Söz taleyin özü
kimi
Bu kiçik yazı çağdaş ədəbiyyatımızın
canlı klassikinə çevrilmiş Nəriman
Həsənzadənin poeziyası
ilə bağlı bəzi məqamları yenidən xatırlama cəhdidir.
N.Həsənzadə ömrü boyu millətimizin "davranış mətni"ni
bərpa etməklə
məşğul olub.
Onu etnik davranış milli dəyər kimi maraqlandırır: "Həya
var, ismət var hərəkətində,
- qədim bir millətin ənənəsi
var". Tarixi personajların müəyyən
situasiyalarda ibrətli
davranışı fəlsəfi-estetik
dünyagörüşünün poetik əsasını təşkil edir. Deyilənlərə görə,
Şeyx Şamil bir dustağın görüşünə yasaq
qoyur, yasağı pozanlara yüz çubuqluq cəza kəsir. Şeyxin anası yasağı pozaraq oğlundan icazəsiz dustağı buraxdırır.
Anasını döydürsə Şeyx
Düşər səsə,
öz hökmünü pozasıdır,
döydürməsə.
Söz-söhbətlər gəzir dağlar diyarını,
Hamı
Şeyxin gözləyir
son qərarını.
Ana-oğul üz-üzədir,
Hökm
qəti!
Bağışlasın?!
Kim eləsin bu cürəti.
Siz ananın əvəzinə,
- deyir İmam,
yüz çubuğu mənə
vurun... mən oğluyam.
Azərbaycan şairi Seyid Səlmasinin davranışı
onu elə riqqətə gətirir ki, ona həsr
etdiyi "Vətən
qalır yadigar" şeirini epiqraf - xatırlama ilə başlayır: "Seyid Səlmasi düşmənlərlə
döyüşə getməzdən
qabaq barmağına anasının brilyant üzüyünü taxır.
Deyir sağ qalsam, qaytararam, ölsəm, düşmən
qoy onu görsün,
deməsin ki, ehtiyacdan döyüşürəm.
Bilsin ki, Vətən qeyrəti ilə ölümə getmişəm." Şairin
əxlaq estetikasında
gözəlliyi ("Gözəllik
özü də sərvətimizdi taxılımız
kimi, neftimiz kimi"), yaxşı adamları qorumaq ("Yaxşı adamlara keşikçi qoyun, dağılar, çürüyər
yoxsa cəmiyyət")
cəmiyyətin davranış
qanunu kimi səslənir.
Onun yaradıcılığında qadın obrazı bir pünhanlıq, məchulluq və sirlilik içindədir. Hətta bu əsərlər
konkret qadınlara həsr olunsa da, qadın təbiət kimi sirlidi...
Qadın
bir varlıq kimi mövcudluğu kişini uşaq olmasına inandırır.
Yetim bir uşaqdı kişi qadınsız,
mən bir uşaq dedim...
tək uşaq olmur.
Zaman qorxuludu, ömür vəfasız,
dünyada tək qalıb
yaşamaq olmur.
Nəriman Həsənzadə poeziyasında
kişi ömrünün
dəyəri qadın
taleyinin dərkindən
başlayır:
Bəxtini gözüylə görmək
istəyən
baxsın
qadınına - bəxt
yanındadı.
Şairin
ürək yaddaşı
qadın taleyinin canlı tarixidi. Nəriman Həsənzadə
dünyasında qadın
taleyini kişiyə, kişi isə taleyini Tanrıya daşıyır.
Hər sevgi şeiri qadın taleyi qarşısında məsuliyyət
hissidir, ləyaqət
duyğusudur.
Onun narahatlığı həmişə
iki tale sarıdan olub: Vətən taleyi və qadın taleyi.
