"Ədəbiyyat qəzeti"
redaksiyasına
Hörmətli
Ayaz müəllim!
Azərbaycanın
ilk xalq şairi Səməd Vurğunun həyatı, şəxsiyyəti
və poetik yaradıcılığı haqqında iri həcmli
albom-kitab üzərində işlərkən arxivlərdə,
eləcə də dövri mətbuatda və digər nəşr
olunmuş kitablarda şairin yazdığı tərcümeyi-hala
təsadüf etməmişdim. Ona görə də Səməd
Vurğunun ayrı-ayrı məqalələrində,
çıxışlarında özü barədə dediyi
sözləri toplayıb ardıcıl şəkildə
yazdım, necə deyərlər, "tərcümeyi-hal"
yarandı. Onu xalq şairi, görkəmli ictimai xadim Səməd
Vurğunun anadan olmasının yüz illiyi münasibətilə
hazırladığım "Səməd Vurğun"
(Bakı, "Nurlar" NPM, 2006) kitabçasında verdim.
Bu günlərdə
Səməd Vurğunun rus dilində yazdığı tərcümeyi-halını
aşkar etdim. Onu sizə göndərirəm, xahiş edirəm
ki, bütövlükdə olduğu kimi doğma dilimizdə
çap edəsiniz. Zənnimcə, hər iki tərcümeyi-halın
əhəmiyyətini nəzərə alıb qəzetin
oxucularına çatdırsanız yaxşı olardı.
Hər iki
"tərcümeyi-hal"da şairin anadan olduğu gün
yazılmamışdır.
Güman
edirəm ki, şairin tədqiqatçıları "Ədəbiyyat
qəzeti"nin 18 mart 2011-ci il tarixli sayında sizin
"Xalqımızın müstəsna xidməti" məqalənizdə
xalq yazıçısı Süleyman Rəhimovun qələm
yoldaşlarının doğum günlərinin pasport qeydi barədə
dediyini nəzərə alıb Səməd Vurğunun
doğum gününü 21 və ya 22 mart tarixinə yaza bilərlər.*
Məqalədə
yazdığınız kimi, Süleyman Rəhimov
özünün və "Səməd Vurğunun doğum
günlərini Novruz bayramı həvəsilə müvafiq
surətdə 21 və 22 mart tarixinə
yazdırdıqlarını aşkar bir razılıqla" -
demişdir.
Teymur Əhmədov
* Müvafiq mənbələrdə mərhum
Süleyman Rəhimovun dedikləri təsdiqini tapır:
martın 21-i Səməd Vurğunun, martın 22-si Süleyman
Rəhimovun doğum günü kimi qeyd olunub. (Red.)
Ədəbiyyat qəzeti.- 2011.- 30
dekabr.- S.4.