"Sevdim Azərbaycanı…"

  

  - Sizin təbirinizcə desək, cənab İan Piert, Azərbaycanla bağlılığınızın bir çox özəllikləri olduğunu bilirik. Əzəl başdan bu qədim Odlar diyarı sizin də qəlbinizi alovlandırıb - burada öz yarınıza qovuşubsunuz, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xarici dil kafedrasının müəllimi, tərcüməçi Səadət xanım İbrahimova ilə ailə həyatı qurmusunuz. Eyni zamanda, dilimizin, milli-mənəvi dəyərlərimizin, bənzərsiz mədəniyyətimizin heyranlarındansınız. Daha sizi Azərbaycana bağlayan tellərin nədənliyini sormağa lüzum da qalmır…

- Az qala sual daxilində mənim deyəcəklərimi ifadə etdiniz. Ancaq hər halda, elə incə nüanslar var ki, onların üstündən sadəcə bir münasibət bildirməklə keçmək də olmur. Məni Azərbaycana bağlayan tellərdən söz açdınız. Deyim ik, bu münasibətin ən ilkin bağları sizin insanlardı, azərbaycanlıların hədsiz dərəcədə səmimi, həssas, qonaqpərvər olması, milli köklərə, ilkinliyə bağlılığıdı. Bu cəhət çox aşkar, gözlə görünəndi. Azərbaycan insanının ailəyə bağlılıq, qohumcanlılıq hissi örnək, nümunə olacaq qədər qabarıq görünür. Burada insanların sifətindən, gözlərindən dünyalarını daha aydın görmək olur, yəni aydın və xıltsızdılar, hər cür biclik, çoxbilmişliklərdən uzaqdılar. Müasir dünya, cəmiyyət fonunda bu cəhət bir qədər nağılvari, paradoksal görünür. Ancaq bu, reallıqdı. Sizdə insanlardan sonra unikal özəlliklərilə seçilən və dərin maraq doğuran mədəniyyətiniz gəlir. Deyim ki, burada insanla mədəniyyət anlayışı, milli-mənəvi dəyərlərə bağlılıq vəhdət təşkil edir. Burada insanlar mədəniyyətə daha çox bağlıdılar. Belə insanlarla ünsiyyətdən çox zövq alıram. Götürək ki, xaricdə xalça quru, adi dekorasiya faktıdı. Ancaq azərbaycanlılar üçün bu, həm də zövq, tarixin yaşarılığı, rahatlıq, dinclik mənbəyidi. Eyni münasibəti heykəllərə olan baxışda görürəm. Sizin fəxri xiyaban çox maraqlı bir sənət əsəri kompleksidi, açıq səmadakı muzey kimidi, daha çox qədirbilənlik, vəfadarlıq ifadəçisidi. Deyim ki, bizim İngiltərədə heykəllər darıxdırıcıdı, orada ağır misdən tökülən hərbiçi heykəllərilə daha çox rastlaşarsınız, tarixi dondurulmuş görərsiniz.