Türk
şeirinin tarixi ölümə münasibət
tarixidir. Mövlanə
dostlarını cənazəsinin
göründüyü anda
"El fırak! El veda"
deyin deyə tənbehlər və dostlarının bu ölümə sevinməsini
istər, çünki
bu ölüm deyil, bir vüsaldır,
ölmək yenidən
doğulmaqdır. Dədə
Qorqud: "Gəlimli
-gedimli dünya Axır - son ucu ölümlü dünya"
- söyləyir. Aşıq
Alı "Ölüm
haqdır çıxmaq
olmaz əmrdən"
- deyir.
Fələyin üzü döndü,
Hüseyn Arif və Nəriman Həsənzadə XX əsr
Azərbaycan şeirimizə
sürəkli ölüm
mövzusunu gətirdilər.
Bundan öncə var olan ölümlər
vətən üçün,
istiqlal eşqinəydi.
Necə ki, böyük türk şairi Hamit qadını fatmanı itirdikdən sonra dillərdə gəzən
şeirlər söylədi.
Digər türk şairi Ekrem Piyalə və Nijad adlı uşaqlarını itirir,
ölümlə bağlı
düşünməyə başlayır. Hüseyn Arif sevimli oğlunu
("Bir oğul ləzzəti duymaq istədim, Onu da təbiət mənə - yox!" - dedi.), Nəriman Həsənzadə sevgili Sarasını itirdikdən
sonra ölüm sözü dillərində,
nəfəslərində göyərir.
Gözüm yolda qalıb, qulağım səsdə,
gedibsən, qalmışam mən
qonaq kimi.
Sən yerin altında, mən yerin üstə, -
biz ayrı düşmüşük
kök budaq kimi.
Nəriman Həsənzadə üçün
qadın ölümü
kişi kosmosunu dağıdan qara xaosdur, fəlakətdir. Bir kişinin sevimli qadının itkisinə, ölümünə
çoxlu şeirlər
həsr etməsi, onun ruhuna dönə-dönə
dualar göndərməsi
Azərbaycan şairinin
əxlaqıdır.
Nəriman Həsənzadə ən
kədərli şairlərimizdən
biridir. Bu, anasının
və ömür-gün
yoldaşı Sara xanımın
ölümü ilə
bağlı deyil. Əlbəttə, Sara xanımın
ölümü onun yaşamına, gözlərinə
kədər gətirdi.
Nəriman müəllimin "poetik
fiziologiyası" elədir
ki, istənilən predmetin, tarixi hadisənin mahiyyətində,
insan ömrünün
bir fraqmentində ancaq kədərin işığını hiss edir.
Onun intonasiyasına, səs tembrinə keçən günlərin nostaljisi və nigarançılıq
kədəri hopubdur. Ancaq bu kədər
işıqla qarışıqdır.
Kədər halal olanda xatirə ovqatı da işıqlı olur.
Qazax mahalının yetişdirdiyi
şairlər sırasında
S.Vurğundan sonra bəlkə də yeganə şairdir ki, güclü metaforik düşüncə
tipinə malikdir. Metaforik düşüncə
tipi əsərlərin süjetini,
fəlsəfi mənasını
müəyyənləşdirir.
Dünya
sənətkardı, tarix
sərgisi
hansı
surətinsə biz əvəziyik.
Birimiz kitabın ilk səhifəsi,
birimiz sonuncu səhifəsiyik.
Metaforik
düşüncə tipi onun
aforistik təhkiyəsini
də formalaşdırıb.
Məsələn:
Yenə
Təbriz sözü gəldi dilimə,
babam Xətainin şəhəridir
o.
Qurşayın Arazı mənim
belimə,
Tomrisin açılmış kəməridir
o.
Yaxud
Çətindir keçilən ömür
yolları,
Yaşamaq özü də
istəyir hünər.
Məni
bayraq kimi tutun yuxarı,
Sizə
lazım olsam... o parça qədər.
Bu aforistik deyimlər yaşam təcrübəsinin
poetik qənaətləri
olub oxucunu mənalar dünyasına daxil edir.
