Tale yükü
Hekayə
Güllər şəhərə
çatanda səhər
yenicə açılmışdı. O
yaxın kəndlərin birində yaşayırdı və
günaşırı şəhərə ağartı gətirib
satırdı. Yaşına görə çox
sinli görünən
Güllərin sifətində həyatın şirinliyindən
çox, acısı
duyulurdu. O cəmi üç
il bəxtəvər
gəlinlik ömrü sürmüşdü.
Sonra, sonrası doyunca
qulluğunda dura bilmədiyi
əri Mustafa könüllü
cəbhəyə gedib
döyüşlərdə şəhid olmuşdu.
Güllərin mindiyi avtobus şəhərin ortasına çatanda o, ayağa durdu
və həmişə
düşdüyü dayanacağa
tərəf yeridi. Qatıq-süd bankaları
ilə dolu zənbillərini
darta-darta sürücüyə
yaxınlaşdı və bayaqdan bəri əlində
hazır saxladığı pulu ona verib gözlədi.
Qapılar açılan kimi ehmalca maşından
düşərək hıqqına-hıqqına yükünü səkiyə
çıxarıb yerə qoydu. Əliylə tumanının ətəklərini
çırpıb, belinə sarıdığı
şalı dartıb düzəltdi. Yenidən zənbillərini
qaldırıb yaxınlıqdakı binaların arasına girdi. Tinə çatanda ayaq
saxladı. Ehtiyatla qarşı tərəfdəki
yolun bir qırağına tökülən zibil topasına baxdı.
Neçə dəfələrlə hürüb
onu qorxudan boz iti yenidən
zibil topasının böyründə görüb
duruxdu. İtin
başı zibil eşməyə
qarışmışdı. Güllər üsulluca geri döndü və dolanıb binanın o biri başından
həyətə girdi. Həmişə
olduğu kimi, məhlədə süpürgəçidən
savayı hələ heç kəs gözə dəymirdi.
Deyəsən, çox tez
gəlmişdi. Süpürgəçi Gülləri görən
kimi əlini saxladı və onun iri zənbillərinə
baxıb qayğılı-qayğılı dedi:
- Qolların qırıldımı? Ver bir az
kömək eləyim.
Süpürgəçi
başqa qatıqsatanlardan
fərqli olaraq hər dəfə Gülləri
görəndə nədənsə ona qarşı rəhmli olmağa çalışırdı
və deyərdi ki, bu gəlin heç
alverçiyə oxşamır, yaman abırlı-həyalı
adamdır.
Güllər istədi
ki, qoymasın. Amma
süpürgəçi irəli gəlib Güllərin zənbillərindən
birini əlindən
alıb, yarpaqsızlaşmış çinarın altına
gətirdi. Üstünü xəzəl basmış stolun bir küncünü
qoluyla təmizləyib
zənbili ora qoydu.
- Darıxma, - dedi. - Bu gün yaman tez gəlmisən.
Güllər cavab vermədi. Deyəsən üşüyürdü. Bir az büzüşən kimi idi. Ovuclarını
ağzına tutub hovxurdu. Sonrasa əlini-əlinə
sürtüb başının yaylığını düzəltdi.
Süpürgəçi onun
yanında çox dayanmadı. Ağaca
söykədiyi süpürgəsini götürüb
qonşu binanın qabağına keçdi. Güllər zənbillərini açıb
qabları yoxladı. Sınanı-töküləni
yox idi. Səhərin soyuğu adamın
iliyinə işləyirdi. Hələ
yaxşı ki, beşmərtəbəli bina səhər mehindən
qorunmaqda ona köməklik edirdi.
Güllər yavaş-yavaş
başını qaldırıb evlərin pəncərələrinə
baxdı. İşığı
yanan pəncərə lap seyrək idi. O biri qatıqsatan
gələnə kimi müştəriləri səsləyib,
gəlişini bildirmək lazım idi.
- Qatıq var, qatıq!
