Səməd
Vurğun
(Vəkilov
Səməd Vurğun Yusif
oğlu)
Mən
1906-cı ildə Azərbaycan SSR Qazax rayonunun Salahlı kəndində doğulmuşam. Vurğun
- "aşiq" mənim təxəllüsümdür.
Uşaqlıq
illərim doğma kəndimdə keçib. On iki yaşlı yeniyetmə ikən mən Qazaxda Müəllimlər seminariyasına qəbul
olunmuşam.
1920-ci
ildə Azərbaycanda Sovet hakimiyyəti qurulan zaman komsomola
daxil oldum və Qazax rayonunun kəndlərində
ilk komsomol özəklərinin
yaradılmasında fəal iştirak etdim.
Müəllimlər
seminariyasını bitirdikdən sonra bir neçə il doğma kəndim Salahlıda, sonra
isə Qubada və Gəncədə
müəllimlik etmişəm.
1929-cu
ildə Bakıya köçdüm, sonra Moskvaya yollandım, orada 2-ci MDU-da təhsilimi davam etdirdim. 1931-ci ildə
Moskvadan Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun dil və ədəbiyyat
bölməsinə aspiranturaya daxil oldum.
Ədəbi
yaradıcılığa 1926-cı ildən - iyirmi
yaşında ikən başlamışam.
Mətbuatda
ilk dəfə "Gənc işçi" ("Molodoy
raboçiy") qəzetində Azərbaycan
dilində dərc olunmuş "Göy göl" şeirilə
çıxış etmişəm.
Bu zamandan
etibarən mən müntəzəm və ciddi
olaraq şeir
yazıram: "Şairin andı",
"Hazır olun" və s. 1926-1929-cu illərdə folklorun
güclü təsiri altında
yazılmış şeirlərim o zaman qəzet və jurnallarda
çap olunmuşdur.
Onlarda mən doğma
yurdumun təkrarolunmaz gözəlliyini tərənnüm
etmişəm…
İlk irihəcmli
əsərimi - "Komsomol
poeması"nı mənim üçün
şüurlu ictimai-siyasi
həyatımın ilk məktəbi olmuş Lenin komsomoluna həsr etmişəm.
1930-cu
ildən Azərbaycan dilində "And"
şeirlər kitabım çap olunmuşdur. İki ildən
sonra ikinci kitabım -
"Fanar",
sonra isə "Şeirlər" (1935),
"Könül dəftəri" (1938) çapdan çıxdı. Vətən və
xalq mövzusu
kitablarımın əsas mövzusuna çevrildi.
A.M.Qorkinin
çıxışını eşitdiyim
sovet yazıçılarının Birinci Ümumittifaq
qurultayının işində iştirakım (1934-cü il) həyatımda böyük
hadisə oldu.
Həqiqətlərimizin
poeziyasını açmağı, həyatımızın çox mühüm
tendensiyalarının fəlsəfi ümumiləşmələrini
verməyi qarşımda yaradıcılıq vəzifəsi qoyuram. Bilirəm - bu çətin yoldur, lakin vicdanım, sovet ədəbiyyatına
sədaqətim, müasirliyimizə böyük
məhəbbətim məni bu yoldan keçirəcək. Əsl şairin düşmənlərdən və hər
cür "çətinliklərdən"
qorxaraq səsini qısmağa haqqı yoxdur. Əgər şair öz oxucusu ilə
danışmağa dərin daxili tələbat
hiss edirsə, o onunla güclü və ədalətli,
cəsarətli və aydın səslə
danışmalıdır. Yarımçıq sevmək olmaz: yarımçıq nifrət etmək olmaz. Şair xalqın böyük işlərinə məhəbbətini
və inkişafa mane olan hər cür geriliyə,
ətalətə, saxtakarlığa nifrətini tam gücüylə ifadə etməlidir.
Azərbaycan
Yazıçılar İttifaqının katibi
olarkən mən Azərbaycan ədəbiyyatındakı
burjua-millətçi meyillərə qarşı israrla mübarizə aparır, xalqın həyatının
düzgün əks etdirilməsinə
çağırırdım.
Çoxsaylı
mənzum poemalarda, dramlarda,
o cümlədən "Komsomol
poeması", "Bulaq əfsanəsi";
"26-lar"; "Bəsti"; qəhrəmanlıq
dramları "Vaqif", "Fərhad və Şirin"
(Stalin mükafatı almış), "Xanlar" dram-poeması, "Muğan"
və "Köhnə dostlar"
poemalarının adlarını çəkə bilərəm.
Mən Azərbaycan xalqının uzaq və
yaxın keçmişindən unudulmaz
lövhələri canlandırmaq istəmişəm.
1938-ci ildə Bakıda Əzizbəyov
adına Azərbaycan Dövlət Dram
Teatrının səhnəsində Azərbaycanın müstəqilliyi
uğrunda qəhrəmancasına
mübarizə aparmış XVIII əsrin gözəl, vətənpərvər
şairi haqda "Vaqif" poeması tamaşaya
qoyulmuşdur. Bu pyes 1948-ci ildə Azərbaycan
teatrının Moskvada qastrolları
zamanı göstərilmişdir.
1939-cu
ildə mənim Bakı proletariatının inqilabi
mübarizəsi haqqında mənzum "Xanlar"
("Gün çıxır") pyesim, üç ildən
sonra isə Nizaminin
"Xosrov və Şirin"
poeması əsasında "Fərhad və Şirin"
qəhrəmanlıq dramım səhnəyə qoyuldu. Bu dram
T.Steşnevanın tərcüməsində 1946-cı ildə
Stanislavski və Nemiroviç-Dançenko
adına Moskva Teatrının səhnəsində
göstərildi.