Şeir
içində aforistik
deyimlər vermək Nəriman Həsənzadənin
etik mədəniyyəti
üçün, poetik
davranışı üçün
xüsusi janr anlamındadır. Şeirlərdə
müdrik kəlamlarla
poetik sözün başqa səviyyələri
arasında sıx məntiqi əlaqə olur.
Qabağı kəsilir sular daşanda,
durnalar vurulur qaqqıldaşanda.
Ceyranlar
ovlanır düzə
çıxanda,
istedad qorulur üzə çıxanda.
Nəriman Həsənzadə əsərlərində
o hadisələri, sözləri
- deyimləri epiqraf gətirir ki, onun inandığı, yaxud dərk edib qəbul etdiyi dəyərlərə
aiddir. Epiqraf şairin inamını, fəlsəfi düşüncəsini
təsdiqləyən nitq
aktıdır.
A.S.Puşkin deyirdi ki, "xalqın tarixi şairə məxsusdur".
Nəriman Həsənzadə
o şairlərdəndir ki,
epik keçmişin millət üçün
dəyərinə inanır:
"Tarixi yazanlara şairi nişan verin." Tarixin xalqın "tale-yığval
mətni" olmasına
inanır. O, real tarixi
şəxsləri mifləşdirir,
hər birinə
"tale mətni" düzüb-qoşur
("Nuru Paşa",
"Zümrüd quşu",
"Qaçaq Kərəm",
"Cavid"...). Böyük
şairin poemalarını
fərqləndirən mühüm
cəhət keçmişə
sualların ünvanlanmasıdır.
Bu, millətin taleyindən
narahat şairin suallarıdır. Bu suallarda
vətəndaş emosiyasının
hansı çeşidləri
yoxdur? Giley, şikayət, hökm, fəryad, təlaş, inam... ("Rəsul Həmzətova məktub",
"Şəhid atası
Şərif qağaya
məktub", "Bəyanat"...
)
Nəriman Həsənzadənin sənətkarlığı ənənəvi
qoşma-gəraylı məkanında
fərqli intonasiya məntiqi qura bilməsidir. Onun qoşmaları o qədər
fərdi intonasiyaya malikdir ki, kütləvi
aşıq təhkiyəsini
asanlıqla "uda bilmir". Onun qoşmaları fərdi danışıq ritminin itmədiyi yerdir.
Nəriman Həsənzadə özəl
intonasiyasına xəyanət
etməyən görkəmli
şairlərimizdən biridir.
Onun şeirləri "pıçıltı
sintaksisinə" malikdir.
Ən sirli səs sevənlərin pıçıltısıdır. "Nabat xalanın çörəyi"ni pıçıltı
ilə oxumaq mümkündür. Vətəndaşlıq
poeziyasında, ictimai ritorikasında sakit, abırlı intonasiya var. Təhkiyə ritmi o qədər rahatdır ki, qafiyə qətiyyən zorlanmır.
Nitqin nəvazişi, səmimiyyəti, canlı
havasatı şeirin xarakterini - "xasiyyətini"
də formalaşdırır.
Sənə qurban, ömür
gedir, yaş gəlir
Ömrümüzün, günümüzün
üstünə.
Nəriman Həsənzadə milli-şeir
təcrübəmizdə qafiyənin
urvatını qoruyan ustad şairimizdir. Qafiyə qafiyə ilə elə bağlanır ki, səs səslə, məna məna ilə qohumlaşır, doğmalaşır. Qafiyə
lüğətindəki klassik
sözlər (ülviyyət,
məhəbbət, zinət...)
ayrıca üslub energetikası gətirir.
Nəriman Həsənzadəyə şeir yazmaq üçün acılı-şirinli
xatirələrə, yaşamaq
üçün sevgiyə
inanmaq qalır.
Rüstəm Kamal
Ədəbiyyat qəzeti.- 2011.- 18
fevral.- S.4.