Müsahibədən əvvəlki söhbət

     

  Bəşəriyyətin insanlıq və humanizm naminə bir araya gəlməsi prosesində ədəbiyyatın ən etibarlı vasitə olması şəksizdi. Burada əsas meyar bənzərsizlik, gözlənilməzlik və fərqli baxışların sərgilənməsidi. Tanınmış şair, əməkdar incəsənət xadimi Çingiz Əlioğlunun çevirməsində hasilə gələn iki cildlik dünya ədəbiyyatı antologiyası da bu fərqliliyə, bənzərsizliyə həssas sənətkar marağının bəhrəsidir. Dünya ədəbiyyatından seçmələri özündə etiva edən "Antologiya" Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə işıq üzü görüb. Birinci cilddə dünya xalqlarının VII-XXI əsr poeziyasından nümunələr yer alıb.

"Antologiya" üzərindəki işindən söz açdığı anlarda Çingiz Əlioğlunun uzun illərin doğması olan təbəssümündə təqdim olunan nümunələrin, sənətkar baxışlarının müxtəlifliyinə olan heyranlığını apaydın görüb hiss etdik. Elə bil ki, o özü bu nümunələrlə ilk dəfə, lap elə indicə tanış olurdu. Götürüb Aleksandır Baskodan aşağıdakı misraları oxuyur:

 

Sakitcə zingildəyir

Zəncirdəki it.

Açmaq istəyir sanki özünü,

Di gəl bacarmır.

 

Müxtəlif məkanlarda yaşayan şairlərin eyni predmetə - yarpağa fərqli baxışlarını nümunə gətirir:

 

Ayaqlar altına düşüb

Bir ayrı cür gözəlləşir

Saralmış yarpaq.

 

(Geysi - Yaponiya)

 

Titrəyir

onunla yanaşı

Meyvəni dərəndə.

 

(D.Lindsey - Avstraliya)

 

Çingiz müəllim - bax bu, Kuba şairi Eskadronun bircə misralıq şeridir, - deyir - fikir ver: "Dünya açılmayan qapıyla doludur". Həqiqətən belədi, - deyib yenidən oxuyur (sifətində də həmin unudulmaz təbəssüm, sehr).

Elə həmin təbəssümlə də davam edir: "Bircə misralıq şerində Roman Plyutanın müşahidəsi gör necə maraqlıdı: "Arılar bizim yayı pətəklərə daşıdılar". Andrey Şeqlova fikir ver: "Quşlar uçurdu, quşların dalınca göy üzü".

Sonra da vərəqi çevirib Tatyana Veselovanın "Mənə sarı yüyürür sənin bütün yolların" misrasına hesablanan "Hicran" şerini oxuyur. Eyni maraq və həssaslıqla yapon Y.Okva, Basyö, çin Bo Szyüy (Bo Le-Tuan), serb Branko Radiçeviç, rumın Dumitru Nekulutse, Çezar Bolliak, özbək Həmzə Həkimzadə Niyazi, rus Yevgeni Yevtuşenko, Lüdmila Tatyaniçeva, Sergey Mixalkov, Aqniya Barto, latış İmant Ziedonis, eston Toomas Liyv, serb Yovan Yovakoviç- Zmay başqalarından nümunələr oxuyur. Marina Svetayeva, Anna Axmatovaya heyranlığı onlardan gətirdiyi seçmələr boyuncadı. Bu seçmələr ruhun gizlinlərinə açılan qapılar kimidi. Ç.Əlioğlunun çevirməsindəoxusunda Marina Svetayevanın

 

Bir onun şəxsində qonubdur quşun

Cəngavər yaşayıb, mərd ölənlərə!

Vətənin şəninə şərqilər qoşub,

Cəlladın üzünə dik gülənlərə -

 

misraları ilə tanış olmaq xoşdu. Eləcə də Anna Axmatovanın (yenə də yaddaşımı Ana, Anne Əhmədova səsləşməsi döyəcləyir) şeirlərini:

 

Səndən öyrənmişəm mən

can almağa,

İstəsən, canını almağa gəlləm.

Sənin qabırğandan yaranıb, səni

De görüm, mən necə sevməyə billəm?

 

Sovet hərb maşınının A.Axmatovaya bəxş etdiyi talesizlik bəlkə elə onun aşağıdakı etirafının acığından doğurdu:

yaxud:

 

Qədim türk, tatar ismi

Taleyimə yapışıb.

fəlakətdir siqləti,

Hər dərd ilə tapışır.

 

Antologiyanın nəsr əsərləri toplanan 2-ci cildindən eyni heyranlıqla söz açır Çingiz müəllim: "Tanınmış yazıçı İqor Şklyarevskinin "Quş kölgəsi" povestini dilimizə çevirməyimin bir səbəbi rus ziyalısının azərbaycanlılara erməniyə olan münasibətini oxuculara çatdırmaqdı. Rusiyalı yazar azərbaycanlı Əhmədin oğlu Əzizi belə təsvir edir: "Qaşları qartal qanadı kimi gərilib, sanki onu qadın yox, torpağın özü doğub". Erməni xisləti isə yazıçının qələmində belə əbədiləşib: "Andronikin Setraka verdiyi cavab boğuq tülkü ulartısına oxşayırdı". Bu əsərdə Kəlbəcər yaylalarından, bizim Qaragöldən məftunluqla söz açılır. Müəllif hələ sovetlər dönəmində qələmə aldığı povestdə erməni dığalarının xalqımıza bəslədikləri şovinist münasibəti ustalıqla açıb göstərmişdi. Vaxtilə bu əsəri dilimizə çevirib böyük tirajla nəşr etdirməkdə məqsədim bu gizli düşmənçiliyin közərtisini dünyaya çatdırmaq idi. Burada rus ziyalısının xalqımıza olan sevgisi, milli adət-ənənələrimizə hörmət, ehtiram hissi sərgilənib, erməni məkrinin ilan təbiəti verilib".

Dediklərini köksötürmələri, təəssüf acısı tamamlayır. Sonra da tanınmış rus yazıçıları V.Q.Korolenko, A.İ.Kuprin, Lev Kassil, belarus Anatoli Kudravets, avstraliyalı Ayven Sautolldan etdiyi tərcümələrindən söz açır, əsərlərin mövzu orijinallığından, bənzərsizliyindən danışır: "Ağır zəhmət hesabına başa gəlsə , bu tərcümələri etmək mənim yaradıcı vicdanımın borcudu. Hər bir insan ona verilmiş ömür payı civarında mənsub olduğu xalqın mədəniyyətini zənginləşdirməyə çaba göstərməlidi. Bu, əxlaq normasına çevrilməlidi. Böyük şairimiz Səməd Vurğunun dili ilə desəm, ömrümün bu tərcümələr üzərində keçən anlarına heyifsilənmirəm. Adətim üzrə sübh tezdən dan yeri sökülüncə hər gün dörd saat işləyirəm. Bu, həyatımın oturuşmuş, pozulmaz yaradıcılıq rejimidi. Əgər ömrümün hər günündə bu dörd saat yoxdusa, demək o gün mənim üçün itirilib, yoxdu. O gündəlik dörd saat mənim əsl yaşanan günlərimdi həmin o yaşanan günlərimdə bu tərcümələrin əziz yeri var".

 

 

S.Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2011.- 4 fevral.- S.2.