə
bağlı unudulmaz xatirələrini
bölüşmüşlər.
Qeyd edilmişdir ki, Ə.Vəliyevin
dünyasını vaxtsız dəyişmiş oğlu Məsud istedadlı tənqidçi idi, ədəbi tənqiddə sərt və obyektiv yazı müəllifi kimi
ad qazanmışdı. Nəvəsi Afaq Məsud tanınmış
yazıçı və dramaturqdur.
Yubiley mərasimində
Ə.Vəliyevin əsərlərindən parçalar
səsləndirilmiş, tanınmış xanəndələrin
ifasında bir-birindən maraqlı musiqi
nümunələri ifa olunmuşdur.
Sonda Əli
Vəliyevin ailəsi adından çıxış edən ədibin
nəticəsi Leyla Ağayeva
tədbirin təşkilatçılarına və
iştirakçılarına minnətdarlığını bildirmişdir.
Ədəbiyyat qəzeti.- 2011.- 30
dekabr.- S.3.