Nəriman Həsənzadə-80
Hörmətli
Nəriman müəllim!
Sizi
- görkəmli şair və dramaturqu anadan olmanızın 80
illiyi münasibətilə ürəkdən təbrik edirik.
Yarım
əsrdən artıqdır ki, sizin imzanız
oxucularımıza tanışdır. Siz bədii
yaradıcılığa 1953-cü ildə "Azərbaycan gəncləri"
qəzetində dərc etdirdiyiniz şeirlə
başlamısınız. Həmin vaxtdan şeirləriniz
müxtəlif ədəbi orqanlarda, toplularda ardıcıl dərc
olunmuşdur. "Yadına düşəcəyəm",
"Nəriman", "Zümrüd quşu", "Mənim
gecəm - gündüzüm", "Bir az möhlət istəyirəm
ömürdən", "Nabat xalanın çörəyi",
"Bütün millətlərə", "Taleyin töhfəsi"
və başqa kitablarınız oxucular və ədəbi
ictimaiyyət tərəfindən maraqla
qarşılanmışdır. Əsərlərinizdə həyatımızın
rəngarəng bədii lövhələri, insanların mənəvi-psixoloji
dünyası yüksək sənətkarlıqla qələmə
alınmışdır. Sizin
yaradıcılığınız şəxsi həyəcan,
duyğu və düşüncələrinizin tərənnümü,
bizi əhatə edən aləmin şairanə ifadəsidir. Vətənə,
xalqa, gözəlliyə, tarixi keçmişimizə,
müasir həyatımıza, təbiətə münasibət
sizin lirikanızın əsasını təşkil edir.
Siz
dramaturgiya sahəsində də
çalışırsınız. "Bütün Şərq
bilsin", "Atabəylər" və başqa pyesləriniz
Azərbaycan teatrlarının səhnəsində tamaşaya
qoyulmuşdur. Bu mənzum dram əsərlərində Azərbaycan
xalqının ən qədim dövrlərindən bu günə
qədər keçdiyi mübarizələrlə dolu məşəqqətli,
lakin şərəfli yol öz bədii əksini
tapmışdır.
Siz
bir çox ədəbiyyat nümunələrini, o cümlədən
Maqsud Şeyxzadənin "Daşkəndnamə"
poemasını, A.Puşkinin, A.Nekrasovun, T.Şevçenkonun,
İ.Frankonun, İ.Çavçavadzenin əsərlərini
dilimizə çevirmisiniz. Həmçinin sizin də əsərləriniz
başqa xalqların dillərinə tərcümə
olunmuşdur. Xarici ölkələrdə - indiki MDB məkanında
və Yaxın Şərq ölkələrində onlarca
kitabınız işıq üzü görmüşdür.
Siz Gəncə
Pedaqoji Universitetində və Moskvada M.Qorki adına Ədəbiyyat
İnstitutunda təhsil almısınız. "Azərbaycan"
jurnalında poeziya şöbəsinin müdiri, "Ədəbiyyat
və incəsənət" qəzetində baş redaktor, Mətbuat
və informasiya nazirinin müavini vəzifələrində
işləmisiniz, eyni zamanda ali təhsil ocaqlarında dərs
demisiniz. İndi də bədii yaradıcılıqla
yanaşı pedaqoji fəaliyyətinizi davam etdirirsiniz. Azərbaycan
Aviasiya Akademiyasında kafedra müdirisiniz.
Ədəbi
fəaliyyətiniz dövlətimiz tərəfindən
yüksək qiymətləndirilmişdir. Siz Azərbaycanın
xalq şairi, əməkdar incəsənət xadimi fəxri
adlarına layiq görülmüsünüz. SSRİ-nin orden
və medalları, müstəqil Azərbaycan
Respublikasının "Şöhrət" ordeni ilə təltif
edilmisiniz.
Hörmətli
Nəriman müəllim!
Sizi
80 illik yubileyiniz münasibətilə bir daha təbrik edir, sizə
uzun ömür, cansağlığı, yaradıcılıq
uğurları arzulayırıq.
Azərbaycan Yazıçılar
Birliyi
“Ədəbiyyat
qəzeti”nin redaksiya heyəti və əməkdaşları səmimi
qəlbdən bu təbrikə qoşulurlar.
Ədəbiyyat qəzeti.- 2011.- 18
fevral.- S.1.