Mirzə İbrahimov və ana dili

  

  Mirzə İbrahimov XX əsr Azərbaycan tarixində yazıçı, alim, tənqidçi, publisist, tərcüməçi, ictimai xadim və dövlət xadimi kimi tanınan görkəmli bir şəxsiyyətdir. Zəngin və çoxşaxəli yaradıcılıq yolu keçmiş böyük ədib özünün ədəbi və ictimai-siyasi fəaliyyətində xalqın milli mənafeyi uğrunda çalışmış, bu yolda böyük çətinliklərlə, haqsız ittihamlarla qarşılaşmış, lakin öz mövqeyindən geri çəkilməmişdir.

M.İbrahimov hələ ilk dəfə 1939-cu ildə nəşr olunmuş "Böyük demokrat" monoqrafiyasında milli şüur, milli oyanış, milli dil məsələlərinə diqqət yetirmiş, "Azərbaycan milləti" istilahının mətbuatda ilk dəfə 1890-cı ildə "Kəşkül" qəzetində çap olunmuş bir felyetonda işləndiyini göstərmişdir.

Ədib "Böyük demokrat" əsərində XX əsrin əvvəllərində Azərbaycan ədəbi dilinin saflığına və müstəqil inkişafına qarşı yönəlmiş "farsçılıq, ərəbçilik" və "osmanlıçılıq" meyllərini də kəskin tənqid etmişdi.

M.İbrahimov yazıçı və ədəbiyyatşünas alim olmasına baxmayaraq, əsl dilşünas səriştəsi ilə ana dili haqqında bir sıra məqalələr yazmış, Azərbaycan dilinin inkişafı və tətbiqi uğrunda var qüvvəsi ilə çalışmışdır. M.İbrahimovun dilçilik fəaliyyətini müəyyən dərəcədə M.F.Axundzadənin, N.Nərimanovun və Ü.Hacıbəyovun bu sahədəki xidmətləri ilə müqayisə etmək olar. Məlum olduğu üzrə, M.F.Axundzadə ədəbi dilin müxtəlif məsələlərinə dair fikirlər söyləmiş, yeni əlifba layihələri hazırlayaraq bunları həyata keçirmək uğrunda çalışmışdır. N.Nərimanov "Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi" kitabını (1899), Ü.Hacıbəyov isə "Türk-rusi və rus-türki lüğəti"ni (1907) nəşr etdirmiş, publisistik əsərlərində dil məsələlərindən dönə-dönə bəhs etmişdilər.

M.İbrahimovun dilçilik fəaliyyətinə bir sıra tədqiqat əsərləri həsr olunsa da (Y.Seyidov, Y.Mehdiyeva), ədibin bu sahədəki xidmətlərinin, ana dilinə - Azərbaycan dilinə dair fikirlərinin zaman-zaman araşdırılmasına, Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi uğrunda onun göstərdiyi səylərdən təkrar-təkrar danışılmasına ehtiyac var.

M.İbrahimovun Azərbaycan dili haqqında fikirlərinin mühüm hissəsi onun 1957-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatında R.Rüstəmovun redaktəsi ilə çap olunmuş "Azərbaycan dili" kitabında toplanmış məqalələrində verilmişdir. Kitaba yazıçının müxtəlif illərdə yazdığı "Dilimizin inkişaf yolları haqqında", "Dil və ədəbiyyat dərslərini nümunəvi təşkil edək", "Azərbaycan dili", "Azərbaycan dili dövlət idarələrində" məqalələri daxil edilmişdir. "Azərbaycan dili" kitabına görə, xüsusilə buradakı "Azərbaycan dili dövlət idarələrində" məqaləsinə görə M.İbrahimov ciddi tənqidlərə məruz qalsa da, bütünlükdə bu kitab çap olunduğu dövrdə xalq arasında ona böyük şöhrət gətirmişdi.

Ana dilini bütün varlığı ilə sevən, dil məsələlərinə həsr olunmuş məqalələrində onun inkişaf yollarını və müasir vəziyyətini dönə-dönə təhlil edən M.İbrahimov Azərbaycan dilini Azərbaycan xalqının mənəvi dövləti və milli iftixarı kimi qiymətləndirmiş, bu dilin qədim tarixli, yüksək dərəcədə inkişaf etmiş, dünyanın mədəni və müasir dillərindən biri olduğunu qeyd etmişdir.