Bütün saydıqlarımla yanaşı, məni Azərbaycana bağlayan ən özəl cəhətlərdən biri onun mədəniyyətinin daha möhtəşəm qolunu təşkil edən böyük ədəbiyyatıdı. Bu ədəbiyyat daha çox insani, özünəməxsus, eyni zamanda bəşəridi, humanistdi. İngiltərədə Azərbaycan ədəbiyyatının yaxşı tanınmaması məni çox heyifsiləndirir. Sizin "Kitabi-Dədə Qorqud", Nizami, Füzuli yaradıcılığı dünya ədəbiyyatı üçün böyük örnəkdi. Ancaq bunları dünya oxucularına lazımi səviyyədə çatdırmağa ehtiyac var. Xüsusilə tərcümə işinin keyfiyyətinə böyük ehtiyac duyulur. Götürək ki, Nizaminin "Leyli və Məcnun"unun ingiliscəsində mən almaq istədiyim enerjini tam, bütöv görə bilmirəm. Ancaq Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun"unu səhnədə seyr etdikcə o mənəvi enerjidən bütöv, boya-boy barınmaq olur. Bu, ondan irəli gəlir ki, musiqi tərcüməsiz olaraq insan ruhuna hakim kəsilir, insan hisslərinə dilmanclıq edir, bədii ədəbiyyat, söz sənəti isə mütləq tərcümə reallığına, qaçılmazlığına dirənib qalır. Çox istərdim ki, ingilisdilli oxucular böyük Azərbaycan yazıçıları Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, mollanəsrəddinçilərin yaradıcılığı ilə daha yaxından tanış olsunlar. Mən Mirzə Cəlilin "Ölülər"inin ingilis dilinə tərcüməsini redaktə edərkən bu gözəl əsərin azadlıq ruhuna heyran kəsildim. Bu, çox ağıllı bir əsərdi ki, burada faciəviliklə komizm qəribə ustalıqla birləşdirilib, bir araya gətirilib. Hadisələrin gülüş doğuran tərəfi eyni dərəcədə də göz yaşı gətirir. Götürək ki, Şeyx Nəsrullahın hər gecə cavan bir qız uşağıyla yaşadığı məstliklə yanaşı, ertəsi gün nə qədər insan taleyinin, mənliyinin tapdanması, milli faciə yaşantıları açılır, göz önünə gətirilir. Bu əsər fəlsəfi - psixoloji məqamları bir arada çox gözəl, ustalıqla təqdim edir. Kefli İsgəndər oxucu üçün daha maraqlıdı. "Kral Lir"dəki təlxəklik, "Hamlet"dəki dəlilik, "Ölülər"dəki sərxoşluq o məqamda birləşir ki, bunlar hamısı həqiqətin, doğrunun, cəmiyyətdə baş verən əyintinin aşkarlanmasına, qabardılmasına xidmət edir.

- Cənab İan Piert, bizim ortaq bir dostumuz da var. Bu, Azərbaycanın görkəmli xalq yazıçısı Elçin, onun bənzərsiz yaradıcılığıdı. Bilirik ki, Elçin müəllimin "Şekspir" əsəri sizin çevirmənizdə ayrıca kitab şəklində çap olunub, bundan sonra Londonun Avanqard teatrında səhnəyə qoyulub. İstərdik bu yaradıcılıq əlaqələrinin hardan qaynaqlanması haqqında danışasınız.

