Beynəlxalq
Türk Mədəniyyəti
Təşkilatı olan
TÜRKSOY türk dünyasının
ölməz şəxsiyyətlərinin mədəni irsinin yaşadılması
ənənəsinə sadiq
qalaraq 2011-ci ili böyük tatar şairi Qabdulla Tukay ili (26.4.1886-15.4.1913) elan etmişdir.
Acı təcrübənin
səsi
Bəzən bir insana ürəyim qızır,
Gizlədə bilmirəm heç bir sirrimi.
Görür göz yaşımı,
can təlaşımı,
Növ-növ kədərimi, hər kəsirimi.
Ona bəlli olur varım-yoxum da,
Acı qayğılarım,
şirin yuxum da.
Yüksəlir gözümdə dost sifətilə,
Eşqi, məhəbbəti, sədaqətilə.
Bu dəm bir səs
gəlir bilmirəm hardan:
İnanma!
Gördüyün yalandır, yalan!
Sən onun üzünü görürsən ancaq,
Çevir, tərsinə bax, avandına bax.
Xoş sifət göstərir…
Uyursan sən də,
Bəlkə ilan yatıb dərinliyində.
Bəlkə öz könlündür
dumanı yaran,
Onun zülmətini
işıqlandıran?
Kim bilir, bəlkə də sənin göz yaşın
Yudu, pak elədi napak yoldaşı.
Bəlkə cismi sağlam, məğzi yaradır,
Köynəyi ağappaq, qəlbi qaradır.
Bu gün addımlayır qolu qolunda,
Səs gələn tərəfə
dönürəm naçar:
- Kimindir görəsən bu pıçıltılar?
Cavab ver, ey səda,
hardan gəlirsən,
De görüm, şeytanmı,
ya mələkmisən?
Könlüm cavab verir: incimə əbəs,
Acı təcrübənin
səsidir bu səs.
1910
Könül
Yan, səməndər tək həmişə yan,
könül, odlan, könül!
Ülvidir hər qüvvədən
haqq axtaran
insan, könül!
Nə umar məndən bu aləm!
Göz,
könül nemətləri,
Bar gətir, güllər bitir qanınla sən,
bağban könül!
Ağ günə sövq et məni, dağlar
kimi hər
cövrə döz!
Ey bu çərxin dürlü-dürlü zülmünə
qurban könül.
Sönmüş olsam, ölmüşəm,
od vur
mənə,
yandır məni,
Ey bataqlıqlar içində
saf qalan
mərcan könül.
Bunca ülvi məqsədə bir ömrü qurban
vermək az…
Ən böyük niyyətlərə
meydan könül,
ümman könül!
Uçmaq istərsənmi? Uç!
Yerlər
mənim, göylər
sənin,
Yerdə səbrim qalmamış.
Dünya
- qəfəs, tərlan
könül!
Sən çıxarsan hər fəlakətdən,
Sənin əzmin böyük.
Yolunu dağlarmı
kəsmiş?
Dağ yıxan
vulkan könül.
Hifz elə köksündəki
gövhər kimi insanlığı,
Döz bu yolda dərdlərə,
möhnətlərə qatlan, könül.
Qabdulla Tukay
Çevirəni: Xəlil Rza Ulutürk
Ədəbiyyat qəzeti.- 2011.-
4 fevral.- S.1.