O, bu sözləri bərkdən deyə
bilmədi. Qorxa-qorxa, asta səslə dedi. Sonra
isə intizarla ikinci mərtəbədəki aynabəndə
baxdı. Bura hansısa bir böyük
adamın aynabəndi idi. Süpürgəçi
göstərmişdi. Hələ bir neçə dəfə
bu evin xanımı Güllərin üstünə
qışqırıb onu hədələmişdi də:
- İtilib başqa məhləyə
gedə bilmirsən? Səhərin
gözü açılmamış nə gəlib kəsdirmisən
xalqın balkonunun altını. Qoymazsan səhər
yuxusu yataq?
Güllər bu hikkəli xanıma
cavab qaytarmasa da, içində qırıla-qırıla
qalardı.
Güllər gözünü aynabənddən
çəkmədi. Xanımın yatdığını
güman edib bir az da astadan təkrar etdi:
- Qatıq var, qatıq!
Birdən aynabəndin pəncərəsi
hirslə açıldı və həmin xanım
başını çıxarıb məhləyə
boylandı.
Güllər səsini içinə
alıb dayanmışdı. İncəvara
xanım hirsli görünsə də, nədənsə bu dəfə
ona acıqlanmadı. Başına
doladığı güllü-güllü məhrəbanın
üstünə düşən saçlarını
gözünün üstündən geri ataraq paltar sərilən
məftili hirslə özünə tərəf çəkdi.
Bahalı dəsmallar. Müxtəlif
alt paltarları ipin üstündə dalğalana-dalğalana
Güllərin başı üstündən uzaqlaşdırıldı.
Xanımın pörtmüş yanaqlarından
buxar qalxırdı. Yəqin təzəcə
hamamdan çıxmışdı.
Güllər Tanrının bəxtəvərlik
payını gen-bol qismət elədiyi bu xanımın sir-sifətinə
bir də baxdı. Yumru, ifadəsiz sifətdə
ucu kəsik görünən burnunun deşikləri və
sanki geri çevrilən qalın, yöndəmsiz dodaqları
onu daha vahiməli göstərirdi. Xanım
əliylə paltarların quruyub-qurumadığını
yoxlayandan sonra çəkib pəncərəni örtdü.
Güllər bir anlığa ona
parça gətirilən günü xatırladı. Qırmızı lentlə bağlanan
çamadanlardakı geyim-kecimləri yadına
düşdü. Elə bil, nağıl
idi, elə bir yuxu idi. Artıq nə
müddət idi ki, Güllər belə gözəl paltarlar
görəndə quru köks ötürməkdən
savayı əlindən heç nə gəlmirdi.
Güllər fikirləşə-fikirləşə
beşinci mərtəbədəki yarımçıq
artırmaya boylandı. Bu evdə onun daimi
müştərilərindən biri yaşayırdı. Qəfildən evin işığı yandı.
Güllər ümidlə gözünü artırmaya zilləyib
astadan dedi:
- Qatıq var, qatıq!
Başqa küçə
alverçilərindən fərqli olaraq Güllər
müştərini bir dəfədən artıq
çağırmazdı. Buna
heç onun nəfəsi də imkan vermirdi. Müstafadan sonra o olmazın xəstəliklər
tapmışdı. Ürək
ağrıları, əsəbləri tamam bir-birinə
qarışmışdı. Son vaxtlarsa
gözü də zəifləmişdi, yaddaşı əməlli
korlanmışdı.
Az gecə
tapılırdı ki, Güllər əri Mustafanı yuxuda
görməsin. O, Mustafanı gah silahlı, gah al qana
boyanmış şəkildə görərdi. Bəzənsə
sevişdikləri illərdə olduğu kimi, Mustafa qolsuz
köynəkdə, yumşaq saçları səliqə ilə
daranmış halda onun yuxusuna gələrdi. Keçən
adına gecəsi Güllər Mustafanı
saç-saqqalı ağarmış, olduqca fikirli və narahat
görmüşdü. O kənarda dayanıb həsrətlə
qızlarına baxırdı.