- Bəri başdan deyim ki, Elçin dünya ədəbiyyatı dəyərlərini, bu sahədəki təcrübəni mükəmməl şəkildə öz yaradıcılıq laboratoriyasından uğurla keçirən çox maraqlı bir yazıçıdır. Onun "Şekspir" pyesi əsasında hazırlanan tamaşaya Üns teatrında həyat yoldaşım Səadət xanımla bərabər baxdıq. Açığını deyim ki, çox xoşuma gəldi. Əsərə istedadlı rejissor Bəhram Osmanov maraqlı quruluş verib. Mən bu məsələlərdən bir az məlumatlıyam. Vaxtilə İngiltərədə fəaliyyət göstərən bir çox teatrlarda həvəskar aktyor kimi çalışmışam. Sövq-təbii bu tamaşadan dərin zövq aldım. Müəllif və rejissor qayəsi çox maraqlı idi. Tamaşadan sonra Elçin müəllimlə əlaqə saxladıq, bir çox maraqlı layihələr barəsində ətraflı söhbətimiz oldu. Sonra həyat yoldaşımla bərabər "Şekspir"i ingilis dilinə çevirdik. Əsər ayrıca kitab şəklində nəşr olundu. İş elə gətirdi ki, bu kitab Azərbaycanda düzənlənən teatr xadimləri konfransına dəvətli olan rejissorun - Deyvid Perrinin diqqətini çəkdi. Həmin rejissor vətənə dönüşü zamanı hələ yolda ikən "Şekspir"i oxuyub ona valeh olmuşdu. Az keçməmiş Devid Perrinin quruluşunda əsər Londonun Avanqard teatrında müvəffəqiyyətlə tamaşaya qoyuldu. Deyim ki, bu işdə səfir Fəxrəddin Qurbanovun və Azərbaycan-İngiltərə dostluq cəmiyyətinin rəhbəri Taleh Heydərovun da xüsusi dəstəyi, hamiliyi oldu. Elçinin yaşanmış tarixə ironik, paradoksal şəkildə təqdim edilən münasibəti ingilis tamaşaçıları üçün çox maraqlı idi. Hadisələr dəlixananın baş həkiminin qəribə deyingənliyi fonunda başlayır. Buranın sakinləri daha çox tarixi şəxsiyyətlərdi, bir yerə yığışanda ötən günlərin olaylarından söhbət açırlar; Sara Bernar bir qayda olaraq ifa etdiyi rollardan danışır, İosif Stalin bağışlanmasını diləyir, Qori seminariyasında təhsil almağından, "İncil"i oxumağından, tiran kimi doğulmağından, mühitin güdazına getdiyindən söz açır. Yer sakinləri içərisinə düşən yadplanetli baxıb görür ki, burada insanlar bir şey düşünüb, başqa şey danışırlar. Dəhşətə gəlir, gəldiyi planetin sərhədsizliyindən, hasarlanmış həyətlərin olmamasından fərqli olaraq anlayır ki, Yer planetində hər şey qəribə bir mənəm-mənəmliyə hesablanıb, burada daha çox asıb-kəsənlər, öldürənlər böyük hesab edilir. Həmyerliləri yadplanetlinin arxasınca gəlir. O, şikayətlənir ki, bizim hər şeyimiz var, ancaq teatrımız yoxdur. Geri dönəndə bu teatra bir də yenidən qayıdacağına söz verir. Ümumiyyətlə, çağdaş Azərbaycan nəsrinin, dramaturgiyasının mənzərəsini göz önünə gətirmək üçün Elçinin yaradıcılığı kifayət qədər zəngin material verir. Yazıçının yaradıcılığına olan xüsusi marağımız bunu bizim onunla son işimiz olmayacağından xəbər verir.

Bir çox Azərbaycan yazıçısının əsərlərini də ingilis dilinə çevirmək fikrimiz var. Bilirsinizmi, ədəbiyyat işi bəşəri bir prosesdi, daha çox xalqların yaxınlaşmasına xidmət edir. Bir az öncə azərbaycanlı yazar Gülayənin kiçik bir hekayəsindən danışdıq. Mənə çox maraqlı gəldi. Anası xəstə olan o uşaq ki, hər şeyi görən Allahın anasına nəzər yetirməməsinin səbəbi kimi Allahın da xəstə ola bilməsini xəyal edib ona kömək, qayğı məqsədilə kiçik dərman həblərini göy üzünə - Allahına doğru atır - həmin uşağın bu mənəvi təmizliyi, inamı indi bəşəriyyətə daha çox gərəklidi. O inamı, o ilkinliyi qorumaq lazımdı. Hekayənin sonluğu da maraqlıdı; xəstə ananın üstünə gətirilən həkim dərmanın səhv təyin olunduğunu deyir. Dərmanı göyə dağıtdığı üçün bir az əvvəl oğluna qınaqla baxan ata dönüb ifadə edilməsi mümkün olmayan bir minnətdarlıqla balaca oğluna nəzər salır. Gülayə çox yığcam, lakonik şəkildə hekayəsində göstərib ki, doğrudan da Allahın xeyirxah niyyəti bəşəriyyətin başı üstündədi, bu xeyirxahlığı müxtəlif vasitələrlə ifadə edir - gah balaca bir uşağın sevgisi, mənəvi təmizliyi, gah ən adi sevincə səbəb olan digər bir əməllə. Əsas olan bu böyüklüyü görə bilmək, yaddan çıxarmamaq, ona doğru getməkdi.

