“Mən atamın qızıyam”

  

- ...Atam Əli Qara oğlu həmişə uzaq səfərə çıxanda məni də özüylə aparardı. Bir dəfə Moskvada rəhmətlik Leyla Bədirbəyli, Nəbi Xəzri, dədəm, bir də mən maşınla qalacağımız mehmanxanaya gedirdik. Nəbi Xəzri qabaqda əyləşmişdi. Adəti üzrə zarafatından qalmadı:

- Əli müəllim…

- Nədi, Nəbi?

- Bu boyda yazıçısan…

- Əsas sözü de

- Sizin bu geyiminizə baxanda heç demək olmaz ki, böyük bir yazıçısınız… Başdan-ayağa dəblə ayaqlaşmayan paltar geymisiniz. Papaqdan tutmuş şərfə, şərfdən paltoya, ayaqqabıya qədər.

Dədəm səbirlə sonacan onu dinlədikdən sonra dedi:

- Nəbi, sözünü qurtardın?

Dedi: - !

Dədəm özünəməxsus danışığıyla söhbəti bitirdi:

- Nəbi, bala, bu Azərbaycanın istehsal etdiyi geyimi bir adam alıb geyməlidi, ya yox? Əyə, üzüvü çəvir o yana, sürücünün fikrini yayındırarsan

Sevil xanım bunları qəribə bir şuxluqla danışır, sövq-təbii yaxın günlərdə görkəmli yazıçıya həsr edilmiş televiziya verilişində xalq şairi Zəlimxan Yaqubun dediyi sözləri xatırlayıram. Onun dedikləri Sevil xanımın fikirlərini yüzdə-yüz tamamlayır: - Əli Qara oğlu Azərbaycanı, onun təbiətini dünyanın heç bir cənnət guşəsinə, barı-barxanasına dəyişməzdi. Hər cür imkanları olmasına baxmayaraq, o, məzuniyyət günlərini o zamanın məşhur istirahət guşələrində yox, Laçında, Kəlbəcərdə, İstisuda keçirməyə üstünlük verərdi. Həyatda o şəxsiyyətlər zaman-zaman yaşayır ki, Yaradanının ona verdiyi ömür payını xalqına, onun inkişafına, mədəniyyət və ədəbiyyatına sərf etsin.

Böyük ağsaqqal, gözəl yazıçı, varlığı folklordan yoğrulmuş Əli Qara oğlu belələrindən idi. Əli Qara oğlunun şəxsiyyətini, varlığını bir sözlə ifadə etmiş olsaq ilk yada düşən söz xeyirxahlıq mücəssiməsi ifadəsi olar. Son dərəcə dəqiq adam idi. Onun işə gəlməyi ilə saatını düzəldənlər olardı. Ömür dəftərində ilahi bir dəqiqlik hökm sürürdü. Mən xoşbəxt adamam ki, həyatımda qoşa dağın yeridiyini görmüşəm: Əli Vəliyevlə Süleyman Rəhimovu… Axundov kitabxanasının qarşısındakı qoşa çinar ağacının yanında dayanmışdılar. Süleyman Rəhimov dedi: "Əli Qara oğlu, o ağac sənsən, bu ağac da mənəm…” Əli Vəliyev səmimiyyətiylə, mərdanəliyilə, minillik təfəkkürə söykənən yumoruyla təkrarolunmaz idi. Bir dəfə radioda çıxış edibmiş, aradan az keçməmiş kassadan qonorarını almağa gəlir. Deyirlər Əli müəllim, belə tez verə bilmərik, hələ sənədlər hazırlanmayıb. O da özünəməxsus səmimiyyətlə dediyindən qalmayıb: - Bir dəfə sizdən qonorarımı gec aldım, müharibə başladı…

Z.Yaqubun sözünün-söhbətinin şirinliyi, dadı-tamı öz yerində, o verilişdə xalq şairi Nəriman Həsənzadə, yazıçılardan Nahid Hacızadə, Əlibala Hacızadə də unudulmaz Əli Vəliyev haqqında ən səmimi duyğularla söz açırlar. Nəriman müəllimin dedikləridi: "Əli Vəliyev haqqında danışanda o nəslin Süleyman Rüstəm, Mirzə İbrahimov, Süleyman Rəhimov, Mir Cəlal, Rəsul Rza, İlyas Əfəndiyev kimi görkəmli şəxsiyyətləri göz önünə gəlir. Hərəsi bir epoxaydı. Hər biri ayrı-ayrılıqda bir yaradıcılıq ocağı idi. O zaman bir şair, yazıçı görəndə elə bil ruhən böyüyürdük, onları gördüyümüzə, onlarla ünsiyyətdə olduğumuza görə bizə pərəstişlə baxırdılar, əfsanələşdirirdilər. Onlar da özlərini elə o cür uca, böyük aparırdılar. Əli Vəliyev xüsusi hörmət bəslədiyim bir şəxsiyyət idi. Mən onu mərd, bütöv adam kimi sevirdim. Onda ikinci bir söz yox idi, şax, düzü-düzünə - ya "hə", ya "yox" deyərdi. Əli Vəliyev xarakter idi. Əli Vəliyev obraz idi. Dediyi sözün ağası, gördüyü işin qulu idi. O, sözünü deyə biləmyi bacaran adam kimi yaşadı, yazdı, yaratdı".