Güllərin üç uşağı
var idi: ikisi qız, ən kiçiyi isə oğlan idi. Oğlan Mustafanın ölümündən bir həftə
sonra dünyaya gəlmişdi. Adını
onun adıyla qoymuşdular. Qəribə
idi. Güllərin qucağında
tutduğu kiçik Mustafa nədənsə heç ata
Mustafanı maraqlandırmırdı. Güllər
ha istədi qucağındakı körpəni Mustafaya versin, o
buna yaxınlıq vermirdi. Hətta
gözünün ucuyla belə uşağa sarı baxmadı.
Elə hey qızlara tamaşa edir, Güllərdən
nə isə soruşmaq istəyirdi. Amma
heç birindən səs çıxmırdı. Bunu görən Güllər
yanıqlı-yanıqlı zarıyıb aramsız
hıçqırdı və özü öz səsinə səksənib
yuxudan oyandı. Yanı üstə
çevrilib ona yataq yoldaşlığı eləyən
körpə Mustafaya, tufanlı ana dünyasından xəbərsiz
olan və toppuş barmaqlarını çənəsinə
söykəyib mışıl-mışıl yatan oğluna
baxdı. Doluxsundu. Təkliyinə,
köməksizliyinə, acı qismətinə acıdı.
Ağlayıb boşalmaq istədi. Lakin ağlaya bilmədi. Sanki
gözlərində yaş da qəhətə çəkilmişdi.
Mustafadan sonra tək qalan Güllər
bir ilin içərisində daha da təkləndi. Əvvəl anasını, sonrasa çətində
ona ana-bacı olan qayınanasını itirdi. Güllər heç cürə başa düşə
bilmirdi ki, niyə o qadir Allah kiminə bol-bol xoşbəxtlik,
kiminəsə bədbəxtlik üstündən bədbəxtlik
gətirir. Axı bu necə
bölgüdür? Belə məqama
çatanda Güllər dərhal anasının sözlərini
yadına salardı. Anası deyərdi ki,
bala, Allah öz bəndəsini daim sınağa çəkər,
onun səbrini, şükrünü yoxlayar. Allahın işinə qarışmaq olmaz,
günahdır. Bununla da Güllər "Allah bilən məsləhətdir"
- deyib öz taleyi-qismətilə barışardı.
Güllər hər dəfə
ağartıdan qazandığı pulları əlinə
alanda düşünərdi: - Hələ nə yaxşı
ki, Mustafa vaxtında bir-iki heyvan alıb həyətə qoyub.
Bəs bunlar olmasa Güllər necə
dolanardı? Heyvanlar da yaxşı heyvanlar
idi. Ağartısı onları əməlli-başlı
girləyirdi.
Güllər öz dolanışığından
narazı deyildi. Bir çox kişili evlərdən onun güzəranı yaxşı
idi. Düzdü, o əyin-başına pul çatdıra bilməsə də, uşaqlarının yeməyinə,
geyiminə korluq verməzdi.
- Ay Güllər, bayaqdan çağırmırammı,
nə fikirə getmisən?
Bu onun dördüncü mərtəbədə
yaşayan müştərilərindən
biri idi. Hansısa bağçada işləyirdi.
Güllər başını
qaldırıb baxanda gördü ki, ipə bağlanıb sallanan zənbilin yerə çatmasına
lap az qalıb.
O tez qaçıb zənbili tutdu. Boş banka
ilə pulu götürüb dolusunu zənbilə qoydu. Dördüncü mərtəbədəki
müştəri ipi çəkə-çəkə Güllərdən soruşdu:
- Ürəyim yaman qaymaq istəyir,
niyə qaymaq gətirmirsən? Olsa alardım.
Güllər çiyinlərini
çəkib öz-özünə
düşündü:
- Bunlar nə
qəribə adamlardı?
Özləri ağartının üzlü-gözlü olmasına
and verdirir, sonra da qaymaq istəyirlər.