"Fərhad və Şirin"
dramatik poemasından sonra
mən yeni böyük
"İnsan" dramatik
poeması üzərində işə başladım. Burada mən sovet xalqının qəhrəmanlığını
və mənəvi-siyasi böyüklüyünü,
onun humanizmini, insan idrakının qələbəsinə
inamını, ilk növbədə Azərbaycan
və rus xalqları arasındakı dostluğu göstərmək istəmişəm.
Bu pyes
üzərində çalışmaqla yanaşı, mən
xalqımın gözəl paytaxtı haqqında -
"Bakı haqqında dastan" ("Poema o Baku")
böyük mənzum epopeyası üzərində
işləmişəm.
Sovet Azərbaycanının
15 illiyinin qeyd
olunması ilə əlaqədar mən Azərbaycan nümayəndəliyi
tərkibində Kremldə qəbulda olmuş
və şeirlərimi oxumuşam. Bu, həyatımın unudulmaz
anları olmuşdur.
Böyük
Vətən müharibəsi illərində sovet
döyüşçülərinin qəhrəmanlığını
tərənnüm edən bir sıra əsərlər
yazmış, müstəmləkəçiləri və
müharibə qızışdıranları ifşa
etmiş, sülh və
azadlıq uğrunda mübarizəyə
çağırmışam.
Bir çox əsərlərim
faşizm, irtica ilə
mübarizə mövzusuna həsr edilmişdir ki, bunların
da arasında G.Dimitrov
barədə "Ölüm kürsüsü" və "Zəncinin
arzuları" poemalarını ayrıca qeyd
edirəm.
Mən
Puşkinin "Yevgeni
Onegin", Qorkinin
"Qız və ölüm", Şota Rustavelinin "Pələng
dərisi geymiş pəhləvan"
(şərikli), Nizaminin "Leyli və Məcnun"unu Azərbaycan dilinə
tərcümə etmişəm…
Çoxmillətli sovet ədəbiyyatı - dünyanın
qabaqcıl ədəbiyyatı yalnız özündə kommunizmin nəcib ideyalarından
ruhlanmış sosialist məzmunu ilə deyil, həm də bu
mündəricəni, bu ideyaları təcəssüm
etdirən zənginliyi, milli bədii forma müxtəlifliyi ilə güclü
və gözəldir.
Bütün
ədəbiyyatımız üçün
vahid forma olan sosialist realizmi heç də bütün millətlərin sovet
yazıçılarını gerçəkliyimizin bütün proses və
hadisələrini bədii cəhətcə bütün
milli ədəbiyyatlar üçün
hansısa vahid forma
çərçivəsində açmağa
və ümumiləşdirməyə məcbur etmir. Sosialist realizmi metodunun mahiyyətini
bu cür başa düşmək həyat həqiqəti
ilə tam ziddiyyətə girərək onu doqmatik, dar
çərçivədə dərk etmək deməkdir.
Axı həyat özünü çoxcəhətli
təzahür etdirir, bu
isə incəsənətdə, eyni zamanda milli forma
rəngarəngliyini şərtləndirir. Hər bir millət əsrlərlə təşəkkül
tapmış öz tarixi
inkişaf yoluna, məişət
tərzinə, ənənələrinə, dilinə, adətlərinə,
bacarıq və vərdişlərə, düşüncə
tərzinə və xasiyyətə malikdir.
Rus dilində ilk
şeir kitabım - "Şeirlər və
poemalar" 1925-ci ildə
çıxmışdır; sonra 1939-cu
ildə "Səhər nəğməsi" şeirlər toplusu, 1942-ci ildə "Xoşbəxtlik uğrunda" şeirlər toplusu,
1948-ci ildə "Seçilmiş əsərlər",
1949-cu ildə "Seçmələr", 1950-ci ildə
"Poemalar və şeirlər",
"Kommunizm oxuyuram",
"Pyeslər" çapdan
çıxmışdır.
Klassik rus poeziyasının elementləri Azərbaycan
poeziyasının, əlbəttə, üzvi
elementləri şəklində yaradıcı surətdə mənimsənilmişdir.
Belə ki, Onegin beyti tam hüquq
sahibi kimi Azərbaycan
şeirinə
daxil olmuşdur.
Döyüşkən Mayakovski ahəngi də
şeirimizdə
yerini tapmışdır.
1945-ci
ildə məni Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi
üzvü seçiblər, 1946-cı ildə
isə mənə əməkdar incəsənət xadimi adı verilib.
1946-cı ildə SSRİ Ali Soveti deputatları nümayəndələrinin
tərkibində İngiltərəyə getmişəm.
1948-ci
ildə Vrotslavda (Polşa)
mədəniyyət xadimlərinin konqresinin
iştirakçısı olmuşam,
1950-ci ildə Sülhü Müdafiə Sovet Komitəsinə üzv,
sonra SSRİ Ali Sovetinə
deputat seçilmişəm. 1949-cı ildən
Ü(b)P-nin
üzvüyəm.
1956-cı
ildə 50 illiyimlə əlaqədar mənə "Azərbaycan
SSR xalq şairi" fəxri
adı verilmişdir.
Bakı,
1956-cı il
Səməd
Vurğun 27 may
1956-cı ildə vəfat etmişdir.
* Səməd Vurğunun ilk dəfə
rus dilində yazdığı bu tərcümeyi-halına
tarixilik baxımından yanaşılması düzgün
olardı - T.Ə.
Ədəbiyyat qəzet.- 2011.- 30 dekabr.-
S.4.