Nəriman müəllimin sözünün ardını yazıçı Nahid Hacızadə gətirir: "Bu günlərdə mənim bir xatirələr kitabım çapdan çıxıb. İyirminci əsrdə Azərbaycan ədəbiyyatının ən görkəmli simaları haqqında olan düşüncələrimi qələmə almışam. Onlardan biri də Əli Vəliyevdi. Əli müəllim koloritli, zəngin insan idi. Ağsaqqallığı üst qatdaydı. Azərbaycan dilinin canlı ensiklopediyası kimi sevilirdi, ləhcələri, şivələri bənzərsiz şəkildə ipə-sapa düzər, yerində işlədərdi. Əli müəllim çox mərd-mərdanə, sözü üzə şax deyən, yar-yoldaşa vəfalı, dostluğu ucadan uca tutan, Tanrısı zəhmət olan, qəlbi xalq hikmətiylə dolu, işıqlı bir şəxsiyyət idi…"

Sonra da gəlir Əlibala Hacızadənin dedikləri: "Özündən əvvəl əsərləri ilə tanış idim. Universiteti bitirdim. 1964-cü ildə çapdan çıxan "Heykəl gülür" adlı kitabım haqda "Bakı" qəzetində Əli Qara oğlunun məqaləsi çap olundu. O zaman biz şəxsən tanış deyildik. O kiçik məqalə mənim ədəbi fəaliyyətimdə böyük rol oynadı - səmimiyyətinə, öyüd-nəsihətinə görə.

O televerilişdə Sevil xanımın özünün dedikləri də var: - Uşaqla uşaq, böyüklə böyük idi. Adını tutub yanına hər hansı işlə bağlı gələn olardısa, mütləq kömək edərdi, qayğı göstərərdi.

Söhbəti çay süfrəsi arxasında davam etdiririk. Yenə də danışan Sevil xanımdı:

