Axtarışlar,
tapıntılar...
Azərbaycan
ziyalıları, ümumən Azərbaycan xalqı Mir Cəlal
Paşayevi görkəmli yazıçı, böyük alim,
ustad pedaqoq kimi tanıyır və sevir. Mir Cəlal
müəllimin əsərləri rus və başqa xarici dillərə
tərcümə olunub, digər ölkələrdə də
sevilə-sevilə oxunur. Ədəbi-bədii
yaradıcılığı, ayrı-ayrı əsərləri
haqqında saysız məqalələr, monoqrafiyalar
yazılıb, dissertasiyalar müdafiə edilibdir. Bu tədqiqlərdə
ədibin yaradıcılığı - hekayələri,
romanları geniş elmi təhlilə cəlb edilibdir. Mir Cəlal
Azərbaycan bədii nəsrinə özünəməxsus
yeni məzmun, ədəbi dil fonunda yeni ifadə üsulu gətirmişdir.
Mir Cəlalın mövzu dairəsi geniş və rəngarəngliyi
ilə tədqiqatçıların diqqətini cəlb
etmiş və onların hamısı bu keyfiyyətləri
qeyd etmişlər. Sadə, aydın, oxunaqlı bədii dil bu
əsərlərin səciyyəvi ədəbi keyfiyyətləri
kimi qeyd edilir. Mir Cəlalın əsərlərinin dili həm
də poetikliyi ilə səciyyələnir.
Tədqiqatlar
davam edir və indi haqqında danışmaq istədiyimiz
tapıntı göstərir ki, Mir Cəlal
yaradıcılığı həm sənətkarlıq
baxımından, həm də yeni axtarışlar
baxımında çox faktlar verə bilər.
Bu günlərdə
görkəmli ədəbiyyatşünas alim, professor Aqil
Hacıyev bir kitabla məni təəccübləndirdi, onun tərtib
və çap etdirdiyi əsər belə adlanır:
"Poeziyadan nəsrə (Mir Cəlal nəsrinin poetik əsasları)".
Bu kitabda Mir Cəlalın dörd şeiri verilmişdir. Bunlardan
biri 1928-ci ildə "Qızıl Gəncə" məcmuəsində
əski Azərbaycan yazısı ilə, digəri yenə
1928-ci ildə əski Azərbaycan yazısı ilə
"Maarif yolu" qəzetində, ikisi 1929-cu ildə latın
qrafikalı Azərbaycan əlifbası ilə "İlk
addımlar" toplusunda çap olunmuşdur. 1922-ci ildən
latın əlifbasına keçməyə
hazırlıq başlasa da və bununla əlaqədar, bəzi
qəzetlərdə qeydlər, kiçik həcmli yazılar
latınca verilsə də, Azərbaycanda rəsmi olaraq
latına keçid 1929-cu ildə olmuşdur. Mir Cəlalın
şeirlərindən ikisinin əski yazı ilə, ikisinin isə
latınca çapı bununla əlaqədar idi.
A.Hacıyevin
kitaba yazdığı ön sözdə Mir Cəlalın
şeir yaradıcılığı haqqında
sözünü deyir, ümumən, Mir Cəlalın
yaradıcılığında, xüsusən
yazıçının nəsr əsərlərinin dilində
bu başlanğıcın rolunu aydınlaşdırır. A.Hacıyev şeirlərin hər
iki çap variantını vermişdir: əski Azərbaycanın
yazısı və o vaxtın latında orijinallarını
da, müasir yazıya alınmış formalarını da.
Bu şeirlərin
tapılması və müasir oxucunun mütaliəsinə
verilməsi, ola bilər ki, bir fakt kimi, zahirən o qədər
də əhəmiyyətli görünməsin. Mahiyyət
etibarı ilə məsələyə başqa gözlə
baxmaq lazımdır. Əvvəla, burada tədqiqatçı
əməyi var, axtarış inadkarlığı var. Deməli,
burada tarix var. Bir də yazıçının bədii təfəkkürünün
ilkin görüntüləri var. Mir Cəlalın əsərləri
mövzu, məzmun, mündəricəsi, aydın və sadə
dili ilə diqqəti cəlb etdiyi kimi, bədii vüsəti,
obrazlı ifadə vasitələri ilə də diqqəti
özünə çəkir. Süleyman Rüstəmin ifadəsi
ilə desək, onun nəsrinin dili elə şeir dilidir. Bu
zövqün, bu obrazlı nitqin bir açarını da
A.Hacıyev tapıbdır: Mir Cəlalın sənət qələmi
ilk dəfə şeir yazmışdır.
