Cəfər
Xəndan şəxsiyyəti və ədəbiyyat
Dünya nə
qədər qoca olsa da, onun qoynunda
yaranan ölməz mədəniyyət
abidələrinin yaşı bir o qədər azdır. Bu
mədəniyyət abidələrini hər xalqın öz içində yetişən şəxsiyyətlər
yaratmışlar. Dünya xalqları
içərisində zəngin mədəniyyət nümunələri
ilə seçilən diyarlardan biri də Azərbaycandır. Uzun
və zəngin inkişaf yolu
keçmiş xalqımız dünya mədəniyyətinə müxtəlif
dövrlərdə ayrı-ayrı şəxsiyyətlər bəxş
etmişdir. Mədəni irsimizin
keçdiyi yollar hər
zaman eyni dərəcədə
tədqiqata məruz qalmamışdır. Bəzən
mühitin tələbindən irəli
gələn səbəblərdən, bəzən irsimizə özümüzün soyuqqanlı
yanaşmağımızdan, bəzən də başqa xalqların məcburi təsirindən
tədqiqatçılıq işi layiqincə
aparılmamışdır.
Belə
yazarlarımızdan biri də Cəfər
Xəndan Hacıyev olmuşdur. Onun yaradıcılığı layiqincə
araşdırılmamışdır.
Azərbaycan
nəsrinin tədqiqatçılarından biri
olan Cəfər Xəndan oxucularına Tərlan
Novruzovun "Cəfər Xəndan
Hacıyev: Həyatı və yaradıcılıq yolu" adlı kitabında məlumat verilmişdir.
Kitab giriş və üç
fəsildən ibarətdir. Bu kitabda Tərlan Novruzovun Cəfər
Xəndan poeziyasına olan diqqətini, bu poeziyaya verdiyi
dəyəri görmək mümkündür.
Müxtəlif mövzuda
yazdığı şeirlər vasitəsilə insanlara göndərdiyi mesajlar
olduqca qiymətlidir. Onun
şeirlərinin böyük bir qismində vətənpərvər ruhlu bir şəxsiyyət
olması öz sübutunu
tapır. Onun şeirləri şairin həqiqətən xalqına, vətəninə
bağlı bir şəxsiyyət olduğunu təsdiq edir.
Xalqımız
üçün ağır sınaqlardan
biri olan Böyük Vətən müharibəsində
o, ədəbi fəaliyyətini davam etdirmiş və bu dövrün ümumi səciyyəsini verən əsərlər
yazmışdır. Vətənpərvərcəsinə
yazılmış şeir nümunələri
müharibə dövründə ən güclü
"silah" kimi dəyərləndirilmişdir.
Təkcə şeirlərinə deyil,
yazdığı poemalara da
T.Novruzov diqqətlə
yanaşmış, onların dövrümüzlə səsləşdiyini
qeyd etmişdir.
Bu kitabda
da qeyd olunduğu
kimi, onun bir çox şeirləri
bu gün də oxuculara qida verir, onların ruhunu
oxşayır. Bu kitabda
Cəfər Xəndanın yazmış olduğu
poemalar haqqında ətraflı məlumat
verilir və ədəbi fakt
kimi tərcüməçilik fəaliyyətindən
də danışılır. Kitabda onun tərcüməçilik
fəaliyyəti zamanı əldə etdiyi
ən böyük nailiyyətlərdən
birini "Puşkinin
ölümünə "Şərq poeması"nı fars dilindən tərcümə etməsi, bu tərcümələrin ədəbi
ictimaiyyət tərəfindən böyük
maraqla qarşılanması kimi fikirlər də öz
əksini tapmışdır. Cəfər Xəndanın
etmiş olduğu bu tərcümənin ən yaxşı tərcümələrdən
biri kimi təqdir
olunması, bu poetik tərcümənin
uzun müddət ədəbiyyat müntəxəbatlarına
salınması və 1962-ci ildə ayrıca kitabça
şəklində nəşr olunması barədə mülahizələr
də kitabda yer alan fikirlərdəndir. Kitabda
onun ədəbi-tənqidi
yaradıcılığı barədə ətraflı
danışılır, həmçinin ədəbi tənqiddə
özünəməxsus mövzu dairəsi,
üslubu, ancaq ona məxsus bir təhlil tərzi
olması kimi fikirlər də yer alır. Kitabda göstərilir ki, bədii həqiqətə
sadiqlik, təhlillərində elmi-nəzəri
