"Çinar ömrü" filmi təqdim olundu

  

  Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın "Çinar ömrü" şeirindəndir:

 

Çinar beş yüz ildən bir az,

Bircə yaz

Az yaşadı.

Amma yaşadı ha!!!

 

İndi həmin şeir ustad şairin öz tərcümeyi-halının, yaşam tərzinin ifadəçisi kimi yad edilir, xatırlanır. Ötən gün Azərbaycan Televiziyasının istehsalı olan "Çinar ömrü" filminin Azərbaycan Kinematoqraflar İttifaqında keçirilən təqdimat mərasimində yaşananlar da bu əzəmətli Çinarın - Rəsul Rza obrazının prototipinin dilindən deyilənlərlə həmahəng idi:

 

Belə məğrur dayanmaqda haqlıyam,

Mən kökümlə bu torpağa bağlıyam.

 

Ssenari müəllifi, xalq yazıçısı Anar, qurluşçu rejissor, xalq artisti Ramiz Həsənoğlu operator Eldar Məmmədov film boyu ustad şairin "Od çəkdi küldən soruş" ağrısını cavablandırmaq məramını önə çəkiblər. Təlqin olunur ki, Rəsul Rza irsi ilk növbədə ədəbiyyatındır, xalqındır, Azərbaycanındır.

Təqdimat mərasimini açan xalq artisti Rasim Balayev də öncə ölməz şairin şəxsiyyətinə və çoxşaxəli irsinə olan xalq sevgisindən söz açdı. Azərbaycan Televiziyasının onun yaradıcılığı ilə bağlı istehsal etdiyi filmin dövlət başçımızın ədəbi irsimizə böyük marağının təzahürü olduğunu vurğuladı.

Professor İlham Rəhimli təqdimat mərasimində çıxış edərək dedi: "Bu gün burada nümayiş etdiriləcək "Çinar ömrü" filmi qüdrətli şairimiz Rəsul Rzanın və onun həyat yoldaşı, xalq şairi Nigar Rəfibəylinin ömür yoluna həsr edilib. Rəsul Rza görkəmli şair olmaqla yanaşı həm də Kinematoqrafiya İttifaqına, Azərbaycan Sovet Ensiklopediyasına, Yazıçılar İttifaqına rəhbərlik etmiş, bu sahələrdə böyük işlər görmüş bir şəxsiyyət kimi yaddaşlarda yaşayır. "Çinar ömrü" bir çox məqamı özündə ehtiva edir - Rəsul Rza çinar ömrünün vurğunlarından biri idi; o, özü də çinar ömrü yaşamışdı; çinar həm də şairin doğulduğu Göyçayın simvollarından biridir…"

Tədbirdə çıxış edən xalq yazıçısı, AYB-nin sədri Anar ailələri adından filmin yaradıcı heyətinə, Azərbaycan Televiziyasının rəhbərliyinə dərin təşəkkürünü bildirdi: "Ötən il Azərbaycan Prezidentinin sərəncamı ilə Rəsul Rzanın yüz illik yübileyi ölkəmizdə böyük təntənə ilə keçirildi. Yubiley tədbirləri Türkiyədə, Rusiyada, eləcə də bir çox dost ölkələrdə davam etdi. İndi də onun və xalq şairi Nigar Rəfibəylinin ömür yolundan bəhs edən film hazırlanıb. filmin araya-ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıq edirəm."

Sonra "Çinar ömrü" filmi təqdim olundu. Film boyunca görkəmli sənətkarlarımız R.Rzanın N.Rəfibəylinin ömür yolu tariximizlə, azadlıq mübarizəmizlə, bu yoldakı itki və ağrılarımızla, tarixi şəxsiyyətlərimizlə baş-başa təqdim olunub. Ulu öndər Heydər Əliyevin ədəbiyyatımızla, eyni zamanda R.Rza yaradıcılığı ilə bağlı unudulmaz çıxışları dərin qədirbilənliklə səsləndirilib, azadlığa aparan yolda ədəbiyyatımızın yerinə ayna tutulub.

Filmdə bir çox sənədli materiallardan, şairin canlı görüntülərindən, müsahibə-lərindən və öz ifasında səsləndirdiyi şeirlərdən istifadə olunub.

Görkəmli söz ustasının Göyçay şəhərindəki ev-muzeyində qorunub saxlanılan eksponatlar, şəxsi əşyaları - tarı, ov tüfəngi, pianosu, çap makinası və digər əşyaları lentə alınıb, böyük bir ömrün yaşantıları göz önünə gətirilib.

Qanlı-qadalı repressiya illərində qəzet səhifələrində şairə qarşı səslənmiş haqsız ittihamlar, Böyük Vətən müharibəsi illərində Rəsul Rzanın AzTAq-ın (indiki AzərTAc-ın) hərbi müxbiri kimi fəaliyyətinin lent yaddaşında qorunmuş yadigar görüntüləri filmə əlavə ovqat qatıb.

Ekran əsərində böyük türk şairi Nazim Hikmətin, xalq şairləri Səməd Vurğunun, İ.Selvinskinin, Nigar Rəfibəylinin və digər tanınmış insanların Rəsul Rza haqqında fikirləri görüntüyə gətirilib.

Şairin "Rənglər silsiləsi"nə, ümumiyyətlə, novator yaradıcılığına edilmiş hücumlar, gərgin tarixi anlar yaşamış ədibin şeirləri, tarixin hər anında aktual olan fikirləri, deyimləri film boyu Şəhidlər xiyabanında uyuyan igidlərin və Şuşanın dağıdılmış görüntülərinin fonunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri - aktyorlar Elşən Rüstəmov, Məmməd Səfa, Vidadi Əliyev başqalarının ifasında səsləndirilib.

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.- 2011.- 4 fevral.- S.2.