M.İbrahimovun ümumiyyətlə dil haqqında, Azərbaycan dilinin inkişaf yolları haqqında fikirləri ən dolğun şəkildə onun "Dilimizin inkişaf yolları haqqında" (1943) məqaləsində öz əksini tapmışdır. Dili insan ağlının qüdrətli silahı, insan həyatının böyük neməti və tükənməz mədəniyyət xəzinəsi hesab edən yazıçı dili canlı bir orqanizmə bənzədir: "Dil tam mənasıyla canlı bir orqanizmdir. O da insan kimi doğur, törəyir, inkişaf edir".

İki hissədən ibarət olan məqalənin birinci hissəsində Azərbaycan ədəbi dilinin 1920-ci ilədək inkişaf mərhələləri, ikinci hissəsində isə sovet dövrü ədəbi dilimizin inkişaf məsələləri nəzərdən keçirilir.

M.İbrahimova görə, Azərbaycan xalqı öz varlığını və dilini saxlamaq üçün ağır mübarizə yolu keçmiş xalqlardandır. Ədib torpağımız və xalqımız kimi ana dilimizin də təcavüzə məruz qaldığını xüsusi olaraq nəzərə çarpdırır: "Əsrlər boyunca dilimiz də torpağımız və xalqımız kimi min bir təcavüzə rast gəlmiş, lakin aldığı yaralardan həlak olmamışdır".

Azərbaycan dilini qədim tarixi olan dillərdən hesab edən M.İbrahimov fikrini konkret faktlarla əsaslandırmağa çalışır və bunun üçün müasir dilimizdə işlənən qədim səməni sözünü misal göstərir: "Məsələn, məlum olduğu üzrə, bizdə səməni göyərtmək adəti Midiya dövründən qalmış və "səməni" sözü qədim "som", yaxud "səm" adlanan çiçəyin adından əmələ gəlmişdir. Dilimizdə zaman keçdikcə ibtidai şəklini dəyişmiş belə sözlər çoxdur". O, doğru olaraq qeyd edir ki, "hazırda keçmiş Azərbaycan dilini öyrənmək üçün əldə olan ən qədim və ən böyük vəsiqə "Dədə Qorqud" dastanlarıdır". Müəllifin fikrinə görə, "Dədə Qorqud" lüğət və sintaksis cəhətindən, XI-XIII əsrlərdəki Azərbaycan dilinin bütün xüsusiyyətlərini özündə əks etdirir.

Ədibin adı çəkilən məqaləsində diqqəti cəlb edən bir cəhət onun Azərbaycan dilinin inkişaf mərhələlərini xalqın tarixi ilə əlaqəli bir şəkildə təhlil etməsidir. M.İbrahimov Azərbaycan ədəbi dilinin inkişafında Nəsimi, Xətai, Füzuli, Vaqif, Zakir, M.F.Axundzadə kimi klassiklərin ədəbi dilə gətirdikləri yenilikləri düzgün müəyyənləşdirir. Onun Azərbaycan ədəbi dilinin inkişafında Nəsiminin roluna verdiyi qiymət çox dəqiqdir: "Bizcə, "Dədə Qorqud"dan sonra Azərbaycan dilinin inkişafındakı xüsusi mərhələni Nəsimi dövrü adlandırmaq olar. Nəsimi Azərbaycan dilini əsrinin qabaqcıl fikir və arzularını ifadə edən yüksək bir dil səviyyəsinə qaldırdı… Nəsimi öz fəlsəfəsi və təfəkkürü ilə əlaqədar olaraq, dilimizin çərçivəsini xeyli genişləndirdi. Ona tamamilə yeni təşbehlər, ifadələr, fikirlər gətirdi… Onun şeirlərinin əsasında Azərbaycan dili və təfəkkürünün qanunları hökmrandır".

