"Kaspi"nin 130 illik yubileyinə həsr edilmiş
elmi-praktik konfrans keçirilmiş, "Üç
əsrin qəzeti" kitabının təqdimatı olmuşdur
Dekabrın 27-də Beynəlxalq Mətbuat
Mərkəzində "Kaspi" qəzetinin
130 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Azərbaycan
Mətbuat Şurasının təşkilatçılığı
ilə keçirilən konfransda mətbuat
tədqiqatçıları, kütləvi informasiya
vasitələrinin rəhbərləri, media
ekspertləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
AzərTAc xəbər verir ki, konfransda
"Kaspi"nin Azərbaycan
mətbuatının inkişafındakı tarixi
rolu, nəşrin 1918-ci ildə əldə
edilən dövlət müstəqilliyimizin ideya
bazasının formalaşmasındakı xidmətləri nəzərdən
keçirilmiş, onun
ölkəmizin ikinci dəfə
suverenliyinə qovuşmasından sonrakı fəaliyyət
istiqamətləri təhlil olunmuşdur.
Mətbuat
Şurasının sədri Əflatun Amaşov
Azərbaycan mətbuat tarixində dərin iz
buraxmış "Kaspi" qəzetinin fəaliyyətindən
danışmışdır. Bildirilmişdir
ki, 1881-ci ilin yanvar ayından Bakıda nəşrə başlayan "Kaspi" qəzetinin
mətbuat tariximizdə xüsusi yeri vardır. Bakıda rus
dilində çıxan qəzetlər içərisində
"Kaspi" daha uzunömürlü olmuş,
müxtəlif dövrlərdə cəmiyyətin həyatını
əks etdirmişdir. "Kaspi"
təkcə jurnalistikamızın deyil, mədəniyyət,
ictimai-fikir tariximizin də
ayrılmaz tərkib hissəsidir.
"Kaspi"qəzetinin
rəhbəri, filologiya elmləri namizədi
Sona Vəliyeva nəşrin fəaliyyəti
ilə bağlı tədqiqat işlərindən
danışmışdır. Bildirmişdir
ki, Azərbaycan çağdaş
mətbuatı bütövlükdə varislik
ənənəsi etibarilə Həsən bəy Zərdabinin
"Əkinçi" qəzetinin
davamçısıdır. Məlum olduğu
kimi, "Əkinçi" qısa ömür yaşasa da, onun ideyalarını üzunömürlü "Kaspi"
qəzeti reallaşdırmışdır. "Kaspi" milli ictimai fikrin
formalaşmasında, milli istiqlal
düşüncəsinin, milli birliyin, həmrəyliyin, milli
təfəkkürün təşəkkülündə beyin mərkəzlərindən biri idi.
Sona
Vəliyeva bildirmişdir ki,
"Kaspi qəzeti rus
dilində çıxmasına baxmayaraq,
xalqın milli ruhunun
oyanmasında, azadlıq hərəkatında, Xalq
Cümhuriyyətinin yaranmasında Azərbaycan
ziyalılarının təfəkkür mərkəzi rolunu oynadı. "Kaspi"nin fəaliyyətinin böyük
bir mərhələsi Əhməd
Ağaoğlunun
yaradıcılığı ilə dərin məzmun
qazanmışdır. Xüsusilə 1897-ci ildən sonra qəzet bütövlükdə milli düşüncə sahiblərinin
tribunasına çevrildi.
Azərbaycan
klassik musiqisinin banisi, Şərqdə ilk
operanın müəllifi, dahi Üzeyir Hacıbəylisiz o
dövrün ictimai fikir tarixini təsəvvür
etmək çətindir. Ü.Hacıbəyli "Kaspi" qəzetində ən fəal publisist, maarifçi jurnalist kimi
çıxış edərək millətini qəflət yuxusundan oyatmağa
çalışırdı.
S.Vəliyeva
bildirmişdir ki,
"Kaspi" qəzetçilik tariximizin dərin elmi
araşdırmaya ehtiyac duyulan
mənəviyyat və düşüncə xəzinəsini
bizlərə miras qoymuşdur.
"Kaspi"nin tarixi missiyasını öz üzərinə götürən
müstəqil Azərbaycanın çağdaş
mətbuat orqanı kimi biz
"kaspi"çilər məsuliyyətimizin
qarşısında cavabdehliyimizə həmişə
hazır olduğumuzu hər cümlə və
sətirimizdə isbat etməyə
çalışırıq.
Müasir
"Kaspi" media aləminə
öz gəlişi ilə klassik
sələfinin ənənələrinə sadiq
qalaraq milli bir qəzet olmağı, digər tərəfdən
Qərb mətbuatının inkişaf
prinsiplərindən bəhrələnərək daim yenilik və müasirliyi öz fəaliyyətində
əks etdirməyi qarşısına əsas məqsəd
qoymuşdur. Bu mətbu
orqan söz, mətbuat
azadlığının gətirdiyi azad fikirliliyin ölçü-biçisini
düzgün dərk edir.