Azərbaycana qırx doqquz yaşında gəlmişəm. Artıq altmışı haqlamışam. Bu illərdə mənim üçün çox sürprizlər olub, ən əsası odur ki, həyat yoldaşımın hədsiz insanpərvərliyi Azərbaycanın bənzərsiz milli-mənəvi dəyərləri ilə bir yerdə həmişə mənə bu diyarı dərindən sevdirib. Mən onun simasında əsl fədakarımı, eyni zamanda sənət dostumu tapmışam. Birlikdə xeyli maraqlı layihə həyata keçirmişik. Görkəmli xanəndə Alim Qasımov haqda Natəvan Faiqin hazırladığı üçcildlik (Azərbaycan, ingilis rus dillərində) kitabın ingilis dilinə tərcüməsi birgə məhsulumuzdu. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə - "Azərbaycan nağılları" audio variantlı kitab nəşr olunub və bu kitabda otuz nağıl yerləşdirilib. Həmin nağıllar bizim tərəfimizdən tərcümə olunub. Rəssam Zakir Hüseynov haqda sənətşünas Ziyadxan Əliyevin yazdığı "Tənha döyüşçü" kitabını da Səadət xanımla bərabər ingiliscəyə çevirmişik. Bir çox filmlərin, eləcə də Elçin Musaoğlunun rejissorluğu ilə başa gələn "Qırxıncı qapı" filmini ingilis dilinə birgə çevirmişik. Əməkdar artist Rain Sultanovun "Azərbaycan caz antologiyası"nı, bir çox rəssamların kataloqlarını,"Azərbaycan dünyası", "Cazz dünyası" jurnallarını ingiliscəyə biz tərcümə etmişik. Avropa-Azərbaycan cəmiyyətinin təsis etdiyi "Azərbaycana baxış" ("Visions of Azerbaijan") jurnalının isə mən redaktoruyam. SOCAR-ın dəstəyi ilə nəşr olunan "Azərbaycan nefti" kitabının , "SOCAR plus" jurnalının ingiliscəyə tərcüməsi bizim birgə işlərimizdəndir. Başqa işlər var. Azərbaycan dünyasına olan sevgim, marağım sonsuzdur. Mənim sevimli futbol komandam "Qurdlar" (Wolves) komandasıdır. Sizlərdə də "bozqurdçular" totemi önəmlidi. Görünür bu maraq, bağlılıq bir tale işidi. Bu bağlılıqdan irəli gəlir ki, mən öz səadətimi də burada tapdım. Söhbətimizin əvvəlində soruşmuşdunuz ki, sizi Azərbaycana hansı duyğular, kimlər, nələr bağlayır. İndi gördünüzmü bu bağların xeyli sayı-hesabı var; həyat yoldaşım Səadət xanım, böyük Azərbaycan mədəniyyəti, görkəmli sənətkarlarınız Nizami, Füzuli, Mirzə Fətəli, Mirzə Cəlil, Səttar Bəhlulzadə, Vaqif Mustafazadə, xalq yazıçısı Elçin, xalq artisti Alim Qasımov, rəssam dostumuz Yusif Mirzə… Azərbaycan insanının, xüsusilə qadınlarının güclü qürur hissi məni həmişə heyran edib. Bu, nəsə, xüsusi bir duyğudu. Eyni zamanda Azərbaycan təbiəti. Mən Azərbaycan təbiətini öncə Səttar Bəhlulzadənin tablolarında görüb sevmişdim. Azərbaycana ilk gəlişimdə onun qəbrini aradım. Özümlə götürdüyüm bələdçi kitabı çox köməyimə yetdi. Mən onun qəbrini Əmircan kəndindəki qəbiristanlıqda ziyarət etdim. Maraqlı qəbirüstü abidəsi var… Ömər Eldarovun yaratdığı möhtəşəm heykələ məftun oldum. Sonra əmircanlılar məni kənddə keçirilən Novruz bayramı şənliyinə dəvət etdilər, həvəslə iştirak etdim. Necə deyərlər, qaynayıb-qarışdım bu torpaqla, bu qədim xalqla, onun böyük mədəniyyəti, ədəbiyyatı ilə…

 

 

Söhbətləşdi: Sərvaz

 

Ədəbiyyat qəzeti.- 2011.- 30 dekabr.- S.2.