M.İbrahimov XX əsrin əvvəllərində Azərbaycanda dil məsələsi ətrafında gedən mübarizəyə xüsusi diqqət yetirir, Azərbaycan dilinin təmizliyi və saflığı uğrunda mübarizədə mollanəsrəddinçilərin, ümumiyyətlə, ana dilinin müdafiəsinə qalxan ziyalıların xidmətlərini yüksək qiymətləndirir. O, firidun bəy Köçərlinin 1913-cü ildə "Molla Nəsrəddin" jurnalında nəşr olunmuş "Ana dili" məqaləsinin xeyli hissəsini sitat şəklində öz məqaləsinə daxil edir.

"Dilimizin inkişaf yolları haqqında" adlı məqalənin ikinci hissəsində Azərbaycan ədəbi dilinin sovet dövründəki inkişaf məsələlərindən bəhs edilir. M.İbrahimovun qənaətinə görə, müasir ədəbi dilimiz Azərbaycan klassik ədəbiyyatına və xalq dilinə əsaslanır. Ədib C.Cabbarlı, M.S.Ordubadi, S.Vurğun kimi sənətkarların əsərlərinin dilini bütün xalqın anladığı, sevdiyi və danışdığı bir dil kimi təqdir edir, tərcümə ədəbiyyatının dilində nəzərə çarpan nöqsanları da göstərir.

M.İbrahimov ədəbi dilin inkişafında mühüm yer tutan termin məsələsinə də toxunur. O, 1922-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında təşkil olunmuş İstilah komissiyasının ədəbi dilin lüğət tərkibini alınma sözlərdən təmizləmək məqsədi ilə təklif etdiyi süni terminlərə misal göstərərək onlara mənfi münasibətini bildirir: toplantay (dövlət), qırılğan suları (mədən suları), yayxan (metal), yaşaq (əhali), baxovilax (rəsədxana), törədiş (sənaye), nəsnək (maddə), bənək (nöqtə) və s.

Termin yaradıcılığındakı ifrat purizmi tənqid edən müəllif beynəlxalq miqyasda işlənən terminlərin qəbul edilməsini məqbul sayır: "Həyat qırılğan, baxovilax və nəsnəkləri bir talaşa, bir zibil kimi öz yolu üzərindən kənara atdı. Beləliklə, biz beynəlxalq miqyasda işlənən və elmi-fəlsəfi fikirləri ifadə edən abstrakt, absolyut, demokrat, bioloji, kapital kimi istilahları mütləq qəbul etməliyik".

Yeri gəlmişkən, ədalət naminə demək lazımdır ki, puristlər uğurlu terminlər də yaratmışdılar ki, onlardan bəziləri ədəbi dilimizdə indi də işlənir: anlayış, arayış, baxış, bildiriş, giriş, uduş, ocaqçı, sonluq, sözlük və s.

M.İbrahimov "Dilimizin inkişaf yolları haqqında" məqaləsində Azərbaycan dilinin gələcək inkişafının təmin edilməsi məqsədi ilə öz əhəmiyyətini indi də saxlayan bir neçə təklif də irəli sürmüşdür ki, onları qısaca olaraq belə ifadə etmək olar:

- Azərbaycan dilinin sərf-nəhvi və tələffüz qaydaları sözsüz gözlənilməlidir;

- rus dilində və beynəlxalq miqyasda işlənən sözlər və istilahlardan istifadə olunmalıdır;

- dilimizə daxil olmuş və xalqımızın çoxdan bəri yiyələnib işlətdiyi ərəb, fars sözləri və istilahları saxlanmalıdır;

- dilimizdə qarşılığı olmayan və işləndiyi şəkildə qəbulu lazım görülməyən istilahları əvəz etmək üçün sünilik və uydurmalara yol vermədən, xalq dili əsasında yeni istilahlar yaradılmalıdır;

- dili zənginləşdirmək və fikrin müxtəlif incəliklərini ifadə etmək üçün bəzi söz və istilahlar iki-üç şəkildə və öz sinonimləri ilə qəbul edilməlidir;

- Azərbaycan elmi-ədəbi dilinin pozulmasına yol verilməməlidir. Hər zaman hamı onu öyrənməyi özünə borc bilməlidir.