A.Hacıyev bu
şeirlərin ətraflı təhlilini vermişdir. Mən də
bunlar haqqında bir neçə söz demək istəyirəm.
1920-ci illərdə heca vəznində şeir tərəfdarları
ilə sərbəst şeir tərəfdarları arasında
mübarizə getdiyi zamanda Mir Cəlal hər iki vəzndə
yazmışdır. Hecanın güclü ənənəsi
vardı. Sərbəst təzə-təzə addım
atırdı. Addım atırdı və güclü
müqavimətə rast gəlirdi. Ancaq hər halda irəli
gedirdi. Azərbaycan şeirinin
sonrakı inkişafında o da vətəndaşlıq
qazandı və şeirimizin
bir qolunu təşkil etdi. Mir Cəlalın
şeirləri tematik baxımdan o dövr üçün
aktual məsələlərə həsr edilmişdir.
"Şimaldan səs" şeirində şair insanları qaranlıq məhbəslərdə
saxlayan köhnə dünya haqqında sözünü deyir,
qurtuluş yolu haqqında danışır, yeni həyatı
tərənnüm edir.
"Dənizin
cinayəti" şeiri
Batumda Qara dənizə müraciətlə
yazılmışdır. Şeirdə dəniz ittiham edilir.
"Tələ açırsan kiçik, talesiz balıqlara,
Oynaşıb-oynaşırlar, sonra düşürlər
tora". Bu rəmzdir. Bu dəniz azad həyat uğrunda
mübarizə aparan insanları udur. Azadlıq elçisini, zəncirli
quruluşu susdurmaq istəyən Şərqin fırtına
quşunu məhv edir. Ancaq şair inanır ki, haqq-ədalət
günləri gələcək, intiqamlar alınacaq. Şair
orijinal bir rəmz işlədir. "Önümdə
suçundan sallanan qara dərya". Dənizin
adında olan və türkcə böyük məna verən
Qara sözünü (bu adı türklər qoymuşlar) rəng
mənasında olan qara sözü ilə sinonimləşdirir
və belə hesab edir ki, elə suçundan onun üzü
qaralmışdır. Şair bu ifadələri tutuşdurur:
Qara dəniz - qara dərya ("Suçundan sallanan qara dərya").
Ancaq gənc şair (o zaman Mir Cəlalın 20 yaşı var
idi) inanır ki, bu cinayətlərin əvəzi
alınacaqdır. Dənizin sinəsində qalan ləkə
"Unudulmaz Sübhiyə ölməz bir nişanədir. O
bir məzar daşıdır, yaşayacaqdır müdam".
Şeir hökmlü, lakin nikbin bir sonluqla başa
çatır. Şair inanır ki, "Yaşayan
"Sübhi"lər qoparacaqdır qiyam".
Şeirin mübariz ruhuna,
orijinallığına az da olsa, kölgə salmadan duymaq olur
ki, burada Maksim Qorkinin Abbas Səhhət tərəfindən tərcümə
olunmuş şeirinin ("Həyatın
dibində" pyesindən) ifadə tərzi baxımından təsiri
var.
Şeirlər
mövzularına görə də, məzmunları cəhətdən
də fərqlidir. Ancaq dördündə də siyasi
çalar var, ötən əsrin 20-ci illərin
sonlarının havası var. Hətta
"Anamın vəsiyyəti" şeirində də bunu görmək
olur. 60 yaşında dünyadan köçməkdə olan
ana son nəfəsində oğluna nəsihət edir ki, tələbə
olsun, oxusun, şəhid babasının (atasının) yolu ilə
getsin, həm də "daha kayım addımla" getsin.