Güllər yerinə
qayıdanda iki qadın əllərində
banka onu
gözləyirdi. O bu müştərilərini də
yola saldı.
Səhər çoxdan açılmışdı. İndilərdə harda varsa o biri qatıqsatan
böyürdən çıxıb
ən zil və aramsız səslə: "Yaxşı
qatıq, üzlü-gözlü
südüm, qaymağım
var!" - deyə
aləmə car çəkəcəkdi.
Güllər bir də eyvanlara baxdı.
- Qatıq var, qatıq!
Hələ onun bir neçə müştərisi
ağartı almamışdı. Elə bu zaman
ikinci mərtəbədəki
pəncərələrdən biri açıldı və yekəliyinə Güllərin həmişə
təəccüb elədiyi,
səsi qadından daha çox kişi səsini
xatırladan müştəri
ağzına qoyduğu
tikəni çeynəyə-çeynəyə
soruşdu:
- Aaz, südün
qalmadı?
Güllər narahat
tərəddüdlə "hə" dedi. Güllərin dəvəyə oxşayan bu qadından heç xoşu gəlmirdi. Elə həftə olmazdı ki, o "südün çürüyüb" bəhanəsilə
Güllərdən pulsuz
süd qopartmayaydı.
Həm də bu vaxt
süd cəhənnəmə,
Gülləri o qədər
məzəmmətləyər, danlayar, qınayardı ki, yazıq xəcalətdən bilməzdi
neynəsin.
- Hə, qalıb, - deyə Güllər süd bankasını ona göstərdi.
- Çıxart gətir görüm necə süddü?
Güllər zənbillərini qaldırıb
stolun üstünə
qoyaraq dəvəyə
oxşar arvadgilə yollandı. Qucağına
aldığı süd
bankası əlindən
düşməsin deyə
sol əlini onun altına verdi.
Pilləkənləri qalxa-qalxa arvadla
aralarında olacaq bütün danışıqları
fikrindən keçirdi.
- Sənin südünə arxeyin olub südsüz qaldıq. Heyvanın əmcəyini yaxşı
yumursan, cuna ilə silmirsən. Pəyən zibillidi, süddən birtəhər iy gəlir. Daha nə bilim nələr, nələr.
Güllər bu arvadın qapısını yaxşı
tanıyırdı. Zəng basılandan sonra qapının açılması
xeyli çəkərdi.
Həmişə içəridən dadlı xörək iyi gələrdi.
Arvad heç vaxt Gülləri içəri
buraxmazdı. Bankasını əlindən alıb qapını örtər,
Gülləri çöldə
gözlədərdi.
Bu dəfə də belə oldu. Qapı açılanda Güllər
elə bildi ki, arvad "südün çürüdü"
deyib onu danlayacaq. Lakin belə olmadı.
Yekəpər arvad südü
onun əlindən alıb qapını örtdü. Güllər sevindi ki, nə
yaxşı keçən
dəfə aldığı
südün çürüməsini
bəhanə gətirmədi.
Bir azdan seyf qapı
yenidən şaqqıldayıb
açıldı. Arvad ağzında
nə isə çeynəyirdi. Güllərin pulu ilə boş
bankasını qaytarıb
qapısını dartıb
örtdü. Güllər pilləkənləri düşüb
həyətə çıxdı.
Baxanda gördü ki, həyətdə toyuqlar onun zənbilini dimdikləyir. Güllər ayağını yeyinlədib
toyuqları kişləyərək
qovdu.
Ara sakitlikdi. Daha ona
yaxınlaşan yox idi. Həyətdə gediş-gəliş
çoxalsa da, hərə öz iş-gücünün
dalınca qaçırdı. Güllər
dönüb yenidən altdan yuxarı pəncərələrə
baxdı. Bu an dəvəyə
oxşayan arvadın pəncərəsi yenidən
açıldı və arvad pəncərədə
göründü. Baxanda bilmək olurdu ki, kefi
kökdü. Əlindəki stəkandan
üfləyə-üfləyə çay içirdi.