M.İbrahimovun "Dil və ədəbiyyat dərslərini nümunəvi təşkil edək" (1944) məqaləsində Azərbaycan dilinin cəmiyyətdəki rolu haqqında qiymətli fikirlər var. Ədib Azərbaycan dilini xalqın tükənməz bir xəzinəsi, dövləti, varı kimi səciyyələndirir. O, sovet dövründə ana dilimizin inkişafında əldə edilən nailiyyətlərdən danışarkən ədəbi dillə xalq dilinin bir-birinə çox yaxınlaşdığını, bir-birinə üzvi surətdə bağlandığını və ikisinin bir yerdə artıq kütləviləşdiyini göstərir. Ana dilinin qayğısını çəkən bir sənətkar kimi o hesab edir ki, bütün xalq ədəbi dili yaxşı bilməlidir, xüsusilə alimlər, ali məktəb müəllimləri, böyük və kiçik idarə başçıları və başqa işçilər təmiz, saf Azərbaycan dilini bilməyə məcburdurlar. M.İbrahimova görə, bu onların təkcə vətəndaşlıq borcu deyil, həm də tutduqları mövqeyin tələbindən doğan dövləti borclarıdır və bu məsələdə nöqsanlarımız daha çoxdur. Yazıçı dil və ədəbiyyat məsələsini dövlət məsələsi, xalqın mənəviyyat məsələsi kimi şərh edir: "Dil və ədəbiyyat məsələsi xırda, yaxud xüsusi bir məsələ deyil; o böyük və ümumi bir dövlət məsələsidir, o, xalqın mənəviyyatı, varlığı məsələsidir."

M.İbrahimovun ana dili haqqındakı fikirlərinin müəyyən hissəsi onun "Azərbaycan dili" məqaləsində (1945) əks olunmuşdur. Ədib ana dilinin mahiyyətini hamının başa düşəcəyi sadə bir şəkildə izah edir: "Hər bir xalqın öz vətəni, adəti, rüsumu və əqidəsi olduğu kimi, öz dili də vardır. Bu dilə ana dili, doğma dil, vətən dili deyilir… Ana dili o dildir ki, onu bütün xalq bilir, bütün xalq o dildə danışır."

Dili xalqın mənəvi cəhətdən birləşməsində qüdrətli bir vasitə hesab edən yazıçı eyni zamanda onu xalqın milli varlığını bildirən və qoruyan mühüm bir amil kimi qiymətləndirir. M.İbrahimov dilə xalqın tarixində baş verən dəyişikliklərlə bağlı olan canlı bir tarix kimi yanaşır. O, Azərbaycan dilinin tarixi haqqında qətiyyətlə yazır: "Yəni Azərbaycan dilinin tarixi də böyük Azərbaycan xalqının və müqəddəs Azərbaycan torpağının tarixi qədər qədimdir."

M.İbrahimov təkcə bir yazıçı kimi deyil, həm də böyük bir alim və böyük bir ziyalı kimi qəsbkarların Azərbaycan xalqının mənşəyi və doğma dili haqqında yalan və iftiralardan ibarət olan "tarix" və "nəzəriyyə" də uydurduqlarını göstərir: "Söz yox ki, Azərbaycan xalqını əsarət altında saxlamaq və onun milli şüurunu öldürmək istəyənlərin uydurduğu "nəzəriyyə"lərlə həqiqi tarix və sağlam məntiq arasında heç bir əlaqə yoxdur."

M.İbrahimov Azərbaycan dilinin tarixindən bəhs edərkən bir Azərbaycan bayatısını misal gətirir:

 

Apardı tatar məni,

Qul edib satar məni.

Vəfalı yarım olsa,

Axtarıb tapar məni.

 

Ədib bu bayatını təhlil edərək belə qənaətə gəlir ki, indiki Azərbaycan dili hələ monqollardan çoxox əvvəl - ta qədim zamanlardan xalqın doğma dili, ana dili olmuşdur. Xalq bayatısına istinad edən Mbrahimov müasir Azərbaycan dilinin monqollardan gəldiyini iddia edənlərə kəskin cavab verərək onları "nadanlar və Azərbaycan xalqının qəddar düşmənləri" adlandırır.