Qərəzsizliyi, düzgünlüyü,
obyektivliyi əsas fəaliyyət
proqramına çevirir. Ən qaynar hadisələrdə, beynəlxalq aləmlə
bağlı məsələlərdə, cəmiyyətdə
baş verən proseslərin ən kritik məqamlarında peşəkarlığın
təcəssümü kimi dəqiqliyi, təmkinliyi,
vicdanlılığı, şayiələrə uymadan tərəfsizliyi qoruyaraq, oxuculara düzgün olanı çatdırır. Üç əsrin qəzeti olaraq
müasir "Kaspi"
klassik ənənələrin
bünövrəsi üzərində ucalaraq,
çağdaş mətbuatın mütərəqqi
prinsiplərini mənimsəyərək, bu
prinsipləri fəaliyyətinin ideya
istiqamətinə çevirməklə müasir
medianın sevilən, oxunan nümunəsini
yaratmışdır.
Tədbirdə "Kaspi" qəzetinin tədqiqatçısı
Səmayə Mövlayeva, Bakı Dövlət
Universitetinin professorları Cahangir Məmmədli, Şamil
Vəliyev, Alxan Bayramoğlu,
Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi fondunun icraçı direktoru
Vüqar Səfərli
çıxış etmişlər.
Bildirilmişdir ki, "Kaspi" qəzetinin
üç əsri əhatə edən 38
illik fəaliyyəti dövründə Azərbaycan
xalqının həyatında çox ciddi hadisələr baş
vermişdir. Bu dövrdə Azərbaycan xalqının maariflənməsi,
elmi biliklərə yiyələnməsi
sürətlənmiş, çoxlu sayda ictimai-siyasi təşkilatlar
yaranmış, yeni qəzet və jurnallar fəaliyyətə
başlamışdır. Ötən müddət ərzində
"Kaspi" mövcudluğunu
qorumuş, ciddi mətbuat
orqanı kimi öz
çoxsaylı auditoriyasını
yaşatmışdır.
Qeyd
edilmişdir ki, "Kaspi" qəzetinin uzun
müddət yaşaması, Azərbaycanın milli
mənafeyinə xidmət göstərməsi birinci
növbədə məşhur iş
adamı, xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyevin adı ilə bağlıdır. 1897-ci ilin sonlarında H.Z.Tağıyev "Kaspi" mətbəəsini 57 min manata
satın almış, qəzetin naşirliyini
də öz öhdəsinə götürmüşdür. Müsəlmanların
başçısı, mesenat
H.Z.Tağıyevin himayəsi altında qəzet qısa
müddətdə istiqamətini dəyişmiş, onun səhifələrində maarifə, mədəniyyətə,
elmə, texnikaya, böyük
siyasi hadisələrə, həmçinin
gündəlik həyata dair yazılar üstünlük təşkil etmişdir.
Azərbaycan ziyalıları öz sözlərini, fikirlərini, arzu və istəklərini,
tapıntılarını, həmçinin tənqidi qeyd və mülahizələrini,
etirazlarını məhz bu qəzet vasitəsilə
geniş oxucu
auditoriyasına, xüsusən Rusiya
ictimaiyyətinə çatdırmaq imkanı əldə
etmişlər.
Tədbirdə
yubilyar nəşrlə bağlı yenicə
çapdan çıxmış "Üç əsrin qəzeti"
kitabının təqdimatı olmuşdur.
"Kaspi"nin 1881-ci ildən başlanan
tarixinin, inkişaf yolunun və müasir dövrünün əksini tapdığı kitabda qəzetin yubileyi
münasibətilə bu il
aprelin 1-dən avqustun
31-dək mətbuat tarixinin
araşdırıcıları, ekspertlər və jurnalistlər
arasında elan etdiyi
müsabiqəyə təqdim olunan məqalələr
yer almışdır.
Tədqiqat
əsərləri XIX əsrin sonları XX əsrin əvvəllərində
Azərbaycan mətbuatının yaranmasını və "Kaspi"nin mətbuat
tarixində yerini, qəzetin
işıqlı ziyalıların əsas tribunasına
çevrilməsini izləməyə imkan
verir. Bununla
yanaşı, "Kaspi" qəzeti Azərbaycan
tarixini öyrənən mənbə kimi araşdırılmışdır. Eyni zamanda, Azərbaycanın
müstəqillik əldə etməsindən sonra
"Kaspi"nin nəşrinin
bərpa olunması və yeni mərhələdə
fəaliyyəti, qəzetin dil, üslub və tematikası, ümumiyyətlə,
müstəqil Azərbaycan mətbuatında bu
mətbu orqanın yeri məsələləri
ayrıca tədqiqat predmetinə çevrilmişdir.
Bildirilmişdir ki, kitab Azərbaycan mətbuatının
keçdiyi yol və onun müasir mərhələsinin
izlənilməsi, ictimai-siyasi fikir tariximizin öyrənilməsi
baxımından faydalıdır.
Konfransda
müsabiqənin qalibləri
mükafatlandırılmışlar.
Ədəbiyyat qəzeti.- 2011.- 30
dekabr.- S.5.