ölçü-biçini gözləmək,
ədəbi fakta ədəbiyyatşünas
səriştəsi ilə yanaşaraq, tənqidçi
qayğıkeşliyini nümayiş
etdirmək onun tənqidi məqalələrinin
əsas pafosunu təşkil edir. Onun tənqidi məqalələrini başqalarından fərqləndirən
ən mühüm xüsusiyyət
yaşadığı dövrün ədəbiyyat
problemlərinə, bir yerdə
yaşayıb-yaratdığı yazıçı və
şairlərin yaradıcılığına həsr etdiyi məqalə və oçerklərin məzmununda
ədəbiyyat tarixçiliyi, pedaqoji maarifçilik, öyrədicilik, maarif
və estetik tərbiyə ideallarına üstünlük verilməsidir. Bir çox şəxslərə
yazdığı məqalələrini təhlil edərkən
onun dramaturgiya tənqidçisi
kimi istedadının olduğu
da müəyyənləşir. Onun həmçinin ədəbiyyatın başqa janrlarında olduğu
kimi, Azərbaycan nəsrinin də
tanıdılmasında, inkişaf etdirilməsində,
tədqiq və təbliğində xüsusi
rolu olduğu görünür. Kitabda həmçinin
Cəfər Xəndan haqqında böyük
ədəbiyyat nəzəriyyəçisi kimi
danışılır. Məlumdur ki, Cəfər
Xəndan geniş ədəbiyyatşünaslıq
fəaliyyəti ilə yanaşı, görkəmli sabirşünas alim kimi də tanınır. Kitabda
bu fikrin təsdiqi ilə
bağlı bir çox
məqamlara aydınlıq gətirilmişdir. Kitabda
Cəfər Xəndanın M.Ə.Sabir
yaradıcılığının sənətkarlıq
xüsusiyyətləri haqqında geniş
tədqiqatının sabirşünaslıqda irəliyə doğru atılan mühüm
addımlardan biri olduğu
söylənilir. O, öz tədqiqatında
Sabir sənətkarlığının
mahiyyətini üzə çıxarmağa imkan
verən bədii cizgiləri bütün
incəlikləri ilə araşdırmağa və onun ümumi bədii sistemini tam şəkildə
təqdim etməyə çalışmışdır. Kitabda Cəfər
Xəndanın elmi tədqiqatlarında həm
də Cənubi Azərbaycan ədəbiyyatının ədəbi
inkişafı, tarixi keçmişi,
müasir axtarışları, ədəbi
şəxsiyyətləri, ümumən ideya-estetik
problemləri baxımından əhəmiyyətli yer tutması barədə mühüm
fikirlər yer alıb. Müəllif qeyd edir ki, Cəfər Xəndan
öz şeirləri ilə Cənubi Azərbaycanda
da tanınırdı. Süleyman
Rüstəm onun haqqında
"Yaxşı dost, yaxşı alim" məqaləsində orada
çap olunan əsərlərini
birliyə çağıran əsərlər kimi qiymətləndirmişdir. Cəfər
Xəndan Cənubi Azərbaycan şairi və
tədqiqatçısı Mirzə Əli Möcüz,
Hacı Mehdi Şükuhi
və başqalarının yaradıcılığı
haqqında tədqiqatlarında ürəkdolusu
danışır. Bu qənaətə gəlmək
olur ki, T.Novruzov Cənubi Azərbaycanla bağlı
C.Xəndanın tədqiqatlarını bütünlüklə
oxucuya çatdırmaq istəmişdir.
Tərlan
Novruzov Cəfər Xəndanın təkcə
elm sahəsində keçdiyi
yola yox, həyatı
ilə bağlı məqamlara da toxunmuşdur. Yazarın həyat yolunun çətinliklərlə dolu bir dövrə
düşməsini əks etdirən faktları bu kitabdan öyrənirik. C.Xəndan ədəbiyyat sahəsində hərtərəfli
çalışmış, T.Novruzov isə
onun müxtəlif cəhətli, lakin bir məqsədə
xidmət edən ədəbi
yaradıcılığını - xalqa,
onun maariflənməsinə xidmət edən
dəyərli yolunu tam
dolğunluğu ilə əks etdirmişdir.
Kitab Cəfər
Xəndanı sevənlər üçün
dəyərli töhfədir. Qədirbilən alimlərimiz və
xalqımız bu böyük
şəxsiyyəti heç zaman unutmayacaqdır.
Ramil ƏLİYEV,
filologiya elmləri doktoru
Ədəbiyyat qəzeti.- 2011.- 30
dekabr.- S.5.