Azərbaycan dilinin təşəkkül tarixinin keçən əsrin 80-ci illərindən başlayaraq bir sıra tədqiqatların və elmi diskusiyaların mövzusu olduğu məlumdur. Göründüyü kimi, Mbrahimov Azərbaycan dilinin tarixi haqqında "nəzəriyyələr" uyduranlara hələ 1945-ci ildə yazdığı məqaləsində tutarlı cavab vermiş və bu cəhətdən dilşünas alimləri xeyli qabaqlamışdır.

Sovet dövründə Azərbaycan ədəbi dilinin inkişafında və zənginləşməsində böyük uğurlar qazanılsa da, dövlət idarələrində Azərbaycan dilinin işlədilməsində əngəllər vardı. İdarəetmənin yuxarı pilləsində Azərbaycan dili, demək olar ki, işlədilmir, ictimai təşkilatlarda Azərbaycan dilinə etinasızlıq göstərilirdi. Son illərin araşdırmalarından aydın olur ki, 1956-cı ildə Azərbaycan dilinin dövlət dili olması tələbi ilə partiya və hökumət rəhbərlərinə ünvanlanan açıq və anonim məktubların, müraciətlərin və vərəqələrin sayı xeyli artmışdı. Belə bir şəraitdə 1954-cü ilin mart ayından Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində işləyən Mbrahimovun təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili olması məsələsi Azərbaycan KP MK-nın 1956-cı ilin iyul ayında keçirilən büro iclaslarında iki dəfə müzakirə edilib bəyənildikdən sonra 1956-cı ilin avqust ayında Azərbaycan SSR Ali Sovetinin üçüncü sessiyasında "Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR Konstitusiyasınasas qanununa) maddə əlavə edilməsi haqqında qanun" qəbul edilir. Beləliklə, Azərbaycan dilinin dövlət dili olması məsələsi qanuni bir şəkil alır.

"Kommunist" qəzetinin 1956-cı il 25 oktyabr tarixli nömrəsində Mbrahimovun dövlət idarələrində Azərbaycan dilinin işlədilməsinin zəruriliyini əsaslandıran "Azərbaycan dili dövlət idarələrində" məqaləsi nəşr edilir. Məqalənin əvvəlində çarizmin ruslaşdırma siyasətini, milli mədəniyyətlərə və milli dillərə qarşı təcavüzkar hərəkətlərini ifşa etdikdən sonra o yazırdı: "Respublikamızda sovet hakimiyyətinin birinci on ili ərzində dövlət idarələrində Azərbaycan dilinin işlənməsinə xüsusi diqqət verilir və təhriflərin qarşısı alınırdı. Lakin təəssüflə demək lazımdır ki, son on beş - iyirmi ildə bu cəhətdən kobud təhriflərə yol verilmişdir. Bəzi idarələrdə və bəzi adamlarda Azərbaycan dilinə biganə, laqeyd münasibət yaranmışdır. Hələ onu demirik ki, vətəndaşların azərbaycanca olan ərizələrinə, yaxud bu və ya digər azərbaycanca olan yazılara ana dilində cavab verməyən, ya da bunları tamamilə cavabsız buraxan bürokratlar da tapılır."

Bir qədər irəli gedib qeyd edək ki, 1959-cu ildə Azərbaycan KP MK-nın iyun plenumunda Mbrahimov dövlət dili məsələsinə görə ittiham olunarkən o, öz çıxışında belə bir hadisəni misal gətirmişdi ki, mühasib qadın azərbaycanlı fəhlənin məzuniyyət haqqında ərizəsini üstünə atıb demişdi: "Mən sizin fransız dilini bilmirəm!"

Mbrahimov həmin məqaləsində dövlət idarələrində ana dilinin işlədilməsi zərurətini xalqın pozulmaz hüququ kimi əsaslandırmışdı: "Respublikanın dövlət idarələrində və ictimai təşkilatlarında işlərin azərbaycanca aparılması isə qanuni bir haldır. Çünki bir xalqın öz idarələrini ana dilində idarə etmək arzusundan təbii bir şey ola bilməz. Sovet quruluşunda bu hər bir xalqın pozulmaz hüququdur. Bu hüquqa hörmət etmək hamının vətəndaşlıq borcudur."