Belə də olur. Sinifdə milli fərqlər qoyulmur. Ancaq
iki cəbhə var: burjuy və proletar. İki antoqonist cəbhə
var. "Əzən, əzilən, zəhmət, istismar".
Şeir, əsasən, birinci şəxsin dilindən deyilir. Bu
insan artıq mübarizə yolunu tutur və deyir:
"Açıldı önümdə inqilabi təsəvvürlərin
lentası", "Mənimsədim sinfi mücadiləni".
Oxudu və başa düşdü ki, "Həyat daimi
mübarizədir".
Bu şeir təzə-təzə
həyata atılan, həyatın mənasını dərindən
başa düşməyə başlayan gənc şairin yeni
dövrə aid düşüncələrinin əks-sədasıdır.
"Anamın vəsiyyəti" - bu vəsiyyət gələcəyi
düşünən, təhsilin, elmin mənasını
başa düşən ananın işıqlı
arzularının ifadəsidir. Ana oğlunun xoşbəxtliyini
bunda görürdü. Ancaq ana bilmirdi ki, bu təhsil, tələbə
olmaq, oğlunun yolunda başqa işıqlar
yandıracaqdır.
Bu şeirləri
oxuyandan sonra prof. Aqil Hacıyevin belə bir ehtimalına haqq
qazandırmaq olur ki, Mir Cəlalın o dövrdə
yazdığı şeirlər yalnız bunlardan ibarət ola
bilməzdi. Axtarışları davam etdirməyə ehtiyac
var. Daha iki məsələyə münasibət bildirmək
lazım gəlir. Şeirlərin dili 1920-ci illərin dilidir. O
dövrdə Azərbaycan məktəblərində türk ədəbiyyatı
tədris edilirdi, ziyalıların şifahi və
yazılı nitqlərində türk sözləri bol-bol
işlənirdi. Bu illərdə yazılan nəsr əsərlərində
və şeirlərdə bunu görmək olar. Abdulla
Şaiqin də, Y.V.Çəmənzəminlinin də, Əhməd
Cavadın da, C.Cabbarlının da, yeni-yeni
yaradıcılığa başlayan S.Rüstəmin,
S.Vurğunun əsərlərinin dilində də belə
sözlər işlənirdi. Yəni bunlar o dövrki Azərbaycan
ədəbi dilinin sözləri idi. Mir Cəlal da belə
yazmalıydı və yazırdı. Başqa cür də ola
bilməzdi. Ancaq haqqında danışdığımız
belə sözlər həmin şeirlərdə bir-iki dənədir.
Bir də belə sual verilə bilər: Mir Cəlalın nəsr
yaradıcılığı ilə, nəsr əsərlərinin
ifadə tərzi, dili ilə bu şeirlər arasında bir səsləşmə
görmək olurmu?
Ola bilər ki,
belə əlaqəni konkret şəkildə görmək
olmasın. Ancaq onlar arasında ruhən
oxşarlığı hiss etmək mümkündür. Mir Cəlal
müəllimin əsərlərində olan bədii ricətlər,
onların poetik vüsəti bunu deməyə imkan verir. Mir Cəlalın
şeirləri həmin dövr Azərbaycan ədəbi-bədii
dilini öyrənmək üçün də material verir.
Prof. Aqil Hacıyev oxucuya təqdim etdiyi toplunu
"Poeziyadan nəsrə (Mir Cəlal nəsrinin poetik əsasları"
adlandıranda bu əlaqəni, bu keçidi nəzərdə
tutmuşdu. A.Hacıyev rus ədəbiyyatının
tanınmış tədqiqatçısıdır. Azərbaycan
ədəbiyyatına dair tədqiqləri var. Tərcüməçi
kimi də fəaliyyət göstərir. Mir Cəlalın bədii
əsərlərinin üç cildliyini rus dilinə tərcümə
etmişdir. Bu son kitabını da Mir Cəlalşünaslığa
bir hədiyyə kimi qiymətləndirmək olar.
Yusif SEYİDOV
Ədəbiyyat
qəzeti.- 2011.- 18 fevral.- S.2.