- Anam dünyasını tez dəyişdiyindən mən dədəmə həm də bacı, yaxın dost əvəzi olmuşam. Həyat yoldaşım Nəriman da onun xətrini dünyalar qədər istərdi. Hərdən düşünürəm ki, bəlkə mən ona yetərincə vaxt ayırmadım, qulluğunda durmadım… Dədəm çox yaşayardı, yüzdən də o yana… Məsudun ölümü onu sındırdı… Yaman sındırdı. Düşünürəm ki, kaş sağ olaydı, kaş bu yaşımda da körpə uşaq kimi qulluğunda duraydım dədəmin. Xasiyyəti mənimlə daha çox tuturdu. Milli adam idi. Deyirdi ki, kişinin iki gözü iki gözə baxmalıdı. Dədəm əvəzsiz adam, tərbiyə mücəssiməsi idi. Ondakı diqqət kimdə olardı? Ailəyə hədsiz dərəcədə bağlı insan idi. İnstitutu bitirəndən sonra aspiranturaya girməyə, elmi iş götürməyə qoymadı qızlarını. Dedi oturun uşaqlarınızı böyüdün. Ancaq yaxın dostları bizə məsləhət görürdü ki, təhsilinizi davam etdirin, atanızın yoluyla gedin. Dədəm məni həkim görmək istəyirdi. Xalqa gərəkli sənətdi deyirdi. Ona görə də əvvəlcə bu sənətin dalınca getdim. Ancaq ölü üzərində aparılan təcrübə dərslərində özümü ələ ala bilmədim, həyəcanlandım. Ona görə də dədəm məni qoymadı ki, tibbi təhsilimi davam etdirim. Sənədlərimi universitetin coğrafiya fakültəsinə verib qəbul olundum. Qəbul imtahanını rəhmətlik Feyzulla Qasımzadə götürürdü. Suallara yaxşı cavab verdim. Qiymət vərəqində soyadımı oxuyanda Feyzulla müəllim soruşdu ki, a bala, sən Əli Vəliyevin qızısan? Dedim, bəli! Qayıtdı ki, boy, sən Qumru bacının qızıymışsan… Əgər müharibə vaxtı Qumru bacı olmasaydı, ailəmiz acından batardı… Sən demə çörək - kartoçkalarını itiriblərmiş. Əlacsız qalan Feyzulla müəllim bu barədə dədəmə danışır. Dədəm ailəmizin çörək kartoçkasını ona verib deyir: "Biz birtəhər keçinərik. Qumrunun qohum-əqrabası kənddən tez-tez un, dən-düş göndərir, Qumru bacın birtəhər bizi yola verər". Sonra Feyzulla müəllim götürüb mənə "5" yazdı. Dedi onsuz da "dörd"ə layiq cavab vermişdin. Gəldim evə. Dədəm soruşdu ki, düzünü de, Feyzulla müəllim o "beş"i biliyinə görə verdi, yoxsa mənə görə. Kişi qızı kimi düzünü dedim. Atamın qızıyam axı mən. Necə olmuşdusa elə də danışdım. Gözlərini uzaq bir nöqtəyə zilləyib dinlədi. Hiss etdim ki, güzəştli qiymət almağım onu açmadı, ancaq üzə vurmadı, sadəcə "Gör Feyzulla neyləyib e…" dedi. Elə bil dünyaya qayğıkeşlik üçün gəlmişdi. Ancaq bərk küsənliyi də vardı. Heç yadımdan çıxmır, oğlumun Hüsu Hacıyev küçəsində, Yazıçılar poliklinkasının yanında evi var idi. Bir dəfə dədəm onlara gedirmiş. Görür qonşuluqda yaşayan həkim Vera Fyodrovnanın qapısı açıqdı, xeyli adam toplaşıb. Bizdən səbəbini soruşanda həyat yoldaşının öldüyünü dedik. Dədəm dedi ki, yaxşı düşməz, ayaqüstü başsağlığı verim, birdən ehtiyacları olub-eləyər. Getməyilə qayıtmağı bir oldu. Gördüm qanı bərk qaradı. Soruşdum ki, nolub? Özünəməxsus qaydada "bunların salamı, əleyküm-salamı yoxuymuş ki" - dedi. Dedim: "Əşi, bəs sən bilmirsən bunların adəti bizimki kimi deyil…" Sən demə, dədəmi qarşılayan olmayıb, oturmaq üçün yer göstərməyiblər, bu da bərk inciyib. Belə küsməyi var idi dədəmin. Bayaqkı televiziya verilişində dədəmin küsəyənliyi barədə Zəlimxan Yaqub olanı deyirdi. Deməli, dədəmlə olan bir görüşdə Süleyman əmi durub çıxış edir, sözünün sonunda deyir ki, Əli Qara oğlu yaxşı insandı, ancaq küsəyəndi. Ondan sonra çıxış edənlər də sözlərini bu cür tamamlayırlar. Axırda dədəmə söz verirlər. Deyir ki, əziz yoldaşlar, mən necə küsəyən olmayım, bunlara deyirəm bu yol səhv yoldu, getməyin, sözümə baxmırlar, gedib uçuruma düşürlər, mən də küsürəm. Bəs mən dostlarımın səhv yolla getmələrindən, sözümə baxmamalarından necə küsməyim?

Dədəmin küsməyilə barışmasının arası qaşla göz arası qədər idi. Rəhmətlik Süleyman Rüstəmlə olan zarafatlarını, küsüb-barışmalarını deməklə, yazmaqla qurtarmaz. Rəhmətlik İlyas Əfəndiyevin xətirini çox istərdi. Onları kənd xatirələri, sadəlikləri, sözlərinin ağası olmaları birləşdirirdi. Həyata baxışlarında, davranışlarında qəribə bir oxşarlıq vardı. İndinin özündə də inana bilmirəm ki, dünyalarını dəyişiblər, yoxdular. Təsəllim odur ki, dədəmdən yaxşı ad qalıb, ölməz əsərlər qalıb, yaxşılıqları unudulmur. O, mənən yaşayır… Ancaq yenə də deyirəm, rəhmətlik Məsudun faciəli ölümü olmasaydı, dədəm daha çox yaşayardı...

Sevil xanım kirimişcə üzünü yana tutur. Bilirəm ki, "dindirmə, qəm ağlaram, yaman çağımdı mənim" havasına köklənib.

Füzulini oxumağınsa "Yarəb, bəlayi-eşq ilə qıl aşina məni" ağrılı umacağı var. İndilikdə isə Sevil xanım Əli Vəliyevin, Məsud Əlioğlu günlərinin aşinası, həmsöhbətidi.

Unudulmaz Əli Vəliyevin "Tərcümeyi-hal"ı həmin düsturla bitir: "Öz namuslu əməyi ilə həyat sürmək, öz sənəti ilə yaşayıb ömrü başa vurmaq, öz əsərləri ilə oxucuların qəlbinə yol tapmaq yazıçı üçün ən böyük sərvətdir".

 

 

S.Hüseynoğlunun Əli Vəliyevin qızı Sevil xanımla müsahibəsindən

 

Ədəbiyyat qəzeti.- 2011.- 30 dekabr.- S.3.