Azərbaycan dilinin dövlət dili olması haqqında qanunun qəbul edilməsindən və bu qanunun əsas təşəbbüsçüsü Mbrahimovun "Azərbaycan dili dövlət idarələrində" məqaləsinin nəşr olunmasından sonra dövlət dili məsələsi geniş müzakirələrə səbəb olur, 1957-1959-cu illərdə keçirilən bir sıra yüksək səviyyəli iclaslarda Mbrahimov dəfələrlə tənqid edilir. Bu iclaslarda ona qarşı yönəlmiş çıxışlar Azərbaycan KP MK-nın 1959-cu il iyun ayının 16-17-də keçirilmiş səkkizinci plenumunda xüsusilə amansız idi. Plenumda çıxış edən natiqlərin, demək olar ki, hamısı dil haqqında qanunun əsas təşəbbüsçüsü Mbrahimovun əleyhinə kəskin tənqidi fikirlər söyləmişdilər. Böyük həyat yolu keçən, ana dilini ürəkdən sevən milli təəssübkeş bir yazıçı və müdrik bir insan kimi Mbrahimov bütün hücumlara mərdliklə sinə gərərək dövlət dili məsələsindəki mövqeyinə görə ona irad tutanların, "millətçi" damğası vurmaq istəyənlərin qarşısında geri çəkilməmiş, onlara tutarlı cavablar vermişdi.

Böyük ədib 1959-cu ildə qələmə aldığı "Dostluğun gücü" məqaləsində yazmışdı: "Dilimizin dövlət idarələrində daha geniş şəkildə işlədilməsi yolundakı mübarizədə mənim o zaman çəkdiyim əzab və iztirablar yəqin çoxlarına məlumdur."

Aleksandr Qriç Azərbaycan dilinin cəmiyyətdəki rolundan bəhs edən "Otuz ildən sonra" (1989) məqaləsində qətiyyətlə yazır: "Oxucu inana bilər - Mirzə İbrahimov Azərbaycan dili uğrunda məhz mübarizə eləyib."

1956-cı ildə Mbrahimovun təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili olması haqqında qanunun qəbul edilməsindən sonra onun əhəmiyyətinin azaldılması yolunda çoxlu cəhdlər edilməsinə, beynəlmiləlçilik mövqeyindən kəskin tənqid edilməsinə baxmayaraq, həmin qanun Azərbaycan dilinin cəmiyyətdə özünə layiqli yer tutmasında mühüm rol oynamış, respublikamızda milli özünüdərk prosesini xeyli gücləndirmişdi.

Mbrahimov Azərbaycan dili haqqında sonralar da bir sıra məqalələr yazmışdır. "Gəlin gözəl danışaq" (1979) məqaləsində nitq mədəniyyəti məsələlərinə toxunan yazıçı Azərbaycan dilini fikrin və hissiyyatın ən incə çalarlarını ifadə etməyə qadir olan bir dil kimi səciyyələndirir, ədəbi dil təcrübəsindəki qüsurların aradan qaldırılması yollarını da göstərir: "Mənə elə gəlir ki, bunun üçün birinci növbədə mətbuatın (qəzetlərin və jurnalların), elmi və ədəbi əsərlərin, bir sözlə, yazılı ədəbiyyatın, radio və televiziya verilişlərinin dilinə diqqəti artırmaq lazımdır. Onların dili yaxşı olmalıdır, hətta mən deyərdim ki, gözəl olmalıdır."