Güllərin üşüməyi keçmişdi. Amma birdən
yadına düşdü
ki, dünən yediyi tikənin üstündədir. Uşaqlara aldığı
İran kökəsindən
özünə saxladığı
bir kökəni çığaranın içindən
çıxarıb yeməyə
başladı. Bir-iki tikə
almışdı ki, bir uşaqla arvad yaxınlaşıb ağartı istədilər.
Güllər tez boş bankaları götürüb dolusunu verdi və
aldığı pulları
yenicə cibinə qoymuşdu ki, tükürpədici "Allahu
Əkbər!" kəlməsi
sümüklərinə işlədi.
Qoltuq ağacına söykənərək
əzan çəkən
və Allahın, peyğəmbərin, şəhid
olan imamların xatirinə nəzir istəyən cavan bir qızın şaxsey-vaxseyi məhləni
başına götürdü.
Güllər bu qızı
qabaqlar da beləcə dilənən
çox görmüşdü.
Əvvəlcə onun şikəstliyinə
yazığı gəlsə
də, sonra onu şəhərin o başında çəliksiz-filansız
maşından düşən
görəndə məəttəl
qalmışdı. Düşünmüşdü ki, Allahı,
peyğəmbəri, imamı
qazanc yeri eyləyən və bunun üçün yalan, kələk işlədən belələrinin
başına, görəsən,
o böyük Tanrı
niyə daş salmır? Sonra isə öz-özünə
deyərdi:
- Elə çörək yeməkdənsə
vallah, mal-qaraya baxmaq min kərə ondan yaxşıdı. Bircə bax bu qapı-qapı
gəzmək olmayaydı.
Şaxsey deyən qız düz gəlib
onun böyründə dayandı. Güllər fikrindən
ayrılıb diqqətlə qızın üz-gözünə
baxdı. Bəli, o yanılmamışdı. Bu elə
keçən dəfə gördüyü qız idi.
Güllərin təəccübünə
bir səbəb o idi ki, qız dilənçilik eləsə də,
qaşlarını nazik aldırmış, üz-gözünə
əməlli-başlı sığal çəkmişdi.
Güllərin ona çox
baxdığını görən qız yavaşca dedi:
- Acam, o kökədən birini də mənə
ver.
Güllər dişlədiyi kökəni
ona uzatdı. Qız almayıb təzədən şaxsey
çəkdi və nəzir verən olmadığını
görüb oxuya-oxuya qonşu məhləyə keçdi.
Güllərin tək bircə banka
ağartısı qalmışdı. O, yuxarı evlərin pəncərələrinə
göz gəzdirib ürəksiz-ürəksiz dedi:
- Qatıq var, qatıq!
Sözü ağzından
qurtarmamış əli zənbilli bir arvad bərkdən
qışqırdı:
- Yaxşı qatığım var,
üzlü südüm, qaymağım var.
Və bunun arxasınca
bığıburma bir kişi uşaq arabasını basa-basa
özünü həyətə saldı:
- Xlor var,
xlor!
Güllər daha orda çox dayanmadı. Zənbillərini götürüb üz qoydu getməyə.
Məhlədən çıxıb yolun kənarındakı ərzaq dükanına girdi. Qənd-çay alıb zənbilinə
qoydu, sonra satıcıdan iris konfeti soruşdu. Mustafa bu konfeti çox
istəyirdi. Satıcı
iris konfetin satılıb
qurtardığını dedi.
Güllər naəlac qalıb
bir qutu peçenye və üç qutu da vafli götürərək
dükandan çıxdı.
Kəndlərinə gedən
avtobusun tərpənməsinə
az qalırdı.
Gecikmək olmazdı, evdə
yiyəsiz qoyub gəldiyi körpələr
indi onu gözləyirdilər.
Nəsib
Bayramoğlu
Ədəbiyyat qəzeti.- 2011.- 4 fevral.- S.5.