Müəllifə görə, ədəbi dil normalarının pozulmasına ən çox tərcümə əsərlərində rast gəlinir. Ədib "Gəlin gözəl danışaq" məqaləsində terminlərin düzgün işlədilməsi məsələsindən də bəhs edir. O, texnikanın inkişafı ilə əlaqədar olaraq videotelefon, videomaqnitofon, videoteleqram kimi terminlərdəki video sözünün təsvir sözü ilə əvəz edilməsi təklifi ilə razılaşmır və bunun səbəblərini inandırıcı bir şəkildə əsaslandırır. Böyük söz ustasının Azərbaycan dilinin zəngin ifadə imkanları və daxili gözəllikləri haqqında qiymətli fikirləri bu gün də öz aktuallığını saxlayır və bizi ana dilinin qədrini bilməyə, onun gözəlliyini qoruyub saxlamağa çağırış kimi səslənir: "Bu dil zəngin, obrazlı, ahəngdar, ifadəli dildirXalqımız təşbehlərlə, aforizmlərlə danışmağı sevir. Eyni zamanda dilimiz oynaq dildir, fikri və hissiyyatı müxtəlif çalarları ilə, müxtəlif ahənglərlə səsləndirə bilir. Biz yazıda da, danışıqda da dilimizin bu gözəlliyini, zəngin ifadə vasitələrini saxlamağa, artırmağa çalışmalıyıq."

Mbrahimov Azərbaycan ədəbi-bədii dilinin inkişafında mühüm xidmətləri olan görkəmli bir sənətkardır. Onun bədii yaradıcılığında dildən istifadə mədəniyyəti çox yüksəkdir. Mbrahimov fikrin bədii şəkildə ifadəsində Azərbaycan dilinin ədəbi normalarını həmişə gözləyir, keçən əsrin 60 illərinin bəzi nəsr nümunələrində olduğu kimi, dilin sabit söz sırasını dəyişdirmir. Mbrahimovun bədii üslubunda milli kolorit çox güclüdür. "Böyük dayaq" romanından alınmış bir neçə cümlə yazıçının dil sənətkarlığı və dərin müşahidə qabiliyyəti barədə aydın təsəvvür yaradır. Əsərin birinci fəslində o, Qaraşın evlənmək fikrindən bəhs edərkən qızların gizli məhəbbət duyğularını heç bir təfsilata yol vermədən təbii və canlı bir formada belə verir: "Özü də hansı qız-gəlin onu görür, rəng verib, rəng alır, ağ sinələr gizli bir ah ilə qalxıb-enir, qara gözlərdən qığılcım çıxır". Romandakı "Rüstəm kişi od üstündə buğlanan qazan kimi köpükləndi və hamını heyrətdə buraxan bir hərəkətlə Pərişanın kürəyinə bir yumruq ilişdirdi" cümləsi də Rüstəm kişinin öz ailə üzvlərinə bərk qəzəbləndiyini qüvvətli bir şəkildə ifadə edir. Yazıçı xalq malını yeyib-dağıdan adam haqqında "ikiayaqlı canavar" ifadəsini işlədir: O gün lağa qoyub deyirdi ki, Kələntər lələş istəyir bizim qoyunların ixtiyarını ikiayaqlı canavara tapşırsın.

Azərbaycan dilçiliyinin görkəmli nümayəndəsi professor Muxtar Hüseynzadə Bakı Dövlət Universitetində oxuduğu mühazirələrdə bədii ədəbiyyatda Azərbaycan ədəbi dilinin qrammatik normalarının gözlənilməsi məsələsindən danışarkən Mbrahimovun nəsr əsərlərinin dilini həmişə nümunə kimi göstərirdi. Görkəmli alimin ali məktəblər üçün yazdığı "Müasir Azərbaycan dili" dərsliyində bədii ədəbiyyatdan verdiyi nümunələrin xeyli hissəsi Mbrahimova məxsusdur.

Yekun olaraq deyə bilərik ki, Azərbaycan ədəbiyyatı tarixinə bədii sözün "Gələcək gün", "Böyük dayaq" kimi parlaq nümunələrini bəxş etmiş Mirzə İbrahimov Azərbaycan dilinin inkişaf məsələlərinə dair qiymətli fikirlər söyləmiş, ana dilimizin dövlət idarələrində işlədilməsi uğrunda əvəzsiz xidmətlər göstərmişdir.

 

 

Elbrus ƏZİZOV

 

Ədəbiyyat qəzeti.- 2011.- 18 fevral.- S.1, 2.